Əlaqə vasitələri

 Sərdar Cəlaloğlu:“Mən kainatın üçüncü qanununu kəşf etmişəm”

serdar-c-22

Bir toplum öz dəyərlərini daş-qalaq edə-edə, dəyərsizləşir. Dəyərsizləşdikcə də, dəyərli gördüyü toplumların sırasında dayana biləcəyinə özü də inanmır.

Açığı, Nobel mükafatının bir addımlığına qədər irəliləyən Sərdar Cəlaloğlu barədə deyilənləri oxuduqca, bu fikirlər ağlıma gəldi. Kimlərsə, illah da, bu adamın nəzəriyyəsini gözdən salmaq üçün dəridən-qabıqdan çıxır, oxumadıqları bir tədqiqat əsərini elmlilikdən uzaqlıqda suçlayırlar. Özü də bu insanlar heç araşdırılan sahənin belə, adamı deyillər. Sərdar Cəlaloğlunun nəzəriyyəsini oxuyan əcnəbi mütəxəssislər isə onun Nobel mükafatının son mərhələsinə qədər irəliləməsinə etiraz etməyiblər. Deməli, bununla da, ən azı, nəzəriyyənin elmi olduğunu təsdiqləyiblər. Bəs, görəsən, bu nəzəriyyənin qısa mahiyyəti nədən ibarətdir?

Sərdar Cəlaloğluyla söhbətimizdə bu suala aydınlıq gətirməyə çalışdıq. ADP sədrinin Strateq.az-a müsahibəsini təqdim edirik:

– Sərdar bəy, əvvəla, sizi Nobel mükafatına namizədlər sırasına yüksəlməniz münasibətilə təbrik edirəm. Bu, həm sizin, həm elmimizin, həm də Azərbaycanımızın uğurudur. Bizə bu “Nobel hekayəsi”ndən danışa bilərsinizmi? Necə oldu ki, birdən-birə Nobel komitəsinə müraciət etmək fikrinə gəldiniz?

– Əvvəla, onu deyim ki, bu, birdən-birə ortaya çıxmış hadisə deyil. Uşaqlığımdan elmlə məşğul oluram və elmin demək olar, bütün sahələriylə maraqlanıram. Yazdığım məqalələrdə, apardığım tədqiqatlarda elmin ən müxtəlif sahələri, xüsusilə fundamental sahələrilə bağlı özüməməxsus ideyalarım, fikirlərim olub. Hətta orta məktəbdə oxuyanda belə, oxuduğum hər şeyi ehkam kimi qəbul etmir, məsələlərə tənqidi yanaşırdım. Elmin hələ ki cavab verə bilmədiyi bir çox sualları dərhal görür, onlar üzərində fikirləşirdim. Məsələn, bir fakt deyim: 10-cu sinifdə atom quruluşunu keçərkən, məni belə bir məsələ düşündürdü – elm bir tərəfdən deyir ki, müxtəlif adlı yüklər bir-birini cəlb edir, digər tərəfdən isə nüvədə elektron və protonun bir-birini cəlb etmədən hərəkətdə olduğunu bildiririk. Məlumdur ki, atomun quruluşu haqqında təsəvvürlər müəyyən modellər əsasında qurulan mülahizələrə söykənir. Yəni, faktiki olaraq, biz bilmirik atom o cürdür. Sadəcə, hansısa qanunauyğunluqlarla üst-üstə düşən model qurulur və bir çox mahiyyəti tam bilinməyən təsəvvürlər bu modelə uyğunlaşdırılır. Bu modellərlə tutuşduranda atomun quruluşundakı elektron dumanlığı və başqa deyişlə “elektron spinləri” deyilən nəsnəni izah etmək mümkün deyil. Əgər doğrudan da atomun quruluş modeli elədirsə, elektronlar niyə spinlər üzrə hərəkət edir? Niyə göydəki planetlər kimi dairəvi trayektoriya cızmırlar? Mən o vaxt müəllimdən soruşmuşdum ki, əgər fərqli yüklüdürlərsə, niyə proton elektronu öz üzərinə çəkmir? Çünki protonun çəkisi 1800 dəfə elektrondan böyükdür və əks yüklüdür. Müəllim bunu izah edə bilməmişdi. Mən onda müəllimə demişdim ki, burda bir anlaşılmazlıq var və nüvə haqqında təsəvvürlər səhvdir. Sonradan mən atomun quruluşu haqqında öz modelimi irəli sürdüm…

– Sizin nəzəriyyənizə görə, atomun quruluşu necədir?

