Əlaqə vasitələri

Bir fərman, bir qanun, bir də ölən ümidlər.

Xatırlayırsınızsa, 2011-ci ilin baharından başlayaraq Azərbaycan rəsmiləri qanunsuz tikili və zəbt olunmuş torpaqların, zəruri istisnalarla, qeydiyyata alınacağı ilə bağlı tez-tez bəyanatlar verirdilər.

Hətta, guya hansısa komissiyaların yaradılması, evləri, həyətləri gəzmələri, müəyyən sənədləri toplamaları barədə şaiyələr gəzməyə başlamışdı və bu gün də belə məlumatlar dolaşmaqdadır.

Azərbaycan vətəndaşlarının bir nömrəli problemlərindən olan bu məsələnin həll ediləcəyini eşidənlər arasında ürəyi gedənlər, sevindiyindən qəşş edənlər də olmuşdu.

Prezident özü şəxsən bu barədə TV ekranlarından dəfələrlə tapşırıqlar da vermişdi.

Xalq ümidlənmişdi.  Dərin bir nəfəs almışdı: nəhayət ki !!!

Ancaq sən saydığını say, gör …bu məsələdən milyonlarla qanunsuz gəlir götürən rüşvətxor məmurlar nə sayır?

Əvvəla, qanunsuz tikili və zəbt torpaqlarının yaranma  səbəbini qısaca aydınlaşdıraq.

Niyə insanlar heç bir məsuliyyət yaratmayacaq qanuni yolla torpaq alıb ev tikmirlər, həyatlarını, azadlıqlarını riskə atıb qanunsuz yollarla torpaqları zəbt edir, özlərinə qanunsuz ev tikirlər. Azərbaycan insanı niyə belə hərəkət edir?

Əziz həmvətənlər, bəzilərinin təqdim etdikləri kimi, bu heç də millətimizin nadanlığının, cahilliyinin, müftə yeməyə meyilli olmağının, zəhmətsiz gəlir aşiqi və ya vəhşi olmağının nəticəsində baş vemir.

 Qətiyyən!

Bizim millət də başqa millətlər kimi, qanun sevən, başqalarının hüquqlarına hörmətlə yanaşan və xüsusilə də, haramdan uzaq millətdir. Eyni avropalılar kimi.

Adamlar ona görə torpaqları və başqalarına məxsus mənzilləri qanunsuz zəbt edir, qanunsuz evlər tikirlər ki, torpaq onlara qanunda göstərilən qaydada verilmir və satılmır. Heç kim rahat yollarla torpaq ala bilmir. Aylarla, illərlə idarə qapılarında süründürülür. Əsəbləri pozulur insanların, təhqir olunurlar, alçaldılırlar.

Yaşamaq, həm də insan kimi yaşamaq isə, onların təbii haqlarıdır.

Bu məmləkətdə bircə nəfər adam deyə bilərmi ki, özünə, övladına torpaq almaq üçün heç kimə qanunda nəzərdə tutulandan başqa artıq heç bir “hörmət” etməyib?

Rüşvəti və namussuzluğu, şərəfsizlik və haramı “hörmət” kimi başa düşən tək millət bizik bu Yer kürəsində.

2011-ci ilin baharından başlayaraq, insanlarımız sevinməyə, ümidlənməyə başladılar. Hər növ seçki öncəsi bu barədə vədlər verildi, hər dəfə ictimai vəziyyət gərginləşəndə, xalqın küçələrə çıxma ehtimalı artanda əhali arasında bu barədə şaiyələr yayıldı: “qanunsuz evlər sənədləşdirilir.”

Reallıqda nə baş verdi? Sənədləşmə aparıldımı?

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı fərmanı o vaxt cəmiyyətə elə təmtəraqla təqdim edildi ki, vətəndaşlarımız sevinclərindən az qala qanad açacaqlardı.

Fərmanın adı belədir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin “Siyahısı”nın təsdiq edilməsi barədə.

 13 yanvar 2015-ci il, Saat 19:40.

Kaş 13 yanvarda olmayaydı bu fərman.

Avropalılar da bu “13” rəqəminə çox da etibar etmirlər.

Fərmana bir siyahı da əlavə edildi: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin SİYAHISI.

13 yanvar 2015-ci il, saat 19:45.

“Fərman”la “Siyahı” arasında 5 dəqiqə vaxt olub.

Ümidləri beşcə dəqiqəyə puç olan yeganə millətik dünyada biz.

Bu fərman və siyahı ilə tanış olduqdan sonra, səmimi etiraf edim ki, bir vətəndaş olaraq özümü təhqir edilmiş, alçaldılmış hiss etdim. O vaxt beynimə gələn ilk fikir belə oldu: deyəsən, bunlar xalqı ələ salır, dolayırlar!

Niyəsi yəqin sizinçün də maraqlı olar.

