““Tərtər qətliamı”: törədilmə şəraiti, səbəblər, vəzifələrimiz və nəticələr haqqında”
mözusunda Xalq Parlamentinin 03.05.2025-ci il tarixli iclasında
millət vəkili Qurban Məmmədov Cəlal oğlunun çıxışı
Hörmətli sədr, hörmətli millət vəkilləri.
Mən, öncə, bu mövzuda əsas məruzəçi kimi mənə çıxış etmək imkanı verdiyinizə görə təşəkkür edirəm. Ancaq bu məruzəni etmək üçün məndən əvvəl mənəvi haqqı olan adamlar var: Oqtay Gülalıyev və İlham Aslanoğlu. Oqtay bəyin başına gələnlər sizə məlumdur. Məhz Tərtər işini araşdırmağa cəhd etdiyinə görə, 29 oktyabr 2019-cu ildə həyatına qəsd edildi, hələ də komadadır.
Oqtay bəydən sonra yarımçıq qalmış bu işi İlham Aslanoğlu öz üzərinə götürdü. Həyatının real təhlükə qarşısında olmasına baxmayaraq, İlham bəy 250-dən artıq zərərçəkmişi dindirdi və məhz İlham Aslanoğlunun bu çəkilişlərinin AzerFreedom Tv-də yayılmasından sonra Azərbaycan xalqı, eləcə də dünya ictimaiyyatı bu qətliamın, Ərəstun Oruclunun sözləri ilə desək, Əsrin bu qanlı, dəhşətli cinayətinin masştablarından, ağır nəticələrindən xəbər tutdu. Araşdırmanın qarşısını almaq üçün, İlham Aslanoğlu şərlənərək iki dəfə həbs edildi və hal-hazırda həbsxanada tapdığı ağır xəstəliklərinin müalicəsini davam etdirdiyinə görə bu gün bu yüksək məclisdə çıxış edə bilmir.
Fürsətdən istifadə edərək, buradan hər ikisinə özüm, ailəm və xalqım adına təşəkkür edir, Oqtay bəyə Allahdan acil şəfalar diləyirəm.
Məruzəmin əsas hissəsinə keçmədən öncə, hörmətli millət vəkilləri, təklif edirəm ki Tərtər qətliamında şəhid edilən Azərbaycan Ordusunun şərəfli əsgər və zabitlərinin müqəddəs ruhlarını bir dəqiqəlik sükutla və fatihə oxumaqla yad edək.
Hörmətli millət vəkilləri.
Nəzərə alaraq ki, Tərtər qətliamı haqqında xalqımız və siz dəyərli millət vəkilləri AzerFreedom TV-də mənim apardığım “Tərtər-1767” şərti ad altında apardığım verilişlərdən kifayət qədər məlumatlısız, eləcə dəbu gün məndən başqa bu mövzuda çıxış edənlər olacaq və onlar Tərtər qətliamının qurbanları, onların sayı, işgəncələrin növləri və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən xüsusilə ağır cinayət hesab edilən bu qətliamın sair tərəfləri ilə bağlı məlumatlar verəcəklər, mən burada yalnız bu cinayətin törədilmə şəraiti, səbəbləri, nəticələri və xalq olaraq Azərbaycan vətəndaşlarının, Xalq Parlamenti olaraq bizim vəzifələrimiz haqqında danışacağam.
- Tərtər qtliamının baş vermə şəraiti.
Hamını, eləcə də, bu işi araşdırmağa başlayarkən məni də bir sual çox düşündürür və təəccübləndirirdi: bir dövlətdə belə bir cinayətin baş verməsi necə mümkün olub? Suala, təbii ki, birmənalı cavab vermək mümkün olmasa da, istənilən dövlətdə belə bir cinayətin törədilməsinə imkan yaradan şəraitin əsas əlamətlərindən aşağıdakıları xüsusilə vurğulamaq istərdim:
- dövlətin yazılı qanunlarla idarə edilməməsi.
- dövlət orqanlarının vəzifə və səlahiyyətlərinin dəqiq müəyyən edilməməsi.
- dövlət orqanlarının yazılı qanunlarda göstərilən funksiyalarına uyğun fəaliyyət göstərməməsi.
- dövlət orqanlarının fəaliyyətində şəffavlığın təmin edilməməsi,
- dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin olmaması,
- Ölkədə söz və mətbuat azadlığının boğulması və ya heç olmaması,
- məhkəmə hakimiyyətinin formal xarakteri və müstəqil məhkəmə sisteminin olmaması.
