Əlaqə vasitələri

Tarixi qanqrena

mehemmed_yeniMəhəmməd Talıblı

20 Yanvar tariximizlə bağlı Mütəllibov yaddaşımda necə qalıb?

90-cı ildən sonra müstəqillik tariximiz üçün ikinci dəfə yeniləndi və özünə qayıtdı. Ölkə başqa bir siyasi sistemə transformasiya olundu. Cəmiyyətimiz dəyişdi və dəyişməkdə davam edir. Yeni nəsil yetişir. Yeni nəsil çağdaş siyasi tariximizi öyrənməkdə davam edəcək. Onun bir qismini yazılı arxivlərdən, bir qismin isə elektron mediadan əldə edəcək. Əhəmiyyətli bir hissə isə mətbuat orqanlarında çap olunan məqalələrdən öyrəniləcək. Onlara ikinci müstəqil respublikamızın mücadilə tarixi haqqında səhih və dürüst məlumatların verilməsinə böyük ehtiyac var. Həmin dövrü yaşamışıq və gözlərimizlə hadisələri görmüşük.

Biz müstəqllik haqqında şirin nağıllarına inanmadığımız kimi özümüz də nağıllar uydurmarıq. Tarixi canlı yaşayan və gözləri ilə görənə nağıl danışmaq niyə lazım? Ayaz Mütəllibov demokratik yolla seçilmiş prezident Əbülfəz Elçibəy haqqında böyük yalanlar danışıb. Konsprioloji əlaqələr tapmağa cəhd etməklə inandırıcı dərəcəsi sıfırın altında olan “mülahizələr” söyləyib. Qısaca desək, müzakirəlik deyil. Çünki, Elçibəyə tarix qiymət verib və verməkdə davam edəcək. Elçibəy, tarixin və tarixçilərin, siyasətçilərin və siyasətşunasların dərindən araşdırması üçün sanballı şəxsiyyətdir.

Onda bəs, Mütəllibovu cəmiyyətimiz necə tanıyır? Onun nominal prezidentliyi cəmiyyət tərəfindən hansı faicələrə səbəb oldu? Ona tarix necə qiymət verdi? O haqda danışmaqda fayda var. Mütəllibovu nəinki ciddi siyasətçi, ümumiyyətlə siyasətçi saymaq olmaz. Yəqin ki, pensiya yaşında 2-3 ildən bir bir müsahibə vermənin (taftalogiya yığnağı olan) özü də ciddi siyasətçi olmadığını bilir. Iddiası olmadığı üçün siyasətlə də məşğul olmur. Mütəllibov kimdir deyə sualına cəmiyyətdə cavablar aşağı-yuxarı eynidir. İlk öncə həmin dövrlə bağlı təəsuratlarımdan başlamaq istəyirəm.

Tələbə təəsuratımdakı Bakının qorxunc günləri 

Yenə 90-cı il… Təzəcə tələbə adını qazanıb Bakıya gəlmişdim. Şəhər əhalisi hərbi geyimli şəxslərin xüsusi nəzarət altında yaşayırdı. Daha doğrusu yaşamırdı, gününü sayırdı. Ölkənin iniltisi duyulurdu. “Bezpredel” qrupların kopud davranışı ilə vətəndaşlarımız addımbaşı rastlaşırdı. Bakı qeydiyyatı olmayanlara qarşı isə xüsusi sərt nəzarət və xoşagəlməz münasibət var idi.

Mərhum Ziya Bünyadovun oğlu Valeri Bünyadovun rəhbərliyi altında Bakıda fövqəladə vəziyyət hökm sürürdü. İmtiyazlı qruplar Bakının altını-üstünə, üstünü-altına çevirirdilər. ictimai ovqata qorxu hakim kəsilmişdi. Həmin dövrün rəhbərliyi belə bir status-kvonun saxlanması üçün hər şey edirdi. Belə bir ölkəyə rəhbərlik edən şəxs isə nə milli insan idi, nə də siyasi qrasmestr. Onun adı Ayaz Mütəllibov idi. Kosmopolit və yalnız şəxsi yaşamını düşünən bir təsadüf şəxs idi. Milli hisslərdən uzaq və düşüncə sistemi oturuşmayan partnomenklatura nümayəndəsi.. Sovetin təsərrüfat korpusundan çıxmış və siyasi təfəkkürü sıfırın altında olan biri olaraq ölkə rəhbərliyinə gətirilməsi üçün planlar cızılırdı.

Kremli təmin edən rus cocuğu kimi o, respublikamızın başına gətirilməli idi. Çünki o, Moskavaya “sədaqətini” hələ 1989-cu ildə sübut etməyə başlamışdı. 07 may 1989-cu ildə Azərbaycan SSRİ Nazirlər Sovetinin sədri olaraq Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) müəssisələrinin Ermənistanın tabeliyinə verilməsi haqqında qərara qol çəkmişdi. Ermənistandan 200 min, Stepanarkenddən 18 min qaçqının (sonradan bu rəqəm bir az da artdı) qovulmasının Dağlıq Qarabağda yerləşməsinə maneçəlik yaradan və onların həmin bölgədə yerləşməsini əngəlləməsi ilə sədaqətini sübut etməyə çalışmışdı. Cənab Mütəllibov, 20 yanvarda rus qoşunlarının Azərbaycana daxil olmasına dair SSRİ rəhbərliyindən kömək istəmişdi.

