Bu rəqəm Seçki Məcəlləsində Dairə Seçki Komissiyalarının (DSK) təşkilini nəzərdə tutan maddənin sıra nömrəsidir.
Rəqəm kimi pis deyil: 30.
Ancaq bu rəqəm altında gizlədilən saxtakarlıq yuvasını sizin də tanımanız lazımdır.
Bundan əvvəl 24-dən yazmışdım.
MSK-nın (Mərkəzi Seçki Komissiyası) təşkili prinsiplərinin ağlasığmazlığını, bu orqanın hakimiyyəti uzun müddət əldə saxlamaq niyyətlərinə xidmət etməsini şərh eləmişdim.
MSK özünün bu cinayətkar fəaliyyətini qismən DSK-ların vasitəsi ilə həyata keçirir. Ona görə “qismən” kimi, lazım gələndə (1998-ci ildə məhz belə olub) MSK DSK-lardan daxil olan protokollara baxmadan, onları nəzərə almadan da, özü istədiyi adamı qalib elan edə bilər. İndiki qanunvericilik, Seçki Məcəlləsinin 24-cü maddəsi ona bu imkanı tanıyıb.
30-a fikir verin: ”30.1. Dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.
30.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.
30.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.
30.4. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.”
Maddənin 1-ci bəndi (30.1) çox maraqlıdır: “onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.”
Kim təşkil etməlidir? 30.2 buna cavab verir: “DSK-nin üzvləri MSK tərəfindən təyin edilirlər.”
Birinci yazımda qeyd etmişdim axı, MSK MMC kimi fəaliyyət göstərir. Özünün filiallarını, makler və broker firmalarını yaradır.
Necə yaradır?
Buna da 30.3-də cavab var: ”. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə”.
Təkrarçılığa baxmayın. Diqqətlə oxuyun. Oxuyanda bu ifadələrə xüsusi fikir verin: “Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər..”
Diqqət: “etməlidirlər” yox, “edə bilərlər”. Birdən, etmədilər. Yəni yerli partiya təşkilatları DSK-ya üzv təklif etməsələr, necə olacaq?
Bu yazıq MSK üzvləri, istər çoxluq təşkil edən partiyanı təmsil edən 6-lar, istər azlıq təşkil edənlərin 6-ları, istərsə də “müstəqil” 6-lar, hər altılığa 375 adamı (125 dairə x 9 DSK üzvü =1125 : 3 “altılıq”=375) haradan tapacaqlar?
MSK-nın ümumi üzvlərinin sayına bölsək, hərəyə ; 1125 : 18= 62,5 adam düşür. Yarım adamları nəzərə almasaq 62 adam. Haradan tapacaqlar?
Bunu heç düşünüblərmi?
Niyə bu 1125 DSK üzvünü (125 dairə x 9 üzv=1125) MSK-nın 18 üzvü tapıb təyin etməlidir? Atalarına müəssisə yaradırlar, nədir?
Məzahir Pənahov öz payına düşən 62,5 adamı qohumlarındanmı, dostlarındanmı seçməli, yoxsa müqavilə əsasında onlarla razılaşmalıdır? Bu razılaşmanın, seçilmənin şərtləri necədir?
Bu vəziyyət, dediyim kimi, yerli partiya təşkilatları onlara adam verməyəcəyi halda yaranacaqdır. Mümkündürmü belə hal: bəli mümkündür. Onda bu adamlar haradan tapılacaq? MSK üzvlərinin şəxsi təşkilatlarımı olmalıdır?
Digər tərəfdən, maddənin məzmunundan aydın olmur ki, yerli partiya təşkilatlarının verdikləri namizədlər mütləq qəbul edilməlidir, ya yox. Çünki “verə bilərlər” ifadəsində imperativlik yoxdur. Verdilər, onlar da qəbul etmədilər. Nə olacaq? Yerli partiya təşkilatlarının hüquqları necə qorunacaq? Diktatura həvəskarları susur. “Qanun”-dur da, yazıblar.
İcra üçün deyil ki, bu suallara baş ağrıtsınlar.