– Mənim nəzəriyyəmə görə, əslində atomun nüvəsində proton yoxdur. İki ədəd neytron var və müsbət yük elə sürətlə bu neytronların birindən digərinə keçir ki, biz onun hərəkətini hiss edə bilmirik. Bu müsbət yük elektrona yaxın protona keçəndə onu özünə çəkir, amma sürətlə digər neytrona keçəndə isə bu cazibə qüvvəsi itir, hətta onu kənara itəliyir. Daha doğrusu, mənim nəzəriyyəmə görə, nüvənin mərkəzində də elektron var və müsbət yük bir neytrondan digərinə keçəndən sonra nüvənin mərkəzindəki elektron nüvənin kənardakı elektronu itələyir. Nəticədə müsbət yük nə mərkəzdəki, nə də kənardakı elektronları özünə çəkə bilmir, atom quruluşu sabit qalır.

– Sərdar bəy, dedikləriniz bir az qəliz oldu. Bayaq özünüz yaxşı bir fikir demişdiniz: hər bir təsəvvür və ya nəzəriyyə hansısa model üzərində qurulur. Siz də fikirlərinizi hansısa təsvir üzərində modelləşdirə bilərsinizmi?

– Əlbəttə. Yəqin ki, sən sürətlə stolüstü tennis oynayan iki idmançının yarışına baxıbsan. Onlar elə sürətlə oyun oynayırlar ki…  Sən o zaman tennis topunun yerə və ya raketkaya dəydiyini görürsən?

– Ortadamı görünür?

– Yox, ortada da görünməyə bilər. Amma tennis topu yüz faiz havada görünür. Raketkalara dəydiyini belə bəzən görmək mümkün olmur. Eyni modeli atom quruluşuna tətbiq etsək, görərik ki, göydəki elektron köynəkdəki elektronla eyni adlı olduğuna görə onlar bir-birilərini itələyirlər. Necə ki, tennis topu raketkaya dəyəndə əks istiqamətə itələnir. Müsbət yük neytronlardan birini protona çevirəndə isə elektronu özünə cəzb edir…

– Onda belə çıxır ki, nüvədəki elektronlar kefli kimi, 8 yaza-yaza hərəkət edirlər?

– Bəli, mənim təklif etdiyim atom modelində elektron konsentrik dairəvi yox, dairələrdə dalğavari hərəkət edir.

– Müasir terminlərlə desək, ziq-zaqlı…

– Daha dəqiq desək, dairəvi trayektoriya üzrə ziq-zaqlı hərəkətdən söhbət gedir. Yəni bizim təsəvvür etdiyimiz kimi düzxəttli yox, ziq-zaqlı fırlanma. Eynilə, fəzada da ulduzlar, göy cismləri öz orbitləri ətrafında dalğavari və ya sənin termininlə desək, ziq-zaqlı dairəvi hərəkətdədir. Halbuki kosmosun quruluşu ilə bağlı təsəvvürlər belədir ki, guya, Ay da, Yer də, ulduzlar da öz orbitlərində düz xətt üzrə fırlanırlar.

– Sərdar bəy, sizin Nobel mükafatı üçün təqdim etdiyiniz elmi nəzəriyyə də bundan ibarətdir?

-Yox. İstərsən, keçək mənim Nobel mükafatı üçün təqdim nəzəriyyəmə.

