Əlaqə vasitələri

Qurban Məmmədli: “Siyasi məhbus institutu” : mahiyyəti və vəzifələrimiz.

Siyasi məhbus institutu” : mahiyyəti və vəzifələrimiz.

Möhtərəm sədr, hörmətli millət vəkilləri.

Mən, öncə, məndən əvvəl çıxış edən hörmətli millət vəkillərinə dərin məzmunlu və əhatəli çıxışlarına görə təşəkkür edirəm.

Nəzərə alaraq ki, onlar siyasi məhbusların sayı, onlara qarşı irəli sürülən ittihamlar, onların şəxsi və ailə problemləri, istintaq-məhkəmə özbaşınalıqları, qanunsuz hökmlər, cəza çəkmə yerlərindəki vəziyyət və sair mövzularda ətraflı danışdılar, mən siyasi məhbus məsələsinin bir siyasi və hüquqi institut kimi əhəmiyyətindən danışacağam.

Bəli, bəli, hörmətli millət vəkilləri, məhz əhəmiyyətindən. Təbii ki, rejim və dırnaqarası hüquq müdafiəçiləri və “siyasi liderlər” üçün əhəmiyyətindən. İlqar bəy də qismən toxundu bu məsələyə.

Sizə və hazırda ekranlar qraşısında bizi canlı olaraq izləyən əziz soydaşlarımız, ilk öncə deyim ki, bu məruzəmdə istifadə etdiyim institut sözü, hansısa elmi-tədqiqat idarəsinin, təşkilatının, müəssisənin özünün və ya struktur vahidinin adı kimi yox, ictimai münasibətlərin hər hansı sahəsində istifadə edilən normaların toplusu kimi, konkret bu günkü mövzumuzla bağlı desək, hüquqi-siyasi mənada, rejim əlehdarı olan şəxslərin şərlənməsi, onlara qarşı saxta sübutların, yalançı şahidlərin hazırlanması, istintaqa qanuni don geyindirilməsi, ictimai rəyin hazırlanması, beynəlxalq təşkilatların bu sahədə müşahidəçilik missiyalarına mane olmanın metodları, qanunsuz hökmlərin çxarılması, siyasi məhbusların cəzaçəkmə yerlərində təqibi və sındırlması prosesi, şantaj etmələr, onların ailə üzvlərinə və yaxınlarına təzyiqlər mexanizminin məcmusu başa düşülməlidir.

Geniş tamaşaçı kütləsi üçün daha da aydın olsun deyə, məsələn, vərəsəlik problemlərinə aid qanun normalarının məcmusu ümumi hüququn mülki hüquq sahəsinin “vərəsəlik unstitu”nu təşkil etdiyi kimi, yuxarıda sadaladığım məsələlərlə bağlı rejimin işləyib hazırladığı, yazılı qanunlarımızda olmayan, yalnız rejim sahibinə və onun əmrini icra edənlərə məlum olan qaydalar son 30 ildə ölkəmizdə hüquqi və siyasi baxımdan “siyasi məhbus institutu”nu formalaşdırb.

Mən məhz bu institutdan danışacağam.

Reqlamenti nəzərə alaraq, hörmətli millət vəkilləri, çalışacağam ki, fikirlərimi tezislər şəklində çatdırım.

Azərbaycanda “siyasi məhbus institutu” bir hüquqi-siyasi institut olmaqla məhz 4 iyun 1993-cü ildə baş vermiş və hakimiyyətin Heydər Əliyev tərəfindən qanunsuz yollarla ələ keçirilməsi ilə nəticələn silahlı dövlət çevrilişindən sonra formalaşmağa başladı.

“Ondan əvvəl siyasi məhbuslar yox idimi?” -deyə, soruşa bilərsiz. Əlbəttə var idi. Mən özüm ilk dəfə 1990-cı ildə Ayaz Mütəllimovun hakimiyyəti dövründə siyasi məhbus həyatı yaşamışam. O vaxt da, ondan sonra da, rəhmətlik Ə.Elçibəyin dövründə də siyasi məhbuslar olub.

Ancaq.

Ancaq siyasi məhbus institunun bir siyasi mübarizə metodu kimi, həm daxili, həm də xarici siyasi münasibətlərdə istifadə edilməsi, məhz son 30 ildə ölkəmizdə hakimiyyəti zəbt edib xalqı talayan heydərizmin vaxtında sistemli şəkildə baş verməkdədir.

Hamıya, o cümlədən də istənilən dövlət başçısına, İlham Əliyevin özünə və onun komanda üzvlərinə yaxşı məlumdur ki, siyasi məhbus məsələsi onun özünün şəxsən, bütövlükdə isə hakimiyyətinin nüfuzuna beynəlxalq aləmdə ziyan vurur. Bu problem bəzən, xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən təzyiq vasitəsi kimi də istifadə edilir.

İstər-istəməz sual yaranır: bunu bilə-bilə onda niyə ölkəmizdə bu qədər siyasi məhbus var və niyə bu problemə birdəfəlik son qoyulmur?

Digər tərəfdən, hörmətli millət vəkilləri, siyasi mövqeyinə görə həbs edilən şəxslər, xüsusilə də jurnalistlər, qadın jurnalistlərimiz hakimiyyət üçün real təhlükə yaradırlarmı? Onların azadlıqdakı fəaliyyətləri, yoxsa siyasi məhbus olmaları rejimin nüfuzuna, hakimiyyətinə daha çox ziyan vurur, təhlükə yaradır?

