““Tərtər dövlət qətliamı” haqqında çıxarılan hökmlər barədə“
millət vəkili Məmmədov Qurban Cəlal oğlunun
Xalq Parlamentində çıxışı
Hörmətli millət vəkilləri, hörmətli sədr.
“Tərtər dövlət qətliamı”, hörmətli millət vəkili Ərəstun Oruclunun təbirincə, “Əsrin cinayəti” haqqında ilk məruzəm bu uca kürsüdə Tərtər dövlət qətliamının “törədilmə şəraiti, səbəbləri, vəzifələrimiz və nəticələr haqqında” mövzuya həsr edilmişdi.
Bu gün isə, vaxtınızı çox almadan, siz dəyərli millət vəkillərini və bu gün bizi izləyən yüz minlərlə vətəndaşımızı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5.-ci maddəsinə əsasən, bu xüsusilə ağır cinayət hesab edilən dəhşətli cinayətə görə Azərbaycan məhkəmələrinin çıxardığı hökmlərlə tanış edəcəyəm.
CM-nin 15.5.ci maddəsinə əsasən, “bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur”.
Bəri başdan deyim ki, Tərtər dövlət qətliamı üzrə ittiham edilən şəxslərə verilən ittihamlarda ən ağır cəzanın yüksək həddi 12 ilədəkdir.
CM-nin 126.3-cü maddəsi. Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda.
CM-nin 126.2. -ci maddəsinə əsasən, “Eyni əməllər:
126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə;
126.2.2. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə;
126.2.3. xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə;
126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə;
126.2.5. zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə— altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu sadalanan əməllər şəxsin ölümüylə nəticələnəndə CM-nin 126.3-cü maddəsi ilə cəza verilir.
Başqa sözlə, Tərtər dövlət qətliamının xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilməməsi üçün düşünülmüş şəkildə bu ittihamlar verilib.
Təqsirləndirilən şəxslər rəsmi “İttiham Aktı”nda “yuxarı komandanlıq tərəfindən təşkil edilən mütəşəkkil dəstədə” iştirak etdiklərinə görə ittiham edilsələr də, Tərtər işi üzrə, eləcə də Beyləqan işi ilə bağlı (Adil Sabirlinin öldürülməsinə görə general Bəkir Orucovun həbs edildiyi iş nəzərdə tutulur) çıxarılan hökmlərdə “yuxarı komandanlıq” dedikdə, kimlər nəzərdə tutulur, bu suala cavab verilmir.
Bir mütəşəkkil dəstənin üzvü kimi ittiham edilən şəxslər 4 qrupa bölünərək, ayrı-ayrı 4 hökm çıxarılıb.
- General Bəkir Orucov və başqaları (Beyləqan işi üzrə, Mais Barxudarovun komandan olduğu 2-ci Korpusda törədilən cinayət).
- Ələsgərov Vüsal Əziz oğlu, Niftəliyev Rəşid Ağaşərif oğlu, Qarayev Ramil Fariz oğlu və Ələsgərov Rüstəm Çərkəz oğlu. Hökm çıxaran Bakı hərbi məhkəməsinin hakimləri: Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlu. Verilən cəzalar: Ələsgərov Vüsal Əziz oğlu-5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə, Niftəliyev Rəşid Ağaşərif oğlu-5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə, Qarayev Ramil Fariz oğlu-5 (beş) il 6 (altı) ay azadlıqdan məhrumetmə, Ələsgərov Rüstəm Çərkəz oğlu-9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlu (sədr), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlu. Ali Məhkəmənin hakimləri: Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlu Apellyasiya məhkəməsinin qəararını təsdiqləyiblər.
- Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Əliyev Elçin Kalam oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu. Hökm çıxaran Bakı Hərbi məhkəməsinin hakimləri: Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), Ramazanov Camal Cumar oğlu və Abbasov Rafiq Qaraxan oğlu. Təyin edilən cəzalar: Mikayılov Ruslan Məhəmmədəli oğlu-6 (altı) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Əliyev Elçin Kalam oğlu-5 (beş) il 8 (səkkiz) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Qəhrəmanov Cabir Babaxan oğlu-6 (altı) il 8 (səkkiz) ay 5 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, Maşıyev Sənan Səxavət oğlu-4 (dörd) il 10 (on) ay 10 (on) gün müddətinə azadlıqdan məhrumetmə. 187 zərərçəkmiş olub bu işdə. Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Hakimlər: Məmmədov Habil Çingiz oğlu (sədr və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Allahverdiyev Elbəy Hidayət oğlu. Ali Məhkəmə də həmçinin. Hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlu
- Cümşüdov Qurban Qədim oğlu 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, Ağadadaşov Cavid Zahid oğlu 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə, Əhmədov Ramil Bəşir oğlu 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdanməhrum etmə, Axundov Fuad Arazi oğlu 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə, Ağayev Fuad Ramiz oğlu 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Hökm çıxaran Bakı Hərbi məhkəməsinin hakimləri: Ağayev Zeynal Qurban oğlu (sədrlik edən), Abbasov Rafiq Qaraxan oğlu və Ramazanov Camal Cumar oğlu. Həmin hökmü qüvvədə saxlayan Apellyasiya Məhkəməsinin hakimləri: Rəhimov Elmar Eldar oğlu (sədr və məruzəçi), Əyyubov Fərid İlham oğlu və Mehdiyev Emin Əlixan oğlu. Bu məruzə hazırlanarkən, Ali Məhkəmənin qərarı hələ qəbul edilməyib, ancaq təcrübə göstərir ki, yenə də eyni addım atılacaq, yəni Apellyasiya Məhkəməsinin qərarı təsdiqlənəcək.
Mən, yalnız bir hökm əsasında, ölkəmizdə ədalət mühakiməsi sahəsində nələr baş verdiyini, “Tərtər dövlət qətliamı”nda məhkəmələrin və hakimlərin oynadığı rolu sizlərin diqqətinə çatdırmağa çalışacağam.
Vüsal Ələsgərov və başqaları haqqında olan hökm 1191 səhifədir.
Bu hökmlə:
1. 157 saylı hərbi hissənin komandiri, polkovnik Ələsgərov Vüsal Əziz oğlu,
2. 157 saylı hərbi hissənin qərargah rəisi Niftəliyev Rəşid Ağaşərif oğlu,
3. 157 saylı hərbi hissənin kəşfiyyatçısı Qarayev Ramil Fariz oğlu,
4. 703 saylı hərbi hissənin kəşfiyyatçısı Ələsgərov Rüstəm Çərkəz oğlu məhkum edilib.
Onlara qarşı irəli sürülən ittihamlar üzrə:
– CM-nin 125.-ci maddəsi (Özünü intihar həddinə çatdırmaq). Cəzanın yuxarı həddi 7 il azadlıqdan məhrumetmə.
– CM-nin 126.3.-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma). Cəzanın yuxarı həddi 12 il azadlıqdan məhrumetmə.
– CM-nin 145.3.-cü maddəsi (Qanunsuz azadlıqdan məhrum etmə). Cəzanın yuxarı həddi 10 il azadlıqdan məhrumetmə.
– CM-nin 293.2.-ci maddəsi (Dövlət orqanının vəzifəli şəxsi və ya bu vəzifəni icra edən digər şəxs tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar və ya onun təhriki və ya razılığı ilə, yaxud onun bildiyi digər şəxslər tərəfindən törədildikdə). Cəzanın yuxarı həddi 8 il azadlıqdan məhrumetmə.
– CM-nin 341.2.2.-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, silah tətbiq etməklə törədildikdə, ağır nəticələrə səbəb olduqda). Cəzanın yuxarı həddi 7 il.
Yuxarıda göstərilən ittihamlar üzrə təqsirləndirilən şəxslərə simvolik cəzalar verilib və minlərlə adama həyati əhəmiyyətli orqanlara qarşı yönələn işgəncə verildiyi, yüzlərlə şəxsin sağlamlıqlarını müxtəlif dərəcələrdə itirdiyi, 14 nəfərin öldürüldüyü bu cinayətdə təqsirləndirilən şəxslərə “qəsdən adam öldürmə” maddəsi ilə ittiham irəli sürülməyib. Bu cinayətdə 14 nəfər qətlə yetirilən AzerFreedom TV-də aparılan ictimai araşdırma nəticəsində müəyyən edilib. Ölənlərin sayının 47-48 olması ilə bağlı əsaslı şübhələr var və Azərbaycanın siyasi rejimi cidd-cəhdlə bunu gizlətməyə çalışır.
Hökmün :
3-116 səhifələri Vüsal Ələsgərova qarşı,
116-261 səhifələri Rüstəm Ələsgərova qarşı,
261-399-cu səhifələri Ramil Qarayevə qarşı,
399-536-cı səhifələri Rişid Niftəliyevə qarşı prokurorluğun irəli sürdüyü ittihamlardır.
Daha sonra:
- 536-541-ci səhifələr Vüsal Ələsgərovun məhkəmədə verdiyi ifadədir.
538, 539 və 540-cı səhifələrdə V.Ələsgərov qətliamın iştirakçısı olduğunu etiraf edir və bunu yuxarı komandanlığın göstərişi ilə etdiyini göstərir. O, müdafiə naziri Zakir Həsənovun və Baş Qərargah rəisi Nəcməddin Sadıqovun bütün işgəncə proseslərinə rəhbərlik etdiyini, prosesləri “on-line”, yəni real zaman vaxtında elektron vasitələrlə izlədiyini, işgəncə prosesini isə general Hikmət Həsənovun şəxsən təşkil etdiyini, generallar Zakir Ağayev, Rasim Əliyev, Hilal Nəcəfov, Zahid Niftəliyev, polkovniklər: Babək Səmidli və digər yüksək rütbəli zabitlərin işgəncə yerində iştirak etdiyini bildirir.
540-cı səhifədə polkovnik V.Ələsgərov ifadə verir ki, işgəncə prosesində Respublika Hərbi Prokuroru general-leytenant Xanlar Vəliyev və onun müavini general-mayor Şəfahət İmranov şəxsən iştirak edib, işgəncələri isə Cəfər Seyidovun rəhbərliyi altında 641 saylı hərbi hissənin (Dəniz Qüvvələri-“Dəniz pişikləri”) əsgər və zabitləri həyata keçiriblər.
- 541-544-cü səhifələr Rəşid Niftəliyevin məhkəmədəki ifadəsidir.
R.Niftəliyev Əlahiddə Ümumqoşun Ordusunun əsgər və zabitlərinin (səh. 542) və özünün (səh. 543) işgəncə prosesində iştirak etdiyini, işgəncə prosesinə general Hikmət Həsənovun (səh. 544) rəhbərlik etdiyini, 641 saylı hərbi hissənin əsgər və zabitlərinin isə Cəfər Seyidovun (səhifə 545) göstərişi ilə işgəncələrdə iştirak etdiyini etiraf edir.
- 544-547-ci səhifələr Ramil Qarayevin ifadəsidir.
O, bu işgəncə prosesində yuxarı komandanlığın göstərişi ilə iştirak etdiyini (səh. 545-546) etiraf edir və işgəncələrə general Hikmət Həsənov və onun müavini Qiyas Abbasov və digər zabitlərin rəhbərlik etdiyini bildirir (səh. 547).
- 547-551-ci səhifələr Rüstəm Ələsgərovun ifadəsidir.
O, işgəncə zamanı mühafizə bölüyündə olması və gördükləri haqqında məlumat verir (səh. 548-549).
O, həmçinin, qətlə yetirilən Elxan Ağazadənin binanın ikinci mərtəbəsindən atıldığını gördüyünü (səh. 550), işgəncələrə general Hikmət Həsənovun rəhbərlik etdiyini, onun müavini Qiyas Abbasovun, yüksək rütbəli zabitlər Ruslan Ağasıyev, Mübariz Rzayev, Teymur Məmmədov və Məhərrəm Həsənovun işgəncə prosesində iştirak etdiyini (550), Respublika Hərbi Prokuroru, general-leytenant Xanlar Vəliyevin işgəncə yerində olduğunu (səh. 551) və özünün də işgəncə prosesində iştirak etdiyini etiraf edir (səh. 551).
551-945-ci səhifələr işgəncə verənlərin və qurbanların ifadələridir.
Bu ifadələrdə zərərçəkmişlərin və işgəncəgörənlərin məruz qaldıqları işgəncələrdən bəhs edilir.
İşgəncənin mahiyyətini və dəhşətini başa düşmək üçün hökmün 819-822-ci səhifələrində, işgəncəgörən Qasımov Məcid Kamal oğlunun, 822-824-cü səhifələrdə, işgəncəgörən (zərərçəkmiş) Qasımov Qorxmaz Əsgərxan oğlunun, 938-ci səhifədə işgəncəgörən Novruzov Bəhruz Telman oğlunun və işgəncəgörən Elmar Allahverdiyevin (səh.941-945.) ifadələrini oxumaq kifayətdir.
945-1103-cü səhifələr şahid ifadələridir.
Şahidlərdən:
– General Əsgərov Ramil Əliman oğlu, Baş Qərargah rəisi, general Nəcməddin Sadıqovun bacısı oğlu, (səh. 945-946.)
“göstərmişdir ki, 6 və ya 7 may 2017-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov onun xidməti otağına zəng etməklə Müdafiə Nazirinin göstərişi ilə I Ordu Korpusunun yerləşdiyi ərazidə düşmənlə əməkdaşlıq etmələrinə dair şübələr olan hərbi qulluqçuların sorğu-sual proseslərinin aparıldığı yerə getməyini tapşırmışdır. Bu məqsədlə o, dərhal tabeliyində olan idarənin əməkdaşları polkovnik-leytenant Pünhan İmandust, polkovnik Roman Məmmədov, polkovnik-leytenant Aqşin Babayev və hazırda ad-soyadlarını xatırlamadığı hərbi qulluqçular ilə birlikdə I Ordu Korpusunun yerləşdiyi əraziyə doğru yollanmış və həmin gün axşam vaxtlarında 703 saylı hərbi hissənin köhnə inzibati binasının ərazisinə çatmışlar. O, xidməti avtomobildən düşüb 703 saylı hərbi hissənin köhnə inzibati binasına daxil olub pilləkənlar vasitəsilə ikinci mərtəbəyə qalxmış, orada dəhlizdə və qapıları açıq olan otaqlarda əl-qol və gözləri bağlı vəziyyətdə bir-birilərinə yaxın vəziyyətdə və ya ayrılıqda döşəmə üzərində uzadılmış üzərilərində hərbi geyim olan, tam və ya yarıçılmaq vəziyyətdə hərbi qulluqçuların olmasını görmüşdür. Həmin şəxslərə ilkin baxışdan onların sorğu-sual edilən zaman döyülmələri hiss olunmuşdur. Həmçinin saxlanılan hərbi qulluqçulara qarşı verilən işgəncələri o, hərbi hissənin ərazisində olan zaman qışqırıq səslərdən eşitmiş, binaya qalxan zaman isə saxlanılan hərbi qulluqçulara qarşı işgəncələrin verilməsini görməmiş, həmin gün ya 703 saylı hərbi hissənin inzibati binasında, ya da hərbi hissənin ərazisində I Ordu Korpusunun komandiri, general mayor Hikmət Həsənovu görmüş və həmin vaxt aralarında olan ünsiyyət zamanı general-mayor Hikmət Həsənov ona binaya gətirilən hərbi qulluqçuların düşmənlə əməkdaşlıq etmələrinə dair etiraflar etdiyini, bu səbəbdən sorğu-sual proseslərinin davam edəcəyini bildirmişdir. General mayor Hikmət Həsənovun yanında isə korpusun hüquqşünası mayor rütbəli, sonradan ad-soyadının Fuad Ağayev olduğunu bildiyi hərbi qulluqçunu görmüşdür. Fuad Ağayev bu proseslərdə özünü daha önə çıxarmaqla, qəhrəmanlıq etməsini sübut etməyə çalışmış, buna görə Hikmət Həsənova gətiriləcək olan hərbi qulluqçuların siyahısını verməklə, orada olan hərbi qulluqçulara şübhəli hərbi qulluqçuların etiraf etmələri ilə bağlı sorğu-sual proseslərinin aparılmasına dair müxtəlif göstərişlər vermişdir. Hərbi hissənin inzibati binasında o, üzlərinə maska keçirilmiş hərbi qulluqçuları, I Ordu Korpusunun vəzifəli şəxsləri ilə yanaşı, Müdafiə Nazirliyinin Baş Hərbi İspeksiya İdarəsinin rəisi, polkovnik Zakir Ağayevi görmüşdür. Həmçinin 703 saylı hərbi hissədə olduğu müddətdə o, general-mayor Hikmət Həsənovun hərbi hissəyə şübhəli olduğu üçün gətirilmiş hazırda ad-soyadını bilmədiyi hərbi qulluqçunu düşmənə işləməkdə ittiham edərək başının üzərində istifadəsində olan silahla atəş açmasını eşitmiş, həmin vaxt hərbi hissənin ərazisində çoxsaylı hərbi qulluqçular olduğundan o, bir qədər kənarda dayanmışdır. General-mayor Hikmət Həsənov adətən hərbi hissənin besetkasında olsa da, istifadəsində olan hərbi rabitəsinə zəng gəldiyi halda, bir neçə metr kənara çəkilərək “Bəli, cənab nazir” deməyindən onun bütün baş verən hadisələr ilə bağlı Müdafiə Naziri, general-polkovnik Zakir Həsənova məruzə etdiyini bir neçə dəfə görmüşdür. Daha sonra 703 saylı hərbi hissədə saxlanılan hərbi qulluqçular 708 saylı hərbi hissənin köhnə inzibati binasına köçürülmüşlər, 708 saylı hərbi hissədə 641 saylı hərbi hissənin komandiri Cəfər Seyidovu görmüş, həmin vaxt Cəfər Seyidov sorğu-sual prosesinə köməklik məqsədilə göndərildiyini bildirmişdir. Sorğu-sual proseslərinin aparılması üçün 708 saylı hərbi hissəyə gətirilmiş hərbi qulluqçular üzlərinə maska keçirmiş hərbi qulluqçular tərəfindən qəbul edilməklə saxlanılması və sorğu-sual proseslərinin aparılması üçün köhnə inzibati binaya aparılmaqla saxlanılmışlar. 708 saylı hərbi hissədə olduğu müddət ərzində o, general-mayor Rasim Əliyevi, general-mayor Hilal Nəcəfovu, polkovnik Rauf Kişiyevi və polkovnik Elçin Əliyevi görmüşdür. General-mayor Hikmət Həsənov ilə I ordu korpusunun hüquqşünası olan Fuad Ağayev 708 saylı hərbi hissəyə gətirilən şübhəli şəxslərin gətirilməsi və onlar ilə aparılan sorğu-sual proseslərinə rəhbərlik etmişlər. Bəzi hallarda general-mayor Hikmət Həsənova verilmiş məlumatlar əsasında sonuncu həmin hərbi qulluqçuları hərbi hissənin ərazisində qəbul etmiş, onlar ilə söhbət etdikdən sonra Fuad Ağayevə və ya maskalı hərbi qulluqçulara gətirilən hərbi qulluqçular ilə bağlı hansı tədbirlərin görülməsi barədə müvafiq göstərişlər vermişdir. 708 saylı hərbi hissədə olduğu müddətdə ora Azərbaycan Respublikası Baş Prokurorluğunun, eləcə də Respublika Hərbi Prokurorluğunun müstəntiqlərinin və digər rəhbər vəzifəli şəxslərin gələrək aparılan sorğu-sual proseslərinə cəlb olunduqlarını, dindirmələr aparmalarını görmüşdür. Eyni zamanda Hərbi Əks Kəşfiyyat idarəsinin I Ordu korpusu üzrə kuratoru olmuş, polkovnik və ya polkovnik-leytenant rütbəli hərbi qulluqçunun mütəmadi olaraq ad-soyadlarını göstərdiyi vəzifəli hərbi qulluqçuların yanında olduğunu görmüşdür. 708 saylı hərbi hissədə olduğu müddət ərzində ferma adlanan və hərbi qulluqçuların saxlanıldığı inzibati binaya bir-iki dəfə daxil olmuş və orada saxlanılan hərbi qulluqçuları görmüşdür. Onlar inzibati binada gözləri və qolları bağlı vəziyyətdə saxlanılmış, binadan giriş-çıxışları qadağan edilmiş və onların başlarının üzərində maskalı hərbi qulluqçular dayanaraq nəzarət etmişlər.”
– Bəyov Firdovsi Feyzulla oğlu (səh. 947-951),
“köhnə qərargaha girəndə ötən gecə ora gətirdiyi 13 saylı postun şəxsi heyətinin əlləri və özlərinin bağlandığını, otaqlarda maskalı hərbi qulluqçuların onları sorğu-sual etdiyini, üstlərinə qışqırdığını, “danış səni erməniyə kim verib, səni kim zorlayıb, erməni ilə nə əlaqən var, danış ad ver, ad ver, etiraf elə” məzmunlu sözlər dediklərini, həmin şəxsi heyəti şillə, təpik, yumruq, taxta, dəmir dəyənək, plastik turba ilə döydüklərini görmüş, otaqlardan qışqırıq, bağırtı səsləri eşidilmiş, Fuad Ağayev tez-tez otaqlara girib-çıxmışdır. O, bunları görəndən sonra binanın həyətinə düşmüş, ətrafda 703 saylı hərbi hissənin kəşfiyyat bölüyündən olan şəxsi heyət mühafizə aparmış, artıq köhnə qərargahın həyətində çoxsaylı hazırda adlarını xatırlamadığı briqadadan, korpusdan zabitlər və digər şəxsi heyət olmuşdur. Orada danışılan söz-söhbət zamanı 4-cü bölükdə düşmənlə əlaqəli çoxsaylı hərbi qulluqçuların aşkar olunmasını, burada onların sorğu-sualının aparılmasını, şübhəli şəxslər düşmənlə əlaqələrini etiraf etmədiklərindən həmin şəxslərə qarşı fiziki zorakılıq tətbiq edilməsini bilmişdir. Bundan sonra Teymur Məmmədov və Fuad Ağayev ona müxtəlif hərbi qulluqçuların adlarını verərək köhnə qərargaha gəlməyi tapşırmışlar. Bu proses növbəti günlərdə də davam etmiş, o, Fuad Ağayevin ona adlarını dediyi şəxsi heyəti də Teymur Məmmədova məruzə edəndən sonra köhnə qərargaha gətirib maskalı hərbi qulluqçulara və Fuad Ağayevə təhvil vermişdir. Köhnə qərargahda olduğu müddətdə o, həmin maskalı şəxslərin 057-saylı hərbi hissənin kəşfiyyatçıları olduğunu öyrənmiş, onlardan yalnız Cabir Qəhrəmanovu tanımış, sonuncu ilə ön xətdən şəxsi heyəti çıxarmışlar. Onlar sorğu-sual otaqlarından çölə çıxanda və həyətdə maskalarını çıxarmışlar. Maskalı şəxslər müxtəlif geyimlərdə olmuş, onların bəziləri adi hərbi geyim formasında, bəziləri qara rəngli geyimdə, bəzi hallarda isə mülki geyimdə olmuşlar. O, Cabir Qəhrəmanovu köhnə qərargahda mülki geyimdə də, hərbi geyimdə də görmüşdür. 057 saylı hərbi hissəninorada sorğusual aparan və şübhəli şəxslərə fiziki zor tətbiq edən əməkdaşları arasında o, Sənan Maşıyev adlı giziri də tanımış, sonuncunu əvvəllər bir neçə dəfə 703 saylı hərbi hissənin qərargahında görmüşdür. Fuad Ağayev və Teymur Məmmədov ona köhnə qərargaha gətirdiyi şübhəli şəxsləri əlləri və gözləri bağlı vəziyyətdə ora gətirməyi tapşırmış, o, bu şəxsləri kəşfiyyat bölüyünün hazırda adlarını xatırlamadığı hərbi qulluqçuları ilə birlikdə gətirmişdir. … Gördüklərinə əsasən sorğu-suallar hissə-hissə genişlənmiş, əvvəlcə 4-cü bölük, daha sonra digər tabor və bölüklər, hətta əvvəllər 703 saylı hərbi hissədə xidmət etmiş şəxslər, ehtiyatda olanlar belə bu sorğu-suallara cəlb olunmuşdur. Fuad Ağayev və Teymur Məmmədov ondan başqa digər şəxslərə də bu barədə göstərişlər vermişlər. O ilk 1-2 gün əsasən köhnə qərargah və ətrafında olmuş, sonrakı günlərdə isə əsasən ön xətdə olmuş və köhnə qərargaha demək olar ki, gəlməmişdir. Köhnə qərargahda olduğu müddətdə o, bir dəfə xatırlamadığı tarixdə 4-cü bölüyün hərbi qulluqçularından sonradan adını bildiyi MAXE Elxan Ağazadənin özünü pəncərədən atdığını eşitmiş, həmin vaxt binanın qarşısında besetkada olmuş, onun özünü necə atdığını görməmiş, sonradan Elxan Ağazadə adlı hərbi qulluqçu olduğunu bilmişdir. Köhnə qərargahda olduğu müddətdə binanın həm daxilində, həm də həyətində, girişdə maskalı hərbi qulluqçular mühafizə aparmış, orada olduğu müddətdə işgəncələrdən əsasən yumruq, şillə, təpik, taxta, turba ilə döyülmələrə şahid olmuşdur. Həmin
aparatlar briqadanın köhnə qərargahının yaxınlığında olan silah anbarından Fuad Ağayevin
sərəncamına verilmiş, Teymur Məmmədov ona göstəriş verib anbar rəisinin anbarı gəlib açmağını və KPM-1 markalı cihazlar verməsini tapşırmış, bu barədə anbar rəisinə göstəriş vermiş, sonradan anbar rəisindən KPM-1 markalı cihazın köhnə qərargahdakı maskalı şəxslərə verilməsini bilmişdir. Köhnə qərargahda düşmənlə əlaqə şübhəsi ilə əlaqədar sorğu-sual və işgəncə prosesləri başlayandan sonra o da daxil olmaqla bütün briqadanın şəxsi heyətinin arxa keçəcək nahiyəsindən düşmən tərəfindən cinsi zorakılığa məruz qalıb-qalmadığını müəyyən etmək üçün həkimlər tərəfindən müayinəsi aparılmış və nəticələr barədə heç bir məlumat verilməmişdir. Köhnə qərargahda bir neçə dəfə maskalı şəxslərin sorğu-sual olunan şəxslərin düşmənlə əlaqəsini etiraf etməsini video kameraya çəkərək, onları sorğu-sual etməsini görmüşdür… O, həyətdə mühafizə aparan hərbi qulluqçulardan, o cümlədən komandir Teymur Məmmədovdan korpus komandiri Hikmət Həsənovun köhnə qərargaha gəlib-getdiyini eşitmiş, ancaq şəxsən özü onu orada görməmişdir… O, 703 saylı hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçularının şübhəli şəxsləri sorğu-sual etməsinə və ya işgəncə verməsinə şahid olmamışdır. Cabiri və Sənanı həm sonradan rəhmətə gedən Elxan Ağazadəyə, həm də 13 saylı postun müddətli əsgərlərinə işgəncə verərkən, onları müxtəlif dəyənəklər, şillə, təpik zərbələri ilə döyərkən görmüşdür. Cabir və Sənan tez-tez şübhəli şəxslərin saxlandıqları otaqlara girib-çıxmış, həmin şəxslərdən düşmənlə əlaqələrini etiraf etmələrini tələb etmişlər. Bu əlaqəni təkzib edən şəxslər mütəmadi olaraq fiziki və psixi işgəncəyə məruz qalmışdır. Köhnə qərargah binasında qanunsuz sorğu-sual proseslərinə cəlb edilmiş və işgəncələrə məruz qalmış şəxslərdən ilk günlərdə 703 hərbi hissə 2-ci tabor 4-cü bölüyün şəxsi heyəti olmuşdur. Sonrakı
günlərdə isə digər tabor və bölmələrdən hərbi qulluqçular həmin proseslərə cəlb edilmişdir.
Ümumiyyətlə, bu qanunsuz sorğu-sual və işgəncə proseslərinə cəlb edilmiş şəxslər arasında onun tanıdıqlarından Elxan Ağazadə, Mehman Hüseynov, Səxavət Binnətov, Zamin Yusifov, Sultan Zeydullayev, Faiq Əhmədov olmuşdur… Həmin şəxslərin saxlandıqları otaqları və binanı tərk etmək icazəsi olmamış, tualetə belə buraxmamışlar. Bu səbəbdən binanın 2-ci mərtbəsindən kəskin sidik, üfunət və qan iyi gəlmişdir. Çox zaman silahlı kəşfiyyatçılar şübhəli
şəxslərin təbii ehtiyaclarını ödəməyə imkan verməmişlər, bu səbəbdən şəxslər saxlandıqları
otaqlara təbii ehtiyaclarını ödəmişlər. Ona görə də binanın 2-ci mərtəbəsindəki otaqlardan üfunət, qan iyi gəlmişdir. Şübhəli şəxslərə ilk günlərdə su və yemək verməmişlər, sonrakı günlərdə azca su və quru çörək verilmişdir. Bu rejim qaydası, yəni şəxslərin hansı formada saxlanmasının konkret kim tərəfindən müəyyən olunduğunu bilməmişdir. O ifadəsində qeyd etdiklərinə köhnə qərargahda olduğu müddətdə şahid olmuş, ancaq buna konkret kimin göstəriş verdiyini, bu rejimi kimin müəyyən etdiyini bilməmişdir. Bu rejimin təmin edilməsini 057 saylı hərbi hissənin kəşfiyyatçıları və 703 saylı hərbi hissənin kəşfiyyat bölüyündən olan 7-8 nəfər şəxsi heyət təmin etmişdir. 703 saylı hərbi hissənin kəşfiyyat bölüyünün şəxsi heyəti o bildiyi qədərilə köhnə qərargah binasında sorğusual proseslərinə cəlb edilməmişlər. Onlar sadəcə silahla hansısa mühafizəni həyata keçirmişlər. 057 saylı hərbi hissənin kəşfiyyatçıları daha hazırlıqlı olmuşlar. Hələ hadisələrdən əvvəl də onlar bütün korpusun müdafiə zolağını gəzmiş, istədikləri ərazilərə girib-çıxmışlar. Loru dillə desə, 057 saylı hərbi hissənin kəşfiyyatçıları özlərini briqadaların kəşfiyyat bölüklərindən həmişə 1 pillə “üstün” saymışlar. 057 saylı hərbi hissənin kəşfiyyatçıları bu hadisələrdən qabaq dəfələrlə qərargah rəisi kimi onun müdafiə zolağına icazəsiz daxil olmuş, özbaşına müşahidə hərəkətləri aparmışlar.