“Qanunsuz tikili” və ya “zəbt olunma” sözlərinin mənası odur ki, bunu edənlərin əlində heç bir sənəd, hüquqi əsas  yoxdur.

 “Fərman”da göstərilən sənədlər isə fərmansız da  hüququn qeydiyyatı üçün əsasdır və bu fərmana qədər onsuz da Arif Qaraşovun vaxtında həmin sənədlər əsasında  qeydiyyat aparılırdı. Sadəcə olaraq, DƏRDX-in yeni rəhbərliyi həmin sənədlərlə qeydiyyatın “şərtlər”ini elə ağırlaşdırmışdılar ki, onlara əməl etməyə əhalinin iqtisadi vəziyyəti imkan vermirdi.

Bu “Fərman” əslində artıq reallıqda  baş verənləri, bir daha, rəsmi olaraq, təkrarən təsbit etmiş olsa da, əslində tamamilə başqa məqsədlər üçün verilib.  Burada xalqın yox, başqa maraqlı qüvvələrin mənafeləri qorunur.

Diqqət edin!

Fərmanın 2-ci və 3-cü bəndlərində deyilir:
“2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.”

Fərmanın 2-ci bəndi, sadəcə olaraq,  “magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin” sahiblərinə vətəndaşların evlərini sökmək haqqı tanımaq üçündür və son vaxtlar insanların evlərini vəhşicəsinə, əvəz ödəmədən söküb dağıtmalarına hüquqi zəmin yaradır. Soruşan yoxdur ki, bu qeyd edilən  yerlərdə vətəndaşların özbaşına, qanunsuz ev tikmələri mümkündürmü? Əlbəttə, mümkün deyil.

Burada problem başqadır. Vətəndaş 50-60 il bundan öncə hansısa ərazidə ev tikib balalarını barındırır.  Həmin qanunsuz evlərin tikildiyi torpaq sahələri, ərazilər Nazirlər Kabinetinin qərarı ilə,  fərmanda sadalanan subyektlərin istifadəsinə veriləndə, yaxud da beynəlxalq müqavilələrlə xarici şirkətlərin kəşfiyyat-qazıntı işləri aparmaları üçün ayrılanda  vətəndaşların maraqalrı nəzərə alınmır. Başqa sözlə, vətəndaşlar onların torpaqlarına yox, fərmanda sadalanan subyektlər vətəndaşların qanunsuz olsa da, ev tikdikləri torpaq sahələrinə girmiş olurlar.

Məsələn, Bakı bağlarında adamlar yüz illərdir bağ evi tikib yaşayırlar. Hansısa oliqarx və ya biznesmen-məmur dəniz sahilində obyekt inşa etdirir və vətəndaşların bağlarının üstü islə, yaxud da bağ evlərinin yaxınlığından yüksək gərginlikli elektrik xətti çəkdirir. Sonra da vətəndaşın evini sökürlər ki,  “magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərininərazisində ev tikib.

Fərmanın 3-cü bəndi isə, ümumiyyətlə, sağlam məntiqə sığmır və bu bəndi fərmana saldırıb prezidentə imza etdirənlərin nə qədər çirkin niyyətli olduqlarını qabarıq şəkildə göstərir.

Kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibətini” aydınlaşdırıb təkliflərini vermək üçün Nazirlər Kabinetinə üç ay vaxt verilir.

Bir hüquqşünas kimi, şəxsən mən  başa düşmürəm ki, NK nə etməlidir və bu torpaqların aqibəti, qanunda göstərilən qaydadan başqa, daha necə ola bilər ki, NK o barədə təkliflər verisn.

Qanun isə var.

16 iyul 1996-ci il tarixli “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələri məhz bu məsələni nizama salır.. 

Buyurun:

           Maddə 9.  Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi

Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

Maddə 10.  Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi

qaydası

Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.

Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir.

Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən  sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

Düz 20 il bundan qabaq qanun  “kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibətini” müəyyənləşdirib. Yəni, qanuni istifadədə olan torpaqlar kimi, bu torpaqlar da, əvəzsiz olaraq, vətəndaşların xüsusi mülkiyyətinə verilib. Qalır həmin torpaqların DƏDRX-in ərazi təşkilatları tərəfindən qeydə alınması. Deməli, bu fərmanı prezidentə imzalatdıranların məqsədi başqadır. Vətəndaşlara yeni baryerlər yaratmaqla onlardan pul qopartmaq. Bunun başqa adı ola da bilməz. Hər şey o qədər çılpaq, o qədər aydındır ki…

Xalqımız isə hələ də inanır, həm də sadəlövhcəsinə ümid edir ki, onların evləri, torpaqları nə vaxtsa qanuniləşdiriləcək.

Fərmanla təsdiqlənmiş “Siyahıda” göstərilən sənədlərə fikir verin:

1.yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri;

2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri;

1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı;

1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları;

1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;

1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;

1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları;

1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd;

1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə);

1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:

2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-nadək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;

2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-nadək qəbul edilmiş qərar;

2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-nədək inşa edilmiş yaşayış evlərinə dair təsərrüfatbaşına kitablardan çıxarış;

2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-nədək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).

