Azərbaycan Respublikası Xalq Parlamentinin
18 yanvar 2025-ci il tarixli qərarı ilə təsdiq edilib.
Azərbaycan Respublikası Xalq Parlamentinin İntizam komissiyasının
Ə S A S N A M Ə S İ
- Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Xalq Parlamentinin (bundan sonra Xalq Parlamenti adlandırılacaq) 11 yanvar 2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xalq Parlamentinin Nizamnaməsi”nin (bundan sonra – Nizamnamə) 6.16 və 6.17-ci maddələrinə, “Xalq Parlamenti deputatının etik davranış qaydaları haqqında” Əsasnaməyə və Xalq Parlamenti Reqlamentinin 34 və 37-ci maddələrinə uyğun hazırlanmışdır və Xalq Parlamentinin İntizam komissiyasının (bundan sonra – İntizam komissiyası) fəaliyyətinin və işinin təşkili qaydalarını müəyyən edir.
1.2. İntizam komissiyası, Xalq Parlamentinin deputatı (bundan sonra – deputat adlandırılacaq) tərəfindən Xalq Parlamentinin nüfuzuna, deputat adına xələl gətirə biləcək davranışın qarşısının alınması məqsədilə yaradılır və “Xalq Parlamenti deputatının etik davranış qaydaları haqqında” Əsasnamədə, Azərbaycan Respublikasının qanunlarında, Xalq Parlamentinin Nizamnaməsində və bu Əsasnamədə müəyyən edilən qaydalara əməl olunmasına nəzarətin həyata keçirilməsi, həmin qaydaların pozulmasının qarşısının alınması və pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiq edilməsi sahəsində (bundan sonra – müvafiq sahə) Xalq Parlamentinin işinin həyata keçirilməsini təmin edir.
1.3. İntizam komissiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Xalq Parlamenti deputatının etik davranış qaydaları haqqında” Əsasnaməyə, Xalq Parlamentinin Nizamnaməsinə və Reqlamentinə, bu Əsasnaməyə uyğun həyata keçirir. - İntizam komissiyasının təşkili
2.1. İntizam komissiyası Xalq Parlamentinin birinci iclasında Nizamnamənin 6.10.1.14.-cü maddəsinə və Reqlamentin 34-cü maddəsinə. İntizam komissiyası deputatların sırasından 1 il müddətinə 5 üzvdən ibarət tərkibdə seçilir. Seçildikdən sonra İntizam komissiyası öz üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.
2.2. İntizam komissiyası fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, çoxpartiyalılıq prinsipləri əsasında təşkil edilir. İntizam komissiyası ədalətlilik, obyektivlik, qərəzsizlik, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması prinsipləri əsasında fəaliyyət göstərir. - İntizam komissiyasının səlahiyyətləri
3.1. İntizam komissiyasının aşağıdakı səlahiyyətləri vardır:
3.1.1. “Xalq Parlamenti deputatının etik davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilmiş etik davranış qaydalarına riayət olunmasına nəzarət etmək və bu məsələlərlə bağlı müraciətlərə baxmaq;
3.1.2. etik davranış qaydaları barədə deputatları məlumatlandırmaq;
3.1.3. deputatın həyata keçirdiyi və ya həyata keçirməyi nəzərdə tutduğu fəaliyyətin “Xalq Parlamenti deputatının etik davranış qaydaları haqqında” Əsasnaməyə uyğunluğu barədə qənaətə gələ bilmədiyi məsələyə dair rəy vermək;
3.1.4. Nizamnamədə və Reqlamentin 34-cü maddəsində göstərilən əsaslara görə, Xalq Parlamentinin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;
3.1.5. Reqlamentin 34.3.3.-cü maddəsində göstərilən əsasa görə, Xalq Parlamenti Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək;
3.1.6. Reqlamentin 34.3.4.-cü və 34.3.5-ci maddələrində göstərilən əsaslara görə, Xalq Parlamenti Sədrinin təqdimatı əsasında araşdırma aparmaq və müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul etmək, yaxud deputatın səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsinə dair rəy qəbul edib Xalq Parlamentinin müzakirəsinə təqdim etmək;
3.1.7. Deputat barəsində intizam icraatı başlamaq və ona xitam vermək;
3.1.8. Görülən tədbirlərə dair mütəmadi ümumiləşdirmələr aparıb Xalq Parlamentinin Sədrinə məlumat vermək;
3.1.9. Nizamnamədə, Reqlamentdə və bu Əsasnamədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirmək. - İntizam komissiyasının iclasları
4.1. İntizam komissiyasının iclasının gününü və saatını komissiyanın sədri təyin edir.