Onlardan çoxu korpus komandirinə şəxsi yaxınlığı ilə seçilmişlər. Bu səbəbdən əksəriyyəti gizir
rütbəsində olsalar belə, briqadaların rəhbər heyəti ilə hesablaşmamış, özlərini loru dillə desə çox sərbəst aparmış, qeyri-adi kəşfiyyat istedadlarına malik şəxslər kimi təqdim etmişlər. Bir növ 057 saylı hərbi hissəninkəşfiyyatçıları briqadanın şəxsi heyətini “saymamış”, özlərini daha yaxşı hərbi qulluqçu, daha istedadlı kəşfiyyatçı və birbaşa korpusun rəhbərliyi ilə hesablaşan şəxslər kimi təqdim etmişlər. Köhnə qərargahda onlar bütün məsələləri birbaşa Fuad Ağayevə məruzə etmişlər, ondan icazə almışlar, briqadanın idarə heyətini ümumiyyətlə saymamış, onlara yuxarıdan aşağı baxmışlar. O, Səxavət Binnətovun yeni qərargahdan sorğu-suala cəlb edildiyini xatırlamış, ora göndərilən zaman tam sağlam vəziyyətdə olmuş, bədənində gözlə görünən hər hansı xəsarət olmamış, tam geyim formasında olmuşdur. Elxan Ağazadə və Mehman Hüseynovun hərbi xidmətdə olarkən deyil, buraxılışda və məzuniyyətdə olarkən sorğu-suala cəlb edildiyini eşitmiş, Elxan Ağazadəyə Cabir və Sənan Maşıyevin işgəncə verdiyini görmüşdür…. Sorğu-sual prosesləri 708 nömrəli hərbi hissəyə köçürüləndən sonra isə onlar ora cəlb edilmiş şəxsləri şəxsi heyətin siyahısında 708 nömrəli hərbi hissəyə ezam olunmuş kimi göstərmiş və qazan təminatından çıxarmışlar. Sənədləşmənin bu formada aparılması barədə komandir Teymur Məmmədov göstəriş vermişdir. Hərbi qulluqçuların ora ezam olunması ilə hər hansı əsas gətirə bilməmişlər. Bu səbəbdən sadəcə əmrlərdə xidməti zərurətlə əlaqədar yazmışlar. Əslində isə şəxslərin sorğu-suala göndərilməsi, orada saxlanması zamanı onlar faktiki olaraq xidməti vəzifələrindən azad edilmiş, 708 nömrəli hərbi hissəyə faktiki hər hansı xidməti ezamiyyətə göndərilməmişdir. Onlar bunu başqa hər hansı formada sənədləşdirə bilməmişlər, həmin sorğu-suala cəlb olunmuş hərbi qulluqçular faktiki hər hansı rəsmi əmr və ya sənəd olmadan yuxarı komandalığın şifahi göstərişi və əmri ilə ora cəlb edilmişdir.”
– Məmmədov Teymur Davud oğlu (951-961),
“… Köhnə qərargahda olduğu müddətdə bir neçə dəfə şahid olmuşdur ki, sorğu-sual olunan şəxslər düşmənlə əlaqəsi olmasına dair yeni hərbi qulluqçuların adını çəkdikdə Fuad Ağayev və Hikmət Həsənov həmin şəxslərin, bəzi hallarda isə onların hərbi xidmətdə olan ailə üzvlərini də köhnə qərargaha gətirmək barədə göstəriş vermişlər. … 703 saylı hərbi hissənin köhnə qərargah binasında düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslər saxlanarkən Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin rəisi Hilal Nəcəfovu, Şəxsi Heyət Baş İdarəsinin rəhbər vəzifəli şəxs Rasim Əliyevi, Daxili Təhlükəsizlik İdarəsinin rəisi Ramil Əsgərovu, Baş Hərbi İnspeksiyanın rəisi Zakir Ağayevi orada görmüşdür. Eyni zamanda o, Ramil Əsgərovu və Zakir Ağayevi Hikmət Həsənovun otağında söhbət edərkən görmüş və söhbətin məzmununu bilməmişdir. Hilal Nəcəfovu köhnə qərargahın həyətində Hikmət Həsənovla birgə görmüş, onlar binaya daxil olub 2-ci mərtəbəyə qalxmışlar…. Sorğu-sual və işgəncələr gedən zaman 057 saylı hərbi hissəninkomandiri Məhərrəm Həsənovu köhnə qərargah binasının həyətində 1 dəfə xatırlamadığı tarixdə görmüş, sonuncunu ora Hikmət Həsənov çağırmışdır. O, Məhərrəm Həsənovu binaya gəlib 2-ci mərtəbədə Hikmət Həsənovun oturduğu otağa getdiyini görmüş, lakin söhbətlərinin məzmununu bilməmişdir. Köhnə qərargah binasında qanunsuz sorğu-sual proseslərinə cəlb edilmiş və işgəncələrə məruz qalmış şəxslərdən tanıdıqlarından 703 saylı hərbi hissədə xidmət etmiş Seymur Hidayətov, Zamin Yusifov olmuşdur. 703 saylı hərbi hissədən ümumilikdə həm köhnə qərargah binası, həm də 708 nömrəli hərbi hissədə sorğu-sual proseslərinə cəlb edilən təxminən 120-130 nəfər olmuşdur. Köhnə qərargahda sorğu-suala cəlb olunmuş Saleh Qafarov adlı şəxs özünü binanın 2-ci mərtəbəsindən atandan sonra Hikmət Həsənov ona həmin otaqların pəncərələrinə dəmir barmaqlıq vurdurmağı tapşırmışdır….
– Dəmirov Fərid Fəxrəddin oğlu (961-967)
Bu şahid 641-ci Hərbi Dəniz Qüvvələrinin işgəncə prosesində iştirak etdiyini göstərir (səh. 964)
“Şübhəli şəxslərin saxlanması və mühafizəsi 641 saylı hərbi hissənin kəşfiyyatçıları tərəfindən həyata keçirilmiş, 708 nömrəli hərbi hissədə konkret olaraq 641 saylı hərbi hissənin kəşfiyyatçılarının kiməsə işgəncə verməsinə şahid olmamışdır. Ancaq şübhəli şəxslər ərazidə onlar tərəfindən izahat alınmağa, ifadə verməyə, yeməyə aparılarkən fiziki durumlarından, geyimlərindən onların işgəncəyə məruz qaldığını başa düşmək olmuşdur. Bəzən müstəntiqlərin yanında kimsə düşmənlə əlaqəsini etiraf etməyəndə kəşfiyyaçılar “alçaq danışmadı eybi yox yaxşı ağıllanmayıb indi biz onu başa salarıq” məzmunlu sözlər işlətmişlər. 2017-ci ilin may ayında 703 saylı hərbi hissənin köhnə qərargah binasında olduğu müddətdə şahid olduqlarına əsasən şübhəli bilinən şəxslərin fiziki və psixi zor tətbiq edilməklə sorğu-sual edilməsi, qanunsuz azadlıqdan məhrum edilməsi proseslərinə bilavasitə korpus komandiri Hikmət Həsənov, o, olmadıqda isə Fuad Ağayev rəhbərlik etmişdir. Belə ki, o, köhnə qərargah binasında olduğu müddətdə dəfələrlə Hikmət Həsənovun günün əksər saatlarında binada olmasını, 2-ci mərtəbədə komandir otağında əyləşməsini, tez-tez işgəncə verilən və sorğu-sual aparılan otaqlara girib-çıxmasını, sorğu-sual proseslərinə, kimin etiraf edib-etməməsi ilə maraqlanmasını, etiraf etməyənlərin sorğu-sual və “press”nin davam etdirilməsinə dair 057 saylı hərbi hissəninhərbi qulluqçularına göstəriş verməsini, görmüş və işgəncələrdən sonra düşmənlə əlaqəsini etiraf edən şəxslər Hikmət Həsənovun olduğu otağa aparılmış, sonuncu tərəfindən şifahi sorğu-sual olunmuş və tam etiraf edən şəxslər ifadələrinin rəsmiləşdirilməsi üçün 1-ci mərtəbəyə müstəntiqlərin yanına göndərilmişdir. Bu prosesi Hikmət Həsənov olmayanda Fuad Ağayev idarə etmiş, tez-tez korpus komandirinə sorğu-sual prosesləri, kimin etiraf etməsi və digər hallarla bağlı məruzələr etmişdir. Fuad Ağayev işgəncələr zamanı etiraf edən hərbi qulluqçular yeni şübhəli şəxs adı çəkəndə onları xidmət etdikləri hərbi hissələrin rəhbərliyi vasitəsilə köhnə qərargaha gətirmiş, Hikmət Həsənova təqdim etmiş, əvvəlcə Hikmət Həsənov həmin şəxsi qəbul edib şifahi danışdırmış, şəxs düşmənlə əlaqəsini inkar etdikdə isə işgəncə verilməsinə dair 057 saylı hərbi hissəninhərbi qulluqçularına göstəriş vermişdir. Fuad Ağayev əksər hallarda köhnə qərargahda olmuş, o, olmadıqda isə bu işə Babək Səmidli nəzarət etmiş, lakin sonuncunun bu işdə Fuad Ağayev kimi aktiv iştirakı olmamışdır. O, həm qohum, həm də xidmət yoldaşı kimi dəfələrlə Fuad Ağayevə bu işgəncələrin və sorğu-sual proseslərinin korpus tərəfindən aparılmasının qanunsuz olması, bunu etməyin düzgün olmadığı, araşdırmanın bu formada aparılmasının gələcəkdə ona və digərlərinə problem olacağı, prokurorluqda cinayət işi başlandığını, şübhəli varsa birbaşa prokurorluğa göndərmək lazım olduğunu, işgəncə ilə alınan ifadələrin mötəbər olmadığını demiş,ancaq Fuad ona qulaq asmamış, ona korpus komandirinin bu formada araşdırma aparmaq barədə göstəriş verdiyini demiş, Hikmət Həsənovun tapşırıqlarını icra etdiyini bildirmiş, bundan kənara çıxa bilmədiyini qeyd etmişdir…. Həmin vaxt orada 190 saylı hərbi hissənin müəyyən vəzifəli şəxsləri də olmuş, orada alınan izahatları onlar sonra material şəklində Qarabağ hərbi prokurorluğuna göndərmişlər. O, həmin məntəqədə kiməsə fiziki zor tətbiq edilməsinə şahid olmamış, 16.06.2017-ci il tarixdə Fuad Ağayev ona zəng edərək sorğu-sual üçün gətirilən şəxslərdən birinin öldüyünü bildirmiş və bu zaman o, Fuada əsəbləşərək, “siz ona neylədiz ki, öldü, sizə deməmişdik ki, belə şeylər elemiyin?” demiş, bu zaman Fuad and-aman edərək “mən heç nə eleməmişəm, həmin şəxsi öldürdülər, bizlik deyil” demişdir….”
– Abdullayev Tural İsa oğlu (976-985).
O, işgəncələrlə bağlı geniş açıqlama verib.
