
Əziz həmvətənlər!

5 sentyabr 2020-ci ildə “heydərizm rejimi”nin tapşırığı ilə, qanunsuz olaraq, yəni heç bir məhkəmə qərarı olmadan, dünyanın gözü qarşısında, polis işçilərinin köməyi və nəzarəti altında, hadisə yerindən canlı yayın edən jurnalistlərin gözü qarşısında, mənə və ailə üzvlərimə məxsus olan yaşayış mənzillərinin və obyektin vəhşicəsinə dağıdılması, ailə üzvlərimin qanuni mənzillərindən çıxarılması ilə bağlı 4 sentyabr 2020-ci ildən başlayaraq hələ də Nərimanov rayon məhkəməsində, özünü hakim kimi yox, Kəmaləddin Heydərovun şəxsi katibəsi kimi aparan “hakim” Gültəkin Əsədovanın sədrliyi ilə davam edən məhkəmə prosesi barədə aşağıdakıları diqqətinizə çatdırmağı məsləhət bilirəm.
Ümid edirəm ki, cəmiyyətimizin hüquqi maariflənməsi və məhkəmələrimizdəki real vəziyyətin düzgün dərk edilməsi baxımından faydalı olacaqdır.
Baş verənlərin əsl mahiyyətini, yəni mənim və ailə üzvlərimin, şəxsən mənim siyasi fəaliyyətimə görə təqib edildiyini dəqiq anlamaq üçün, öncə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi maddələrini bilmək lazımdır.
MPM-nin 78-ci madddəsi.
Sübutların təqdim edilməsi və tələb olunması
78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
İşlərin məhkəmədə baxılmağa hazırlanması qaydaları
MPM-nin 165-171-ci maddələri ilə tənzimlənir.
MPM-nin 166-cı maddəsi.
İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad
166.3. Məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 (qırx) gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər.
166.4. İşdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 (beş) iş günü qalmış bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumat verilməlidir.
MPM-nin 172-ci maddəsi.
İşlərin baxılması və həll edilməsi müddətləri
172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır:
172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə – 2 ay;
172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə – 3 ay;
172.1.3. digər mübahisələrə dair işlərə – 4 ay müddətində.
172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər.
MPM-nin 174-cü maddəsi.
Məhkəmə iclasına sədrlik edən
174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
MPM-nin 186-cı maddəsi.
Şahidlərin, ekspertin və mütəxəssisin
məhkəmə iclasına gəlməməsinin nəticələri
186.1. Şahidlər, ekspertlər və ya mütəxəssislər məhkəmə iclasına gəlmədikdə, məhkəmə onların iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizəsini dinləyir və məhkəmə araşdırmasını davam etdirmək və ya işə baxılmasını təxirə salmaq haqqında qərardad çıxarır.
186.2. Çağırılmış şahid, ekspert və ya mütəxəssis məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, yüz on manatadək cərimə edilə bilər. Şahid üzürsüz səbəbdən ikinci dəfə gəlmədikdə məcburi qaydada gətirdilə bilər.
MPM-nin 184-cü maddəsi
İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi.
İşdə iştirak edən şəxslərin vəsatətlərinin həlli
184.1. Hakim tərəflərlə işin və mübahisənin vəziyyətini müzakirə edir.
184.2. İşdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
184.3. Hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
184.4. İşə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur.
184.5. İşdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir.
MPM-nin 185-ci maddəsi.
İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri
185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir.
(259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə və 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır.)
185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.
MPM-nin 188-ci maddəsi.
İşə baxılmasının təxirə salınması
188.1. İşə baxılmasının təxirə salınmasına məhkəmənin əsaslandırılmış qərardadı ilə, qabaqcadan nəzərdə tutula bilməyən aşağıdakı müstəsna hallarda yol verilir:
188.1.1. işdə iştirak edən şəxslərdən hər hansı biri və ya tərcüməçi gəlmədikdə;
188.1.2. iddianın əsasını və ya predmetini dəyişmək üçün ərizə verildikdə;
188.1.3. qarşılıqlı iddia verildikdə;
188.1.4. əlavə sübutlar təqdim və tələb etmək zərurəti yarandıqda;
188.1.5. işdə iştirak etməyə digər şəxs cəlb edildiyinə görə məhkəmə həmin iclasda işə baxılmasını qeyri-mümkün hesab etdikdə;
188.1.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.
188.3. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.
Maddə 120. İş vaxtını itirməyə görə məbləğin tutulması
Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
Əziz həmvətənlərim!
İndi baxın görün Nərimanov rayon məhkəməsinin “hakimi”, özünü Kəmaləddin Heydərovun katibəsi kimi apararaq onun hər qanunsuz və əsassız tələbini sözsüz icra edən Gültəkin Əsədova
yuxarıda qeyd etdiyim qanunları necə pozur.
- 16 iyun 2021-ci il tarixli iclasda “hakim” Gültəkin Əsədova
bizə bildirir ki, iddiaçı tərəf, yəni Kəmaləddin Heydərovun
adamları bizimlə barışıq danışıqları aparmaq məqsədilə işin təxirə salınmasını xahiş ediblər və bu əsasa görə iş təxirə salınır.
Növbəti iclasadək iddiaçı “Atlant İnşaat” MMC bizimlə heç kim əlaqəyə girmir və özlərinin hakim vasitəsilə bizə təklif etdikləri barışıq danışıqları barədə bizim israrlı tələblərimizə heç bir reaksiya vermir.
- 7 iyul 2021-ci il tarxli iclasda Kəmaləddin Heydərovun adamı Cəmil Muradov belə bir vəsatət verir.