Təbii ki, bu siyahını artırmaq da olar. Ancaq sadaladığım tək bu 7 səbəb kifayətdir ki, istənilən dövlətdə bu tipli cinayətlər rahatlıqla törədilə bilsin, cinayət ört-basdır edilsin, cinayətkarlar məsuliyyətdən yayınsın, zərərçəkmişlərin səsi eşidilməsin, haqları bərpa edilməsin.
Sadaladığım bu səbəblərin hər birinin haqqında ayrı-ayrı danışmaq istəsəm, hörmətli millət vəkilləri, buna günlər, bəlkə də aylar lazım olar.
Ancaq bir misalla Tərtər qətliamının törədilmə şəraitini izah etməyə çalışacağam.
Diqqət edin.
07 may 2017-ci ildə Azərbaycan Respublikasının, guya müstəqil fəaliyyət göstərən 4 dövlət orqanı “Birgə bəyanat” yayır: Azərbaycan Respublikasının Bağ Prokurorluğu, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi.
- Bu dördünün arasından biri- Baş Prokurorluq digər orqanların fəaliyyəti üzərində nəzarət funksiyası daşıyır.
- “Prokurorluq haqqında” Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 767-İQ nömrəli Qanununun 4-cü maddəsində (bu maddə “Prokurorluğun fəaliyyət istiqamətləri” adlanır) göstərilir: “Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir”.
- Həmin qanunun “Prokurorluğun fəaliyyətinin əsas prinsipləri” adlanan 5-ci maddəsində deyilir: Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: qanunçuluq; hər kəsin qanun qarşısında hüquq bərabərliyi; fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi; obyektivlik, qərəzsizlik və faktlara əsaslanma; vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokuroruna tabe olması; siyasi bitərəflik.”
Hörmətli millət vəkilləri, Parlament üzvləri arasında kifayət qədər sayda hüquqşünaslar var. Soruşuram: bizim hansı qanunumuzda baş Prokurorluğun digər orqanlarla birgə bəyanat vermək vəzifəsi, hüququ və ya funksiyası nəzərdə tutulub? Bu təcrübə haradan götürülüb?
Yenə də diqqətinizi “Prokurorluq haqqında” Qanuna, onun “Azərbaycan Respublikasının Baş Prokurorluğu” adlanan 9-cu maddəsinin 4-cü abzasının 2-ci sətrinə yönəltmək istəyirəm. Orada yazılır: “Azərbaycan Respublikasının Baş Prokurorluğu bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq: müvafiq orqanlarla birgə cinayətkarlığın, cinayətlərin açılması vəziyyətinin, cinayət işlərinin hərəkətinin vahid uçotu və statistik hesabatlarına dair metodikanın hazırlanmasında iştirak edir;”
Gördüyünüz kimi, burada “vahid uçot və statistika hesabatlarının hazırlanmasındakı birgə fəaliyyətdən” söhbət gedir. Başqa orqanlarla birləşib kimlərəsə böhtan atmaq, xalqı və … burada dövlət başçısını da demək istərdim, ancaq deyə bilmirəm, xalqı aldatmaqdan, ictimai rəyi özlərinin törədəcəyi cinayətləri üçün hazırlamaqdan getmir.
Yaxşı, onda bu “birgə bəyanat” təcrübəsi haradan götürülüb? Ola bilsin, aramızda olan gənc nəsil bunu bilməsin, ancaq yaşlılar yaxşı xatırlayır. Bu təcrübə dünya miqyasında yalnız, vaxtilə ABŞ prezidenti R.Reyqanın “şər imperiyası” adlandırdığı SSRİ-də olub. Bu təcrübəni Heydər Əliyev oradan vətənimizə transfer etdi.
Məqsəd: cəmiyyətdə xof, basqı və total “çıxılmazlıq hissi” yaratmaq, cəmiyyəti, dövləti öz istəklərinə tabe etdirməkdir. Əgər bütün orqanlar sənin cinayətkar olduğunu elan edirlərsə, sən kimdən kimə şikayət edə bilərsən, hüququnu necə qoruya bilərsən? Məhz bu metodla xalqımıza “qazanılmış çarəsizlik sindromu” aşılanır və toplum ona görə məhz indiki vəziyyətdədir.