“…Ancaq onu bilmişdir ki, 703 saylı hərbi hissənin kəşfiyyat bölüyündən olan şəxsi heyətə orada bölük komandiri Məhəmmədəli Mirzəyev və onun müavini Coşqun Nəbiyev rəhbərlik etmişdir. Onlar öz xidmət etdiyi hərbi hissədən olduğundan onları tanımışdır. Ancaq 057
saylı hərbi hissədən kimisə tanımamışdır. 2-7 may 2017-ci il tarixlərində 057 saylı hərbi hissənin komandiri kimi tanıdığı Məhərrəm Həsənovu köhnə qərargah binasında bir neçə dəfə gördüyünü xatırlayır. Ancaq onu hansı vəziyyətdə gördüyünü hazırda dəqiq xatırlamır. Həmin tarixlərdə orada olduğu müddətdə həm qərargahın daxilində, həm də həyətində çox xaotik vəziyyət olmuş, yəni orada o qədər adam olmuşdur ki, adam tam olaraq kimin ora nə üçün gəldiyini, nə etdiyini dəqiqləşdirə bilməmiş, gün ərzində binada çoxsaylı adamlar görmüş, hazırda ifadəsində xatırladıqları barədə ümumi məlumat vermişdir. 2 may 2017-ci il tarixdən 5-6 may 2017-ci il tarixə kimi orada işgəncə verilməklə hərbi qulluqçuların düşmənə işlədiklərini etiraf elətdirmə prosesi belə qurulmuşdur ki, korpus komandiri Hikmət Həsənov günün əksər saatlarında qərargahın 2-ci mərtəbəsində pilləkandan çıxan kimi sağdan 2-ci otaqda, yəni briqada komandirinin keçmiş xidməti otağında oturmuşdur. Qərargahın 2-ci mərtəbəsində olan digər otaqlarda isə şübhəli bilinən şəxslərə 057 saylı hərbi hissənin kəşfiyyatçıları olan adlarını çəkdiyi 3 nəfər şəxs və digər kəşfiyyatçıları, o cümlədən 703 saylı hərbi hissənin kəşfiyyat bölüyündən olan hərbi qulluqçular işgəncələr vermiş, etiraf edən şəxslər olduqda onları birbaşa Hikmət Həsənovun otağına aparmış, oradan isə 1-ci mərtəbədə izahat alınmasını rəsmiləşdirən müstəntiqlərin yanına göndərmişlər. Elə işgəncə görən şəxslər olmuşdur ki, Hikmət Həsənovun otağından çıxandan sonra müstəntiqlərin yanına aparılmamış, yenidən işgəncə otaqlarına qaytarılmış, orada yenidən işgəncələrə məruz qalmışdır. O, başa düşmüşdür ki, həmin şəxslər korpus komandirinin yanında etiraf etməyən
şəxslərdir, çünki etiraf edənləri adətən ifadələrini rəsmiləşdirmək üçün müstəntiqlərin yanına
göndərmişlər. Etiraf etməyən şəxslər o həddə qədər işgəncə görmüşdür ki, ya dözməyib etiraf etmişlər, ya da elə vəziyyətə düşmüşlər ki, hospitala təxliyyə edilmişlər. Bəzi hallarda o, orada görüb-eşitdiklərindən başa düşmüşdür ki, işgəncə verilən şəxslərin və korpus komandirinin yanında etiraf eliyən şəxslər aşağı düşürülüb müstəntiqlərin yanında izahat və ifadə verəndə ifadələrindən qaçmışlar, yəni etiraf etməmişlər. Bu hallarda da həmin şəxslər 2-ci mərtəbədə yenidən işgəncə otağına gətirilib, işgəncəyə məruz qalmışlar. Korpus komandiri Hikmət Həsənov qərargah binasında olduğu müddətlərdə çox vaxt briqada komandirinin keçmiş xidməti otağında olmuş, ancaq bəzi hallarda özü otaqdan çıxıb adətən Fuad Ağayevlə birgə digər “işgəncə” otaqlarını gəzmiş, orada saxlanılan şəxsləri danışdırmış, sorğu-sual etmişdir. Hikmət Həsənov öz otağında olduğu zaman isə işgəncə proseslərinin əlaqələndirilməsini, kimin kimin adını çəkdiyinə dair qeydləri Fuad Ağayev aparmış, işgəncə verən kəşfiyyatçılara göstərişlər vermiş, etiraf edənlərin Hikmət Həsənovun olduğu otağa və ya aşağıda müstəntiqlərin yanına aparılmasını təşkil etmiş, tez-tez işgəncə otaqlarına girib-çıxmış, vəziyyətlə maraqlanmış, işgəncə görən şəxsləri bəzən özü üzləşdirmiş, bəzən onların şifahi formada üzləşdirilməsi üçün Hikmət Həsənovun olduğu otağa aparılmasını təşkil etmiş, işgəncə görənlərin ermənilərlə əlaqəyə dair verdiyi adlarını yeni hərbi qulluqçuların köhnə qərargah binasına gətirilməsinə dair korpusun tabeliyində olan hərbi hissələrin vəzifəli şəxsləri ilə danışmış, onlara göstərişlər vermişdir…. O, hazırda konkret olaraq müstəntiqlərin adını dəqiqliklə xatırlamamış, köhnəqərargah binasına gəldiyi ilk gün və ya ondan sonrakı bir neçə gündə o, Tərtər hərbi prokuroru Fuad Məmmədovu Hikmət Həsənovun yanında qərargahın həyətində bir neçə dəfə görmüşdür. 2-7 may 2017-ci il tarixlərində köhnə qərargah binasında olduğu müddətdə 2-ci mərtəbədə qırmızı rəngli videokamera görmüş, həmin videokamera ilə onun oturduğu qərargah rəisinin otağında işgəncə görənlərdən hansınınsa kəşfiyyatçılar tərəfindən etiraf ifadəsinin videoya çəkildiyini görmüşdür. Kəşfiyyatçılar həmin şəxsi tam səliqəli şəkildə geyindirib videoya çəkmişlər, həmin şəxs də ermənilərə işlədiyini, cinsi zorakılığa məruz qaldığını demişdir. O, həmin şəxsi və xarici görkəmini hazırda xatırlamamış, videonu çəkən maskalı hərbi qulluqçuların kim olduğunu bilməmişdir. Həmin etiraf ifadəsi alınmazdan əvvəl şəxs ağır formada işgəncə görmüş, sadəcə onu tam səliqəli geyindirmişlər ki, videoda işgəncə gördüyü bilinməsin. Həmin qırmızı rəngli videokameranın özünü o, bir dəfə Hikmət Həsənovun oturduğu otaqda şkafda görmüş, ancaq həmin otaqda video ilə çəkiliş aparılmasına şahid olmamışdır. 2-7 may 2017-ci il tarixlərində köhnə qərargah binasında olduğu müddətdə həmin şəxslər əsasən 2-ci mərtəbədə, bəzi hallarda isə 1-ci mərtəbədəki otaqlarda saxlanılmışlar. Şəxslər orada əlləri və gözləri arxadan skoçla bağlanmış, tam lüt vəziyyətdə, bəzilərinin ayaqları bağlanmış vəziyyətdə olmuşdur. Onlara demək olar ki, su və yemək ilk 3-4 gün ərzində verilməmiş, hətta tualetə belə çox hallarda aparılmamışlar və onlar elə təbii ehtiyaclarını saxlandıqları otaqlarda ödəmişlər … Faktiki olaraq rejim bu formada olmuş, yəni ora gətirilən
bütün şəxslərin faktiki olaraq azadlığı məhdudlaşdırılmış, oranı icazəsiz tərk etmək mümkünsüz
olmuşdur. 4 və ya 5 may 2017-ci il tarixlərində gündüz saatlarında Hərbi Dəniz Qüvvələrinin
təxminən 20-25 nəfər şəxsi heyəti Şıxarx kəndinə köhnə qərargah binasına gəlmişlər. Onlar ora
sonradan adını bildiyi Cəfər Seyidov adlı komandirlərinin rəhbərliyi altında gəlmişlər. Cəfərdən
sonra onlara qərargah rəisləri olaraq bildiyi Zaur Quliyev adlı şəxs rəhbərlik etmiş, o, SAT hərbi
qulluqçularının hansı səbəbdən və kim tərəfindən ora göndərildiyini bilməmişdir. 2017-ci ilin may
ayının ilk günlərində həmin köhnə qərargah binasında 057 saylı hərbi hissənin kəşfiyyatçıları və
703 saylı hərbi hissənin kəşfiyyat bölüyünün hərbi qulluqçuları tərəfindən verilən işgəncələr
nəticəsində qanunsuz bu sorğu-sual proseslərinə cəlb edilmiş bəzi hərbi qulluqçular Mehman
Hüseynov, Elxan Ağazadə adlı şəxslər vəfat etdiyindən Müdafiə Nazirliyinin rəhbərliyi sorğu-sual
prosesləri zamanı 057 və 703 kəşfiyyatçılarının söz alma metodlarının düzgün olmadığını, kor təbii
formada işgəncələr verilərək şəxslərin ölümünə səbəb olan xəsarətlər yetirildiyini nəzərə alıb, bu
sahədə daha professional olan, təlim görmüş SAT əməkdaşlarını köhnə qərargah binasına
göndərmişdir. SAT əməkdaşları ora gələn kimi qərargah binasının içərisində olan bütün
mühafizədə dayanan və sorğu-sual olunan şəxslərə işgəncə verən şəxsləri oradan çıxarmışlar,
bütün qərargah binasını SAT əməkdaşları təhvil almışdır. 703 saylı hərbi hissənin kəşfiyyat bölüyü
oradan tam uzaqlaşdırılmış, 057 saylı hərbi hissədən isə səhv etmirsə həyətin mühafizəsinə şəxsi
heyət cəlb edilmişdir. SAT əməkdaşları ora gəldiyi gündən binanın daxilində işgəncə proseslərini
onlar həyata keçirməyə başlamışlar. Onlar gələndən sonra SAT əməkdaşlarına 703 saylı hərbi hissənin idarə heyətindən heç kimi qərargah binasına daxil olmağa icazə verilməməsi barədə
göstəriş verilmişdir. Bu səbəbdən də onlar gələn kimi onu oradakı otağından çıxarmışlar. O, 1-2
gün həmin binaya daxil ola bilməmiş, qapıdakı mühafizəçilər onu içəri buraxmamışlar. Fuad
Ağayev onu binadan çıxarsalar da, uzağa getməməyi tapşırmış, çöldən çölə ona göstərişlər
vermiş, tələb etdiyi sənədləri qərargaha gətirməyi tapşırmışdır. O, 1-2 gün binanın içərisinə daxil
ola bilməmiş, SAT əməkdaşları buna icazə verməmişdir. 1-2 gündən sonra Fuad Ağayev icazə
alaraq onu içəri buraxdırmış, SAT əməkdaşları hətta ondan başqa briqada komandiri Teymur
Məmmədovu, müavinlərini də içəri icazə ilə buraxmışlar. Müstəntiqlər isə sərbəst formada binaya
daxil olmuşlar. Köhnə qərargah binasında SAT-ın komandiri Cəfər Seyidov və qərargah rəisi Zaur
Quliyevdən başqa heç kimin adını bilməmiş və üzlərini görməmiş, onlar həmişə maskada olmuşlar… O, Cəfər Seyidov və Zaur Quliyevin konkret kiməsə işgəncə verməsinə orada şahid olmamış, ancaq onlar işgəncə proseslərinə ümumi nəzarət etmişlər, tez-tez işgəncə otaqlarına girib-çıxmış, bəzən şəxsləri sorğu-sual etmişlər. SAT gələndən sonra qərargah binasının daxilində ümumi olaraq işgəncə proseslərinə Hikmət Həsənov, Fuad Ağayev, Cəfər Seyidov rəhbərlik etmişdir. Fuad Ağayev bütün baş verənləri Hikmət Həsənova məruzə etmiş, amma Cəfər Seyidov Hikmət Həsənovdan da yüksək rəhbərliyə məruzələr etmişdir. Çünki 703 saylı hərbi hissənin rəhbər heyətinə SAT gələndən sonra içəri binaya daxil olmaq qadağan ediləndən sonra o, orada gəzən söz-söhbətlərdən başa düşmüşdür ki, Baş Qərargah rəisinin göstərişi ilə onların içəri daxil olmağına qadağa qoyulmuşdur. Cəfər Seyidov haqda eşitdiklərindən belə başa düşmüş ki, sonuncu birbaşa Baş Qərargah Rəisinə hadisələri məruzə etmişdir. 2-7 may 2017-ci il tarixlərində köhnə qərargah binasında olduğu zaman 2-ci taborun komandir müavini Rövşən Qəribov qərargah binasının girişində ora gətirilən şəxslərin qeydiyyat işinə və şəxsi əşyalarının qablaşdırılması işinə baxmışdır. 2 və ya 3 may 2017-ci il tarixlərindən birində şübhəli şəxs kimi sorğu-sual proseslərinə cəlb olunmuş ilkin 15-20 nəfər şəxs Tərtər Hərbi Prokurorluğuna aparılıb orada həkim müayinəsindən keçirilmiş və geri qaytarılmışdır. Köhnə binada olduğu müddətdə Fuad Ağayev bir-iki dəfə ona şübhəli şəxs kimi 703 saylı hərbi hissədən hərbi qulluqçu adı verərək, həmin şəxsin xidmət yerindən köhnə qərargah binasına gətirilməsini təşkil etmək barədə ona göstəriş vermişdir. Bu barədə o, komandir Teymur Məmmədova məruzə etmiş, sonuncunun göstərişi və razılığından sonra o, həmin şəxslərin komandirləri ilə əlaqə saxlayaraq onların qərargah binasına gətirilməsini tapşırmışdır… Teymur Məmmədov da köhnə qərargah binasına gəlib-getmiş, 703 saylı briqadanın hərbi qulluqçularının orada işgəncələrə məruz qaldığını bilmiş və görmüşdür, bəzi işgəncədən sonra etiraf edən şəxsləri elə Hikmət Həsənovun yanına aparanda Teymur Məmmədov da orada olmuşdur. Teymur Məmmədov və Hikmət Həsənovun köhnə qərargah binasında konkret kiməsə işgəncə verdiyinə bilavasitə şahid olmamış, ancaq onların işgəncə otaqlarına girərək orada işgəncə görən şəxsləri sorğu-sual etdiklərini, üstlərinə qışqırdıqlarını, təhqir edib söydüklərini görmüş, konkret olaraq hansı şəxslərə münasibətdə bunları etdiklərini hazırda dəqiq xatırlamamışdır. Fuad Ağayevin isə bilavasitə şəxslərə öz əlləri ilə işgəncələr verdiyinə şahid olmuş, amma konkret kimə işgəncə verdiyini bilməmiş, köhnə qərargah binasında olduğu müddətdə korpusun rəhbərliyindən Mübariz Rzayevin, Qiyas Abbasovun, Ruslan Ağasiyevin, korpusun tibb xidmət rəisi Bahadur adlı şəxsin tez-tez ora gəlib-getdiyini, Hikmət Həsənovun otağına girib-çıxdıqlarını görmüşdür. Mübariz Rzayevin, Qiyas Abbasovun, Ruslan Ağasiyevin ora konkret olaraq nə üçün gəlib-getdiklərini bilməmiş, onların kiməsə bilavasitə işgəncə verdiyini, işgəncə otaqlarına girib-çıxıb oradakıları sorğu-sual etdiklərini
görməmişdir…. Konkret ora cəlb edilmiş şəxslərə işgəncə verilməsinə dair göstərişləri Hikmət Həsənov və Fuad Ağayev vermiş, 708 saylı hərbi hissənin köhnə binalarında olduğu müddətdə işgəncələri SAT əməkdaşları etmiş, ancaq onlara konkret bununla bağlı kimin göstəriş verdiyini bilməmişdir. İşgəncə verilən 1 saylı kazarmaya və tibb məntəqəsinə onun giriş icazəsi olmamış, ora ancaq SAT əməkdaşlarının icazəsi ilə rəhbər vəzifəli şəxslər daxil olmuşlar. 708 nömrəli hərbi hissədə olduğu müddətdə korpusun vəzifəli şəxslərindən Mübariz Rzayev, Qiyas Abbasov, Ruslan Ağasiyev, tibb xidmət rəisi Bahadur, 703 saylı hərbi hissənin komandiri Teymur Məmmədovu, 190 saylı hərbi hissəninkomandiri Elşən Sanayevi bir neçə dəfə orada Hikmət Həsənov və Fuad Ağayevin yanında görmüşdür. 703 saylı hərbi hissənin köhnə qərargah binasında olduğu müddətdə işgəncələr nəticəsində kiminsə ölməsinə şahid olmamış, sonradan həmin binalarda işgənclərə məruz qalmış şəxslərin hamısı barədə oradanburdan eşidib bilmişdir. Onlardan Mehman Hüseynov və Elxan Ağazadəyə binanın daxilində işgəncə verildiyinə şahid olmuş, ancaq kimin işgəncə verdiyini hazırda xatırlamır…. “May hadisələri”dən əvvəl Təmkin barəsində silah itməsi faktı ilə bağlı Tərtər hərbi prokurorluğunda cinayət işi istintaq edilmişdir. 2017-ci ilin may ayının ilk həftəsində o, Təmkin Nizamoğlunu köhnə qərargah binasında əlləri və gözləri bağlı vəziyyətdə kəşfiyyatçılar tərəfindən işgəncə verilən vəziyyətdə görmüşdür. Yəni Təmkinə həmin binada düşmənlə əlaqəsini etiraf etmək üçün işgəncə verilmişdir…”)
– Cavadov Anar Məmmədəli oğlu (992-999)
İşgəncələr, 641 saylı hərbi hissənin, generalların işgəncələrdə iştirakı, qətlə yetirilən Elxan Ağazadə və Saleh Qafarovun binanın ikinci mərtəbəsindən atılması ilə bağlı ifadə verib (səh. 998).
