Şənbə, 27 Oktyabr 2012 08:13
Hüquq-mühafizə orqanları namussuzluğa necə haqq qazandırdı?
2010-cu ilin oktyabrından başlayaraq müxtəlif qəzetlərdə Saatlıda baş vermiş dəhşətli bir hadisə barədə məlumatlar yayılıb.
Hadisə belə olub:
Namusa təcavüz
Saatlı sakini M.I.N. oğlu (etik səbəblərdən adını yazmırıq) 1 oktyabr 2010-cu ildə polis şöbəsinə ərizə yazıb. Ərizədə göstərib ki, sentyabrın 28-də saat 23:30 radələrində iki azyaşlı uşaq anası olan gəlini G.-nin yaşadığı otaqda başqa kişinin səsini eşidərək, otağa girib. Həmin vaxt evdə olan tanımadığı kişi ona hücum edib və pəncərəni sındırıb qaçıb. Qayınata həmin şəxsin kimliyinin müəyyənləşdirilərək, onun cəzalandırılmasını xahiş edib.
Lakin son nəticədə, qayınatanın özü cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı CM-nin 147.1-ci (təhqir) maddəsilə ittiham irəli sürülərək, iş məhkəməyə verilib.
Maraqlı hadisələr bundan sonra başlayıb. Gəlin polis şöbəsinə qayınatası və baldızından şikayət edərək, onların həmin gecə onu döydüklərini deyib.
Həm qayınatanın, həm də gəlinin şikayətləri bir icraatda birləşdirilərək, 18 oktyabr 2011-ci ildə fakt üzrə CM-nin 132-ci (döymə) maddəsilə cinayət işi başlanıb. Gəlin də iş üzrə zərərçəkmiş kimi tanınıb.
Gəlin istintaqa ifadəsində döyülməsini qayınatasının onu yaşadığı evdən çıxartmaq istəməsilə əlaqələndirib, evə yad kişi gətirmədiyini, qayınanasının onun soyuducusundan çıxardığı arağın isə azyaşlı oğlunun müalicəsi üçün istifadə etdiyini deyib.
Bu iş üzrə araşdırmaları əvvəlcə Saatlı RPŞ-nin təhqiqatçısı, polis kapitanı Namidar Nəsirov aparıb, sonradan materiallar müstəntiq Ərşad Süleymanova verilib.
Kürdəmirdən Saatlıya…
Qayınata istintaqa ifadəsində göstərib ki, gəlinin yaşadığı otaqlardan yad kişi səsinin gəldiyini əvvəlcə həyat yoldaşı eşidib. Daha doğrusu, qayınana həmin otaqdan gələn gülüş səslərinə yuxudan oyanıb. Qulaq asanda içəridə nəvələrindən birinin kiməsə “Loğman əmi” deyə müraciət etdiyini eşidib. Bundan sonra qayınana həyat yoldaşını oyadıb.
“Mən otağa daxil olanda bufetin qabağında təxminən 30-35 yaşlarında, domba gözlü, arıq sifətli bir oğlanla üz-üzə gəldim və ona bir yumruq atdım. Yumruğum yüngül zərbə ilə onun sinəsinə dəydi. Həmin oğlan mənə bir neçə zərbə vuraraq sol əlimi kəsib qanatdı və evdən qaçıb getdi. Həmin adamı tanıya bilmədim, dalınca qaçsam da tuta bilmədim. Yolda həmin oğlanın qaçdığını və mənim də onu qovduğumu görənlər də oldu”, – deyə istintaqa ifadə verən qayınata onu görənlərin adlarını da çəkib.
Gözləmək olardı ki, istintaq orqanları qayınatanın hərəkətlərinə zərərçəkmişin qanunsuz hərəkətləri nəticəsində yaranmış yüksək ruhi həyəcan vəziyyəti altında törənmiş bir əməl kimi qiymət verəcək və başqasının namusuna sataşaraq onun mənzil hüququnu pozan, ona xəsarət yetirən şəxsi tapıb cəzalandıracaqlar. Lakin bu, baş vermir…
Qayınata həmin gecə gəlininin evindən nəvəsinə məxsus cib telefonunu götürüb və həmin telefonda “Loğman əmi” adının qarşısındakı nömrəni dəqiqləşdirib.
Məhkəmə qərarına əsasən, həmin nömrənin Kürdəmirdə yaşayan Loğman adlı şəxsə məxsus olduğu müəyyənləşdirilib.
Istintaq zamanı hadisənin iştirakçıları arasında üzləşdirmələr keçirilib, qayınata evinə yad kişi saldığına görə gəlinini döydüyünü etiraf edib. Saatlıdakı orta məktəblərdən birində müəllimə işləyən gəlin və onun yaxın qohumları ona qarşı irəli sürülən “yad kişi” ittihamlarını rədd edib, baş verənləri ona atılmış şər kimi qiymətləndiriblər.
Istintaq da öz növbəsində “Loğman əmi”nin izi ilə Loğmanları axtarmağa başlayıb. Ilk dindirilən isə Saatlı sakini olan Loğman olub. O, harada çalışdığını bildirib, həmçinin bu işdəki bütün tərəfləri yaxşı tanıdığını və belə namussuz hərəkətə heç vaxt yol vermədiyini deyib. Qayınana da həmin Loğmanın o gecə gəlinin otağında gördüyü “yad kişi” olmadığını və bu şəxsi görmədiyini bildirib.
Daha sonra “Kürdəmirli Loğman” (onun da soyadı, atasının adı bəllidir, sadəcə, etik səbəblərdən yazmırıq) müəyyən edilib və onun ifadəsi alınıb. Onun ifadəsindən:
“Mən Saatlı rayonunda heç vaxt olmamışam. M.G.-ı tanımıram və onunla heç bir əlaqəm olmayıb. … mobil nömrə mənə məxsusdur, təxminən 1 il əvvəl almışam. Lakin 5 ay əvvəl həmin nömrəni və telefonumu Bakıda itirmişəm”.
“Kürdəmirli Loğman” 4 nəfər başqa şəxslərin arasında qayınata və qayınanaya tanınmaya təqdim edilib. Onlar Loğmanı tanıyaraq, gəlinlərinin yanında həmin şəxsin olduğunu bildiriblər.
Qayınata ilə bağlı məhkəmə tibb ekspertizasının rəyində də göstərilib ki, müayinə zamanı aşkar edilmiş xəsarət ola bilsin, şüşə parçasının təsirindən əmələ gəlib, əmələ gəlmə müddəti də 28 sentyabr tarixinə uyğun gəlir.
Üzləşmə zamanı da qayınana və qayınata gəlinlərinin otağında olduğunu və kişini vuraraq qaçdığını Loğman Nəsirovun üzünə deyiblər.
Bu üzləşmə və tanımaya baxmayaraq, istintaq öz işini daha da etibarlı aparmaq üçün “Kürdəmirli Loğman” və gəlinin adına olan telefon nömrələri, onların biri-birilə telefon əlaqələrilə bağlı məlumatların alınması üçün məhkəməyə vəsatət və təqdimat verib və bununla da istintaq bir ay uzadılıb. Məhkəmənin qərarını “Azərcell” icra edib, bu operatordan lazımi məlumatlar alınıb. Lakin “Bakcell” və “Azerfon” şirkətləri vasitəsilə iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat əldə olunmayıb.
Qayınata namussuzluğa göz yummalıydı?
Bir sözlə, aparılmış istintaqla müəyyən olunmuşdur ki, “Kürdəmirli Loğman” 28 sentyabr 2010-cu ildə axşam saat 23 radələrində Saatlı şəhərində yuxarıda adları çəkilən şəxslərin yaşadığı ünvanda olarkən bu insident baş verib. Istintaq “Kürdəmirli Loğman”ı CM-nin 132-ci (döymə) maddəsilə cinayət məsuliyyətinə cəlb edib. Yeri gəlmişkən, həmin maddə Cinayət Məcəlləsindən iyunun 29-da çıxarılıb.
Müstəntiq Ərşad Süleymanovun “təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması ilə əlaqədar cinayət təqibinə xitam verilməsi haqqında” 23 sentyabr 2011-ci il tarixli (hörmətli oxucu, bu tarixi yaxşı yadında saxla, bir azdan lazım olacaq) qərarındakı bir məqama da diqqət yetirək. Sən demə, istintaqla müəyyən olunub ki, “I.M. (qayınata) 28 sentyabr 2010-cu il tarixdə gecə saat 23 radələrində gəlininin yaşadığı otaqda yad kişinin olmasından qısqanaraq, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruq və təpiklə vuraraq gəlinə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirib, bununla da, Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayəti törədib”.
Əcəba, qayınata gəlini onun evinə razılığı və xəbəri olmadan yad kişi gətirib namusunu ləkələdiyinə görə döyüb, yoxsa, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı döyüb? Əgər ikincidirsə, hansı şəxsi münasibətlər zəminində bu hadisə baş verib? Mübahisə hansı şəxsi münasibətə aid olub? Yad kişi ilə azyaşlı uşaqların gözü qarşısında eyş-işrət məclisi təşkil eləmək kimlərin arasındakı “şəxsi münasibət zəminindən” xəbər verir?
Hüquq-mühafizə orqanlarının “mərhəməti”
Bu məmləkətdə Azərbaycanın istintaq orqanlarının ehtiyatsızlıqdan cinayət törətmiş gənc bir qızı dərhal həbsə salmasına baxmayaraq, nədənsə, Azərbaycan millətinə, xalqımıza və Saatlı camaatına ləkə gətirən “Kürdəmirli Loğman”ın xəstəliyini nəzərə alaraq (görəsən, bu xəstə adam Kürdəmirdən Saatlıya necə gedirmiş?), müstəntiq 10 iyul 2011-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraatı dayandırıb.
Iş üzrə qəbul edilmiş qərarlar barədə qayınataya heç bir məlumat verilməyib. Bütün bu müddət ərzində, yəni, 13 oktyabr 2012-ci ilə qədər qayınata və onun nümayəndəsi qəbul edilmiş qərarlar barədə nə müstəntiq Ə.Süleymanovdan, nə Rayon Prokurorluğundan, nə də müraciət etdikləri Daxili Işlər Nazirliyi və Respublika Prokurorluğundan ağlabatan heç bir cavab ala bilməyib.
Nəhayət, 22 sentyabr 2011-ci ildə “Kürdəmirli Loğman” Saatlı Rayon Polis Şöbəsində yenidən peyda olur və istintaq qrupuna ərizə ilə müraciət edərək, CM-nin 132-ci maddəsilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, hərəkətlərindən peşman olduğunu, himayəsində azyaşlı uşaqlar olduğunu və xəstəliyini nəzərə alıb, bu cinayət işinin istintaqına xitam verilməsini xahiş edib.
Bunu nəzərə alan müstəntiq Ərşad Süleymanov da Saatlı rayonunun prokuroru Valeh Vəliyevin razılığıyla cinayət işinin icraatına xitam verilməsinin zəruriliyi barədə qərar qəbul edir. Qərarı əsaslandırmaq üçün istinad edilən əsaslardan biri də “Kürdəmirli Loğman”ın hadisədən sonra cərrahi əməliyyat olunmasıdır.
Bu ölkədə cinayət məsuliyyəti məsələsində, hətta cəmi bir neçə gün və ya ay ömrü qalan, xərçəng xəstəliyindən, qaraciyər serrozundan və başqa ağır xəstəliklərdən əziyyət çəkən şəxslərə də mərhəmət göstərilmir. Belə olan halda, Kürdəmirdən kilometrlərlə yol qət edib Saatlıya gələn, başqasının namusuna sataşan, hətta namus sahibinə hücum edərək ona xəsarət yetirən adama qarşı bu mərhəmət, doğrusu, çox təəccüblüdür. Hərçənd, bir sıra hüquqşünaslar bildirirlər ki, “Kürdəmirli Loğman”ın əməlində CM-nin 132-ci maddəsilə yanaşı, 157-ci (mənzil toxunulmazlığını pozma) maddəsinin də tərkib hissəsi var.
Ən maraqlısı isə, həmin işin icraatına xitam verilməsi üçün müstəntiq Ərşad Süleymanovun istinad etdiyi prosessual normadır. Müstəntiq öz qərarında Cinayət Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsinə istinad edib. Həmin maddədə göstərilib ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər.
Yəni, guya, qayınata ilə “Kürdəmirli Loğman” barışıb. Amma müstəntiqin qərarında barışığı təsdiqləyən hər hansı sübutun mövcudluğu barədə heç nə yoxdur. Əksinə, məlum hadisə baş verdiyi gündən indiyə qədər qayınata müxtəlif dövlət orqanlarına mütəmadi olaraq şikayət ərizələrilə müraciət edir və “Kürdəmirli Loğman”ın cəzalandırılmasını tələb edir. Belə olan halda, hər hansı barışığın olmasından da söhbət gedə bilməz.
***
Qeyd edək ki, bu yazı qayınata I.M-nin nümayəndəsi Qurban Məmmədovun təqdim etdiyi materiallar əsasında hazırlanıb. Əgər qarşı tərəfin, o cümlədən müstəntiqin razılaşmadığı məqamlar varsa, buyurub, mövqelərini bildirə bilərlər. Onların da fikirlərini dərc etməyə hazırıq.
Aytən Məmmədova