4.2. Xalq Parlamentinin iclasları arasındakı dövrdə İntizam komissiyasının işi davam edir.
4.3. İntizam komissiyasının iclası haqqında komissiya üzvü (həmçinin barəsində komissiyada iş aparılan deputat) iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilməlidir.
4.4. İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir.
4.5. İntizam komissiyasının sədrindən icazə alaraq komissiyanın iclasında iştirak etməmək üzrlü səbəb sayılır.
4.6. İntizam komissiyasının iclası onun azı 3 üzvü iştirak etdikdə səlahiyyətlidir.
4.7. İntizam komissiyasının iclasları qapalı keçirilir. İntizam komissiyasının 3 üzvünün razılığı ilə onun iclasları açıq və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilə bilər.
4.8. İntizam komissiyasının qərarları (rəyləri) gizli səsvermə yolu ilə onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.
4.9. İntizam komissiyasının bu Əsasnamənin 3-cü maddəsində göstərilən səlahiyyətlərinə aid olan məsələlərə dair keçirilən iclaslarında İntizam komissiyasının rəyi ilə razı olmayan
komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə Xalq Parlamentinin iclasında çıxış edə bilər.
4.10. İntizam komissiyasının iclasları protokollaşdırılır və stenoqrama alınır. İntizam komissiyasının iclasında iştirak etmiş deputatın həmin iclasın protokolu və stenoqramı ilə tanış olmaq və protokola qeydlər vermək hüququ vardır.
4.11. İntizam komissiyasının iclasları, real vəziyyətə uyğun olaraq, internet üzərindən və ya qapalı yerlərdə keçirilir. - İntizam komissiyasının üzvlərinin hüquqları və vəzifələri
5.1. İntizam komissiyasının üzvlərinin aşağıdakı hüquqları vardır:
5.1.1. daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən geci 1 iş günü müddətində xəbərdar edilmək;
5.1.2. İntizam komissiyası iclasının günü və saatı barədə ən azı 3 gün əvvəl xəbərdar edilmək;
5.1.3. “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamədə göstərilən tələblərin pozulması ilə bağlı İntizam komissiyasına daxil olmuş müraciətlərə və ya aşkar edilmiş məlumatlara baxılması, deputatların etik davranış qaydaları barədə məlumatlandırılması, bu qaydalarla bağlı rəy və tövsiyələrin verilməsi, həmin qaydaların pozulmasının qarşısının alınması və görülən tədbirlərə dair ümumiləşdirmələr aparılması işində iştirak etmək;
5.1.4. İntizam komissiyasına daxil olmuş və ya aşkar edilmiş sənədlər və materiallar ilə tanış olub onları öyrənmək, yoxlamaq və çıxarışlar etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;
5.1.5. İntizam komissiyasının iclasında baxılan məsələlərə dair çıxış etmək və rəyini bildirmək;
5.1.6. İntizam komissiyasının iclasına dəvət olunmuş deputatlara və digər şəxslərə suallar vermək, onlardan məlumat almaq, zəruri sənədləri və materialları, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;
5.1.7. İntizam komissiyasının iclasında səsvermədə iştirak etmək;
5.1.8. İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar barədə komissiyanın müvafiq qərarı olduğu halda, həmin məsələ ilə əlaqədar keçirilən iclasda iştirak etməmək;
5.1.9. “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamədə, Nizamnamədə, Reqlamentdə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək.