“…04 may 2017-ci il tarixdə köhnə qərargah binasının yaxınlığında olan zaman bir dəfə Hikmət Həsənovun həmin vaxtı istifadəsində olan xidməti avtomobilinin köhnə qərargah binasında dayandığını və avtomobildən Hikmət Həsənovla birlikdə Müdafiə Nazirliyinin Kəşfiyyat baş idarəsinin rəisi general-mayor Hilal Nəcəfovun düşərək köhnə qərargah binasına daxil olub ikinci mərtəbəyə qalxdıqlarının şahidi olmuşdur. Hilal Nəcəfov Hikmət Həsənovla birlikdə təxminən 3 saat köhnə qərargah binasında olmuş, həmin vaxt da işgəncə səsləri gəlmiş və müxtəlif şəxslərə işgəncə verilməsi davam etmişdir. Həmin dövrdə binaya daxil olmadığı üçün Hilal Nəcəfovun dəqiq olaraq binada hansı fəaliyyət göstərdiyini bilməmiş, sonuncu orada olduğu dövrdə Babək Səmidli, Teymur Məmmədov, Fuad Ağayev binanın ikinci mərtəbəsində olmuşlar. 2017-ci ilin may ayının təxminən 5 və ya 6-da Müdafiə nazirinin müavini Kərim Vəliyev müavini general-mayor Rasim Əliyevlə birlikdə köhnə qərargah binasına gəlmişdir. O həmin vaxt 703 saylı hərbi hissənin İsmayılbəyli kəndindəki qərargahında olmuşdur. Kərim Vəliyev və Rasim Əliyevin köhnə qərargah binasında dəqiq nə qədər olduqlarını bilməmiş, həmin gün nahar yeməyindən sonra Kərim Vəliyev və Rasim Əliyev Babək Səmidli ilə birlikdə köhnə qərargah binasından çıxıb 703 saylı hərbi hissəyə gəldiklə onları orada qarşılamışdır. Kərim Vəliyev və Rasim Əliyev, onun və Babək Səmidlinin iştirakı ilə hərbi hissənin ərazisi ilə tanış olmuş, yeməkxanaya və yataqxana baxmışlar. Köhnə qərargah binasında işgəncə prosesi davam edən vaxt hazırda
xatırlamadığı xidmət yoldaşlarından Müdafiə Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
Ramil Əsgərovun da köhnə qərargah binasına gələrək bir neçə saat orada olduğunu eşitmişdir.
Eşitdiyinə görə Ramil Əsgərov tabeçiliyində xidmət edən bir neçə hərbi qulluqçu ilə köhnə qərargah binasına gəldiyi müdət ərzindədə işgəncə prosesi davam etmişdir. Bununla yanaşı, həmin ərəfədə Müdafiə Nazirliyinin baş inspeksiya idarəsinin rəisi general-leytenant Zakir Ağayevin də köhnə qərargah binasına gəldiyini eşitmiş, lakin Zakir Ağayevin dəqiq nə qədər orada qaldığını və nə məqsədlə ora gəldiyini bilməmişdir. 2017-ci ilin təxminən may ayının 6-da köhnə qərargah binasına gedəndə artıq orada Hərbi Dəniz Qüvvələrinin “SAT” deyə adlandırılan xüsusi təyinatlı dəstəsinin hərbi qulluqçularının ərazidə olduğunu görmüş və digər xidmət yoldaşlarının verdiyi məlumata görə Hikmət Həsənovun Nəcməddin Sadıkovdan xahiş etməsi nəticəsində “SAT”ın nümayədələri ora göndərilmişdir. Ermənilər onlara işləyən şəxslərin müəyyən edildiyi üçün təxribat törədə biləcəkləri ehtimal edilmiş və oranın gücləndirilməsi üçün “SAT”ın 20-25 nəfər hərbi qulluqçuları ora göndərilmişdir. Onlar özlərinə məxsus digərlərindən fərqlənən hərbi səhra geyimi geyinmiş, ayaqlarında sarı rəngli hərbi çəkmələr, başlarına sarı rəngli maska geyinmişlər. Maska taxdıqları üçün onların üzünü tam görmək mümkün olmamışdır. Lakin, komandirləri Cəfər Seyidovun üzündə maska olmamış və sonuncunu dəfələrlə orada görmüşdür. Bir dəfə köhnə qərargah binasından təxminən 100 metr aralıda olan “besetka”da oturan zaman Cəfər Seyidov da onlar ilə birlikdə əyləşərək ümumi söhbət aparan zaman onun “Terta” xüsusi rabitəsinə zəng gəldikdə o kənara gedib bir neçə dəqiqə danışmışdır. Danışıq bitdikdən sonra geri dönmüş və ona zəng edənin baş qərargah rəisi Nəcməddin Sadıkov olduğunu bildirmiş, eyni zamanda, Nəcməddin Sadıkovun guya ona “aparılan araşdırmaya komandir və komandir müavini yaxın buraxmayın” sözlərini dediyini bildirmişdir. Komandir dedikdə Teymur Məmmədovu, “komandir müavini” dedikdə isə onu nəzərdə tutmuşdur. Bir neçə saat sonra isə Teymur Məmmədovu görən zaman Cəfər Seyidovun Nəcməddin Sadıkovla danışdığını və sonuncunun ona dediklərini T.Məmmədova bildirmişdir. Lakin, bundan sonra nə Teymur Məmmədova, nə də ona köhnə qərargah binasından uzaqlaşmaqları və ya aparılan araşdırmadan kənarlaşdırılmaqları barədə göstəriş verən olmamışdır. “SAT”ın hərbi qulluqçuları köhnə qərargah binasının olduğu ərazidə həyətyanı sahədə olmaqla bərabər qərargah binasının ikinci mərtəbəsində aparılan sorğulama prosesində iştirak etmişlər. Həmin vaxt işgəncələri 057 saylı hərbi hissənin hərbi qulluqçuları ilə yanaşı “SAT”ın əməkdaşları da həyata keçirmişlər. Köhnə qərargah binasında həyata keçirilən işgəncə prosesləri zamanı bir neçə hərbi qulluqçu işgəncə nəticəsində aldığı xəsarətlərdən vəfat etmişlər Mehman Hüseynov, Elxan Ağazadə, Elçin Quliyev və Saleh Qafarovdan başqa digərlərinin adlarını bilməmişdir. Mehman Hüseynov, Elxan Ağazadə, Elçin Quliyev və Saleh Qafarova 057 saylı hərbi hissənin hərbi qulluqçuları işgəncə vermiş və onların işgəncə verməsi nəticəsində vəfat etmiş, lakin, konkret olaraq hansı hərbi qulluqçunun həmin şəxsləri öldürdüyünü bilməmişdir. Bununla yanaşı, Elxan Ağazadə vəfat etməmişdən əvvəl özünü binanın ikinci mərtəbəsində pəncərədən yerə atdıqda köhnə qərargah binasının qarşısında xatırlamadığı xidmət yoldaşları ilə söhbət edən zaman orada “çaxnaşma” düşmüş və bir nəfərin özünü yerə atdığını demişlə. Həmin tərəfə qaçdıqda artıq 057 saylı hərbi hissənin iki nəfər üzündə maska olan hərbi qulluqçusunun onu yerdən götürüb qoluna girib sürüyərək qərargah binasına aprdıqlarını görmüşdür. Həmin vaxt Elxan Ağazadənin əynində paltar olub-olmadığını xatırlamamış, lakin onun əlləri və gözləri bağlı olmuşdur. Saleh Qafarovun da özünü pəncərədən atdığını eşitmiş, lakin həmin hadisə olan vaxt köhnə qərargah binasında olmamışdır. Həmin şəxslərin özlərini əlləri və gözləri bağlı şəkildə pəncərədən yerə atmaqları çox müəmmalı olmuşdur. Orada xidmət yoldaşları arasında gəzən söz-söhbətə görə həm Elxan
Ağazadə, həm də Saleh Qafarov məqsədyönlü şəkildə pəncərədən yerə atılmışlar ki, onların guya
aldıqları xəsarətlər məhz özlərini pəncərədən yerə atdıqlarına görə əmələ gəlmişdir. Əslində isə
Elxan Ağazadə və Saleh Qafarov günlərlə köhnə qərargah binasında işgəncələrə məruz qalmış,
sonuncuların məqsədyönlü şəkildə pəncərədən yerə atılması sadəcə mülahizə olmuş, bu məsələni araşdıran olmamış, həmin hadisə vaxtı guya onların əlləri və gözləri bağlı şəkildə özlərini qəsdən pəncərədən atdıqları deyilmişdir. Lakin, əlləri və gözləri bağlı şəxsin özünü qəsdən pəncərədən yerə atması, habelə daim nəzarət altında olmaqla bunları etməsi ağılabatan hal olmamış, 057 saylı hərbi hissənin hərbi qulluqçuları daim olaraq orada saxlanılan şəxslərə nəzarət etmiş və onları nəzarətsiz qoymamışlar. 2017-ci ilin may ayının təxminən 8-də köhnə qərargah binasında işgəncə prosesi sonlandırılmış və orada saxlanılan şəxslər işgəncə verilməklə sorğulanmanı davam etdirmək üçün 708 saylı hərbi hissənin Yevlax rayonunun Aran qəsəbəsində yerləşən köhnə yataqxana binalarına aparılmışlar. O 708 saylı hərbi hissəyə getməmiş və orada aparılan işgəncə prosesini görməmişdir. Babək Səmidli və Teymur Məmmədovun göstərişi ilə hazırda adlarını xatırlamadığı bir neçə nəfərin əlləri və gözlərini hərbi hissənin kəşfiyyat xidmətinin Novruz Əsgərovun vasitəsilə bağlatdırıb kəşfiyyat bölməsinin hərbi qulluqçuları ilə 708 saylı hərbi hissənin köhnə yataqxana binasına göndərilməsini təmin etmişdir. Babək Səmidli və Teymur Məmmədov ayrı-ayrı vaxtlarda onun istifadəsində olan “tetra”ya zəng edərək hərbi qulluqçunun adını və xidmət yerini ona dedikdən sonra o, həmin hərbi qulluqçunu taparaq bu qaydada göstərişləri icra etmişdir. Onunla yanaşı Firdovsi Bəyov da oradakı hərbi qulluqçuların 708 saylı hərbi hissəyə sorğulanmaya yuxarıda göstərdiyi qaydada göndərilməsini təmin etmişdir. Fuad Ağayev və digərləri Respublika Hərbi prokurorluğu tərəfindən həbs edildikdən sonra işgəncə nəticəsində həyatını itirmiş şəxslərin valideynləri, habelə işgəncə nəticəsində sağlamlığını itimiş şəxslərin valideynləri şikayətlər etməyə başladıqda Hikmət Həsənovu narahat olmuş və Babək Səmidli vasitəsi ilə şikayət edən şəxsləri qəbul edib Hikmət Həsənovun göstərişi ilə onlara şikayətlərini geri götürmək üçün müəyyən məbləğlərdə pul vəsaitləri vermişdir. Dəqiq olaraq kimlərə nə qədər pul verildiyini bilməmiş, Babək Səmidli Hikmət Həsənovun göstərişi ilə tək özü məşğul olmuş, daim şikayətçiləri qəbul etmiş və bəzi hallarda isə özü Respublikanın müxtəlif rayonlarına gedərək şikayətçiləri taparaq onları müəyyən pul müqabilində ələ almağa çalışmışdır…”
– Qasımov Fikrət Çoban oğlu (1000-1005)
“Onlardan birindən 4-cü bölükdən orada kimin saxlanıldığını soruşduqda ona Mehman Hüseynovun 2-ci mərtəbədə otaqlardan birində olduğunu dedikdən sonra o, həmin otağa getmiş və otaqda bir nəfər şəxsin dizi üstə yerdə oturduğunu, əllərinin və gözlərinin arxadan bağlı olduğunu və nə isə danışdığını, onun qarşısında isə 057 saylı hərbi hissədən tanıdığı gizir Cabir Qəhrəmanovun dayandığını görmüşdür. Cabirin əlində plastik ağ rəngli turba olmuş, Mehman Hüseynov danışa-danışa Cabir onun bədənin müxtəlif nahiyələrinə həmin turba ilə zərbələr vurub etiraf etməyi tələb edərək düşmənə başqa kimlərin işlədiyini soruşmuşdur. Həmin vaxtı Cabir tək olmuş, otaqda onların ikisindən başqa heç kim olmamış, təxminən 3-4 dəqiqə onların yanında qaldığı müddətdə Mehman Hüseynov Cabir tərəfindən döyülə-döyülə Elxan Ağazadə adlı şəxs barədə danışaraq sonuncunun onu ermənilərə apardığını demişdir. Həmin otaqda olduğu müddətdə Cabir onu görsə də, Mehman Hüseynovu niyə döyməsini, niyə işgəncə verdiyini soruşmamışdır. Həmin vaxt vəzifəsindən irəli gələrək qanunla Cabir Qəhrəmanovun qarşısını almalı, onun kiməsə işgəncə verməsinə icazə verməməli olsa da, korpus komandiri Hikmət Həsənov, Teymur Məmmədov, Babək Səmidli və Fuad Ağayevin həmin binada olduqlarından Mehmana işgəncə verilməsi barədə məlumatlarının olmasını və Cabir Qəhrəmanova belə bir səlahiyyət verdiklərini düşünmüşdür. Onun qanunsuz şəkildə adam döyüb etiraf elətdirməyə çalışdığını gördükdən 3-4 dəqiqə sonra oradan uzaqlaşıb çölə çıxmışdır… Həmin şəxslər gətirildikdən bir neçə dəqiqə sonra qərargahın 2-ci mərtəbəsindən qışqırıq, işgəncə səsləri gəlmiş, yuxarıdan “etiraf elə, erməniyə necə işləmisən, səni kim satıb erməniyə, vurma qurban olum, mən heç nə eleməmişəm, yavaş ol, öldüm, şərəfsiz alçaq” məzmunlu sözlər eşitmişdir. Gətirilən şəxslərə 2-ci mərtəbədə olan kəşfiyyatçılar tərəfindən işgəncələr verilərək erməniyə işləmələrini etiraf etmələri tələb edilmiş, həyətdə olduğu müddətdə 4-cü bölüyün şəxsi heyətindən köhnə qərargaha gətirilən şəxslər onun və Raufun bir neçə saat əvvəl fərdi söhbət apardığı şəxslər olmuşdur. Aşağıda Babək Səmidlini gözlədiyi müddətdə korpus komandiri Hikmət Həsənov, Teymur Məmmədov, Babək Səmidli və Fuad Ağayev bir-iki dəfə qərargahdan çölə çıxaraq siqaret çəkib yuxarı qalxmışlar. Saat təxminən 23 radələrində Babək Səmidli qərargah binasından çıxıb ona korpusun qərargahına qayıtmağı tapşırmışdır…. Həmin müddət ərzində korpusun hüquqşünası Fuad Ağayev, Teymur Məmmədov tez-tez həmin otaqlara girib-çıxmış, kimin etiraf etdiyi ilə maraqlanmış, etiraf edənləri korpus komandirinin olduğu köhnə komandirin otağına aparıb-gətirmişlər. Gördüklərindən 1-ci korpusun rəhbərliyi, Tərtər hərbi prokurorluğunun rəhbərliyi, DTX-ın nümayəndəsi ora düşmənlə əlaqədə şübhəli bilinən şəxslərlə bağlı aparılan araşdırmaya nəzarət etmək üçün ora gəldiklərini başa düşmüşdür. 