“Bizim baş nazirimiz kimdir ki?”

3 il azadlıqdan məhrum olunmuş, ancaq 1 il 7 ay cəza çəkən tanınmış hüquqşünas  Qurban Məmmədovun saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsi məhkum Elşad Babayevin qətli ilə hədəfə gəldi. Qurban Məmmədovla söhbətimizdə həbsxanalarda və ölkədə siyasi-iqtisadi vəziyyətin paralel müzakirəsini apardıq.
 
-Qurban bəy, siz cəzanızı 14 saylı Cəzaçəkmə Müəssisəsində çəkmisiniz, ora son vaxtlar ən çox müzakirə olunan həbsxana sayılır. Ancaq mənim sualım ənənəvidir. Sovet dövründəki kimi, 14 saylı Cəzaçəkmə Müəssisəsindən Azərbaycan gerçəkliyi necə görünür?
-Siz burdan həbsxananı necə görürsünüzsə, biz də ordan buranı elə görürük. Mən 2000-2003-cü illərdə 13 saylı Cəzaçəkmə Müəssisəsində olanda demişdim ki, Azərbaycan özü boyda bir həbsxanadır, ancaq məkan fərqləri var, birində “dəmir barmaqlıqlar” qoyublar. Mən sizi “dəmir barmaqlıqlar”dan görürəm, siz də məni orda görürsünüz. Sadəcə, sizin məkan böyükdür, amma cəzaçəkmə müəssisələri sizin olduğunuz və azadlıq dediyiniz məkandan daha təminatlıdır. Düzdür, hərdən ölüm hadisəsi olsa da, amma azadlıqda olduğu kimi hər addımda polis adamı həyat yoldaşının yanında döyüb şərləmir, hər addımda rüşvət istənilmir, o cümlədən, monopoliya və s.i. yoxdur.
-Siz Ayaz Mütəllibovun, birinci və ikinci əliyevlərin hakimiyyətləri illərində həbsxanalarda cəza çəkmisiniz. Bu mənada sadaladığım iqtidarların zamanında olan məhbəslərdə münasibət, davranış fərqlərini deyə bilərsinizmi?
-Mən Azərbaycanda yeganə hüquqşünasam ki, vəkil və məhbus kimi penitensiar sistemi həm içəridən, həm də çöldən 30 ildir müşahidə etmişəm. Təbii ki, müəssisələrin yenidən qurulması, abadlaşdırılması və məhbusların saxlanma şəraitində böyük dəyişikliklər var. Mən hətta həbsxanada olanda bir yazımda bunu inqilabi dəyişiklik kimi qiymətləndirmişdim. Çünki 1990 və 1998-ci ildə Bayılda olmuşam, hər iki dövrü müqayisə edəndə Avropada yaşadığımızı düşündüm. Təbii ki, mənim tipli adamlar həbsxanaya istirahət kimi baxır, 56 yaşım var, bunun da 30-40 ilini əmək fəaliyyəti ilə məşğulam, bir dəfə də məzuniyyətdə, sanatoriyada olmamışam. Ona görə oranı istirahət məkanı adlandırdım. Amma ümumən millət üçün götürəndə çox böyük dəyişikliklər var, sadəcə nəzarətçilərlə dustaqlar arasındakı münasibətlərdəki dəyişiklik çox azdır.
 
-Nədən doğur bu vəziyyət?
-Görünür, ölkədə islahat sinxron getmir. Adi bir misal: dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsinə qoşun yeritdilər, hadisə zamanı Penitensiar Xidmətin idarə rəisi İmran müəllim və müəssisənin rəisi Əli İbrahimov əsgərlərə “vurmayın” deyə çığırsalar da, onlar əmrə tabe olmurdu. Mən bilmirdim ki, əsgərlər kimə tabeydi, Daxili Qoşunlara, yoxsa xüsusi təyinatlı dəstəyə.
 
