Əlaqə vasitələri

Qurban Məmmədli: “Bizə yeni Konstitusiya lazımdır!”

Azərbaycan Respublikasında konstitusionalizm problemləri

və yeni Konstitusiya qəbul edilməsinin zəruri əsasları barədə”

Qurban Məmmədlinin Xalq Parlamentində çıxışı

Hörmətli Sədr, möhtərəm millət vəkilləri.

Bu gün olduqca vacib, taleyüklü məsələni müzakirə edirik: dövlətimizin əsas qanunu, Ana Yasası, bütün milli qanunvericiliyimizin qaynağı olan Konstitusiyanı.

Nəzərə alaraq ki, burası elmi məclis, akademik dairə deyil və hal-hazırda yüz minlərlə sadə vətəndaşımız da bizi izləyir və gələcəkdə də milyonlar izləyəcək, ona görə də mən çalışacağam ki, elmi terminlərdən mümkün qədər az istifadə etməklə, sadə dildə problemin mahiyyətini siz dəyərli millət vəkillərinə və xalqımıza çatdırım.

Məqsədimiz Konstitusiyanın ayrı-ayrı maddələrini burada şərh etmək, qiymətləndirmək deyil. Məqsədimiz bəzi misallar əsasında yeni Konstitusiya layihəsinin hazırlanmasının zəruriliyini diqqətinizə çatdırmaqdır.

İnsanlıq indiki “konstitusion idarəçilik metodu” mərhələsinə milyon illərlə davam edən bir təkamül nəticəsində gəlib çatıb. İlk mərhələdə yazılmamış təbiət, zor, ailə, tayfa, qəbilə qanunları, qaydaları, vərdiş və adət-ənənələrlə idarə olunan insanlıq tədricən indiki qanunvericilik sistemi ilə yaşam tərzinə yiyələnmişdir.

Nəzərə alaraq ki, vaxtımız məhdud, fikir bildirmək istəyən millət vəkillərimiz və mütəxəssislər kifayət qədər çoxdur, mən yalnız vacib bildiyim, konstitusionalizm (buna konstitusiya yaradıcılığı da deyə bilərik) üçün zəruri bildiyim məsələlər üzərində qısaca dayanmaq istərdim.

Müasir konstitusionalizmi fərqləndirən ən mühüm əlamət milli qanunvericiliyin beynəlxalq müqavilələrə (qanunlara, konvensiyalara) mütləq və mütləq uyğunlaşdırılmasıdır. İndiki dünyada bu olmazın olmazıdır. Niyə?

Çünki insan min illər, milyon illər əvvəlki kimi dağlarda, meşələrdə, mağaralarda bir-birindən xəbərsiz, tayfalar şəklində, heç bir inteqrasiya prosesi olmayan bir dövrü çoxdan arxada qoyub. İndi qloballaşan dünyada, sıx iqtisadi və siyasi inteqrasiya dövründə beynəlxalq müqavilələri (Konvensiyalar, Paktlar, Beynəlxalq təşkilatların qərarları və s.) nəzərə almadan yaşamaq mümkün deyil. Başqa sözlə, bu günkü dünya vahid, canlı orqanizm kimi fəaliyyət göstərir. İnsan bədənində bir əzanın sıradan çıxması necə ki başqa əzalara da mənfi təsir edir, dünyamız da belədir.

Bir ölkədə insan hüquqlarının pozulması, hakimiyyətlərin seçki yoluyla, xalqın iradəsi əsasında deyil, çevrilişlər, saxta seçkilər yoluyla dəyişdirilməsi və əldə saxlanması, müstəqil məhkəmələrin olmaması, hakimiyyət bölgüsünün formal xarakter daşıması, yerli idarəçiliyin (bələdiyyə fəaliyyətinin) məhdudlaşdırılması, dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti üzərində ictimai nəzarətin olmaması, ən əsası da söz və mətbuat azadlığının qadağan edilməsi, jurnalistlərin, müxalif fikir sahiblərinin təqib edilməsi və ya fiziki baxımdan məhv edilməsi və sair qanun pozuntuları, istər-istəməz, başqa dövlətlər üçün də problemlər yaradır.

Məsələn, müstəqil məhkəmə sistemi olmayan və ya total rüşvətxorluq şəraitində fəaliyyət göstərən məhkəmələrdə hər hansı xarici investor öz mülkiyyət hüquqlarını qoruya bilərmi? Əlbəttə ki yox.

Bir misal deyim: bir neçə il öncə, Pribaltika ölkələrinin birindən olan bir iş adamı, özündən icazə almadığım üçün adını çəkmirəm, Bakı şəhəri Sabunçu rayonunun ərazisində dəniz qırağında şəhərcik salmaq üçün 50 milyon avro xərc çəkib və məmurların dələduzluğu, rüşvətxorluğu və məhkəmələrin qanunsuz qərarları nəticəsində qoyduğu bütün vəsait batıb, adam ziyan çəkib və haqqını bərpa edə bilməyib. Bunu eşidən kimsə bu ölkəyə investisiya qoyarmı?

Yaxud da, seçki ilə, xalqın iradəsi ilə deyil, saxtakarlıqla hakimiyyəti zəbt edən, dövləti cinayətkar təşkilat kimi və cinayətkar niyyətlərlə idarə edən biri ilə bağlanmış beynəlxalq müqavilələrin gələcəyinə təminat verilə bilərmi? Əlbəttə ki yox!