708 saylı hərbi hissədə olduğu müddətdə Hikmət Həsənov demək olar ki, hər gün ora gəlmiş, orada saxlanılan və işgəncə görən şəxslər ilə maraqlanmış, onlara müxtəlif suallar vermiş, düşmənlə əməkdaşlıq etdiyini etiraf etməsini tələb etmiş, etiraf etməyənlərə isə yenidən işgəncə verilməsinə dair göstəriş vermişdir. O, qeydiyyat işinə baxan zaman apardığı qeydləri Fuad Ağayevə məruzə etmiş, sonuncu isə hər bir detalı Hikmət Həsənova məruzə etmişdir. 708 saylı hərbi hissədə olduğu müddətdə yalnız şərti olaraq 2-ci adlandırdıqları şübhəli şəxslərin saxlandığı kazarmanın içində qapıdan girən kimi sağdakı pilləkandan yuxarı qalxdıqda sonuncu otağın başında 1 ədəd kamera olduğunu görmüşdür…. 703 saylı hərbi hissənin köhnə qərargah binasında və 708 saylı hərbi hissənin köhnə binalarında olarkən 051 saylı hərbi hissədən komandir Hikmət Həsənovu, Babək Səmidlini, Fuad Ağayevi, 703 saylı hərbi hissədən Teymur Məmmədovu, Anar Cavadovu, Rövşən Qəribovu, Firdovsi Bəyovu, 057 saylı hərbi hissədən Cabir Qəhrəmanovu və Elçin Əliyevi görmüşdür. Anar, Rövşən və Firdovsi əsasən adamların ora gətirilməsi işi ilə məşğul olmuş, köhnə qərargahda 157, 190 və 641 saylı hərbi hissədən heç kimi görməmişdir. 708 saylı hərbi hissədə olarkən 051 saylı hərbi hissədən komandir Hikmət Həsənovu, Babək Səmidlini, Fuad Ağayevi, Ruslan Ağasiyevi, Mübariz Rzayevi, Qiyas Abbasovu, 703 saylı hərbi hissədən Teymur Məmmədovu, Anar Cavadovu, Rövşən Qəribovu, Firdovsi Bəyovu, 057 saylı hərbi hissədən komandir Məhərrəm Həsənovu, Cabir Qəhrəmanovu, Elçin Əliyevi, Ruslan Mikayılovu, Sənan Maşıyevi, Polad Əzizovu, 641 saylı hərbi hissədən çoxsaylı maskalı hərbi qulluqçuları, onların komandiri maska taxmayan Cəfər Seyidovu, 157 saylı hərbi hissədən Vüsal Ələsgərovu görmüşdür. Vüsal Ələsgərov ora gələndə bir neçə dəfə Hikmət Həsənovun və Fuad Ağayevin yanında besetkada söhbət etdiklərini görmüş, onun işgəncələrin verildiyi 1-ci kazarmaya və ya şübhəli şəxslərin saxlandığı 2-ci kazarmaya gəldiyini görməmişdir. 703 saylı hərbi hissənin köhnə qərargah binasında Müdafiə Nazirliyindən rəhbərlikdən heç kimi görməmiş, 708 saylı hərbi hissənin köhnə binalarında olarkən Müdafiə Nazirliyindən rəhbərlikdən Hilal Nəcəfov, Ayaz Həsənov, Rasim Əliyev, Rauf Kişiyevin bir neçə dəfə ora gəldiyini görmüşdür. Onların konkret olaraq hansı məqsədlə gəldiyini bilməmiş, 708 saylı hərbi hissənin köhnə binalarında olduğu müddətdə SAT-ın kəşfiyyatçılarına nəzarəti Cəfər Seyidov etmiş, souncu tez-tez ora gələrək öz əməkdaşlarını sıraya düzüb öz göstərişlərini vermişdir. Cəfər Seyidov orada olmayanda SAT-ın fəlaiyyətinə Fuad Ağayev nəzarət etmişdir. Bundan əlavə orada SAT-ın komandir heyətindən Zaur Quliyev və Tural Məmmədov adlı şəxslər də Cəfər olmayanda onların fəaliyyətinə nəzarət etmişlər. Cəfərin Seyidov, Zaur və Turalın dəfələrlə işgəncələrin verildiyi 1-ci kazarmaya girib-çıxdığını görmüş, ancaq içəridə konkret kiməsə işgəncə verib-vermədiklərini bilməmişdir. Çünki özü 708 saylı hərbi hissədə olduğu müddətdə işgəncə verilən 1-ci kazarmaya heç vaxt girməmişdir. 057 saylı hərbi hissənin kəşfiyyatçılarının fəaliyyətinə isə Ruslan Mikayılov başçılıq etmiş, 2 saylı kazarmada olduğu müddətdə korpusdan tanıdığı zirehli texnika rəisi Aydın Əliyevin, 157 saylı hərbi hissənin keçmiş komandiri Ramin Mustafayevin, 157 saydı hərbi hissədən tanıdığı Pərviz Pirməmmədovun, Hərbi Akademiyadan mayor Elman Nəzərovun, kəşfiyyatçı Elmar Allahverdiyevin orada saxlandığını görmüşdür….”
– General-mayor Əliyev Rasim Məmmədəli oğlu (1036-1037)
Müdafiə Nazirliyininin Şəxsi heyət Baş idarə rəisinin müavini-ideoloji iş və mənəvi psixoloji
idarəsinin sabiq rəisi.
İşgəncələrə general Hikmət Həsənovun şəxsən rəhbərlik etdiyini bildiyini və bu barədə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ona göstəriş verdiyi barədə geniş izahat verib.
“…Şıxarx qəsəbəsində işgəncə proseslərinə Hikmət Həsənov şəxsən Müdafiə nazirinin və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin tapşırığı əsəsasında törətmiş, Müdafiə Nazirliyinin rəhbərliyi işgəncə hadisələri barədə gündəlik olaraq H.Həsənovun tərəfindən verilən məlumatlar əsasında məlumatları olmuş, 641 nömrəli hərbi hissənin komandiri və şəxsi heyəti Baş qərargah rəisinin göstərişi ilə H.Həsənovun tabeçiliyi altında xidmət aparmış, H.Həsənov ərazidə olmadığı vaxt işgəncə prosesinə, dindirilən şəxslərə verilən sualların hansı formada olmasına Fuad Ağayev nəzarət etmişdir. Həmçinin B.Səmidli ona Zakir Ağayevin, Ramil Əsgərovun və Müdafiə Nazirliyinin digər vəzifəli şəxslərinin də Şıxarx qəsəbəsində aparılan sorğulanma prosesinə nəzarət üçün əraziyə gəlməsini bildirmişdir… 14 may 2017-ci il tarixə kimi 708 nömrəli hərbi hissədə ezamiyyətdə olmaqla baş vermiş hadisələrə şahid olmuşdur. 708 nömrəli hərbi hissədə olduğu zaman ərazinin başında maska olan hərbi qulluqçular tərəfindən mühafizə edilməsinə, 641 nömrəli hərbi hissənin hərbi qulluqçularının dindirmə aparmasına, Müdafiə Nazirliyinin Tibb baş idarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin rəhbərliyi ilə həkimlərin xidmət təşkil etməsinə şahid olmuşdur. Sorğulanmaq üçün gətirilmiş hərbi qulluqçular əlləri və gözləri bağlı vəziyyətdə saxlanılmaqla, onların saxlanıldığı binaların giriş qapısının ağzında SAT-ın hərbi qulluqçuları silahla mühafizə xidməti təşkil etmiş, işgəncə verilən otaqlarda işgəncə səslərin gəlməsini eşitmişdir. 708 nömrəli hərbi hissədə olduğu müddətdə 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun Müdafiə nazirinin və silahlı qüvvələrin baş qərargah rəisinin göstərişi ilə gündəlik olaraq aparılan sorğulanma işlərinə, əraziyə dindirilmək üçün hərbi qulluqçuları gətirməsi barədə göstərişlər verməsinə, hüquq işləri üzrə köməkçisi Fuad Ağayevin Hikmət Həsənovun ərazidə olduğu və olmadığı müddətdə aparılan dindirmə proseslərinə şəxsən nəzarət etməklə SAT-ın hərbi qulluqçularına göstərişlər verməsinə, sorğulanmanın işgəncənin Hikmətin və Fuadın nəzarəti altında Cəfər Seyidovun təşkilatçılığı ilə SAT-ın hərbi qulluqçuları tərəfindən törədilməsinə şahid olmuşdur. 708 nömrəli hərbi hissədə həmin vaxt Müdafiə Nazirliyinin İnspeksiya Baş İdarəsinin rəisi Zakir Ağayevi, xüsusi təhlükəsizlik idarəsinin rəisi, polkovnik Ramil Əsgərovu, Hüquq idarəsinin rəisi, ədliyyə polkovniki Rauf Kişiyevi, Respublika Hərbi prokurorluğunun əməkdaşlarını görmüşdür. Ərazidə ezamiyyətdə olduğu ilk gün Rauf Kişiyevi 708 nömrəli hərbi hissənin əsgər kölgənəcəyində görmüş, hansı səbəbdən bu formada işgəncə verilərək qanunsuz hərəkətlərə törədilməsini Nazirliyinin rəhbərliyini başa sala bilmirəm, nazir və baş qərargah rəisi, Hikmətə bu formada səlahiyyət verib, mən heç bir formada hadisələrə müdaxilə edə bilmirəm” deyə bildirmişdir. Həmçinin 708 nömrəli hərbi hissədə olduğu zaman Babək Səmidli ilə baş vermiş hadisə ilə bağlı söhbət etmiş, Babək də, ona daxili təhlükəsizlik idarəsinin əməkdaşı Zahid Niftəliyevin Hikmət Həsənova törətdiyi əməllər ilə tövsiyyələr verdiyini, düşmən qüvvələri ilə əməkdaşlıq etmiş şəxslərin sayı çox aşkarlanacağı halda yuxarı komandanlığın Hikmətə yüksək mükafatlar verə biləcəyini, rəhbərliyin, baş qərargah rəisinin, müdafiə nazirinin sorğulanma prosesində aşkarladığı faktlar üzrə ona etimad etməklə, bu barədə yüksək vəzifə verə biləcəklərini, 2016-ci il tarixdə baş vermiş uğursuzluqlardan sonra xüsusi xidmət orqanlarının aşkar edə bilmədiyi faktlar aşkar etməyinin şəxsi kariyerası üçün uğurlar gətirəcəyini, gündəlik olaraq sorğulanma prosesində daha da çoxlu faktların aşkar edilməsi rəhbərlik tərəfindən qiymətləndiriləcəyini söyləyərək Hikməti inandırmasına görə, Hikmətin canfəşanlıq edərək, uğurlarını heç bir şəxslə bölüşmək istəməməsi səbəbindən hər hansı hüquq mühafizə orqanının baş vermiş hadisələrə müdaxilə edə bilmədiyini, işgəncə prosesləri barədə Hikmətin Müdafiə Nazirindən və Baş Qərargah rəisindən göstərişlər almasını bildirmişdir. Həmin müddətdə Zahid Niftəliyevi Hikmət Həsənovun yanında 708 nömrəli hərbi hissədə görmüş, lakin hansı xidməti fəaliyyəti icra etməsini bilməmişdir. Hikmət Həsənov onun yanında da baş vermiş hadisələr barədə xidməti telefonla Müdafiə nazirinə və Baş Qərargah rəisinə məruzə etmişdir. 708 nömrəli hərbi hissədə aparılan sorğulanma prosesinə ancaq Hikmət Həsənovun nəzarət etməsini, digər vəzifəli şəxslərə aparılan sorğulanma prosesinə müdaxilə etməsinə şərait yaratmamasını, baş vermiş hadisələr ilə bağlı Müdafiə nazirinə və Baş Qərargah rəisinə zəng etməsini, onlardan şəxsən göstəriş almasını, törətdiyi əməllər barədə yuxarı komandanlığın məlumatlı olmasını görmüşdür. 708 nömrəli hərbi hissədə olduğu zaman 2017-ci ilin may ayından dəqiq xatırlamadığı tarixdə 157 nömrəli hərbi hissə komandiri, polkovnik Vüsal Ələsgərovun tibb avtomobilində iki dəfə 4-5 nəfər hərbi qulluqçunu əlləri və gözləri bağlı vəziyyətdə, döyülmüş vəziyyətdə geyimləri cırılmış halda sorğulanmaq üçün 708 nömrəli hərbi hissəyə gətirilməsinə şahid olmuş, bu barədə Vüsala iradlarını bildirmişdir. Bundan başqa 2017-ci ilin may ayında 708 nömrəli hərbi hissədə olduğu zaman Fuad Ağayevin SAT-ın hərbi qulluqçularına sorğuladıqları işgəncə verdikləri şəxslər barədə göstəriş verməsinə, Hikmət Həsənovun yanından ayrılamayaraq etdiyi hərəkətlər barədə tövsiyyələr verməsinə, rütbəli və vəzifəli şəxs kimi özünü apararaq ərazidə yuxarı rütbəli şəxslərə hörmətsizlik etməsinə şahid olmuş, Hikmət Həsənov ərazidə olmadığı müddətdə Fuad Ağayevi yanına çağıraraq iradlarını bildirmiş, habelə Rauf Kişiyevə Fuad Ağayevin xidməti yerinin dəyişdirilməsi barədə təqdimat yazmasını xahiş etmişdir. Rauf Kişiyev bununla bağlı tədbir görsə də, daha sonra eşitməsinə görə korpus komandiri Hikmət Həsənov da təqdimatın nəzərə alınmaması ilə bağlı Baş Qərargah rəisindən xahiş etdiyindən Fuad Ağayevin xidməti yeri dəyişdirməmişdir. Həmçinin Fuad Ağayevə irad bildirdiyi həmin hadisədən yarım saat müddət ötdükdən sonra Hikmət Həsənov ona xidməti telefonla zəng edərək “müəllim siz mənim işimə xahiş edirəm, mane olmayın, qarşışmayın, Fuada irad bildirməyin, mən Müdafiə nazirinin və Baş Qərargah rəisinin göstərişi ilə sorğulanma zamanı işgəncə hərəkətlərini verdirirəm, rəhbərliyin şəxsən bu barədə məlumatı var, işgəncə hərəkətlərinin verilməsi onların göstərişidir, Müdafiə naziri və Baş Qərargah rəisi mənə vətənə xəyanət edən hərbi qulluqçuları aşkar edilməsi ilə əlaqədar 100 nəfər şəxsin ölümü olsa belə işgəncənin dayandırılmamasını, sorğulanmanın aparılmasını söyləmiş” deyə bildirmişdir.
