Əlaqə vasitələri

Qurban Məmmədov Səlim Müslümova müraciət etdi

Ötən ilin sonunda 3-cü dəfə çəkdiyi həbs cəzasından azad olunan tanınmış hüquqşünas, Milli Şuranın üzvü Qurban MəmmədovModerator.az-a olduqca maraqlı və  cəzasını çəkib azadlığı qovuşmuş 10 minlərlə vətəndaşımızın, eləcə də hər kəsin ürəyindən xəbər verən məzmunlu təhlillərlə zəngin müsahibə verib:
 
-Qurban bəy, məhbusların döyülməsindən, öldürülməsindən, hüquqlarının pozulmasından kifayər qədər danışdıq. Bəlkə bir qədər də məhbusların azadlığa çıxandan sonrakı problemlərindən və onlara qanunda nəzərdə tutulan yardımlardan danışaq? Ümumiyyətlə, qanunlarda  belə yardımlar nəzərdə tutulubmu? Məsələn, Sizə azadlğa çıxanda yardım göstərildimi?
-Əvvəla, mənim ciddi bir yardıma ehtiyacım yoxdur.
 
-Mən maddi yardımı nəzərdə tuturam.
-Başa düşdüm. Təkrar edirəm, mənim elə bir ciddi problemim yoxdur ki, kiminsə yardımına ehtiyacım olsun, şükr ALLAHa. Ancaq dostlar, qohumlar sağ olsunlar. Həbsdə olduğum müddətdə də, elə azadlığa çıxandan sonra da hər kəs əlindən gələn yardımı etdi. Əslində, bu çox normal və açıq deyim, həm də çox vacibdir. Söhbət təbii ki, şəxsən məndən getmir. Ancaq azadlığa buraxılan adamın elə həmin gün yeməyə, suya, yol puluna ehtiyacı olur. Çoxları bunun fərqində deyil və sadəcə olaraq, belə adamlara yardım etməyin vacibliyi heç çoxlarının ağlına da gəlmir. İmkanları olsa da bunu etmirlər. Ona görə yox ki, istəmirlər, sadəcə, ağıllarına gəlmir ki, bunu etmək lazımdır. Mən məhbuslar tanıyıram ki, azadlığa buraxıldığı cəzaçəkmə müəssisəsinin qapısından öz evinə getməyə bir qəpik də pulu olmayıb.
-Bəs necə olub: Elə orada qalıb, ya yenidən zona qayıdıb?
-(gülümsəyərk): Yox, geri qayıtmağı mümkün deyil. Bununçün gərək yeni bir cinayət törədə. Ancaq bununçün də, yəni yeni cinayət törədə bilməsi üçün də ilkin yol puluna və ilk yeməyə ehtiyac var axı. Ac qarnına necə cinayət törədəsən?
 