-Çox qəddarcasınamı vururdular?
-Qəddar yox, vəhşicəsinə, buna qəddar deyə bilmərəm.
-Bəs onlara əmr edən kim idi?
-Maraqlı o idi ki, orda əmr edən yox idi, əksinə, “vurma” deyirdilər. Əgər “vurma” sözü parol idisə, bunu mən bilmirəm. Amma mən İmran müəllimlə Əli İbrahimovun “vurma” dediklərini görür və eşidirdim. Bir daha deyirəm, islahat sinxron getmir. Ədliyyə Nazirliyi sistemində müəyyən islahatlar aparılır, ancaq Daxili Qoşunlarda, xüsusi təyinatlı dəstədə islahat aparılmır. Müəssisəyə daxil olan əsgər 15-20 il əvvəl necə düşünürdüsə, döyməli və vurmalıdır, indi də həmin niyyətlə ora girir. Onu başa salan yoxdur ki, müqavimət göstərməyən adam təzyiqə məruz qala bilməz. Məhbus müqavimət göstərmirsə, əsgərin onu vurmağa hüququ yoxdur. Belə çıxır ki, “vurma” sözü parol imiş. Yaxud başqa bir misal, İmran müəllim bir nəzarətçinin çiynindən yapışıb dedi ki, sənə deyirəm, vurma, niyə vurursan?! Bir nəfər kənardan qışqırdı ki, yəqin rütbəsini artırmaq üçün bura gəlib. Nəticə olaraq belə çıxır ki, Mədət Quliyevin rəhbərliyində olan qurumlarda islahat gedir, irəliləyiş var, başqa bir qurumun daxilində əksinə, islahat getmir. Bütün hallarda baş verənlər nə Azərbaycanın imicinə, nə də XXI əsrin şərtlərinə uyğun deyil. Sadəcə, ayıbdır, utancvericidir.
 
-Qurban bəy, Elşad Babayevin qətli kimi olaylar həbsxanalarda tez-tez olurmu? Ona görə bu sualı səsləndirirəm ki, bəlkə belə hadisələr ictimaiyyətdən gizlədilir…
-994-cü ildə Salyandakı 5 saylı Cəzaçəkmə Müəssisində – “Xələc türməsi” deyirlər, orda 115 nəfər ölmüşdü. 1995-ci ildə 95 nəfər dünyasını dəyişdi. O zaman iqtisadi durum da fərqliydi. Əgər biz həbsxanalarda bir ildə ölənlərin sayını götürsək, Qarabağ müharibəsində heç o qədər itkimizin olmadığını görəcəyik. Amma artıq 1995-ci il deyil, XXI əsrin 15-ci ilidir, ötən müddətdə Avropaya inteqrasiya prosesi gedib, mətbuatda senzura götürülüb. Bu şəraitdə bir məhbus döyülüb öldürülürsə və rəsmi reaksiya verilmirsə, bu qətlin iştirakçıları yenə də həmin müəssisədə çalışırlarsa, deməli, çox böyük problemlərimiz var.
-Ancaq cinayət işi açılıb…
-Təbii ki, fakta görə cinayət işi açılmalıdır, bu, qanunun tələbidir. Bəs necə olur, Qurban Məmmədov, İntiqam Əliyev, Leyla Yunus, Əvəz Zeynallı, Xədicə İsmayılova, bu insanlar haqqında istintaq başlayan kimi həbs qətimkan tədbiri seçilir? Məni avtoqəza ilə şərləyib tutdular, özü də qanunsuz həbs etdiklərini bilirlər. Amma adam öldürülüb, hələ həbs qətimkan tədbiri seçilməyib.
-Siz “sinxron islahatlar” fikrini işlətdiniz, bu mənada vəziyyəti dəyişmək üçün hansı variantları görürsünüz?
-Mənim gəldiyim qənaət budur ki, söyüşlə, qarşılıqlı atışmalarla ölkəmizi bu vəziyyətdən çıxarda bilməyəcəyik. Bunu sosioloqlar da, politoloqlar da yazıb izah ediblər. Problem ondadır ki, iqtidar-müxalifət münasibətlətində düşmənçilik var, bu, təəssüfləndiricidir. İstər hakimiyyət tərəfindən yerli-yersiz təhqirlər, aşağılanmalar, yaxud “əl müxalifəti”nin hazırlanması, bunlar bir problemdir, eyni problem də müxalifətdədir. Əgər biz hakimiyyətə normal layihələr təqdim etmiriksə, müxalifətçilyimizin nə mənası var? Məsələ ondadır ki, iqtidar da təqdim olunanları qəbul etmir. Ortalıqda normal əməkdaşlıq yoxdur. Amma bəzi faktlar göstərir ki, hakimiyyət istəsə, ortaya ciddi siyasi iradə qoyulsa, istənilən islahat aparmaq olar. 2011-ci ilin fevral ayı yadınızdadırmı? İndi həmin dövrə “ərəb baharı” deyirlər, o zaman özüm şahidi olmuşam, bütün məhkəmələrdə rüşvət dayandırıldı. Bəzi hakimlər mənə açıq şəkildə dedilər ki, yuxarıdan “5-6 ay səbrli olun, almayın” göstərişi var. Hətta alınan rüşvət geri qaytarıldı, dediklərimi sübut etmək çox asan şeydir. Gedin, Ağır Cinayətlər Məhkəməsinin o zamankı dövrünü araşdırın, cinayət materialları nə vaxt daxil olub və nə vaxt baxılıb, hökm çıxarılıb. Pul olan işlər 4-5 ay uzadıldı və 3 ay alınmayan rüşvəti sonradan üstünə bir az da qoyub aldılar. Yəni 15 minlik işə 20 min oxudular. ASAN Xidmət var, insanlar bu xidmətdən çox razılıq edirlər. Deməli, dövlət istəsə yaxşı iş görər, həm də millətimiz namusla işləməyə meyllidir, kadrlar da var. Vaxtilə mən düstur təklif etmişdim ki, yaşlı nəsildən əl çəkin, onlardan bir şey çıxası deyil. ASAN Xidmətdə əksəriyyət gənc nəsildir.
 