5.2. İntizam komissiyası üzvlərinin aşağıdakı vəzifələri vardır:
5.2.1. Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Nizamnaməni və Reqlamenti rəhbər tutmaq;
5.2.2. İntizam komissiyasının iclaslarında və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Xalq Parlamentinin iclaslarında iştirak etmək;
5.2.3. İntizam komissiyasında baxılan məsələlər üzrə şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda bu barədə komissiyaya dərhal məlumat vermək;
5.2.4. Nizamnamədə, “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamədə, Reqlamentdə və bu Əsasnamədə göstərilən digər vəzifələri müvafiq sahədə yerinə yetirmək. - İntizam komissiyasında barəsində araşdırma aparılan
deputatın hüquqları və vəzifələri
6.1. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın aşağıdakı hüquqları vardır:
6.1.1. barəsində daxil olmuş müraciətlər və təqdimatlar, habelə aşkar edilmiş məlumatlar haqqında ən geci 1 iş günü müddətində xəbərdar edilmək;
6.1.2. barəsində aparılan araşdırma ilə bağlı İntizam komissiyasının iclasının günü və saatı haqqında iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilmək;
6.1.3. İntizam komissiyasının iclaslarında iştirak etmək;
6.1.4. müvafiq sənədlər və materiallar ilə tanış olmaq, onlardan çıxarışlar etmək, etirazını bildirmək, suallar vermək, çıxış etmək, öz dəlil və mülahizələrini şifahi və ya yazılı şəkildə təqdim etmək;
6.1.5. izahat vermək;
6.1.6. İntizam komissiyasının qərarlarının və rəylərinin surətini almaq;
6.1.7. Nizamnamədə, Reqlamentdə və bu Əsasnamədə göstərilən digər hüquqları müvafiq sahədə həyata keçirmək.
6.2. İntizam komissiyasında barəsində araşdırma aparılan deputat Nizamnamədə, “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamədə, Reqlamentdə və bu Əsasnamədə göstərilən vəzifələri müvafiq sahədə yerinə yetirir.
6.3. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatın İntizam komissiyasının və komissiyada baxılmış məsələlərlə əlaqədar keçirilən Xalq Parlamentinin iclasında iştirakı obyektiv səbəblərdən mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır.
6.4. İntizam komissiyasında barəsində araşdırma aparılan deputatla komissiyanın üzvü (üzvləri) arasında şəxsi maraqlarına toxunan, habelə onun qərəzliliyinə əsas verə bilən hallar olduqda deputat komissiyanın həmin üzvünə (üzvlərinə) yazılı və ya şifahi şəkildə əsaslandırılmış etiraz edə bilər və belə etiraz təmin edilməlidir. - İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və
məlumatlara baxılması qaydası və müddətləri
7.1. İntizam komissiyası tərəfindən müraciətlərə, təqdimatlara və məlumatlara aşağıdakı müddətlərdə baxılır:
7.1.1. Deputatın “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə riayət etməməsi ilə bağlı hüquqi və ya fiziki şəxslər, dövlət orqanları (qurumları) tərəfindən edilən müraciətlərə, eləcə də kütləvi informasiya vasitələrində dərc edilən və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılan məlumatlara ən geci 3 iş günü müddətində, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə (məlumatlara) isə ən geci 7 iş günü müddətində;
7.1.2. Xalq Parlamentinin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Xalq Parlamentinin Sədrinin göndərişi əsasında 1 (bir) həftə müddətində;
7.1.3. Reqlamentin 34.3.3.-cü maddəsində göstərilən əsasa görə deputata töhmət verilməsi barədə Xalq Parlamentinin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edənin təqdimatına 3 gün müddətində;
7.1.4. Reqlamentin 34.3.5.-ci maddəsində göstərilən əsasa görə deputat səlahiyyətlərinin itirilməsi barədə Xalq Parlamenti Sədrinin təqdimatına 5 gün müddətində.
7.2. Deputatın “Xalq Parlamentinin deputatının etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə riayət etməməsi ilə bağlı bu Əsasnamənin 7.1-ci maddəsində göstərilən müraciətlər, təqdimatlar və ya məlumatlar intizam icraatının başlanmasına səbəb ola bilər.
7.3. İntizam icraatı İntizam komissiyasının sədrinin qərarı ilə başlanılır və komissiya üzvlərindən birinə və ya bir neçəsinə intizam icraatı üzrə araşdırmanın aparılması həvalə edilir.
7.4. Müraciətin (məlumatın) əsaslı olduğu təsdiq edilmədikdə başlanılmış intizam icraatına xitam verilir və həmin gün Xalq Parlamentinin Sədrinə, eləcə də barəsində intizam icraatı başlanılan deputata, həmçinin təqdimat vermiş və ya müraciət etmiş şəxslərə məlumat verilir.