-Dövlət də yardım eləmir? Bəs belələrinin taleyi necə olur? 
-Bax bu yerdə qanunları bilmək, məhbuslar arasında hüquqi maariflənmə istiqamətində iş aparmaq lazımdır ki,  qanunun onlara verdiyi imkanlardan yararlana bilsinlər.
-Necə?
-Cəzaların İcrası Məcəlləsinin 176-cı maddəsinə əsasən, cəzanı çəkməkdən azad edilmiş şəxslər yaşayış yerinə getmək üçün ərzaq məhsulları və gediş haqqı ilə təmin olunurlar. Bundan başqa, onların zəruri mövsümi geyimi, ayaqqabısı və bunları əldə etməyə imkanı olmadıqda, onlar dövlət hesabına geyim və ayaqqabı ilə təmin olunurlar. Onlara birdəfəlik pul müavinəti də verilə bilər.
-Bəs bütün bunları onlara kim və harda, necə verir? Məhbusların bundan xəbəri varmı?
-Təbii ki var. İnsafən bu məsələdə, bir qayda olaraq, ciddi problemlər yaşanmır. Elə həmin maddədə göstərilib ki, cəza çəkməkdən azad edilmiş şəxslərin ərzaq, geyim, ayaqqabı ilə təmin olunması, onlara gediş haqqının ödənilməsi, həmçinin birdəfəlik pul müavinətinin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən həyata keçirilir. Məhbuslar cəza müəssisəsindən çıxan günü onların müraciəti əsasında, yaşayış yerlərinə qədər gediş haqqı, geyim, ərzaq və ayaqqabı verilir. Deyim ki, çoxları bu hüquqdan istifadə edir. Məhbusun cəza müəssisəsindən çıxandan sonra yaranan problemləri başqa sahələrlə bağlıdır.
-Maddiyyatlamı?
-Tək onunla yox. Maddiyyatdan daha önəmli problemlər var. Maddiyyatla bağlı onu deyim ki, sadaladığım o yardımlardan başqa, qanunverici daha ciddi tədbirlər nəzərdə tutub. Məsələn, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli, 353-IIIQ saylı Qanununun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Təəssüf ki, maddədəki bəzi ifadələrdən sui-istifadə edən məmurlar bu pulun məhbusa verilməsinə süni maneələr yaradır, ya da onlardan pul qopartmağa çalışırlar. Yəni bu pulu almaq üçün, məhbus “tibbi və sosial yardıma ehtiyacı olmasını” sübut edən sənədlər təqdim etməlidir. Azərbaycanda isə bunun nə demək olduğu hamıya bəllidir. Məndə olan məlumata görə, cənab Səlim Müslümov nazir təyin edildikdən sonra bu eybəcərliklər aradan qaldırılıb, bütün məhbuslara onların müraciətindən sonra həmin müavinət  ödənilir və bu zaman “cəzaçəkmə yerindən azad edilmə barədə vəsiqə”nin surətini təqdim etmək kifayətdir. Kiçik bir problem də qalıb. Fürsətdən istifadə edib, sizin vasitənizlə bunu da hörmətli nazirimizin diqqətinə çatdırmaq istəyirəm. Bayaq dedim ki, məhbus ayağını “zon”dan kənara qoyan kimi, yemək və su puluna ehtiyacı var. Ancaq bu qanunda nəzərdə tutulan “minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti” məhbus müraciət etdikdən iki ay sonra ödənilir. Bu isə həmin müavinətin təyinatına qətiyyən uyğun deyil və haqlı narazılıq yaradır. Elə etmək lazımdır ki, məhbus ona hava-su kimi lazım olan həmin məbləği elə həmin gün ala bilsin.Ümid edirəm ki, cənab nazir bu problemi tezliklə həll edəcək, İNŞALLAH !
 
-Bəs pul yardımından başqa növ yardımlar nəzərdə tutulurmu məhbuslar üçün?
-Mən deyərdim ki, puldan başqa nəzərdə tutulan yardımlar puldan daha önəmli və vacibdir. Bax, burada çox böyük problemlər var. Fikir verin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 175-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilməyə hazırlıq məqsədilə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumlarla hazırlıq işi aparır, onlara hüquq və vəzifələrini izah edir, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası barədə qanunvericilik haqqında məlumat verir. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara məhkum edilmiş şəxslərin cəza müddətinin qurtarmasına üç ay qalmış onların siyahısını müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı xüsusi müəssisənin  və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq, sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Sosial adaptasiyadan imtina etmiş şəxslərə cəza çəkməkdən azad olunduqdan sonra üç ay müddətində sosial adaptasiya məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmək hüququ barədə məlumat verilir. Digər əsaslarla cəza çəkməkdən azad olunmuş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər barədə xüsusi müəssisənin və ya cəzaçəkmə müəssisəsinin müdiriyyəti dərhal müvafiq icra hakimiyyəti orqanını məlumatlandırır və bu şəxslərin sosial adaptasiya mərkəzlərinə göndərilməsi üçün birgə tədbirlər görülür. Birinci və ikinci qrup əlilliyi olan məhkumlar, altmış iki yaşına çatmış məhkum kişilər və əlli yeddi yaşına çatmış məhkum qadınlar öz ərizələri və cəzaçəkmə müəssisəsi müdiriyyətinin təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlillər və ya qocalar evinə göndərilirlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən internat məktəblərinə göndərilir və tam dövlət təminatına götürülürlər.
Gedin yoxlayın görün, cəzaçəkmə müəssisələrində son 5 ildə bu istiqamətdə hansısa iş aparılıbmı? Qanunda nəzərdə tutulan bu işlər lazım olan qaydada görülürsə, onda həbs yerindən buraxılan şəxslərin  bir çoxunun çox qısa zamanda yeni cinayətlər törədərək geri qayıtmasının səbəbi nədir? İnanın mənə, o adamların əksəriyyəti azadlığa çıxdıqdan sonra yaşamaq imkanları olmadığına görə, onlara sahib çıxan olmadığına görə və yeni həyayta adaptasiya ola bilmədiklərinə görə, məhz “zona” qayıtmaq üçün yeni cinayətlər törədirlər. Yoxsa, bu adamlar “zon”u azadlıqla müqayisə etmək qabiliyyətinə malikdirlər və heç bir ağıllı adam ailəsini, nişanlısını, uşaqlarını, məhlə mühitini, rahat həyatı və sair nemətləri buraxıb ora dönməz. Deməli, onlar yeni cinayəti məhz  “azadlıq”dan xilas olmaq üçün törədirlər, “zon” artıq onlar üçün daha rahat olduğu üçün.
“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun  6-cı maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər bunlardır: cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; sosial adaptasiya mərkəzləri yaratmaq; daimi yaşayış sahəsi olmayan şəxsləri bu Qanunla müəyyən olunmuş müddətdə müvəqqəti yaşayış yeri ilə təmin etmək; cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafıq tədbirləri həyata keçirmək; təhsil almalarına şərait yaratmaq; şəxsiyyətini təsdiq edən və digər lazımi sənədlərlə təmin etmək; cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımı göstərmək.
Həm də, bu Qanunla nəzərdə tutulmuş sosial adaptasiya tədbirlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və digər qanunvericilik aktlarında cəza çəkməkdən azad edilmiş şəxslərə yardım göstərilməsi üçün nəzərdə tutulan tədbirləri istisna etmir.
 Dövlət daha nə etməlidir? Deyə bilərsiniz ki, hər şeyi edib. Ancaq belə deyil. Qanun var, icrası tam deyil. Bəs vəziyyət niyə belədir? Məncə, bunun bir səbəbi məmurların öz vəzifələrini icra etməməsidirsə, diğər səbəbi məhbuslar və onların yaxınları arasında hüquqi maarifləndirmənin aşağı səviyyədə olmasıdır.
 Azərbaycan televiziyalarının hansında indiyə qədər belə reabilitasiya mərkəzlərindən veriliş veriblər? Ümumiyyətlə, bu mərkəzlər varmı respublikamızda?  Varsa, hardadır? Onların işi nədən ibarətdir? Şəxsən mən 14 saylı cəzaçəkmə müəssisəsində olduğum müddətdə bir nəfər də olsun məhbusdan bunlar barədə bir məlumat eşitmədim. Çünki belə müəssisələrin varlığından onların xəbəri yoxdur.
Qanun var. Dövlət öz iradəsini ortaya qoyub. Ancaq icra yoxdur. Baş total rüşvətxorluğa qarışıb. Bir çox sahələrdə olduğu kimi. Ona görə də, cinayətkarlığın və cinayətkarların “təkrar istehsalı” durmadan artıq.
Daha önəmli hüquqlar var.
 
