“Xural TV-nin rəhbəri jurnalist Əvəz Zeynallının sağlamlığına və
həyatına yaranmış təhlükə ilə bağlı”
Azərbaycan Xalq Parlamentinin üzvü,
millət vəkili Qurban Məmmədovun
ÇIXIŞI
Hörmətli sədr, möhtərəm millət vəkilləri.
Bugünkü iclasımızın mövzusu ilə bağlı çox danışıb vaxtınızı almayacağam. Məsələ hamımıza aydındır.
XURAL TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı hakimiyyətin ayrı-ayrı məmurlarının qanunsuz hərəkətlərini və bütövlükdə hakimiyyətin xalqımıza qarşı apardığı düşmənçilik siyasəti açıq şəkildə və cəsarətlə ifşa etdiyinə görə şərlənərək həbs edilib.
Onun ifşa etdiyi məmurlar rejim sahibi tərəfindən mükafatlandırılıb və yüksək vəzifələrə irəli çəkilib və dövlət mükafatları ilə təltif edilib.
Yəni, törətdikləri cinayətlərə görə həbs edilməli şəxslərə İlham Əliyev tərəfindən daha çox rəsmi səlahiyyətlər, təsir və güc imkanları verilib. Onlar da bu imkanlarından məhz Əvəz Zeynallının təqib edilməsində istifadə edib, onu fiziki baxımdan məhv etmək üçün əllərindən gələni ediblər.
Bunun son nümunəsi Tərtər qatili, Azərbaycan Ordusunun minlərlə əsgər və zabitinə işgəncə verilməsinin və qətlə yetirilməsinin baş təşkilatçısı Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi və bu məqsədlə “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması barədə dəyişiklik edilməsidir.
Bilirsiniz ki, Əvəz Zeynallı öz çıxışlarında dəfələrlə Xanlar Vəliyev, generallar Mais Barxudarov, Hikmət Həsənov, Zakir Həsənov, Nəcməddin Sadıqov, məmurlardan Fuad Ələsgərov, Ramiz Mehdiyev və bir çoxlarının ifşası ilə bağlı çıxışlar edib, onların cinayət məsuliyyətinə cəlb edilmələrini tələb edib.
Bir sözlə, hörmətli millət vəkilləri, Əvəz Zeynallının fiziki olaraq məhv edilməsində maraqlı olan çoxlu yaramaz var bu ölkədə və bu yaramazların himayəçisi də şəxsən, prezident vəzifəsini qanunsuz üsullarla ələ keçirən və eyni üsullarla da saxlayan İlham Əliyev və onun arvadı Mehriban Əliyevadır.
Əvəz Zeynallının xanımı Məlahət Qüsurinin onun səhhəti ilə bağlı yaydığı məlumatlar bütün xalqımızı, ürəyi, qəlbi və vicdanı olan hər bir kəsi narat edib. Xalqımız Əvəz Zeynallını xilas etmək üçün tam bir səfərbərlik içindədir.
Məndən öncə çıxış edən millət vəkilləri kifayət qədər ətraflı məlumatlar verdilər deyə, mən sizin vaxtınızı almadan, hüquqi məsələlərə toxunmaq istərdim.
-Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 511-ci maddəsinə ( Xəstəliyə görə cəzanı çəkməkdən azad etmə) əsasən,
– “ 511.1. Məhkumun cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə tutulduğu halda, cəzaçəkmə yeri üzrə birinci instansiya məhkəməsi cinayət qanununun müddəalarına müvafiq olaraq həkim komissiyasının rəyi əsasında həmin şəxsi cəza çəkməkdən azad edə bilər.
– 511.2. Məhkumun cəza çəkməkdən azad edilməsi haqqında məsələyə məhkumun, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin ərizəsi, yaxud cəzaçəkmə müəssisəsi müdriyyətinin təqdimatı əsasında baxılır.”
Hörmətli Millət vəkilləri, mən Əvəz Zeynallının yaxınlarından, ailə üzvlərindən, xüsusilə də anasından üzr istəyirəm ki, bu barədə təkrar-təkrar xatırladıb onlara mənəvi əzab veririk.
Ancaq, deməyə, danışmağa məcburuq.
Əvəz Zeynallı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklərin Siyahısı”nın “Şişlər” adlanan 2-ci bəndində göstərilən xəstəliyə yaxalanıb.
Mən əminəm ki, Əvəz Zeynallı öz daxili gücü, enerjisi, nikbinliyi, həyat eşqi və xalqımızın dəstəyi ilə, düşmənlərini endiyi kimi, bu xəstəliyi də enəcək, qalib gələcək.
Ancaq bununçün onun dərhal azadlığa buraxılması lazımdır.
Ona görə də, öz adımdan, ailəm adından, AzerFreedom Ailəsi adından və sizlərin adından cəzaçəkmə müəssisəsi müdiriyyətindən gecikmədən öz vəzifələrini icra etməyi, Əvəz Zeynallının cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə məhkəməyə müraciət edilməsini tələb edirəm.
Əvəz Zeynallını xilas etmək üçün Respublikanın bütün ləyaqətli vətəndaşlarını: siyasi qüvvələri, jurnalistləri, reportiyorları, ziyalıları, şair və yazıçıları onun təcili azadlığa buraxılmasını, müalicəsinin təşkil edilməsini təmin etmək məqsədilə səylərini birləşdirməyə çağırıram.
İnanıram ki, biz, Xalq Parlamentinin millət vəkilləri Əvəz Zeynallının hüquqları tam bərpa edilənədək mübarizəni davam etdirəcəyik və qalib olacağımıza heç bir şübhəm yoxdur.
Diqqətinizə görə təşəkkür edirəm.
15 aprel 2025-ci il.
London.
Millət vəkili Məmmədov Qurban Cəlal oğlu.
![]()