– Bəli. Zəhmət olmasa…

– Kosmosun quruluşu ilə bağlı iki nəzəriyyə var. Biri Kepler (Cohannes Kepler: 16-17-ci əsrlərdə yaşamış alman alimi, “Kainatın sirləri” adlı əsəriylə məşhurdur – H. O.) tərəfindən irəli sürülüb. Keplerin nəzəriyyəsində 3 qanun mövcuddur. Onlardan biri budur ki, hər bir göy cismi bəlli bir trayektoriya üzrə hərəkət edir. Həmin trayektoriya isə göy cisminin çəkisi ilə bağlıdır. Məsələn, Günəş Yerdən böyük olduğu üçün daha böyük trayektoriya ilə hərəkət edir, Yerin isə hərəkət “sahəsi” daha kiçikdir.

İkinci kəşfini Sahə qanunu adlandırıb. Bu qanuna əsasən, hər bir göy cismi müəyyən bir trayektoriya ilə hərəkət edərkən bəlli bir sahə yaradır və buna cazibə sahəsi deyirlər.

Üçüncüsü, Harmoniya qanunudur: müxtəlif trayektoriya üzrə hərəkət edən göy cismləri bir-birinə mane olmur.

Digər bir qanun isə Nyutona aiddir. Söhbət Ümumdünya Cazibə qanunundan gedir. Nyutona görə, Kainatın harmoniyasının səbəbi Ümumdünya Cazibə qanunudur. Yəni ayrı-ayrı orbitlərdə hərəkət edən göy cismləri cəzbetmə gücüylə bir-birini tənzimləyir. Bu da Kainatın dayanıqlığını və Kainatda baş verən təkrarlanma hadisələrinin əsasını təşkil edir. Daha əvvəllərə getsək, Heraklit eramızdan…

– Sərdar bəy, üzr istəyirəm, tez-tez sözünüzü kəsirəm. Ümumdünya Cazibə qanununun Kainata nə dəxli var?

– O qanun Kainata aiddir. Həmin qanunda söhbət təkcə dünyadan yox, həm də Kainatdan gedir. Bəzən dünya sözünü biz Yer kimi başa düşürük. Əslində isə klassik fəlsəfi və elmi əsərlərdə dünya Kainat deməkdir. Məsələn, biz “bu dünya, o dünya” deyəndə fiziki və metafizik aləmi nəzərdə tuturuq.

– Anladım. Amma niyə adını Kainatın cazibə qüvvəsi qoymayıblar, onu başa düşmədim.

– Elmi ədəbiyyatda hər iki termindən istifadə edirlər. Dünya daha yaxşı səslənir deyə, mən bu istilahdan istifadə edirəm.

– Anladım, zəhmət olmasa, söhbətinizə davam edin. Heraklitdə qalmışdınız.

– Heraklit eramızdan 4 min il əvvəl demişdi ki, Kainatda hər şey dəyişilir. Heraklitdən bu günə qədər heç bir alim bu dəyişikliyin səbəbini izah etməyib. Axı Kainat necə və nə səbəbə görə dəyişilir? Nyuton və Kepler Kainatda təkrarlanma qanunlarını kəşf ediblər, mən isə Kainatda dəyişilmələrlə bağlı qanunları… Nəzəriyyəmin adı da belədir: “Kosmik dəyişilmələr haqqında nəzəriyyə”. Nəzəriyyəm Günəşin niyə partlamasına, Yerdə niyə zəlzələlər, vulkanlar olmasına aydınlıq gətirir. Bəzi göy cismləri (astroid kimi) necə meydana gəlir? Niyə yerdə qeyri-texniki səbəblərdən aeroqəzalar olur? Bermud üçbucağında nə baş verir, dağlar getdikcə niyə kiçilir, insanlar niyə “cırtdanlaşır” və s. kimi suallar mənim nəzəriyyəmin tədqiqat sahəsinə daxildir. Ümumiyyətlə, mən getdikcə Kainatın kiçilməsinin səbəblərini araşdırıram…

– Amma son zamanlar deyirlər ki, insanların boyu getdikcə uzanır. Bu fakt sizin mülahizələrinizi təkzib etmirmi?

