Kredit bataqlığından necə çıxmalı?

Minlərlə vətəndaşımız durmadan məktub yazır, dollarla götürdükləri kreditdən və son devalvasiyadan dolayı düşdükləri problemin həlli yollarını soruşur, məsləhət istəyir, hüquqi çıxış yollarının olub-olmaması barədə  israrla cavab axtarırlar.

Müraciətlər o qədər çoxdur ki, fiziki olaraq bunların hamısına fərdi qaydada cavab vermək qeyri-mümkündür.

Ona görə də qərara gəldim ki, bu barədə ətraflı bir məqalə yazım. Qoy hər kəs buradan öz probleminə uyğun qaydada istifadə etsin.

Bəri başdan deyim ki, vəziyyət çıxılmaz deyil. Qətiyyən narahat olmayın və stresə qapılmayın. Bunu ona görə xüsusi vurğulayıram ki, bəzi insanlarımız yaranmış indiki ağır iqtisadi durumda, onları ödəmə qabiliyyətsiz edən son devalvasiya hadisəsində sanki çıxılmaz duruma düşdüklərini zənn edir və hətta ölümdən başqa çarə olmadığı haqda düşündüklərini açıqca dilə gətirirlər.

Bu, qətiyyən belə deyil.

 ALLAH(c.c) ADİL və RƏHMLİdir. Sizi darda qoymaz. Hər gecənin bir gündüzü, hər qaranlığın bir sabahı var. Biz ələ-ələ versək, bu problemləri də asanlıqla həll edəcək, bank-müştəri, dövlət-bank münasibətlərinin ağır zərər çəkməsinə imkan verməyəcəyik.

Bununçün də hər üç tərəf : bir tərəfdən banklar, digər tərəfdən dövlət, o biri tərəfdən isə  müştərilər-vətəndaşlar aşağıdakı beş prinsipi nəzərə almalıdırlar:

  1. Qarşılıqlı güzəştlər olmadan problemin həlli mümkün deyil.
  2. Problemi yalnız qüvvədə olan qanunların verdiyi hüquqi imkanlar daxilində həll etmək lazımdır.
  3. Banklar da bizimdir və onların ziyan çəkmələri, çökmələri bizim, ümumilikdə, dövlətimizin  zərər çəkməsi deməkdir.
  4. Bankları xilas etməyin, onların gələcəkdə yenə də xeyirlə işləyə bilmələrinin  yolu vətəndaş-müştərini xilas etməkdən keçir.
  5. İndiki risk və zərər yükünün yalnız banklar və dövlət  tərəfindən çəkilə biləcəyinin mümkünlüyünü tərəflərin səmimi olaraq qəbul etməsi qaçılmazdır. 

  

Əziz vətəndaşlar, hörmətli bankirlər və məmur qardaşlar!

 Qarşılıqlı ittihamlarla heç nəyə nail ola bilməyəcəyikk.

Banklar batmaqda olan pullarını “dirildə” bilməyəcək, borclu vətəndaşlar ödəmə qabiliyətləri olmadığı üçün ya borclarını ödəyə bilməyəcəklər, ya da ödəməkdən imtina edərək böyük problemlər yaşayacaqlar,  məmurlar isə milləti saldıqları bu faciəli duruma görə məsuliyyətdən yaxa qurtara bilməyəcəklər. Bütün tərəflər hansısa formada  bədəl ödəyəcəklər.

“Yalnız vətəndaşı varlı olan dövlət güclüdür” devizini rəhbər tutaraq vəziyyətdən çıxmağa çalışmalıyıq.

Beləliklə də;

 1. Mövcud qanunlarımız Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir. Bu qadağa imperativ (məcbur edici) normalarla nəzərdə tutulub.

Mülki Məcəllənin 439.1-ci yarımmaddəsinə əsasən, “pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.”

Maddənin məzmunundan göründüyü kimi, borc alan tərəf Azərbaycan vətəndaşıdırsa, verilmiş borc yalnız manatla ifadə edilməlidir. Deməli, bir çox kredit müqavilələrində borc (kredit) predmetinin xarici valyutada göstərilməsi qanuna ziddir və deməli, qanunda nəzərdə tutulmuş qaydaların pozulması ilə bağlandığı üçün etibarsız əqd kimi mübahisələndirilə bilər.

Mülki Məcəllənin 337.1-ci yarımmaddəsinə (əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər) əsasən, “Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.”