“Deputatlar” barmaq qaldıranda nəyə səs verdiklərini düşünmürlər ki. Ona deyirlər qaldır, o da dik qaldırır. Onun vəzifəsi barmaq qaldırmaqdır, düşünmək yox. Düşünsəydilər, orada nə işləri var idi ki? Düşünsəydilər, MSK-dakı o “müstəqillər”i belə zibilə salardılarmı? Deyək ki, MSK-dakı partiyalı üzvlərə DSK-ya adam tapmaqda yerli təşkilatları kömək etdilər. Bəs, bu bədbəxt, yazıq “müstəqillər”in MSK-dakı nümayəndələri neyləsinlər? 375 adamı haradan tapıb (375:6=hərəyə 62,5 adam düşür) DSK-lara yerləşdirsinlər?
Axı niyə onlar? Axı onlar niyə DSK-lara adam tapmalıdırlar? DSK-lar onların şəxsi idarələri deyil axı.
Seçki Məcəlləsinin 30.3-cü maddəsi “müstəqillər”dən, ikisi “çoxluq” və “azlıq”la razılaşdırılmaqla, hər dairəyə 3 adam tələb edir. Onların işi lap çətindir. Birdən, tapdıqları adamı “azlıq” və ya “çoxluq”la razılaşdıra bilmədilər? Mümkündürmü belə bir hal: əlbəttə, mümkündür. Deməli, “müstəqillər” 375 yox, bərai-ehtiyat, bir qədər çox adam tapmalıdırlar. Məsələn, 500. Haradan, necə tapacaqlar? Bu adamları kütlənin arasından hansı meyarlarla seçməlidirlər?
Bu yazıq “müstəqil” deməzmi ki: “”ayə, mən həm MSK-da işləməli, etdiyim saxtakarlıqlara görə olmayan vicdanımı incitməli, həm də sizə DSK-lar üçün adam tapmalıyam? Niyə? Nəyin müqabilində? Hətta, “müqabil” olsa da, axı niyə MSK üzvü DSK-ya öz adamını təyin etməlidir?
DSK üzvlərinin fəaliyyəti, onların şəxsi keyfiyyətləri, namus və əxlaqları kim üçün vacibdir: MSK üzvü üçün, yoxsa, seçkidə iştirak edən prezidentliyə namizəd, parlament seçkisində iştirak edən deputatlığa namizədlər üçün? Əlbəttə, ikincilərə.
MSK üzvünün nə vecinədir və niyə də vecinə olmalıdır ki, DSK-da kimlər nə edir?
Onun konkret vəzifələri …
Yox, heç bu barədə, yəni MSK üzvünün vəzifələri haqqında Seçki Məcəlləsində konkret maddə də yoxdur.
Onda sual yaranır: DSK-ya verdiyi namizədin fəaliyyətinə görə heç bir məsuliyyət daşımayan, həmin üzvün üzərində heç bir fərdi nəzarət hüququna sahib olmayan MSK üzvü niyə bu məsələdə rol almalıdır?
Bu prinsip hansı məntiqlə müəyyənləşdirilib? Yaxşı , MSK üzvünə bu hüququ əvvəlcədən tanımayan qanunverici, sonradan 30.3-cü maddədə bu hüququ haradan götürüb?
Əvəzində isə, MSK üzvü öz qanunsuz, cinayətkar fəaliyyətinə görə belə mükafatlandırılır:
Maddə 27. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları
27.1. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası sədri, sədrinin müavini, katibi və üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.
27.2. Mərkəzi Seçki Komissiyasının üzvü Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.
27.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.”
Qanunyaratma texnikası baxımından da qüsurlu olan Seçki Məcəlləsi qanuni seçkilərin keçirilməsinə qətiyyən imkan vermir.
SM-nin 22.10-cu yarımmaddəsində (seçki komissiyası üzvünün statusu, seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri:) MSK üzvünün DSK-lara nümayəndə vermək hüququ nəzərdə tutulmayıbsa, sonradan bu hüquq 30.3-cü maddəyə necə salınıb?