Sizcə, nəzarət etməli orqan, indiki halda Baş Prokurorluq, nəzarət etməli olduğu orqanlarla birgə bəyanat verərək hansısa cinayətin həqiqətən törədilməsi haqda mövqe bildirirsə, sonradan bunun əksini iddia edə bilərmi, bu haqda çıxarılan qanunsuz məhkəmə hökmələrindən protest verə bilərmi? Əlbəttə yox. Bəs niyə bunlar bizim ölkəmizdə baş verir? Çünki bizim ölkəmizdə xalq iradəsi ilə formalaşan, yazılı konstitusiya və qanunlarla idarə edilən hakimiyyət yoxdur. Hakimiyyət adına fəaliyyət göstərən və Tərtər qətliamı kimi minlərlə cinayət törədən cinayətkar təşkilat vardır.
- Müdafiə Nazirliyinin imzası niyə bu bəyanatın altına qoyulub? Axı, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də bu nazirliyin cinayətkarlığa qarşı mübarizə aparma kimi vəzifə nəzərdə tutulmayıb.
- O vaxt MTN adlanan, bu günkü DTX-nın bəs bu bəyanatı imzalamaq üçün hansı hüquqları və ya vəzifələri olub? Heç bir.
- DİN də həmçinin. Bu barədə danışıb çox vaxtınızı almaq istəmirəm, hörmətli millət vəkilləri.
Nəticə: Dövlətimiz yazılı qanunlarla idarə edilmir, Azərbaycan hüquq müstəvisindən çıxıb.
- Bu dəhşətli cinayətin baş verməsinə imkan verən şəraitin əsas əlamətlərindən biri də, yuxarıda dediyim kimi, “dövlət orqanlarının fəaliyyəti üzərində ictimai nəzarətin olmaması, ölkədə söz və mətbuat azadlığının boğulması və ya heç olmaması”dır.
Sizcə, hörmətli millət vəkilləri, istər Müdafiə Nazirliyinin, istərsə də prokurorluq orqanlarının, xüsusilə də, 2005-ci ildən Xanlar Vəliyevin şəxsi obyekti kimi fəaliyyət göstərən hərbi prokurorluğun fəaliyyəti üzərində ictimai nəzarət olsaydı, o orqanların fəaliyyətində şəffavlıq təmin edilsəydi, jurnalistlərin məqalələrinə reaksiya verilsə və vaxtında tədbirlər alınsaydı, bu miqyasda və bu vəhşilikdə cinayətə törədilə bilərdimi? Təbii ki yox. Tərtər qatillərini ifşa etməyə cəhd edən Oqtay Gülalıyevə qəsd edilirsə, Tərtəq qatillərini ifşa edən İlham Aslanoğlu, Abid Qafarov, Əvəz Zeynallı həbs edilirsə, demək ki, ölkəmizdə məhz belə cinayətlərin törədilməsi şəraiti ən yüksən səviyyə\də sanksiyalaşdırılıb.
Düşünürəm ki, “Tərtəq qətliamı”nın törədilmə şəraiti ilə bağlı bu qədər kifayət edər.
- Hamını narahat edən başqa bir sual: “Tərtər qətliamı” niyə, hansı məqsədlə törədilib və Prezident vəzifəsini qanunsuz üsullarla ələ keçirib qanunsuz üsullar, saxta seçkilərlə əldə saxlayan İlham Əliyevin bu cinayətdə iştirakı varmı?
Hörmətli millət vəkilləri. Xatırlatmaq istərdim ki, AzerFreedom TV-nin rəhbəri olaraq bu cinayətin araşdırılmasına şəxsən mən 2019-cu ilin ortalarından başlamışam. İlk dəfə həmin ilin avqust ayında bizim efirdə bu mövzuda veriliş olub. Lakin sehirli bir əl, zərərçəkmişləri bizim efirdən o vaxt uzqlaşdırmağa nail oldu. İkinci dəfə 2020-ci ildə cəhd etdik. Yenə də də hansısa qüvvələrin müdaxiləsi ilə araşdırma prosesini apara bilmədik. 3-cü dəfə 2021-ci ilin fevralında, zərərçəkmiş Vasif Ağayevin haqqındakı bir verilişlə başladıq və 5 mart 2021-ci ildən bu günədək araşdırmamız davam edir.
Bun u ona görə qeyd edirəm ki, indi sizlərə təqdim edəcəyim bəzi nəticələr şəxsən iştirakımla aparılan obyektiv faktlara, sübutlara əsaslanır.
“Tərtər qətliamı”nın niyə, hansı məqsədlə törədilməsi barədə aşağıdakı versiyalar var.