-Yenə də? Bu qədəri bəs etmirmi? Cinayət törətməyənlərin sıxıntı çəkdiyi bir məmləkətdə  cinayət törətmiş adamlara bu qədər güzəştlər bəs etmirmi?
-Dövlət elə ona görə dövlətdir ki, cinayət törətməmiş vətəndaşı ilə cinayət törədib, cəzasını çəkdikdən sonra azadlığa çıxan vətəndaşları arasında fərq qoymur. Sabah erməni atanda seçməyəcək ki, hansımız cinayət törətmişik, hansımız yox. Eləcə də, biz hücuma keçəndə, birinci kimin irəli atılması üstündə mübahisə zamanı məhkumluq nəzərə alınmayacaq.
-Bəs nə nəzərə alınacaq?
-Kişilik, mərdlik, cəsurluq, qorxmazlıq, Vətən-Millət sevgisi və s.  Dövlət lazım olan qanunu qəbul edib. Ancaq bir çox sahələrdə olduğu kimi, burada da qanun icra edilmir. Bilirsiniz ki, mənzil, yaşayış yerinin olmaması azadlığa buraxılmış bəzi məhbuslar üçün ən ciddi problemdir. Qanunverici bunu da həll edib, həm də yüksək səviyyədə. Ancaq qanunu işlədən, icra edən yoxdur.
 Avropada məhbus cəzaçəkmə yerindən azadlığa buraxılarkən mütləq adaptasiya mərhələsindən keçirilir, onu ailədə, cəmiyyətdə yaşamağa hazırlayırlar. Buna olduqca ciddi önəm verirlər. Şəxsən mən öz təcrübəmdə bu mərhələnin nə qədər vacib olduğunu hiss etmişəm.
Həmin qanunun 8-ci maddəsinə əsasən, sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Bu müddət kifayətdir ki, istənilən məhbus özünə iş tapsın, həyatını nizamlasın və cəmiyyətdə, onu əhatə edən insanlarla normal münasibətlər qura bilsin.
 Qanunun 10.2-ci maddəsinə əsasən isə, diqqət edin, qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər sosial adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış yeri ilə təmin edilirlər. Yaşayış sahəsi olmayan şəxslərin müvəqqəti yaşayış yerində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Müvəqqəti yaşayış yeri ilə təmin olunma qaydası və yaşamaq müddətinin artırılması halları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Daha sonra, yaşayış sahəsi olmayan və himayəsində 14 yaşadək uşağı olan cəza çəkməkdən azad edilmiş qadınların müvəqqəti yaşayış yeri ilə təmin olunması təxirəsalınmadan həyata keçirilir.
Bu qanunun tələblərinə uyğun olaraq,  AR Nazirlər kabineti  “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin manevr fondu yaşayış sahələrində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın təsdiq edilməsi haqqında və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə“  18 aprel 2008-ci il tarixli, 91 saylı Qərar qəbul edib. Çox vacib sənəddir. Demək olar ki, bu mühüm problemin bütün tərəfləri o qərarda öz həllini tapıb. Ancaq yenə də icra problemi var.
Qərarda göstərilir ki,    “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeydiyyata alınmış cəza çəkməkdən azad edilmiş şəxslər aşağıdakı hallarda manevr fondu yaşayış sahəsi ilə təmin olunurlar:
— yaşayış sahəsi olmadıqda və ya qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlar itirilmişsə;
— yaşayış sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda, cəza çəkməkdən azad edilmiş şəxsin (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) həmin yaşayış sahəsinə yerləşməsinə qəyyumluq və himayə orqanının razılığı olmadıqda.
Yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər (bundan sonra – cəza çəkməkdən azad edilmiş şəxslər) bir ildən çox olmamaqla, manevr fondu yaşayış sahəsi ilə təmin edilirlər.
 Cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsində yaşamaq müddəti müstəsna hallarda müvafiq yerli icra hakimiyyəti orqanlarının qərarı əsasında daha bir ilədək uzadıla bilər. Manevr fondu yaşayış sahəsində yaşamaq müddətinin artırılmasının müstəsna halları bunlardır:
— fövqəladə vəziyyətin tətbiq edilməsi;
— hamiləlik dövrü və doğuşdan sonrakı dövr;
— öhdəsində iki və daha çox 14 yaşınadək uşağın olması;
— sağlamlıq imkanları məhdud uşaqları olan qadınlar; [3]
— ağır xəstəliyə tutulma;
— məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusunun olması;
— müharibə veteranı olması.
     Bu qərarla məhbusların azadlığa buraxıldıqdan sonrakı yaşayış yeri problemi, demək olar ki, həll edilib. Həmin qərarla təsdiq edilən Əsasnamə ilə isə, məhbusların adaptasiya problemləri öz həllini tapıb.
    Əsasnamədə nəzərdə tutulur ki, sosial adaptasiya mərkəzi:
— sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxslərin qeydiyyatında iştirak edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərin sosial, tibbi və peşə adaptasiyası ilə bağlı metodiki vəsaitlər hazırlayır;
— cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya potensialını müəyyən edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərə şəxsiyyətini təsdiq edən və digər sənədlərlə təmin olunmasına yardım edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərin müalicə profilaktika müəssisələrinə göndərilməsini təşkil edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnməsinə yardım edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə, tibbi və sosial yardımla təmin edilməsi sahəsində müvafiq tədbirləri həyata keçirir;
— cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsinə yardım edir;
— cəza çəkməkdən azad edilmiş şəxsləri gün ərzində bir dəfədən az olmamaq şərtilə pulsuz isti yeməklə təmin edir;
— cəza çəkməkdən azad edilmiş şəxslərə hüquqi, psixoloji və informasiya yardımının göstərilməsini təşkil edir;
—valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş cəza çəkməkdən azad edilmiş yetkinlik yaşına çatmayanların yaşayış sahəsi olmadıqda, onların internat məktəblərinə göndərilməsinə və sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələrinin verilməsinə yardım edir.
Görürsünüzmü, qanun məhbuslar üçün nələr nəzərdə tutub. Əgər Qanunda və bu Əsasnamədə yazılanlar yerinə yetirilərsə, inanın ki, respublikamızda cinayətkarlığın səviyyəsi birdən-birə aşağı düşər və biz gül kimi balalarımızı,  döyüş meydanlarımız qala-qala, həbsxanalarda, cəzaçəkmə müəssisələrində itirmərik. Yeri gəlmişkən, mən özüm belə reabilitasiya mərkəzlərində  məmnuniyyətlə işləməyə də hazıram.

Loading