2. Azərbaycan Respublikası Konstitusiyasının  19-cu maddsəinin III hissəsinə əsasən, “Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.” Deməli, dollarla ifadə edilən kredit müqavilələri Konstitusiyamızın bu müddəasına da ziddir və MM-nin 337-ci maddəsinə uyğun olaraq, “etibarsız əqd” kimi mübahisələndirilə bilər.

3. Faktlar və məlumatlar göstərir ki, banklar manatın ucuzlaşacağını, həm də birdən-birə və yüksək faizlə ucuzlaşacağını əvvəlcədən biliblər. Vətəndaşların isə bundan xəbərləri olmayıb və ola da bilməzdi. Əksinə, hörmətli Prezident cənab İlham Əliyev keçirtdiyi ənənəvi  müşavirələrdən birində çıxış edərək, manatın sabitliyindən danışdı və hətta xarici vətəndaşları da öz pullarını manatla saxlamağa çağırdı. Mərkəzi Bankın rəhbərliyi də 2015-ci ilin fevralında olan birinci devalvasiyadan qabaq eyni məzmunlu bəyanatlar verdi.

Görünür, cənab prezidentə də manatın stabilliyi barədə Mərkəzi Bankın rəhbərliyi düzgün məlumat verməyibmiş. Yoxsa, nüfuzuna böyük ziyan vura biləcək, vətəndaşını ondan narazı sala biləcək belə bir mövqeni Prezident heç vaxt səsləndirməz,  xoşagəlməz duruma düşməyinə razı olmazdı.

Deməli, Mərkəzi Bank rəhbərliyi vaxtında Prezidentə səhv məlumat verməklə vətəndaşları, bank müştərilərini aldadıb.

Belədirsə və bu, həqiqətən  belədir, onda dollarla bağlanmış müqavilələri həm də MM-nin 339.2-ci yarımmaddəsinə uyğun olaraq, “etibarsız əqd” kimi mübahisələndirmək lazımdır.

Həmin maddəyə əsasən, “şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.”

Kim manatın belə sürətlə, birdən-birə və yüksək faizlə ucuzlaşacağını bilə-bilə, indiki kredit müqvilələrini imzalayardı? Təbii ki, heç kim.

4. MM-nin 422-ci maddəsinə əsasən, “422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. [i]

422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər:

422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər;

422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz;

422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı;

422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.

422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.

422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.”

Bu maddəyə uyğun olaraq, vətəndaşlar əvvəlcə banklara  müraciət edərək, istədikləri təklifi banka  çatdırmalı, sonra isə, nəticədən asılı olaraq məhkəməyə müraciət etməlidirlər.

Təklifin və iddia ərizəsinin nümunəvi formasını  saytlarımızda yerləşdirmişəm. Yazının sonuna diqqətlə baxarsınız.  Buyurub istifadə edə bilərsiniz.

Maddənin məzmunundan göründüyü kimi, indi manatın başına gələnlər, il ərzində 80-100 faizlik devalvasiya məhz bu maddədə göstərilən hallara aiddir və məhkəmələr belə mübahisələrə baxarkən mütləq bunu nəzərə almalıdırlar.

5. Kredit müqavilələrinin bir çoxunda mən “fors-major” halları barədə müddəalar görmədim. Bu da qəbul edilmiş beynəlxalq norma və qaydalara, işgüzar adətlərə ziddir. Çünki tərəflərin iradəsindən asılı olmayan səbəblərdən müqavilə üzrə öhdəliklərin icra edilə bilməməsi halları mütləq müqavilədə öz əksini tapmalıdır. Bunsuz, həmin müqaviləni tam, qanunlara uyğun bağlanmış əqd hesab etmək olmaz.

Təbii fəlakətlərdən, tərəflərin iradəsindən kənar, qarşısıalınmaz hadisələrdən başqa, “fors-major” hallarına həm də “dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrasının mümkün olmaması” aiddir.

MM-nin  556-cı (icra mümkün olmadığına görə öhdəliyin xitamı) maddsəinə əsasən, “icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.”

MM-nin 557-ci (dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı) maddəsinə əsasən isə, “dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər.”