- Kimlərsə şəxsi karyera naminə, vəzifə yüksəlişinə görə bu cinayəti törədib. Bu, rəsmi versiyadır. Baş Prokurorluq utanmadan bunu ittiaham aktlarında yazıb. Bu versiya qondarmadır, saxtadır, cinayətkarların, xüsusilə də bu cinayətin təşkilatçılarının əsl niyyətlərini gizlətmək üçün uydurulub və yaşamaq haqqı yoxdur. Çünki, bizim araşdırmalarımızla sübut edilib ki, bu cinayətin təşkilatçıları arasında Müdafiə Naziri Zakir Həsənov. Baş Qərargah rəisi Nəzməddin Sadıqov, o dövrdə Baş Prokuror vəzifəsində olan Zakir Qaralov, o vaxt MT naziri olan mədət Quliyev və generallar olub. Bu məsələ Prezident Aparatında müzakirə edilib. 4 dövlət orqanının birgə bəyanatı isə, ən yüksək səviyyədə bu orqanlara göstəriş vermək hüququ olan vəzifəli şəxsin və ya şəxslərin göstərişi, təşkilatçılığı ilə verilib. Soruşuram: Zakir Həsənov karyera xatirinə bu cinayəti törədirdisə, fikri hansı vəzifəyə yüksəlmək olub? Bəs 4 dövlət orqanına birgə bəyanat imzalatdıran Ramiz Mehdiyev və Fuad Ələsgərov necə, onlar hansı vəzifəyə yüksəlməyi planlaşdırıblarmış? Hamısı prezidentmi olmaq istəyib? Bunu İlham Əliyev bilibmi, bilməyibmi? Bilsəydi, bu adamların başına hansı oyunları gətirməzdi? Yox, cənablar, vəzifədə yüksəlmək üçün insanlara işgəncə vermək, onları qətl etmək kimi bir motiv ola bilməz, çünki başında ağlı olan hər bir kəs caninin vəzifəyə deyil, həbsxanaya gedəcəyini əla bilir.
- Cinayət tamah məqsədilə törədilib. İnsanlardan rüşvət almaq, şəxsən varlanmaq, İlham Əliyevin arvadı Mehriban Əliyevanın şəxsi malı kimi istifadə etdiyi “Heydər Əliyev Fondu”nu növbəti “ianələrlə” doldurmaq. Bəli, bu cinayətin törədilməsində tamah olub, insanlar talan edilib, adamlara evlərini satdırıblar, bəzi şəxsləri banklardan kredit götürüb rüşvət verməyə məcbur ediblər, qadınlara nişan üzüklərini satdırıblar. Ancaq Tərtər qətliamının məhz tamah məqsədilə törədilməsinə inanmaq sadəlövhlük olardı. Çünki, zatən Xanlar Vəliyevin, yuxarıda qeyd etdiyim kimi, şəxsi obyekt kimi istifadə etdiyi Hərbi Prokurorluq və Müdafiə Nazirliyi şəxsən onun özünə və “Heydər Əliyev Fondu”na kifayət qədər gəlir gətirirdi. Bununçün belə vəhşi cinayətlər törədib indiyəədk topladıqları milyardları riskə atmağa dəyməzdi. Bu versiya da keçərli deyil.
- Cinayət İlham Əliyevin xəbəri olmadan, onun iradəsindən kənar, hansısa qüvvələr tərəfindən, məhz İlham Əlievi nüfuzdan salmaq, xalqı ona qarşı qaldırıb hakimiyyəti dəyişdirmək məqəsədilə törədilib. Bu versiya heç keçərli deyil. Çünki, sadə insanlar belə, özlərinə qarşı qanunsuz hərəkət edənlər müəyyən ediləndən sonra onları bağışlamır. Hökmdarlar isə rəqiblərini ağır cəzalandırır. Həm də amansızlıqla cəzalandırır. İlham Əliyev isə bu cinayəti törədənlərin hamısını, istisnasız olaraq, mükafatlandırıb, onlara yüksək vəzifələr, rütbələr, dövlət mükafatları verib.
- İlham Əliyev bu cinayətdə aldadılıb. Guya Ordumuzda xainlər var deyə, onu aldadıb Ordu mənsublarına qarşı guya hansısa qüvvələrin bu cinayəti törətmələrinə bəhanə yaradılıb. Hörmətli millət vəkilləri, siz şəxsən, sizi aldadan adamları sonradan müəyyən etsəz, onlara qarşı hansı münasibəti göstərərsiz? İlham Əliyevin sizin kimi hərəkət etməməsi göstərir ki, burada aldatmadan da söhbət gedə bilməz. İlham Əliyev bu cinayətin törədilməsində şəxsən maraqlı olub. Sadəcə olaraq, ölüm hallarının çoxalması nəticəsində xalqın ayağa qalxa biləcəyindən qorxub dayandırıb bu prosesi hansısa mərhələdə.