Axı, bu həbslərdən sonra da rejimin tənqidi, ifşası davam edir və faktik olaraq, bu həbslərlə həmin tənqid və ifşanın qarşısının alınması mümkün deyil. Rejimin əli çatmadığı, həbs etməsi, susdura bilməsi mümkün olmayan, xaricdə fəaliyyət göstərən yüzlərlə soydaşımız var.

Bəs onda niyə? Kimə və niyə lazımdır bu siyasi məhbus institutu?

Hörmətli millət vəkilləri və dəyərli soydaşlarımız.

Siyasi məhbus problemi heydərizm tipli avtoritar, diktatura rejimləri üçün öz hakimiyyətlərini qoruma vasitəsi kimi istifadə edilən və sınaqdan çıxmış bir metoddur.

Ritorik bir sual: ölkəmizdə siyasi məhbuslar olmasa, beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyəti ilə hansı problemləri müzakirə edəcəklər? Ölkə daxilində və xaricində fəaliyyət göstərən müxalif fikirli insanlar hansı mövzulardan danışacaq və fəaliyyətlərini hansı məqsədlərə yönəldəcəklər?

Sualın cavabı inanıram ki hamınıza aydındır: seçkilərdən, seçki qanunvericiliyinin təkmilləşdirilməsindən, dövlət və ictimai əmlakın talan edilməsindən, hakimiyyətin xalq iradəsinə uyğun formalaşdırılmasından, neft, qaz və sair milli sərvətlərimizin satışından gələn gəlirlərin ədalətli bölgüsündən, bir sözlə ölkəmizdə real demokratik rejimin qurulmasından. Bu müzakirələrin də, əvvəl-axır, hakimiyyətin dəyişilməsi ilə nəticələnəcəyi heç kimə sirr deyil.

Bəs, daxili siyasi qüvvələr, siyasi məhbus mövzusundan danışmağa məcbur olmasalar, öz fəaliyyətlərinin əsas istiqamətlərini hansı mövzulara həsr edəcəklər? Təbii ki, hakimiyyətin dəyişdirilməsi üsullarını, haklimiyyətə gəlməyin yollarını araşdıracaqlar. Milli sərvətlərin talan edilməsinin qarşısının alınması və xalqdan oğurlanan sərvətin geri qaytarılmasının yollarını müzakirə edəcəklər. Məqsədlərinə çatmaq üçün xalqın təşkilatlanması ilə məşğul olacaqlar. Hakimiyyət uğrunda real siyasi fəaliyyət göstərəcəklər.

İndi nəylə məşğuluq?

Hörmətli millət vəkilləri, biz indi siyasi məhbus problemini, onların azadlığa çıxma yollarını, onların hüquqlarının müdafiəsinin təşkilini müzakirə edirik.

Bax budur əsas məqsəd.

Siyasi məhbus institutu rejim üçün beynəlxalq təşkilatlarla alver vasitəsi, daxili bəzi dırnaqarası hüquq müdafiəçiləri və siyasətçilər üçün qrant mənbəyi və özünü reklam üçün, siyasi fəaliyyət görüntüsü yaratmaq üçün lazımdır.

Bizə isə, hörmətli millət vəkilləri bu LAZIM DEYİL! Biz ölkəmizdə xalqımızın layiq olduğu hakimiyyətin formalaşdırılması üçün, hüquqi dövlətin yaradılması üçün mübarizə aparırıq.

Rejim öz siyasi rəqiblərinin başını siyasi məhbuslarla qatır, onları vaxtlarını məhkəmə salonlarında, həbsxana qapılarında keçirməyə məcbur edir, xalqımızın hakimiyyət uğrunda mübarizədə sərf edilməli olduğu energisini səmərəsiz tükətməsinə çalışır.

Əsas sual budur: belə vəziyyətdə, siyasilərin, xalqın və Xalq Parlamentinin vəzifələri nədən ibarətdir?

Məncə, biz qılıncla, silahla yox, o qılıncı, o silahı tutan əllə mübarizə aparmalıyıq. Biz ölkəmizdə siyasi məhbus istehsalını konveyr üsuluna keçirən rejimin aradan qaldırılması üçün çalışmalıyıq, gücümüzü, enerjimizi daha çox məhz bu istiqamətdə sərf etməliyik.

Baxın, dəfələrlə dəvət edilsələr də, öz yaxınlarının həbsləri barədə xalq Parlamentində çıxış etməkdən müxtəlif bəhanələrlə yayınan, yalnız öz yaxınları həbs ediləndə məhkəmələrində jurnalistlərin az iştirakından gileylənən, hüquqlarını təklikdə qorumağa çalışan insanlarla siyasi məhbus probleminə son qoymaq olarmı?

Yox, yox, yenə də yox!

Bütün şəxsi və qurup maraqları və ziddiyyətləri bir kənara qoyub, problemin köklü həlli üçün, yəni rejimin dəyişdirilməsi üçün birləşmədikcə, xalqımızın gücünü və enerjisini məhz bu istiqamətə yönəltmədikcə, uydurma siyasi mübarizədən əl çəkmədikcə, rejim insanlarımızın taleyi ilə alver etməkdə davam edəcək, xalqın düşünən beyinləri ya köçə, ya həbsə, ya da fiziki baxımdan məhvə məhkum ediləcəkdir.

Başqa yolumuz yoxdur.

Aclıqla bağlı. Yalnız həbsxanalarda kütləvi aclıq təşkil ediləcəyi, boşqabların arxasına qaşıqla döyməklə səs salınacağı halda aclıq aksiyası nəsə nəticə verər. Əks-təqdirdə yox.

Diqqətinizə görə təşəkkür edirəm.

05.04. 2025.

Millət vəkili Məmmədov Qurban Cəlal oğlu.

Loading