Əlaqə vasitələri

“Səni kim tutub?”…

Görəsən məni kim tutub?

Bu gün məni rəisin qəbuluna çağırdılar. Fikirləşdim ki, yəqin son vaxtlar yazdığım ərizələrlə bağlıdır. Rəisin qəbul otağının qarşısında siyasi və vicdan məhbuslarını (Əvəz Zeynallı, Sərdar Əlibəyli, Əbdül Əbilov və Anar Məmmədli də onların arasında idi) görəndə başa düşdüm ki, əfv ilə bağlı söhbətə çağırıblar.

İkinci məni dəvət etdilər. Otağa daxil olan kimi rəislə üzbəüz stol başında oturan, idman geyimində olan şəxs, oturduğu stola yayılmış vəziyyətdə soruşdu: “sən kimsən əə?”. Özünü təqdim etməyən, kim olduğu, mənimlə niyə tanış olmaq istədiyi bilinməyən, sifətindən və peysərindən yağ daman bu adamın sualına cavab verdim: “Məmmədov Qurban Cəlal oğlu”.

Növbəti sualı isə məni tamam çaşdırdı və təəccübləndirdi: “səni kim tutub?”

Bu, oturduğu yerdə buğlayan, par buraxan adamın verdiyi sualla nə demək istədiyini anlamadım.

Məni kim tuta bilər ki?

Bu gələn adam hüquqşünasdırsa, dövlət orqanlarını təmsil edirsə, bilməlidir ki, istənilən dövlətdə adamı adam tutmur, buna məhkəmələr qərar verir. Yox əgər bu adam penitensiar xidmətinin rəhbərliyinin nümayəndəsidirsə bilməlidir ki, məhbus haqqında onu maraqlandıra biləcək bütün sualların cavabları onların şəxsi qovluqlarında var: aç bax!

Ancaq, təzəcə yeyib-içməkdən qalxana oxşayan və kabab iyi verən bu adamın sualından və baxışlarından hiss etdim ki, o həm də məndən eşidəcəyi cavabdan ləzzət almaq, parını bir az da artırmaq istəyir. Gözlərindən və baxışlarından açıq-aydın oxunurdu: “bax, adamı belə sındırarlar haaa!”

Verdiyi sualın mahiyyətini özü də bilməyən, bütün ədasından bizimlə məzələnməyə gəldiyi görsənən bu adama nə cavab verməliydim? Görəsən, o kimi nəzərdə tutub bu sualı verir? Bəlkə, deyim “özüm gimişəm bura, məni tutan olmayıb”.

Qoluma girən ilk polis nəfərinimi? Hansı ki, Nəsimi rayon polis idarəsində saxlandığım otaqda qoluma girib, prokurorluğa getməli olduğumuzu demişdi 8 ay bundan qabaq. Tərslikdən adını o vaxt soruşmamışdım.

Bəlkə, Nəsimi rayon prokurorluğundan çıxanda qoluma girərək məni məhbus maşınına əyləşdirərək, məhkəməyə getməli olduğumuzu bildirən o iki gənc polisi soruşur məndən? Onları da tanımıram.

Olmaya mənim haqqımda həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət verən müstəntiqi, yoxsa məhkəməyə təqdimat verən prokuroru soruşur? Bunlar ki, mənim şəxsi qovluğumda var. Məndən niyə soruşmalıdır ki? Mən yalan danışıb, qonşumuz Hüseynqulu kişinin adını versəm, inanacaqmı? Açıb şəxsi qovluğumdakı rəsmi sənədlərə baxmayacaqmı? Bu başdan baxsana, məndən niyə soruşursan?

Bəlkə, bu naməlum adam mənim haqqımda həbs qətimkan tədbiri seçən məhkəməni soruşurmuş. Yox, axı o “kim tutub?” – deyə soruşdu, “hansı məhkəmə?” – yox.

Mən də onun sualına nəzərində tutduğu cavabı verdim:

“Məni İlham Əliyev tutub”.

Deyəsən, ürəyindəki və qəlbindəkini faş etdiyim üçün dərhal incidi: “gedə bilərsən” – deyə, sərildiyi stulda bir balaca düzəltdi özünü.

Mən çıxdım. Ancaq sual mənə çox qaranlıq qaldı. Görəsən, bəs o kimi nəzərdə tutubmuş? Mən nə cavab verməliydim?

Doğurdan da, məni kim tutub?

P.S. Bunlar o qədər buğlanıb, piylənib, hörmətli prezidentimiz cənab İlham Əliyev demişkən, o qədər qudurublar ki, insanlarla normal danışmağı, dil tapmağı, münasibət qurmağı da unudublar. Sonra eşitdim ki, bu adam eyni sualı “siyasilərin” çoxuna verib. Görəsən, o özü kimi nəzərdə tuturmuş, İlahi?!

20 fevral 2014

Qurban Məmmədov

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir