Cümə, 26 Oktyabr 2012 10:27
Gülər Əhmədova ilə bağlı məsələ səngimək bilmir. Prokurorluq faktla bağlı cinayət işinə başlasa da, cəmiyyətə yetərincə məlumat verilmir. Bu da hətta hakimiyyətə yaxın şəxslərin də narazılığı ilə qarşılanıb. Bu günlərdə millət vəkili Zahid Oruc mətbuata açıqlamasında bildirib ki, Gülər Əhmədovanın hazırkı statusunun nədən ibarət olduğu aydınlaşmalıdır.
Bəlli olmalıdır ki, o, külli miqdarda pul sövdələşməsi ittihamı ilə dindirilən, Elşad Abdullayevin qardaşı ilə bağlı kriminal hadisəyə yardımçı şəxs kimi cəlb olunan, yoxsa şantaj xarakterli videoda iştirakçı olan şəxsdir.
Bəs Gülər Əhmədova məsələsi nə qədər davam edəcək və prokurorluq bu cinayət işinə yaxın vaxtlarda nbqtə qoya biləcəkmi?
«Qüvvədə olan prosessual qanunvericilik Gülər Əhmədovanı həbs etməyə imkan vermir»
Vəkil Qurban Məmmədov hesab edir ki, qüvvədə olan prosessual qanunvericiliyə görə, təkcə videoya görə Gülər Əhmədovanı nə cinayət məsuliyyətinə cəlb etmək, nə də həbs etmək olar. Çünki qüvvədə olan qanunlara görə, gizli çəkiliş qadağandır. Cinayət Prosessual Məcəlləsinə görə isə, prosessual qaydalara əməl edilmədən əldə olunan sübutların hüquqi əhəmiyyəti yoxdur. Ona görə də videodakı şəxslərdən ifadə alınmalıdır, üzləşmə keçirilməlidir, əlavə sübutlar toplanmalıdır. Yalnız ondan sonra vətəndaş barədə tədbir görmək olar.
«Siyasi göstəriş verilməsə, bu iş uzadılacaq və sonda heç bir nəticəsi də olmayacaq»
Hüquqşunas Müzəfərr Baxış ağır cinayətlər kateqoriyasına aid olan cinayətlərin istintaq müddətinin 3 ay olduğunu deyir.
Ekspertin sözlərinə görə, Gülər Əhmədovanın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müəyyən tərəddüdlər ola bilər. Nə qədər ki, Prezident Administrasiyasından Gülər Əhmədovanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə prokurorluğa göstəriş verilməyib, prokurorluq hətta kifayət qədər sübutlar toplasa da, onu cinayət məsuliyyətinə cəlb etməyəcək. Çünki prokurorluq hüquqi yox, siyasi qurumdur: “2000-ci ilin aprel ayının 26-dan sonra həmin orqan məhv edildiyinə görə hüquqi qurumluqdan çıxaraq siyasi bir quruma çevrilib (Z.Qaralov baş prokuror təyin edilən gün – red.). Təkcə Gülər Əhmədova deyil, bütün cinayət işləri üzrə qəbul edilmiş qayda bundan ibarətdir. Belə siyasi məsələlərin həll olunduğu cinayətlər üzrə hökmən Prezident Administrasiyasından prokurorluğa konkret göstəriş verilməlidir”.
Ekspert prokurorluğun bu barədə heç bir müstəqil qərar qəbul etməyəcəyini də qeyd etdi. Siyasi göstəriş verilməsə, bu iş uzadılacaq və sonda heç bir nəticəsi də olmayacaq.