Bu maddələrin məzmunundan göründüyü kimi,  manatın Mərkəzi Bank tərəfindən, əvvəl sabit valyuta kimi təriflənib vətəndaşların arxayınlaşdırılması, qısa müddət sonra, il ərzində 80-100 faiz ucuzlaşdırılması  məhz MM-nin 556-557-ci maddələrinin təsirinə düşür. Qanunun bu tələbinə görə, banklar məsuliyyəti, çəkəcəkləri ziyanı tam olaraq vətəndaşların üzərinə qoymamaqla, dövləti məhkəməyə verib çəkəcəkləri zərəri tələb edə bilərlər.

Bunun baş verməməsi üçün isə, indiki durumu, büdcəmizdəki gərginliyi nəzərə alaraq,  bankların zərərini gələcəkdə, bəlli bir vaxtdan sonra ödəyəcəyi barədə dövlət öhdəlik götürə bilər. Ancaq heç bir halda vətəndaşların zərər çəkməsinə, birdəfəlik batmalarına , məhv olmalarını imkan vermək olmaz. Yoxsa, vətəndaşların ardınca, öncə banklar, ardınca da dövlətimiz çökər.

Banklar da, dövlət də, vətəndaş var olduğu üçün mövcuddurlar. Bunu heç kim unutmamalıdır.

Yuxarıda göstərdiyim hüquqi əsaslara görə, vətəndaşlar son devalvasiya ilə bağlı Mərkəzi Bankın qəararını əsas tutaraq, bəhanə edərək, öz borclarını illərlə ödəməyə bilərlər.  Yəni məhkəmə çəkişmələri illərlə uzana bilər. Bu halda banklarımızın nə vəziyyətə düşəcəyini təsəvvür etmək o qədər də çətin deyil.

Mən hələ burada məhkəmə çəkişməsini qanunun verdiyi imkanlardan sui-istifadı etməklə istənilən qədər uzatmağın yolları barədə danışmıram. Vəkillərimiz, nümayəndəlik fəaliyyəti ilə məşğul olan hüquqşünaslarımız bunları çox yaxşı bilir və bacarırlar.

6. Maraqlı bir məsələ də var. Azərbaycanda bağlanılan bütün kredit müqavilələrinin tərkib hissəsi hesab edilən “ödəmə qrafikləri”nə əsasən, vətəndaşlar bankdan kredit götürəndən sonrakı  aydan başlayaraq əsas borcla birlikdə faiz borclarını da ödəməli olurlar.  Ən maraqlısı və qanunsuzu da odur ki,  bu qaydada ödəmələr zamanı, ilk aydan başlayaraq, ödəmələrin tərkibində faiz borcları daha çox olur. Aylar keçdikcə, ödəmələrin tərkibində faiz borcları azala-azala gedir, əsas borcun həcmi isə artır.

 Halbuki, MM-nin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən, “əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.”

Maddənin məzmunundan göründüyü kimi, qanunverici “faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli” olduğunu nəzərdə tutur. Buradakı “malı-məli” şəkilçisi normaya imperativlik verir. Yəni, faizlər mütləq ilin sonunda ödənilməlidir. Bu normanı qəbul edərkən qanunverici orqan vətəndaşların, xüsusilə də, iş adamlarının borc aldıqları puldan səmərəli istifadə edib, qazana bilmə imkanlarını təmin etməyə çalışıb. Təcrübədə isə tam tərsinədir.

Deyə bilərsiniz ki, tərəflərin qarşılıqlı razılığı ilə müqavilədə qanuna zidd olmayan istənilən şərt nəzərdə tutula bilər. 

Əvvəla, bütün dünyada faizlərin ödənilməsi qaydası MM-nin 741-ci maddəsində nəzərdə tutulduğu kimidir. Ona görə bu faizin adı “illik faiz”dir.

İkincisi, istənilən iş adamından, banklardan borc almış istənilən vətəndaşdan soruşun: o faizlərin indiki qaydada aybaay, yoxsa il başında ödənilməsinin tərəfdarıdır? Bir nəfər də tapa bilməzsiniz ki, faizlərin  indiki ödəmə qaydasını bəyənsin. Ən azı ona görə ki, faizlərin il başında ödənilməsi, bir yandan, əsas borcun azalması ilə eyni vaxtda faizlərin də azalmasına səbəb olur, çünki birinci aydan başlayaraq edilən ödəmələr əsas borcdan silinəcək. Digər tərəfdən isə, il başında ödəniləcək faizlər il boyu dövriyyədə iştirak edərək əlavə qazanc gətirəcək.

