Əlaqə vasitələri

Qurban Məmmədov İlham Əliyevi xilas etməyə çağırır. Niyə İlham Əliyevi?–Mirzə Xəzər

 

Qurban Məmmədov İlham Əliyevi xilas etməyə çağırır. Niyə İlham Əliyevi?

qurban mamed

“Oğruların, quldurların əvəzindən mənim millətim niyə əziyyət çəkməli, balasının boğazından son tikəsini kəsib bu quldurların vurduğu ziyanı ödəməlidir…sizlərin əvəzinə bu zavallı xalq niyə cəzalandırılmalıdır?” Qurban Məmmədov “İlham Əliyevi xilas edin” çağırışında (aztoday.az) daha irəli gedir və Azərbaycanın düşdüyü ağır böhranın səbəbkarlarına müracitə edir: “Cənablar, zəhmət çəkin oğurladıqlarınızı geri qaytarın. Bu dövləti neftin qiymətinin düşməsi yox, sizin talançılığınız bu günə saldı. Bu məmləkətdə yüz minlərlə gənc evsiz, işsizikən sizin yüzlərlə villa və obyektləriniz, minlərlə mənziliniz haradandır?” Düz deyir.

Haradandır bu pullar? Maraqlı ssualdır. Bəs nə etmək lazımdır? Qurban Məmmədov yolunu bilir: “Bu gəmini batıran sizlərsiz. Bizim bir tikə çörəyimiz, sizin milyardlarınız batacaq. Zəhmət çəkin xarici ölkələrdə gizlətdiyiniz varidatınızın, Azərbaycanda olan, lakin heç vaxt sizə lazım olmayacaq mülklərinizin hesabına bu gəmini xilas edin.” Bəs prezident? İlham Əliyev bütün bunlar üçün məsuliyyət daşımır? Bu mənzillər alınanda, milyardlar oğurlananda prezidentin xəbəri olmayıb? Maraqlıdır…

Qurban müəllim səmimidir, deyir ki, yox, prezidentin xəbəri olmayıb. İlham ədalətli və məsum padşahdır. Quzudur. Təvazökardır. Nəfsi toxdur. Sözəbaxandır. Xalqı sevir. Gecələr yatmır. Gündüzlər yemir. Prezidentin özünün vəzifəyə təyin etdiyi məmur tayfası adil padşahın inamından sui-istifadə edib ölkəni uçuruma çatdırıb: sitat “Prezidentin inamından sui-istifaə edib onu və dövləti təhlükəyə saldığınız kimi, zəhmət çəkin indi də ona yardım edin.”

Maraqlı fəlsəfədir. Öz fikirlərini sərbəst ifadə etdiyi üçün illərlə həbsxanalarda yatmış şəxsi başa düşmək çətin deyil, onun  vətənə ürəyi ağrayır, lakin Kəmaləddin, Ziya və yüzlərlə digər müftəxor və acgöz feodalın onun çağırışına səs verib oğurladıqları milyardları Azərbaycana qaytaracağını yalnız sadəlövh insanlar inanar və bəlkə də yuxuda görə bilərlər. Bu, yalnız bir halda mümkündür: İlham Əliyev özü nümunə göstərib ailəsinin offşorlardakı milyardları ölkənin xəzinəsinə qaytararsa, onun feodalları bəlkə insafa gələrlər. Əks halda heç kim pulunu qaytarmayacaq.

Və qaytarmazlarsa, İlhamı heç kim xilas edə bilməyəcək!
Mirzə Xəzər

Loading