- İnsan orqanlarının hansısa beynəlxalq cinayətkar təşkilatlar və ya hansısa xarici dövlətlkər üçün tədarükü məqsədilə törədilib bu cinayət. Bəli, bu cinayətdə bu hallar olub. Araşdırmalarımız, öldürülən əsgər və zabitlərimizin yaxınlarının verdikləri ifadələr və eksqumasiya halları ilə sübut edilib ki, qətlə yetirilən övladlarımızın hamısın daxili orqanları çıxarılıb. General- insan qəssabı Natiq Əliyevin hələ 2017-ci ilin aprel ayında insan orqanlarının daşınması üçün xüsusi konteynerlərin hazırlanmasına göstəriş verməsi barədə əlimizdəki təkzibedilməz sübutlar göstərir ki, bəli bu cinayətdən insan orqanı tacirləri də faydalanıblar. Ancaq bu, əsas məsəd ola bilməz. Çünki, zatən Ordumuzda son 30 ildə şübhəli və açılmamış ölüm halları kifayət qədərdir.
- Nəhayət, bütün araşdırmalarımın yekunu olaraq gəldiyim şəxsi nəticə: “Tərtər qətliamı” hakimiyyətinin ömrünü uzatmaq məqsədilə, 2016-cı ildə aparılan 4 günlük aprel döyüşlərində ruhunun sınmadığı, yüksək döyüş ruhunda olması ortaya çıxan Ordumuzun sındırılması, Ordu daxilində və xalqda total qorxu, xof, basqı yaratmaq, insanların iradəsinin sındırılması, onları uzunmüddətli çarəsizlik hisslərinə qapdırmaq məqsədilə şəxsən İlham Əliyevin tapşırığı, razılığı və ya cinayətkarcasına susqunluğu ilə törədilən əsrin cinayətidir, tariximiz boyu xalqımıza qarşı törədilən bənzəri olmayan ən iyrənc, ən qorxulu, ən dəhşətli bir qətliam cinayətidir. İşgəncə görənlərin çoxunun sonsuzlaşdırılması, onlara qarşı, xüsusilə, cinsiyyət karakterli cinayətlərin törədilməsi, cinsiyyət orqanlarına elektrik verilməsi, yumurtalıqlarının dağıdılması, cinsiyyət orqanlarından asılmaları sübut edir ki, bu cinayət insanlığa və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir və bu cinayətə görə təqib müddəti tətbiq edilməməli, qatillər zaman aşımı olmadan tutldaqları vatda qanun qarşısında cavab verməlidirlər.
- Xalq olaraq və millət vəkilləri olaraq vəzifələrimiz.
Hörmətli millət vəkilləri. Bu barədə düşünürəm ki, sizlərə siz bildiklərinizdən artıq heç nə demək gücündə deyiləm. Elə ona görə siz dəyərli insanlar bu gün bu müqəddəs Parlamentdəsiz ki xalqa lazım olan işləri görəsiz.
Qısaca vurğulamq istərdim ki, Tərtər qətliamını törədən bütün cinayətkarlar: təşkilatçılar, icraçılar, təhrikçilər və köməkçilər son nəfərinədək tapılıb cəzalandırılanadək mübarizə aparmalıyıq. Çünki bu cinayətə adi bir qanunsuzluq əməli deyil, bu, xalqımıza və dövlətimizə qarşı törədilən DÜŞMƏNÇİLİK AKTIdır. Düşmən isə mütləq zərərsizləşdirilməli, məhv edilməlidir.
- Nəticə.
Qısa deyəcəyəm: biz belə cinayətlərin təkrarlanmasını istəmiriksə, törədilən belə vəhşi cinayətlərə ədalət gətirmək istəyiriksə, Azərbaycanda xalqın azad seçkilərlə formalaşdırdığı hüquqi, sivil, demokratik bir dövlət qurmalı, respublikaçılıq ənənələrini dirçəltməli, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, babalarımızın arzularını reallaşdırmalıyıq.
Mən əminəm ki, xalqımız tezliklə bu tarixi vəzifənin öhdəsindən gələcək və azadlıq günəşi yurdumuzda yenidən parlayacaqdır!
Sözümü burada bitirir, məni səbrlə dinlədiyinizə görə təşəkkür edir və hamınıza, xalqımıza uğurlar arzulayıram.
Sağ olun.
03.05. 2025-ci il.
![]()