Kəmaləddin Heydərovun katibəsi Gültəkin Əsədova vəsatəti təmin edir və işi 2-ci dəfə təxirə salır.
3. 28 iyul 20 21-ci il tarixli iclasda Cəmil Muradovun yeni vəsatəti peyda olur.

Kəmaləddinin katibəsi ağasına sadiqdir, vəsatət təmin edilir və iş 3-cü dəfə təxirə salınır.
- 16 avqust 2021-ci il tarixli məhkəmə iclasında Kəmaləddinin qulbeçəsi Cəmil Muradovun yeni vəsatəti gəlir.

Gültəkin Əsədova ağasına sadiqdir: iş 4-cü dəfə təxirə salınır.
- Sonra daha maraqlı hadisələr olur. Kəmaləddin və bandası məhkəməyə 25 oktyabr 2021-ci ildə belə bir məktub göndərirlər.

Məktubla tanış olanda aydın olur ki, Cəmil Muradov artıq bir ildir iş materiallarında olan bəzi sənədləri təkrarən məhkəməyə təqdim edir. Yəqin sizdə də sual yaranır: niyə, nə üçün, nə məqsədlə? Şeytanın da ağlına gəlməz, təbii, bunu ançaq bütün həyatını haram yeməklə, xalq malını oğurlamaqla keçirən Kəmaləddin Heydərov kimi peşəkar fırıldaqçı düşünə bilər. Burada təbii ki Gültəkin Əsədovanın da məsləhətindən istifadə olunub. Axı bizim hakimlərin də çoxu fırıldaq ustasıdırlar.
Bu məktubun ardınca, yəni 27 oktyabr 2021-ci ildə Cəmil Muradovdan növbəti namə:

Əvvəla, bu məktubdan siz nə anladız? Mən şəxsən, mərhum ədəbiyyat müəllimim Mehdi Ağalarovun təbirincə desəm, bu “erməni budaq cümləsi”ndən heç nə anlamadım.
Başa düşülən odur ki, işi süni surətdə, əsassız olaraq uzatmaq məqsədilə, “çıxışlara hazırlaşmaq” bəhanəsilə 5-ci dəfə iclası təxirə saldırmaq istəyirlər və Gültəkin Əsədova yenə də sinəsini Kəmaləddinin önündə sipər edir.
İş 18 noyabr 2021-ci ilə təxirə salınır. 5-ci dəfə.
Yuxarıda diqqətinizə çatdırdığım MPM-nin 188-ci maddəsini unutmamısız ki?
Orada deyilir:
188.3. İşə baxılması 3 dəfədən artıq təxirə salına bilməz.
Bəs, məhkəmədə işə baxılma müddətlərinə dair 172-ci maddə necə, yadınızdadırmı?
Həmin maddənin 172.1.3-cü (digər mübahisələrə dair işlərə – 4 ay müddətində) və 172.2-ci (İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər) yarımmaddələrinə əsasən, birinci intansiya məhkəməsində mülki işə maksimum 6 aya baxılıb yekun qərar verilməlidir.
Nəzərə alsaq ki, bizim bu iş olduqca sadədər, çünki biz iddianı qəbul etmişik və məhkəmədən də xahiş etmişik ki, bizim iştirakımız olmadan işə baxıb yekun qərar versin, iş 4 aya bitməli idi. Lakin bitmir.
Dostlar, noyabrın 18-də işə baxılması müddəti 14 ay 14 gün olacaq. Sizcə bu, ağlabatan müddət sayıla bilərmi?
İndi deyə bilərsizmi: bu Gültəkin Əsədova hakimdir, yoxsa nədir və ya kimdir?
Mən onun kimliyi barədə özünə 28 oktyabr tarixli rəsmi ərizədə bunları yazdım:

Məhkəmə iclasını təxirə saldığını, Kəmaləddinin qarşısında növbəti dəfə qanad çaldığını öyrəndikdən sonra isə Gültəkin Əsədovaya bunu yazdım.

İndi siz deyin: bu adamlara hörmət etmək olarmı?
Məncə, onlar Vətənimizin irin verən yaralarıdırlar, bəs sizcə?
![]()