Mülki Məcəllənin 741-ci maddəsinin tələblərinin pozulması da vətəndaşlarımıza imkan verir ki, yenə də MM-nin 337-ci maddəsinə əsasən, həmin kredit müqavilələrini “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd” kimi məhkəmələrdə mübahisələndirsinlər.

7. Bir anlığa təsəvvür edin ki, heç kim bu andan etibarən, banka olan  borcunu ödəmir və yuxarıda qeyd etdiyim müxtəlif hüquqi əsaslarla məhkəmələrə müraciət edir. Aylarla yox, illərlə banklara pul daxil olmur. Verilmiş kreditlər geri qaytarılmır. O halda ölkənin maliyyə təsərrüfatının hansı hala düşəcəyini təsəvvür edirsinizmi?

Bütün bu qeyd edilənləri nəzərə alaraq, üzümü bizim hörmətli bank rəhbərlərinə tuturam: əziz dostlar, atalarımızın bir sözü var,  “çox istəyən azdan da qalar”.

Siz nəzərə almalısınız ki, sizin müştəriləriniz obyektiv səbəblərdən, özlərindən asılı olmayan səbəblərdən sizə olan borclarını indiki məzənnə ilə ödəyə bilmirlər. İstəsələr belə bunu edə bilməyəcəklər. Etməyəcəklər!

Çünki heç kim balasının boğazından kəsib, ailə-uşağını ölümə tərk edib sizə borc qaytarmayacaq. Bu halda isə onları heç kim qınaya bilməz. Çünki indiki vəziyyətin yaranmasının əsl səbəbkarları arasında sizlər də varsınız. Bu ölkədə pul, maliyyə, iqtisadi siyasətlə bağlı olan bütün işlər məhz sizlik olub. Bu sahənin başbilənləri, böyükləri siz olmusunuz.

 “Qara camaatı” məhz sizlər öz səhv maliyyə, kredit, iqtisadi siyasətinizlə və ya bu siyasəti aparanlar qarşısındakı qorxaqlığınız, laqeydliyiniz, süstlüyünüz, mütiliyiniz, vaxtında etiraz etməməyiniz və seyrçi qalmağınızla  bu günə salmısınız. Başqa sözlə, bu gün bizim vətəndaşlarımızın  həmin kredit müqavilələri üzrə öz öhdəliklərini yerinə yetirə bilməmələrinin səbəbkarları sizlərsiniz. Bu barədə düşünməyinizi sizdən rica edirəm.

Əslində, siz müştərilərinizdən yox, onlar sizlərdən, onlara vurulmuş ziyanı tələb etməlidirlər. Onlar daha çox haqlıdırlar.

Əziz həmvətənlər!

Bura qədər yazdıqlarım problemin hüquqi tərəfləri ilə bağlıdır.

Bu məsələnin bir əxlaqi, siyasi tərəfi də var ki, bu barədə tərəfləri uyarmağı özümə borc bilirəm.

Dostlar, borcu qaytarmaq bir vəzifə və ləyaqət məsələsidir. Əmanətə xəyanət ən böyük günahlardan biridir. İndiki halda banklar inanıb, etibar edib bizə əmanət veriblər. Onu qaytarmaq həm bəndə, həm  də ALLAH(c.c) qarşısında bizim borcumuzdur.

Banklar da bir şeyi dəqiq bilməlidirlər. Bu ağır günlərdə onlar öz müştərilərinə sahib çıxmalıdırlar. Bu gün müştəri batacaqsa, bir daha özünə gələ bilməyəcək. Nəticə etibarilə, yenə də ziyan çəkən, vətəndaşlardan daha çox, banklar olacaq. Çünki batan müştərilərdən bir daha qazana bilməyəcəklər. 

Ən son nəticədə isə uduzan dövlətimiz olacaq.

Kasıb vətəndaşın dövləti varlı və güclü ola bilməz.

Ona görə də banklar öz müştərilərinə, dövlət isə banklarına sahib çıxmalıdırlar.

İstər vətəndaşlarımızın, istər banklarımızın, istərsə də dövlətimizin gələcəyi bu üçbucağın tərəflərinin dayanıqlığından çox asılı olacaqdır.

www.gurbanmammadov.com

www.calxanhuquq.com

05 yanvar 2016-cı il,  saat 04-50

 7,124 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.