-Ancaq Azərbaycanın baş nazirinin yaşı 75-i ötüb…
-Bizim baş nazirimiz kimdir ki?
 
-Artur Rəsizadə…
-Aha, buyurun.
 
-Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də yaşı 75-i ötüb, yaxud baş nazirin müavini Elçin Əfəndiyev. Bu kimi çoxlu yaşlı nazirlərimiz var, Ramil Usubov 19 ildən çoxdur nazirdir…
-Əvvəla, yaş öz-özlüyündə meyar deyil. 75 yaşlı Ramiz Mehdiyevlə 50-60 yaşlı özünü lider adlandıran, amma funksiyasını icra etməyən, qorxusundan küçəyə çıxmayan, həbsdən, dəyənəkdən qorxan müxalifətçinin nə fərqi var? Yəni yaşın əhəmiyyəti yoxdur. Amma yaşlı adamın dünyagörüşündə fərq var. Azərbaycanı bu gün Ramiz Mehdiyev idarə edir, o yaşıyla. Bunlar yatmırlar, gecə-gündüz işləyirlər. Təbii ki, yaşlı adamla cavanın dünyaya baxışında, dəyərlərində fərq var. Bunlar ona öyrəniblər ki, yuxarıdan hansı əmr gəldi onu etsinlər, heç bir təşəbbüs yoxdur. Amma siyasi iradə olsa, dəyişiklik olar. Təəssüf ki, ortaya ciddi siyasi iradə qoyulmayıb.
-Siyasi iradədən danışdınız, qarşıdan parlament seçkiləri gəlir. Avropa Oyunlarına hazırlıqlar başlayıb, bununla bərabər, neftin hasilatı və qiyməti də enir. Bu mənada Azərbaycan hakimiyyəti hansı addımlar atmalıdır?
-Əvvəla, Azərbaycan iqtisadiyyatını tam şəkildə izləyəndə görünür ki, anormallıq ortadır. Azərbaycan neft istehsal edən ölkədir. Normal ölkələrdə neftin qiyməti qalxanda bütün qiymətlər qalxır, əks durum yarananda qiymətlər yenə enir. Azərbaycanda isə tərsinədir, biz neft istehsal və ixrac edir, amma qiymətlər də artır. Bugünə qədər Azərbaycanda qiymət enməsi faktı yoxdur, mövcud durum Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına bağlılığı simvolikdir. Azərbaycanda başqa bir qitisadiyyat – “qara iqtisadiyyat”, qeydə alınmayan iqtisadiyyat var, bu, faciədir. Ona görə neftin qiymətinin enməsi insanların həyat tərzinə və dövlətin özünə təsir edəcəkdir. Bir çox layihələr dayandırılmalı və ciddi tədbirlər görülməlidir.
-Bu mənada hüquq-mühafizə orqanlarında, vəkillık və məhkəmə sistemində hansı dəyişikliklər edilməlidir?
-Neftin qiymətinin qalxıb-enməsi bu orqanlara təsir edəsi deyil. Əvvəla, ixtisarlar apara bilərlər, məsələn, DİN-də. Milləti döyüb-söymək üçün o qədər böyük qüvvə saxlamağa ehtiyac yoxdur, təbii ki, bu sahədə milyonlar xərclənir. Amma çox böyük dəyərsiz layihələr dayandırılmalıdır. Biri var bina tikmək, biri də var binanı saxlamaq, xatırlayırsınızsa, diaqnostik mərkəzlərin tikintisi dəbi yaranmışdı, onların sonu nə oldu?! Axı bu binaları tikəndə kadr potensialından tutmuş enerji təminatına qədər hər şeyi hesablamalıydılar. Regionda inşa olunan mərkəzlərin əksəriyyəti işləmirsə, nə mənası var, hamısı artıq xərc deyilmi?! Doğrudanmı, 100 milyonlar xərcləyib böyük binalar tikmək lazım idi? Yaxud binaları üzləyib, sonra sökürdülər. Sadaladıqlarım plansızlığın və xalqın malına etinasızlığın nəticəsiydi. Iqtisadçıları dinləmək lazımdır ki, onlar hansı təkliflər irəli sürürlər.
 