O, da Hikmət Həsənova “ilk əvvəl düşmənlə əməkdaşlıq edən hərbi qulluqçuların zəncirvari formada şəbəkə kimi olmalarını, onlardan hər hansı birinin işgəncə ilə ölməsinin həmin halqavari olan həmin şəbəkədə rəhbər şəxslərin müəyyən edilə bilməyəcəyini, sorğulanan şəxslərin işgəncə ilə ölməsinin vətənə xəyanət edən yuxarı rütbəli hərbi qulluqçuların aşkar edilməsinə gələcəkdə maneəçilik edə biləcəyini, araşdırma aparmaq səlahiyətinin hüquq mühafizə orqanlarına mənsub olmasını bildirmişdir. Hikmət Həsənov da ona təkrarən işimə qarışmayın, Müdafiə nazirinin və baş qərargah rəisinin göstərişi ilə həmin prosesləri təşkil etdiyini bildirdikdə, Hikmət Həsənovun qanunsuz hərəkətləri qəhrəmanlıq hesab etdiyini, törətdiyi əməlləri özünün uğuru hesab edərək, digər şəxslər ilə bölüşmək istəmədiyi səbəbdən verilən tövsiyyələri qəbul etmədiyini anlamış, bu barədə əlavə söhbət etməmişdir. Hikmət Həsənov Müdafiə naziri Zakir Həsənovun və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun göstərişi ilə 703 nömrəli hərbi hissədə və 708 nömrəli hərbi hissədə qeyd edilən hadisələri törətmişdir. Hikmət Həsənov 2016-ci ilin aprel ayında aparılmış döyüş əməliyyatlarında hər hansı formada mükafatlandırılmadığından, lakin 2-ci Ordu Korpusunun komandiri Mayis Bərxudarov və onun müavinləri mükafatlandırıldığından, həmin tarixdən H.Həsənovda xidməti fəaliyyəti ilə bağlı ona yuxarı komandanlıq tərəfində düzgün qiymət verilməməsi ilə bağlı inciklik olmuş, 2017-ci ilin may ayında düşmən qüvvələri ilə əməkdaşlıq etmiş hərbi qulluqçular barədə faktlar aşkar etdiyindən bununla bağlı mükafatlandırılacağını düşündüyündən, habelə Baş qərargah rəisinin etimad etdiyi şəxslərdən olan Zahid Niftəliyevin çoxlu sayda düşmən qüvvələri ilə əməkdaşlıq etmiş şəxslər aşkar edəcəyi halda ona yüksək rütbə və yuxarı vəzifələr verəbiləcəyini söyləyərək inandırdığından Hikmət Həsənov canfəşanlıqla qeyd edilən qanunsuz hərəkətləri törətmişdir.”
– Seyidov Cəfər Əziz oğlu (1040-1044)
641 saylı hərbi hissənin komandiri (Dəniz Qüvvələri – Dəniz pişikləri). Baş Qərargah rəisi Nəcməddin Sadıqovun göstərişi ilə işgəncə prosesində iştirak etdiyini etiraf edib.
“2017-ci ilin may ayının əvvəllərində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqovun əmri ilə 641 saylı hərbi hissəyə 1-ci ordu birləşməsinin tabeliyində olan 157 saylı hərbi hissənin 2-ci taborunun müdafiə zolağındakı ərazidə düşmən kalonunun müşayiəti və vəziyyətə uyğun olaraq məhv edilməsi ilə bağlı döyüş tapşırığı verilmiş, bu tapşırığın icrası ilə əlaqədar o, həmin hərbi hissənin komandiri olaraq 4 may 2017-ci il tarixdə səhər saatlarında təxminən 15-20 nəfər şəxsi heyətlə birlikdə Bərdə rayonuna 1-ci korpusun qərargahına gəlmişdir… 6 may 2017-ci il tarixdə səhər saatlarında o, şəxsi heyətlə birlikdə 157 saylı hərbi hissənin 2-ci taborunun
müdafiə zolağında olan postlara çıxmış, şəxsi heyəti postlara yerləşdirmiş, özü də bir-bir postları
gəzmiş və döyüş tapşırığının icrası ilə bağlı vəziyyətlə maraqlanmışdır. Bu işləri gördüyü zaman
təxminən günorta 12-13 radələrində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov
onunla istifadəsində olan məxfi rabitə “TETRA” ilə əlaqə saxlayaraq, Hikmət Həsənovun yanında
aşağıda istintaq qrupunun işlədiyini, həmin qrupa mühafizənin təşkili ilə bağlı köməklik etmək lazım olduğunu bildirmiş və 1-ci ordu korpusunun komandiri ilə əlaqə saxlamağı tapşırmışdır. O, bu barədə göstəriş aldıqdan sonra dərhal korpus komandiri Hikmət Həsənovla məxfi rabitə ilə əlaqə saxlayaraq Baş qərargah rəisindən şifahi tapşırıq aldığını ona demiş və nə köməklik etmək lazım olduğunu, istintaq qrupunun harada işlədiyini soruşmuşdur. Hikmət Həsənov ona 703 saylı hərbi hissənin Şıxarx qəsəbəsində köhnə qərargah binasına getmək lazım olduğunu, detalları ilə müavini Babək Səmidli ilə əlaqə saxlayıb dəqiqləşdirməyi bildirmişdir. Bundan sonra o, Hikmət Həsənovun müavini Babək Səmidli ilə əlaqə saxlamış, Babək ondan Şıxarx kəndinə gəlməyi xahiş etmiş və orada ətraflı vəziyyəti izah edəcəyini demişdir. Bundan sonra o, şəxsi heyətinə döyüş postlarında qalmağı əmr edib, özü tək Şıxarx kəndinə 703 saylı hərbi hissənin köhnə qərargah binasına gəlmişdir. Ora çatanda Babək Səmidli binanın həyətində olmuş, sonuncu ilə görüşmüş və vəziyyətin nə olduğunu, haranı mühafizə etmək lazım olduğunu soruşmuşdur. Babək Səmidli ona binanı və ətrafını mühafizə etmək lazım olduğunu, binaya gələn yollara artıq şlaqbaum
qoyulduğunu və korpusun şəxsi heyətinin həmin yeri mühafizə etdiyini bildirmişdir… Babək Səmidli söhbət zamanı ona istintaq qrupunun həmin binada işlədiyini bildirmiş, bu söhbətdən qabaq 04.05.2017-ci il tarixdə Baş Prokurorluq, DTX, DİN və digər qrurumların mətbuatda verilmiş bəyanatından ona məlum olmuşdur ki, 1-ci ordu korpusunun tabeliyində olan bəzi hərbi hissələrin şəxsi heyəti arasında düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslər aşkar olunmuş, bununla bağlı cinayət işi başlanmış və istintaq aparılmışdır… O, 641 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən 703 saylı hərb hissənin köhnə qərargah binası və 708 saylı hərbi hissənin köhnə yataqxana binasında saxlanılan şübhəli şəxslərə qarşı hər hansı fiziki zorakılıq və psixi təsir göstərilməsi hallarına şahid olmamış, özü şəxsən heç kimə fiziki zor və ya psixi təsir göstərməmişdir. Şübhəli şəxslər 703 saylı hərbi hissənin köhnə qərargah binası və 708 saylı hərbi hissənin köhnə yataqxana binasında saxlanarkən 641 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən mühafizə həyata keçirildiyi müddətdə kənar şəxslər tərəfindən həmin şəxslərə fiziki zor tətbiq edilməsi halına şahid olmamışdır….”
–General Nəcəfov Hilal Əlimurad oğlu (1070-1074).
İfadə verir ki, işgəncələrə general Hikmət Həsənov rəhbərlik edib və bu barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məlumat verib. (səhifə 1072). Eyni zamanda, dövlət sirri və hərbi sirr sayılan məlumatları yayıb.
“… 2 may 2017-ci il tarixdə yenidən H.Həsənovun yanına 703 nömrəli hərbi hissənin qərargahına getmiş və gündüz saatlarında orada kölgənəcəkdə oturmaqla H.Həsənovla baş vermiş hadisələr barədə söhbət etmiş, düşmən qüvvələri ilə əlaqədar yeni hallar aşkar etmək, məlumat toplamaq üçün orada olmuşdur. Həmin gün qərargahın inzibati binasında yerləşən otaqlara daxil olmamış, lakin ərazidə olarkən çoxlu sayda hərbi qulluqçunun əlləri və gözləri bağlı vəziyyətdə döyülərək qərargaha maskalı hərbi qulluqçular tərəfindən gətirilməsinə, H.Həsənovun və səlahiyyət verdiyi vəzifəli şəxslərin aparılan sorğulanma proseslərinə nəzarət etməsinə, binanın daxilindən qışqırıq, işgəncə səslərinin gəlməsinə şahid
olmuşdur. H.Həsənov daimi olaraq həmin ərazidə olduğundan məcbur qalaraq ərazidə gündəlik xidməti fəaliyyətini qurtardıqdan sonra təxminən 6 may 2017-ci il tarixə kimi hər gün taktiki
məsələlər ilə bağlı söhbət etmək üçün 703 nömrəli hərbi hissəyə getmişdir. H.Həsənov həmin müddətdə aparılan sorğulanma proseslərinə nəzarət edərək yuxarı komandanlığa, yəni Müdafiə nazirinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinə şəxsən bu barədə məlumatlar vermişdir. Həmçinin Şıxarx qəsəbəsində olduğu vaxtlarda ərazidə əks kəşfiyyat idarəsinin adını bilmədiyi bir neçə hərbi qulluqçusunu, hərbi prokurorluğun adını bilmədiyi bir neçə müstəntiqini, Müdafiə Nazirliyinin vəzifəli şəxsləri general mayor Rasim Əliyevi, ədliyyə polkovniki Rauf Kişiyevi görmüş, onlar ilə birlikdə əsgər kölgənəcəyində oturaraq ümumi formada söhbət etmişdir…. 08 may 2017-ci il tarixdə gündüz saatlarında ezamiyyətdə olduğu zaman, H.Həsənovla əlaqə saxlayaraq ilkin olaraq 708 nömrəli hərbi hissəyə getmiş. ərazinin başında maska olan hərbi qulluqçular tərəfindən mühafizə edilməsinə, SAT-ın hərbi qulluqçularının dindirmə aparmasına şahid olmuşdur. Həmçinin 708 nömrəli hərbi hissənin giriş qapısından sağ tərəfdə həkimlərin olduğu bina, sol tərəfdə sıra meydanın yaxınlığından hüquqmühafizə orqanı əməkdaşlarının dindirmələr aparması üçün nəzərdə tutulmuş inzibati bina, habelə iki ədəd təxminən 50×100 metr ölçüsündə işgəncə verilən şəxsləri saxlamaq üçün olan inzibati binalar olmasına şahid olmuşdur. SAT-ın hərbi qulluqçularının nəzarəti altında inzibati binaların birində şəxsi heyət saxlanılmış, digərində isə sorğulanaraq işgəncəyə məruz qalmışdır. Prokurorluğun müstəntiqləri, təhqiqat orqanının eləcə də, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları ayrı-ayrı otaqlarda əyləşməklə, hər hansı şəxsə zor tətbiq etməmişlər. Habelə ərazidə Tərtərin hərbi prokurorunu və Qarabağ hərbi prokuronu (DİQQƏT: həmin vaxt Qarabağ hərbi prokuroru olan Bəhruz Əhmədov 2025-ci ildə Respublika Hərbi Prokuroru vəzifəsinə təyin edildi), həmin prokurorluğun müstəntiqlərini, Ordu Birləşməsinin əks kəşfiyyat şöbəsinin rəisini, Daxili Təhlükəsizlik idarəsinin əməkdaşlarını görmüş, lakin onların ad və soyadlarını bilməmişdir….”
– General Ağayev Zakir Samiddin oğlu (1074- )
İşgəncələrə general Hikmət Həsənov şəxsən rəhbərlik etməsi, onun qanunsuz əməllərinə etiraz etməsi, bu barədə müdafiə naziri Zakir Həsənova məlumat verməsi, həmçinin Seyidov Cəfər Əziz oğlunun rəhbərliyi altında 641 saylı hərbi hissənin işgəncə prosesində iştirak etməsi barədə geniş məlumat verib.