 “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Qanunun  “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” adlanan  8-ci maddəsi zatən bu siyahıda göstərilən sənədlər əsasında qeydiyyat aparılmasına imkan verirdi.

Bununçün ayrıca bir fərmana ehtiyac yox idi. Bu məsələ, sadəcə olaraq, icra qaydasında, inzibati göstərişlərlə həll edilməli idi. DƏRDX-in rüşvətxor məmurlarına tapşırmaq lazım idi ki, vətəndaşları incitməyin və təqdim edilən rəsmi sənədləri qəbul edib qeydiyyat aparın, rüşvət almayın, korrupsiyadan əl çəkin. Vəssəlam.

Bəs bu “Siyahı” fərmanına ehtiyac haradan yaranmışdı?

Bəli, düz tapdınız: 2011-ci ilin ərəb baharından başlayan bu təbliğatın bircə məqsədi var idi, xalqı sakitləşdirmək, ictimai narazılığı azaltmaq məqsədilə millətə ümidlər vermək. Verilmiş söz isə göydən asılı qalmışdı düz 5 il. Başa düşürdülər ki, bir gün xalq yenə də bu məsələnin üstünə gələ bilər. Bu fərmanı verməklə problemi “həll etdilər”.

Ancaq bununla da kifayətlənmədilər.

Bu hakimiyyətin qanun yazanları istənilən qanun layihəsini hazırlayanda,  ilk növbədə, o qanunun vasitəsilə rüşvət almaq imkanlarını təmin etməyə çalışırlar.

Elə həmin 2015-ci ildə, 9 aydan sonra,  30 sentyabrda, təyinatla deputat olanlar “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  1336-IVQD saylı yeni qanun qəbul etdilər. Bu qanuna əsasən, Cinayət Məcəlləsinin “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” ilə bağlı olan cinayətlərə görə 188 və 314-cü maddələrində nəzərdə tutulan cəzalar ağırlaşdırıldı.

Hakimiyyət, bir tərəfdən, vətəndaşlara rüşvətsiz torpaq satmır, digər tərəfdən qanunsuz tikililəri qanunlaşdırmır, qeydə almır, o biri tərəfdən də qanunsuz tikili və torpaq zəbtinə görə cəzaları artırır.

Məqsədləri nədir görəsən?

Bu məmləkətdə rüşvətsiz torpaq sahəsi almaq, rüşvət vermədən qanuni ev tikmək mümkün deyilsə, valideynlər öz balalarını evləndirib onları ayrı təsrrüfat edə bilmirlərsə, nə etməlidirlər?

Torpaqları qanunsuz zəbt edib, qanunsuz da ev tikməkdən başqa yolları varmı?

Görünən odur ki, hakimiyyət belə incə, hiss edilməz metodlarla bu torpaqları hansısa millətdən (lərdən), etnik qrupdan(lardan) təmizləmək istəyir. Ancaq kimlərdən?

Xalq isə hələ də bu hakimyyətin vədlərinə inanır. İnanır ki, nə vaxtsa onun məcburən qanunsuz tikdiyi evini qeydə alacaqlar, ona mülkiyyət hüququna dair sənəd verəcəklər.

Ay verdilər haaa …

Burada milyonlardan, bəlkə də milyardlardan söhbət gedir. Heç bu pulu əldən buraxarlarmı? Həm də neftin urvatdan düşdüyü bir vaxtda.

Cənablar, qanunsuz tikililər fərmanda göstərilən qaydada qeydə alınmır.

DƏDRX-in işçiləri dəftər-jurnal əllərində bir-bir, qapı-qapı gəzib evləri qeydə alır, yerindəcə mülkiyyət hüququna dair sənədlərini verirlər. Xalqı sevən hakimiyyət belə edər.

Bu işin həm də büdcəmizin indiki ağır məqamında çox böyük maddi əhəmiyyəti var.

Qanunsuz tikililər üçün müəyyən rüsumlar nəzərdə tutulmalı və yalnız bu rüsumları ödədikdən sonra qanunsuz tikililər qeydə alınmalıdır.  Bu proses həm dövlət büdcəsinin, həm də əmlak vergisi vasitəsilə bələdiyyələrin büdcəsinin artmasına səbəb olacaqdır.

Ancaq bu rejim üçün dövlətin yox, özlərinin şəxsi maraqları üstün olduğu üçün, belə fərmanlarla millətin başını qatırlar.

Tıpkı gömrükdən on min manatadək sərbəst  mal keçirmək barədə olan fərman kimi… Ömrü cəmi 2 ay 2 gün çəkdi. Xalqın azad “iqtisadi nəfəs” almasına dözə bilmədilər.

Çünki onlar bizə özlərindən biri kimi baxmırlar!

21  yanvar 2016-cı il.

Loading