Ən vacibi. Əvvəlki yazılarda da qeyd etdiyim kimi, seçki komissiyaları
seçkiləri, o cümlədən də, Milli Məclisə seçkiləri təşkil etmək üçün yaradılır. Yəni, əvvəl seçki komissiyaları hazır olmalıdırlar ki, Milli Məclisə seçkini təşkil edə bilsinlər.
Ona görə də, Seçki Məcəlləsinin, istər 25.1-ci maddəsinin mahiyyətindən, istərsə də, 30.1-ci maddəsinin məzmunundan göründüyü kimi, Seçki Komissiyaları Milli Məclisə seçkilərdən əvvəl yaradılmalıdır.
SM-nin 30.1-ci maddəsinə əsasən, “30.1. Dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.”
Bu isə qətiyyən mümkün deyil.
Çünki SM-nin 30.3-cü maddəsində deyilir ki, DSK-nın üzvlərini MM-də olan “azlıq” və “çoxluq”ların, “müstəqillər”in yaratdıqları MSK üzvləri verməlidirlər.
Deməli, DSK-ların yaradılması üçün də, mütləq, öncə MSK hazır bulunmalıdır. MSK-nın mövcudluğu üçün isə, mütləq Milli Məclis hazır olmalıdır.
Yaxşı, onda MSK yoxdursa, bu Milli Məclisi bəs kim düzəldib? Burada “toyuq, yoxsa yumurta əvvəl yaradılıb?” məsəli yada düşür.
Söhbətin nədən getdiyini hamı gözəl bilir: rejim əvvəl Milli Məclisi ələ keçirib, sonra da MSK adlı bu diktatura silahını icad edib və onun da təşkilini artıq özəlləşdirdiyi Milli Məclisə uyğunlaşdırıb: “çoxluq təşkil edən partiya”, “azlıq təşkil edən partiya”, “müstəqillər”.
Respublikada, elə istənilən dövlətdə də, hər cür seçkini, referendumu təşkil etmək və keçirtmək üçün lazım olan seçki orqanları iki yolla təşkil edilə bilər.
1.Hər cür seçki və referendumdan qabaq, heç bir siyasi mənsubiyyəti olmayan, namus və əxlaqı yerində olan, oblektivliyini, təmizliyini qoruyub saxlamağı bacaran (təəssüf ki, bu keyfiyyətlərin heç biri maddi deyil ki, gözlə görülsün, ölçülsün və s.) 15-20 adamdan ibarət MSK yaradılır. Onun tərkibi seçkidə marağı olan bütün siyasi qüvvələrin iştirakı ilə müəyyən edilir.
10 milyonluq xalqın arasında bu qədər adam tapmaq problem olmaz, məncə. Dövlət tərəfindən lazımi maddi-texniki vəsait ayrılandan sonra, həmin MSK aşağı komissiyaları yaradır və tam müstəqil orqan kimi fəaliyyət göstərir. Aşağı DSK-lar və MnSK-lar isə, adamlarla müqavilə bağlamaqla təşkil edilirlər. Müqavilə şərtləri də elə olmalıdır ki, seçkini saxtalaşdırmağa həvəs bu adamlarda minimuma endirilsin.
2.Bütün səviyyədən olan seçki komissiyaları, yalnız həmin seçkilərdə iştirak edən maraqlı tərəflərin verdikləri bərabər sayda (paritet) namizədlərdən təşkil edilir.
Əks halda, Azərbaycan tezliklə Liviyanın, Misirin, Suriyanın gününə düşəcək.
Hüquqlarını, sağlam məntiqlə qəbul edilən, qanuni qanunlarla həyata keçirə bilməyən insan, buna imkan verilməyən şəraitdə canlı bomba kimi ortaya çıxanda heç kim təəccüblənməməlidir.
Neçə ki bu bataqlığa düşməmişik, rejim ayılmalı və siyasi sistemimizi təşkil edən bütün ünsürlərin iştirakı ilə normal Seçki Məcəlləsi qəbul edib, qanuni seçkilər keçirilməsinə şərait yaratmalıdır.
Bir azdan gec ola bilər….
07 avqust 2013-cü il
Kürdəxanı Təcridxanası.
Milli Şuranın üzvü, siyasi məhbus,
hüquqşünas Qurban Məmmədov