“…Həmin gün təxminən bir neçə saat müddətində ərazidə olmuş, Hikmət Həsənovla otaqda olduğu zaman etdiyi hərəkətlərin qanunsuz olmasını söyləyərək, belə hərəkətlərə yol verməməsini söyləmişdir. Hikmət isə ona məcburiyyət qarşısında qalaraq vətənə xəyanət edən şəxsləri aşkar etmək üçün qeyd edilən vasitələrdən istifadə etdiyini, Müdafiə nazirliyinin bu barədə məlumatlı olduğunu söyləməklə, kömək etməsini xahiş etmiş, bu zaman o, Hikmət Həsənova Bakı şəhərinə gedərək cənab nazirə bu barədə məlumat verəcəyini bildirmişdir. O, növbəti gün səhər saatlarında Bakı şəhərinə gedərək, Müdafiə nazirinin qəbulunda olmuş, nazirə Şıxarx qəsəbəsində gördüyü qanunsuz hərəkətlər barədə məlumat vermiş, Hikmət Həsənovun rəhbərliyi altında vətənə xəyanətdə şübhəli olan bir qrup hərbi qulluqçunun ağır işgəncələrə məruz qalmasını diqqətinə çatdırmış, edilən hərəkətlərin qanunsuzluq olmasını söyləyərək, dayandırılmasını məqsədə müvafiq olmasını söyləmişdir. Müdafiə naziri, generak-polkovnik Zakir Həsənov onun dediklərinə qulaq asdıqdan sonra yanında otaqda Prokurorluğun bilmədiyi məsul vəzifəli şəxsləri ilə telefon əlaqəsi saxlayaraq onlara baş vermiş hadisələr ilə bağlı məlumat vermiş və araşdırma aparılması üçün səlahiyətli şəxslərin onlar olduğunu, bu məsələdə köməklik etmələrini xahiş etmişdir. Həmçinin o, Şıxarx qəsəbəsində olduğu zaman sorğulanan şəxslərdən hər hansı hərbi qulluqçunun ölməsini eşitməmişdir. Bundan sonra nazir ona növbəti gün 703 nömrəli hərbi hissə getməyi, baş vermiş hadisələr ilə bağlı zərurət olarsa məlumat verməyi tapşırmış, həmçinin Hikmət Həsənova qanunsuz hərəkətlərini dayandırması barədə söyləməyi bildirmişdir. Həmin gün Bakı şəhərində qalmış və növbəti gün yenidən səhər saatlarında 703 nömrəli hərbi hissəyə getmiş, 07 may 2017-ci
il tarixdə saat 12 radələrində həmin hərbi hissədə olmuş, həmin gün əraziyə gözləri və əlləri bağlı vəziyyətdə hərbi qulluqçuların dindirilmə üçün gətirilməsinə, ərazinin hərbi qulluqçular tərəfindən mühafizə edilməsinə şahid olmuşdur. Ərazidə olarkən kölgənəcəkdə oturub ümumi olaraq baş vermiş hadisələri müşahidə etmiş, həmin gün dəqiq xatırlamadığı tarixdə Hikmət Həsənov hərbi hissənin ərazisinə daxil olmuş və bu zaman o, Hikmət Həsənova nazirin dediklərini söyləmiş, sonuncu da cavab olaraq ona bunları nəzərə alacağını bildirmişdir. Həmin gün ərazidə 641 nömrəli hərbi hissənin komandiri Cəfər Seyidovu, habelə tabeçiliyində xidmət aparan hərbi hissənin hərbi qulluqçularından bir neçə nəfər şəxsi görmüşdür. Həmin hərbi hissənin hərbi qulluqçuları Baş Qərəgah rəisinin əmri ilə qeyd edilən əraziyə ezam edilmiş, lakin onların əraziyə hansı xidməti fəaliyyət ilə bağlı ezam edilməsini bilməmişdir. O, dəqiq olaraq saatı xatırlamasa da, həmin gün ərazidə olduğu zaman anidən bir nəfər şəxsin qərargahın ikinci mərtəbəsindən aşağı tullanmasını eşitmiş və həmin şəxsin yerə düşdüyü əraziyə yaxınlaşmış, adını bilmədiyi həmin şəxsin səhətinin ağır vəziyyətdə olmasına şahid olmuşdur. Hikmət Həsənov həmin hərbi qulluqçunun yanına gəlmiş və ağır vəziyyətdə olan həmin şəxs hospitala təxliyə edilmişdir. Həmin hadisədən sonra ərazidə olan qara paltarlı hərbi qulluqçular çıxardılmış, onları Cəfər Seyidovun rəhbərliyi altında xidmət aparan 641 nömrəli hərbi hissənin hərbi qulluqçuları əvəz etmişdir. 8 may 2017-ci il tarixə kimi Şıxarx qəbəsində olan köhnə qərargahın yerləşdiyi əraziyə günün müxtəlif vaxtlarında olmuş, habelə bir neçə dəfə Hikmət Həsənova baş vermiş qanunsuz hərəkətlərin dayandırılmasını xahiş etmiş, lakin dediklərinin nəzərə alınmamasını görüb, bununla əlaqədar hər hansı hərbi qulluqçuya göstəriş verməmişdir…”
– Əhmədov Bahadır Allahverdi oğlu (1083-1089)
işgəncələr (1084) və iştirakçılar haqqında ətraflı məlumat verir.
“…Gecələri adətən 703 saylı hərbi hissənin yaxınlıqdakı tibb məntəqəsində gecələmiş və gündüz saatlarında isə əsasən köhnə qərargahda olmuşlar. Köhnə qərargah binasında olduğu ilk saatlarda binanın 2-ci mərtəbəsində olan otaqlarda əlləri və gözləri bağlı vəziyyətdə olan, tam lüt soyundurulmuş şəxslər otaqlarda yerdə otuzdurulduğunu, otaqlardan bağırtı, qışqırıq səsləri gəldiyini, həmin otaqlarda saxlanılan şəxslərin əkasəriyyətinin bədəni üzərində qançır izləri, xəsarətlər, qan izləri olduğunu görmüşdür. Bu xəsarətlərə əsasən onların ağır şəkildə işgəncələrə məruz qaldığını başa düşmək olmuş, otaqlardan “danış etiraf elə şərəfsiz alçaq, erməniyə işləyən, petux, səni kim verib erməniyə ad ver ad ver, etiraf elməsən öləssən, satqın, səni kim zorlayıb”, “vurmayın, eləməmişəm, öldüm öldüm yavaş ol, günahsızam, eləməyin, ermənilərlə əlaqəm yoxdur” məzmunlu səslər eşidilmişdir. Həmin otaqlarda lüt, əlləri və gözləri bağlanmış şəxsləri dəmir, plastik turba, tros, armatur, yumruq, şillə və təpik zərbələri ilə döyüldüklərini, başlarını su çəlləklərinə salıb boğduqlarını, üzlərinə əsgi atıb ağızlarına su tökdüklərini, bədənlərinə KPM-1 markalı aparatla elektrik cərəyanı verdiklərini,
bəzilərinin kəlbətinlə dırnaqlarının çəkildiyini, bədənlərində siqaret söndürdüklərini görmüşdür. Həmin işgəncələri əsasən qara kəşfiyyatçı geyimində olan maskalı şəxslər vermişlər. İşgəncə verənlər arasında ilk günlərdə adi hərbi geyimdə olan və ya yaşıl hərbi geyimdə olan maskalı şəxslər də olmuşlar. Həmin şəxslər tez-tez lüt sorğulanan şəxsləri otaqdan-otağa keçirmiş, başqa formalarda işgəncə vermiş, düşmənlə əlaqələrini etiraf etməyi tələb etmiş, tez-tez dəhlizdə ora-bura gedib-gələn Fuad Ağayevə kimin etiraf edib-etmədiyini məruzə etmiş, o isə korpus komandirinin olduğu otağa daxil olub ona məzurə etmişdir. Bəzi hallarda sorğu-sual olunan lüt vəziyyətdəki şəxslər Hikmət Həsənovun olduğu keçmiş briqada komandirinin otağına maskalı şəxslər tərəfindən aparılıb-gətirilirmişlər. 2-ci mərtəbədə işgəncə görüb düşmənlə əlaqəsini etiraf edən şəxslər 1-ci mərtəbəyə düşürülmüş, orada Hərbi Prokurorluğun müstəntiqləri kimi tanıdığı, adlarını və xarici görkəmlərini xatırlamadığı şəxslər tərəfindən dindirilmişlər. Ora gəldiyi ilk gün Fuad Ağayevdən sorğu-sual olunan şəxslərin lüt vəziyyətdə niyə belə saxlanıldıqlarını soruşduqda sonuncu «bular hamısı vətən xainidir, bunları belə eləmək lazımdır, şərəfsiz alçaq hərbi qulluçulardır, hamısı düşmənə işləyib, bunlara su da, yemək də vermək olmaz, bunları belə vahiməli və qorxulu vəziyyətdə saxlamaq lazımdır ki, düşmənlə əlaqələrini etiraf eləsinlər, yoxsa bu vəziyyətdə saxlamasan, işgəncə verməsən “etirafa” getməyəcəklər, düşmənlə əlaqələrini inkar edəcəklər.» Fuad və işgəncə verən maskalı şəxslər həmin xainləri onların tapdığını, aşkar etdiyini və onlara mükafat düşdüyünü bildirmişlər. Ora gəldiyi ilk vaxtlar sorğu-sual olunan şəxslərə 2-3 gün ərzində su və yemək verilmədiyini bildikdə Fuad Ağayevə həmin şəxslərin həm döyülüb işgəncəyə məruz qaldıqlarından, həm də onlara su və yemək vermədiklərindən onların səhhətinin yaxşı olmayacağını bildirdikdə Fuad ona “sən bunları müdafiə elemə, bunlar vətən xainidir, ölsələr yaxşıdır” sözlərini demişdir… Həm köhnə qərargahda, həm də 708 saylı hərbi hissədə olduğu müddətdə Hikmət Həsənov və Fuad Ağayevdə belə bir psixologiya və fikir olmuşdur ki, sorğulanan şəxslər vətən xainidir, bu səbəbdən də onlar ölməlidir, ölmələri problem olan deyildir. 2017-ci ilin iyun ayının ilk on günlüyündə hazırda dəqiq xatırlamadığı gündə xidməti zərurətlə əlaqədar, 056 saylı hərbi hissəyə getmiş və orada həyətdə besetkada oranın komandiri Hüseyn Əliyevlə söhbət edən zaman Fuad Ağayev və 056-nın lor həkimi Gündüz Əkbərov UAZ maşınında birlikdə ora gəlmişlər. Gündüz maşından düşüb hospitala daxil olduqdan sonra F.Ağayev onlara yaxınlaşıb söhbət zamanı Gündüzün yaxşı peşəkar biri olduğunu, ona vəzifə vermək lazım olduğunu demişdir. Yaxın günlərdə Gündüzün xidmət yeri Bakıya dəyişdiriləcəyindən sonuncuya onun yaxın günlərdə gedəcəyini bildirmişdir. Sonra Fuad və Gündüzün bir yerdə haradan gəldiklərini, nə iş gördüklərini soruşduqda Hüseyn Əliyev 190 saylı hərbi hissədə düşmənlə əməkdaşlıqda şübhəli bilinən şəxslərin aşkarlanması ilə əlaqədar Fuad Ağayev həmin şəxslərin Ağdam rayonunun Paşabəyli kəndində sorğu-sualını həyata keçirdiyini, Gündüzün də orada kömək etdiyini bildirmişdir. Hikmət Həsənov Fuad Ağayevə həmin dövrlərdə səlahiyyət verdiyindən Gündüzün onun köməyinə verilməsini birbaşa ona deyil, Hüseyn Əliyevə tapşırmışdır. Sonradan istintaq və məhkəmə prosesləri zamanı Gündüz Əkbərov Paşabəylidə sorğu-sual zamanı Fuadın göstərişi ilə şübhəli şəxsləri qorxutmaq üçün öldürəcəyi adı ilə vitamin vurduğunu bilmişdir. Fuad Ağayev Paşabəyli kəndində sorğu-sual həyata keçirdiyi müddətdə ora getməmiş, orada olmamışdır. 16 iyun 2017-ci il tarixdə orada gizir rütbəli Ruslan adlı şəxsin sorğu-sual zamanı infakt keçirib vəfat etməsi ilə əlaqədar Fuad Ağayevi hərbi prokurorluq tutub həbs edildiyini eşitmişdir. 703 saylı hərbi hissənin köhnə qərargah binasında sorğu-sual prosesləri və işgəncələr Hikmət Həsənov və Fuad Ağayevin rəhbərliyi altında ilk günlərdə 703 saylı hərbi hissənin kəşfiyyat bölüyünün maskalı hərbi qulluqçuları, sonrakı günlərdə isə qara geyimli 057 saylı hərbi hissənin kəşfiyyatçıları tərəfindən həyata keçirilmişdir. SAT gələndən sonra isə sorğu-sual və işgəncələr onlar tərəfindən edilmiş, işgəncə verən və ya sorğu-sual edən tanımadığı şəxslər maskada olmuşlar. Onlar arasında tez-tez bir nəfər şəxsə “Maşa Maşa” deyə müraciət etdikləri şəxsin sonradan 057-saylı hərbi hissənin giziri Sənan Maşıyev olduğunu bilmişdir….”
Hörmətli millət vəkilləri!
Diqqət etdinizsə, mən işgəncəgörənlərin, zərərçəkmişlərin ifadələrindən yox, bu gün də vəzifədə və ya təqaüdə çıxmış yüsək rütbəli zabitlərin şahid ifadələrindən sitatlar gətirdim. Tək bu ifadələr kifayətdir ki, Müdafiə Naziri Zakir Həsənov başda oplmaqla, Nəcməddin Sadıqov, Hikmət Həsənov, Mais Bərxudarov, Natiq Əliyev, Teymur Məmmədov, Cəfər Seyidov, Xanlar Vəliyev, Şəfayət İmranov və bu ifadələrdə adları keçən digər şəxslər dərhal həbs edilsinlər.
Ancaq bu baş vermir. Çünki, bu şəxslər yüksək səviyyədə: prezident vəzifəsini qanunsuz üsullarla ələ keçirib saxlayan İlham Əliyev və bəzi şəxslərlə qohumluq əlaqələrinə görə, onun xanımı Mehriban Əliyeva tərəfindən himayə edilirlər.
Bu şahid ifadələri ilə tam sübuta yetirilir ki, “Tərtər dövlət qətliamı”nı törədənlərin əməllərində “soyqırım” (CM-nin 103-cü maddəsi) , “əhalini məhv etmə” (CM-nin 105-ci maddəsi), “cinsi zorakılıq” (CM-nin 108-ci maddəsi), “insanları zorakılıqla yoxa çıxarma” (CM-nin 110-cu maddəsi), “beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə” (CM-nin 112-ci maddəsi), “qəsdlə və ağırlaşdırıcı hallarda adam öldürmə” (CM-nin 120-ci maddəsi) və sair ağır cinayətlərin tərkib hissəsi vardır. Bu, insanlıq və bəşəriyyət əleyhinə olan cinayətdir. Bunu bağışlamaq, unutmaq olmaz!
Hökmün 1103-1182-ci səhifələri əlavə sübut növləri: protokollar, sertifikatlar, ekspert rəyləri və s.
1189-1191-ci səhifələr isə məhkəmənin verdiyi, gülünc, ədalət adına utancverici qərardır.
Siz cəzalara fikir verin, hörmətli millət vəkilləri.
– Ələsgərov Vüsal Əziz oğlu: 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə,
– Niftəliyev Rəşid Ağaşərif oğlu: 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə,
– Qarayev Ramil Fariz oğlu: 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə,
– Ələsgərov Rüstəm Çərkəz oğlu: 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə,
Bu, hökm deyil, Azərbaycan xalqının ləyaqətini, şərəfini tapdalamaq, xalqı ələ salmaq və diktaturanın xalqa meydan oxumasıdır.
“Tərtər dövlət qətliamı” ilə bağlı çıxarılan bütün hökmlər belədir.
Qatillər yüksək vəzifələrdə, rejim tərəfindən mükafatlandırılmaqda…
Bu isə o deməkdir ki, dövlətçiliyimiz tam bir təhlükə altındadır.
Mən çıxışımı tamamlayır, səbrlə məni dinlədiyinizə görə sizlərə təşəkkür edir və Azərbaycan vətəndaşlarını, indiki rejimə qarşı mübarizədə, Xalq Parlamentini dəstəkləməyə çağırıram.
Diqqqətinizə görə təşəkkür edirəm.
24.05.2025-ci il.
London. Qurban Məmmədli Cəlal oğlu.
![]()