-Onlar islahatlara ehtiyacın olduğunu bildirirlər…
-Təbii ki, islahatlardan başqa yol yoxdur. Biz öz iqtisadiyyatımızı yalnız neftdən gələn gəlirə bağlamışıq. Əgər dedikləri kimi qeyri-neft sektorunda nəsə ediblərsə, bunlar çox tezliklə bilinəcək. Siyasətdə pripiska intihardır, istər müxalifətdə, istərsə də iqtidarda olsun. Müxalifət lideri deyir ki, 50 min üzvü var, amma 15 partiya mitinq edir, 5 min adam ortaya çıxır. Hakimiyyət də deyir ki, güclü iqtisadiyyatımız və ordumuz var, amma 21 ildə bir qarış torpaq qaytara bilməmişiksə, bu ordunun və iqtisadiyyatın gücü nəylə müəyyənləşir?
 
-Yekunu ənənəvi sualla bitirmək istərdim. Son 4-5 ildə həbsxanalardan çıxanlar ya hüquq müdafiəçi olur, ya da bir sayt yaradıb hökumətlə əməkdaşlıq edirlər. Qurban Məmmədov necə, vəkil kimi qalacaq, yoxsa hüquq müdafiəçisi olacaq?
-Mən 2003-cü ildə 5 illik həbsdən çıxandan sonra çox təkliflər oldu ki, QHT yaradaq və s. Ancaq mən həyatımı əvvəlcədən planlaşdıran adamam, vəkil kimi doğulmuşam və vəkil kimi də ölmək fikrim var. Vəzifə adamı deyiləm. Rəhmətlik Elçibəyin prezidentliyi zamanı istəsəydim istənilən posta gedərdim, baş prokurordan gömrük nazirinə qədər. Amma mən vəkil olmaq istəyirəm, nümayəndə kimi də fəaliyyətimi davam etdirəcəm, nə qədər işlərimiz yarımçıq qalıb. Siyasi fəaliyyətimi də əvvəlki kimi davam etdirəcəm, Milli Şuranın üzvüyəm, 56 yaşım var, nə sənətimi, nə əqidəmi dəyişmək fikrim yoxdur. İstəsəm belə, bunu bacara bilmərəm.

 1,694 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.