Bununla da rus tanklarının altında qalan 100-dən artıq qanına qəltan olunan həmvətənlərimizin “qanlı şənbə günü” facisəi Mütəllibovun üzərində qalmışdır. Bu bir ölkə rəhbəri üçün qara ləkə idi. Hansısa münasibətlərin əsiri olmadığı ölkədə yaşasaydı, indi Mütəllibov bu yaşında belə bir ölkə üçün etdikləri üçün ömrünü həbsxanada keçirməli idi. İndi o, nəinki ölkədə lal-dinməz yaşamağı bacarmır, əksinə, bir az da irəli gedərək Elçibəy kimi müstəqllik tariximizdə önəmli rolu olan tarixi şəxsiyyət haqqında hədyanlar söyləyir. Şər-böhtan danışır. Bu həmin Mütəllibovdur ki, erməniləri işdən çıxarmaq və döymək üstündə minlərlə azərbaycanlını həbsxanalarda çürütmüşdü.

Cənab Mütəllibovun loyallığı sayəsində Naxçıvanın ərazisi olan Kərki 20 yanvar hadisələrindən sonra Ermənistana tabe etdirildi. Ölkə böyük 20 yanvar qırğınına hazırlıq işlərini məharətlə görən Mütəllibov 1990-cı il yanvar ayının 15-də Dağlıq Qarabağ Muxtar Vilayətində də fövqəladə vəziyyət şəraiti yaratmışdı. Müstəqilliyə heç bir aidiyyat olmayan Mütəllibov 90-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinin (22 yanvar 1990) qərarının əleyhinə çıxaraq Kremlinin tərəfini tutmuşdu. A.Mütəllibov bununla sübut etmişdi ki, Azərbaycan xalqını yalnız hərbi rejimdə saxlamaqla idarə etmək olar. Ona müstəllik heç bir halda layiq deyil. Daha da irəli gedən Mütəllibov Azərbaycanın SSRİ tərkibində qalıb-qalmamasına dair referendumu saxtalaşdıraraq Moskvanın köləsi olması ilə də razılaşmışdı. Bu onun üçün tarixi biabırçılığı və müstəqilliyə gerçək münasibəti idi.

Partnomenklatura yetirməsinin SSRİ canyananlığı

Bakıda ən böyük zavodu idarə etmiş Mütəllibov ölkəyə də təsərrüfat obyekti kimi baxırdı. O, təxminən rəhbərlikdə olduğu dövr ərzində ölkəni borcla işləyən vəziyyətə gətirmişdi. Onun zamanında ölkəmizin SSRİ-nin digər respublikaları ilə iqtisadi əlaqələri kəsilmiş, istehlak mallarının qiyməti 300-500 faiz yüksəlmiş, işsizlik total xarakter almışdı və s. SSRİ kimi nəhəng bir sistemin neftlə və digər zəruri xammal və ya yarımfabrikatla təmin edən ölkəni sonradan səfalət bürüdü. Pribaltika Respublikaları başda olmaqla müstəllik qazanmış ölkələrin rəhbərləri tarixi şansı qiymətləndirərək müstəqllik atributalarının yaradıb, onları necə möhkəmləndirmək haqqında müdrikcəsinə düşünərkən, Ayaz müəllim onda əhaliyə yaxın zamanlarda ərzaq talonlarının verilməsi vədi verirdi.

Həmin dövrlərdə yenicə müstəqillik qazanmış ölkələr dağılmış siyasi sistemdən öz respublikaları üçün necə yararlanmaq üçün istifadə haqqında düşünərkən, Mütəllibovun özü keçmiş rəhbərliyə necə yaranmaq haqqında düşünürdü və bununla bağlı reveranslar edirdi. Xalq arasında aynalı-daraqlı prezident kimi yaddaşlarda qalan Mütəllibov indi Elçibəy kimi müstəlliyi öz canından artıq bilən bir tarixi şəxsiyyətə böhtan atmaqla reabiltasiya olunmaq istəyir.

Tarixdə siyasi meyidləri diriltmək şər-böhtanla mümkün olmur. Dahilərin sözüdür: “Zaman bütün yaraları sağaldır”. Amma unutmayaq ki, bunu deyən dahilər konteksdən eybəcər formada çıxarılan faktları istisna edərək yəqin ki, bunu söyləyib. Tarixdə bəraət almaq istəyənlər onun “yaralarının” sağalmasına daha çox ehtiyac duyur. Amma tarixdə elə hadisələr vardır ki, onun bəraəti zamanla bağlı deyil. Xüsusi ilədə ki, o yaraların özü qanqrena verib.

20 yanvarda şəhid olan həmvətənlərimizə Allah rəhmət eləsin!

Loading