7.5. İntizam icraatının başlanmasını istisna edən hallar aşağıdakılardır:
7.5.1. Müraciətdə (məlumatda) göstərilənlər İntizam komissiyasının səlahiyyətlərinə aid olmadıqda;
7.5.2. Müraciətdə (məlumatda) etik davranış qaydalarının pozulması halları aşkar edilmədikdə;
7.5.3. Müraciət (məlumat) deputatın siyasi baxışı və şəxsi fikri ilə bağlı olduqda (deputatın yüksək adına və Xalq Parlamentinin nüfuzuna xələl gətirən hallar istisna olmaqla);
7.5.4. Müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə.
7.6. Müraciətdə (məlumatda) inzibati və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə İntizam komissiyası bu barədə dərhal Xalq Parlamentinin Sədrinə məlumat verir. Xalq Parlamentinin Sədri tərəfindən həmin müraciət (məlumat) araşdırma aparılması və araşdırmanın nəticəsi barədə Xalq Parlamentinə məlumat verilməsi üçün müvafiq orqanlara göndərilir. - İntizam komissiyasının iş qaydası
8.1. İntizam komissiyasının sədri komissiyanın işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komissiyanın ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komissiyanın işini Xalq Parlamentinin, onun komitələrinin və digər komissiyasının işi ilə əlaqələndirir.
8.2. İntizam komissiyasının iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komissiya sədrinin müavini aparır. Komissiya sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komissiyanın işlərinə rəhbərlik edir. Sədr müavini sədrin səlahiyyətlərini icra edə bilmədikdə, həmin səlahiyyətləri komissiya üzvlərinin seçdiyi komissiya üzvü icra edir.
8.3. İntizam komissiyasının iclasına sədrlik edən iclası açır, gündəliyi elan edir, iclasın gedişinə rəhbərlik edir, iclasın səlahiyyətli olub-olmadığını müəyyənləşdirir, iclasda iştirak etməyənlərin gəlməmə səbəblərini araşdırır, materiallara baxılmasının mümkünlüyü məsələsini müzakirə edir, komissiyanın tərkibini elan edir, komissiya üzvlərinə etirazın olub-olmadığını aydınlaşdırır, iclasın protokolunu yoxlayır və imzalayır.
8.4. Barəsində araşdırma aparılan İntizam komissiyasının üzvü haqqında məsələyə komissiyanın iclasında baxılarkən o, komissiya üzvü kimi iclasda iştirak edə bilməz.
8.5. İntizam komissiyasının üzvünə etiraz məsələsi həmin üzvün iştirakı olmadan komissiyanın digər üzvləri tərəfindən həll edilir.
8.6. İntizam komissiyası öz səlahiyyətlərinə aid məsələlərə dair qərarlar və rəylər qəbul edir. İntizam komissiyasının aktlarının qəbul edilməsi ilə bağlı səsvermə, barəsində araşdırma aparılan deputatın iştirakı olmadan keçirilir. İntizam komissiyasının qərarı iclasa sədrlik edən tərəfindən, rəyi isə komissiyanın iclasında iştirak etmiş bütün üzvlər tərəfindən imzalanır. İntizam komissiyasının qərarı barədə məlumat Xalq Parlamentinin rəsmi internet səhifəsində (azxp.org) yerləşdirilir.
8.7. Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Xalq Parlamentinin deputatları haqqında məlumatlar KİV-də və Xalq Parlamentininin rəsmi saytı olan azxp.org-da yayılır. - İntizam komissiyasının fəaliyyətinin təmin edilməsi
9.1. İntizam komissiyasının hüquqi, təşkilati, analitik, informasiya, kargüzarlıq və maddi-texniki təminatı Xalq Parlamenti Aparatı tərəfindən həyata keçirilir.
9.2. İntizam komissiyası rəylərin qəbul edilməsində, daxil olmuş materialların təhlilində və ümumiləşdirilməsində hüquqşünas ekspertlərin köməyindən istifadə edə bilər.
Ekspertlər İntizam komissiyasında ictimai əsaslarla işləyə bilərlər. Əməkhaqqı ödənilməklə işləyən ekspertlərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
![]()