– Xeyr, insanların boyu uzanmır, qısalır. Bir var nisbi, bir də var mütləq ölçülər. Siz hansısa adamları müqayisə edib belə bir nisbi nəticə çıxara bilərsiniz. Mütləq olan həqiqət isə nəinki insanların, ümumiyyətlə bütün canlıların boyunun qısalmasıdır. Məsələn, əvvəl dinozavrlar var idi. Onlar indiki kərtənkələlərə oxşayırdı. Alimlərin fikrincə, kərtənkələr həmin nəhəng canlıların indiki varisləridir. Biz hardasa iri bir kərtənkələ görəndə indiki varislərlə müqayisə edib bu canlıların böyüdüyünü düşünə bilərik. Amma onu qədimdəki varisləriylə müqayisə etmək belə, mümkün deyil. Yaxud Paleontologiya elmi sübut edir ki, vaxtilə çox nəhəng bitkilər var idi. Onların hətta yarpaqları indiki ağac boydaydı. İndi o cür ağaclara rast gələ bilərikmi? Mən də bu kiçilmənin elmi nəzəriyyəsini vermişəm.

– Nəzəriyyəniz bu kiçilməni nəylə izah edir?

– Nyutondan və Keplerdən sonra, xüsusilə də yaxın 10 ildə sübut olundu ki, Kainatda bir genişlənmə prosesi gedir. Amma heç kim təhlil etmir ki, genişlənmə ümumi sistemlər üzrədir, yoxsa sistemlər arasındadır. Günəş sistemindəki dayanıqlıq göstərir ki, bu proses sistemlər arasında gedir. Sistemin daxilində isə heç bir genişlənmə yoxdur. Əgər sistemlər arasında genişlənmə baş verirsə, onda onlar arasındakı cazibə qüvvəsi də azalmalıdır. Çünki məsafə ilə cazibə qüvvəsi bir-birinə tərs mütənasibdir. Sistemlərarası cazibə qüvvəsi azaldıqca, sistemlərdaxili cazibə qüvvəsi artmalıdır. Bu zaman isə sistemin dayanıqlığı pozulmalıdır. Amma biz görürük ki, sistem dayanıqlıdır. Nyutonun Ümumdünya Cazibə qanununa görə, əgər həm cismlərin cazibə qüvvəsi, həm də  orbitdəki hərəkəti sabitdirsə, onların kütləsi azalmalıdır. Göy cismlərinin kütləsinin azalması onların ölçülərinin kiçilməsi deməkdir. İndi göy cismləri necə kütləsini azalda bilər?

– Bir çox yolla ola bilər. Məsələn, sıxlığını artırmaqla…

– Xeyr, sıxlıq artanda həcm azalır, kütlə yox. Kütlənin azalması cismlərin tərkibindən nəyinsə əskilməsindən asılıdır. Məsələn, Günəş kimi plazma öz kütləsini enerji şəkilində itirir. Yer kimi nüvəsi plazma, kənarı bərk cismlər əvvəl vulkan püskürməsi, sonra zəlzələ baş verməsi ilə ölçüsünü kiçildir. Soyuq ulduzdursa, yəni nüvəsində plazma yoxdursa, məcburdur ki, parçalansın, özündən bir hissə ayrılsın, astroit kimi qəlpələnsin və beləcə əvvəlki sabitliyi qorusun. Bu sabitləşdirici bir qanundur. Qısa şəkildə belə deyə bilərik: Nyuton və Keplerdən sonra mən kainatın üçüncü qanununu kəşf etmişəm. Bu, Kainatdakı dəyişilmələrın hansı qanunauyğunluqlara tabe olduğu barədədir. Və bunu elmi-nəzəri şəkildə ortaya qoymuşam.

Mən əvvəl fikirləşdim ki, bu nəzəriyyə ciddi elmi kəşfdir, onu öz adımdan yox, hansısa dövlət universitetinin və ya elm qurumlarının adından Nobel komitəsinə təqdim edim. Çünki hansı işi hansı institut təqdim edirsə, onun da adı elm tarixinə düşür. Bu niyyətlə universitetə (BDU – H.O.) getdim, universitetin elmi işlər üzrə prorektoruyla danışdım…

– Sərdar bəy, bir daha üzr istəyirəm. Bu qanunun adını niyə Ümumdünya Tarazlığının Qorunması və ya Sabitləşdirilməsi qanunu qoymayıbsınız?

– Adına nə olub ki? “Kosmosun Dəyişilməsi Nəzəriyyəsi” pisdir ki?

– Pis deyil, əlbəttə. Deyək ki, Keplerin nəzəriyyəsinin adı “Kainatın sirləri”dir. Amma o nəzəriyyədə 3 qanun var. Sizin nəzəriyyənizin də bir qanunu, mən belə başa düşdüm ki, kainatın tarazlığının stabilləşməsilə bağlıdır…

– Ümumi adını qoymuşam Kosmik Dəyişilmələr. Amma faktiki olaraq, bu qanunun mahiyyəti odur ki, bütün kosmosda nə baş verirsə, kainatın ölçülərinin kiçilməsinə xidmət edir. Məqsəd isə sistemlərarası genişlənmənin gətirdiyi disbalansın qarşısını almaqdır.

– Aydındır. Universitetin elmi işlər üzrə prorektoruyla söhbətiniz nə yerdə qaldı?

– Heç nə. Mənə dedi ki, bizim universitet yalnız öz alimlərinin işini Nobel Komitəsinə göndərə bilər. Mən də dedim ki, istəyirəm, BDU dünyada tanınsın heç olmasa. Bilirsiniz, BDU dünya universitetlərinin siyahısında 700-cü, yaxud 800-cü yerdə dayanıb. BDU-dən bir nəfər Nobel mükafatı alarsa, bu, həmin ali təhsil ocağının reytinqini artırar… Hər nə isə, məndən imtina etdilər. Mən Elmlər Akademiyasına müraciət etməli oldum. Ordan da eyni cavabı aldım. Təsəvvür et ki, Akademiyanın bir alimi mənim nəzəriyyəm haqqında belə bir rəy vermişdi: “Sərdar Cəlaloğlu həkim olduğuna görə, nə ixtiyarı var ki, fizikadan nəyisə kəşf edə. Nyuton kəşf edib, qurtardı. ondan sonra heç kim kosmos haqqında heç nə fikirləşə bilməz”. Sonra da rəyinə belə yazmışdı ki, bu işi Nobel komitəsinə göndərmək olmaz, yoxsa biz biabır olarıq. Digər bir çox alimlərdən də mənim işimə rəy vermələri üçün xahiş etdim. Onlar da imtina etdilər. Mən də məcbur oldum, özüm Nobel komitəsinə müraciət etdim.

– Necə? Norveçə getdiniz?

– Yox, Azərbaycanda Nobel Komitəsinin ofisi var, ora müraciət etdim. Həmin komitə vasitəsilə işimi müzakirəyə göndərdim. Komitənin iş prinsipi belədir: hər sahə üzrə 3000 eksperti var, onlar təqdim olunan minlərlə və ya yüzlərlə layihədən 200-nü ayırır, həmin işlər komitənin xüsusi ekspertlər qrupunun müzakirəsinə çıxarılır. Nəhayət, xüsusi ekspertlər, ən çoxu, 30 layihəni seçib, gizli səsverməyə göndərir. Gizli səsvermədə 60-70 alim iştirak edir. Əksəriyyəti Nobel mükafatı laureatıdır. Nobel mükafatının qalibi bu gizli səsvermədə ortaya çıxır. Mən bu mərhələlərin 3-dən də keçdim.

– Sərdar bəy, sizə yaxın adamlardan biri də mənəm. Nə əcəb, bütün bunlardan heç xəbərim olmayıb?

– Mən də ən sonda öyrənmişəm. Çünki səsvermə gizlidir. Son ana qədər bu gizliliyə əməl edilir. Nobel mükafatının qalibi təyin olunandan sonra komitə seçki prosesi barədə məlumat yayır. Komitənin mərkəzindən Bakıdakı filiala məlumat göndərmişdilər ki, sizin təqdim etdiyiniz iş son mərhələyə qədər gedib. Bakı filialı da bu barədə ictimaiyyətə açıqlama vermişdi. Mən də burdan öyrəndim.

– Maraqlıdır, məlumatı komitə yayıbsa, niyə onda bəziləri sizi faktı şişirtməkdə və özünüzü reklam etməkdə günahlandırır?

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Strateq.az

Loading