Məsələn, hansısa ölkədən alınan silah və ya neft avadanlıqlarının qiymətini dəfələrlə şişirdib, xalq arasında “abkat” adlanan, bəzi hallarda “komission” adıyla dövlət əmlakının, büdcə vəsaitlərinin talanması ilə müşaiyət olunan müqavilələri yeni hakimiyyət qüvvədə saxlamalıdırmı, onlara əməl etməlidirmi? Əlbəttə ki yox!

Bu misalları niyə çəkdim, hörmətli millət vəkilləri?

Əgər Konstitusiyamız konstitusionalizmin müasir tələblərinə cavab versəydi, belə hallar ola bilərdimi? Əlbətə ki, YOX!

Başqa bir problem. Mədəni, sivil dünyanın, hüquqi dövlətlərin bir şəxsin iki dəfədən artıq dövlət başçısı seçilməsinin qadağan edilməsi barədə qəbul etdiyi qaydaların bizim ölkədə tətbiq edilməməsi nə ilə nəticələnib? Ölkədə diktatura, mütləqiyyət, avtoritarizm, korrupsiya sistemi qurulub.

Hansı ölkədə arvad ərə müavin təyin edilir? Hansı ölkədə dövlət bir ailə tərəfindən idarə edilir? Hansı ölkədə dövlət büdcəsinə nəzarət bir ailənin əlində cəmləşib? Hansı ölkədə rejim ona müxalif olan qüvvələri, doğruları danışan vətəndaşları, həqiqətləri yazan jurnalistləri istədiyi vaxt və istədiyi ittihamla şərləyib həbs edir?

Deyə bilərsiniz ki, bəli, belə ölkələr olub, indi də var: İraq, Suriya, Liviya, Şimali Koreya və bir neçə başqası. Onların bəzilərinin taleyi, başlarına gələnlər artıq hamımıza məlumdur.

Sizcə, bu ölkələrdə normal Konstitusiya olsaydı, konstitusion hüquq və vəzifələr real olaraq təmin edilsəydi, qanunlar Konstitusiya və beynəlxalq müqavilələrə uyğun qəbul edilsəydi və ən vacibi vətəndaş-dövlət, eləcə də vətəndaşlararası mübahisələri həll etməli olan məhkəmələr həqiqətən müstəqil olsaydılar, bütün bunlar baş verə bilərdimi? Yenə də cavab belədir: əlbəttə ki yox!

Adi bir misal deyim: sizcə, əvvəla, Konstitusiyanın “Azərbaycan Respublikasının vitse-prezidentləri” adlanan 103-1-ci maddəsinə ehtiyac var idimi? Lazım olanda, əvvəlki kimi, prezidenti Baş Nazir və ya Parlament sədri əvəz edə bilməzdimi? İkincisi, həmin maddədə “Vitse-prezident və vitse-prezidentlər prezidentin ailə üzvləri və qohumları sırasından təyin edilə bilməz” məzmununda III hissə artırılsaydı, biz indiki kimi dünyanın gülüş hədəfinə çevrilərdikmi? Yaxud da, “bu maddə 5-7 ildən sonra qüvvəyə minəcək”-deyə, bir qeyd olsaydı necə?

Yaxud da, “Azərbaycan Respublikasının Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası” adlanan 105-ci maddəsində vitse-prezidentlər olmasa, prezidentin vəzifəsini ardıcıllıqla Baş Nazirin, Parlament Sədrinin və ya Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə başqa vəzifəli şəxsin icra etməsi barədə yazılanlar, hakimiyyətin məhz bu ailənin əlində saxlanması üçün deyilmi?

Başqa bir misal. Diqqət edin, hörmətli millət vəkilləri və dəyərli soydaşlarımız.

İndi mən sizə bu rejimin bütün hüquqları necə sıfırladığının hüquqi müxanizmini bir misalla göstərəcəyəm.

Konstitusiyanın “Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər” adlı 95-ci maddəsinin 10-cu bəndinə, “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri” adlanan 109-cu maddəsinin 9-cu bəndinə, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi” adlanan 130-cu maddəsinin II hissəsinə əsasən, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.”

“Azərbaycan Respublikasının Ali Məhkəməsi” adlanan 131-ci maddəsinin II hissəsinə əsasən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.”

“Azərbaycan Respublikasının apellyasiya məhkəmələri” adlanan 132-ci maddəsinin II hissəsinə əsasən, “Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinin hakimlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.” Qalan bütün hakimləri də Prezident şəxsən təyin edir.

“Azərbaycan Respublikasının Prokurorluğu” adlanan 133-cü maddənin III hissəsinə əsasən, “Azərbaycan Respublikasının Baş Prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.” Həmin maddənin IV hissəsinə əsasən, Baş Prokurorun müavinlərini və qalan bütün prokurorları Prezident təyin edir.

İlk baxışda normaldır, elə deyilmi? Heç olmasa, yuxarı məhkəmələrin hakimləri və Baş Prokurorluğun rəhbərliyi Parlamentin razılığı ilə təyin edilir.

Parlamenti kim seçir, yaxud da kim seçməlidir? Deyəcəksiniz: vətəndaş.

Bəs vətəndaşın seçdiyi parlament onun hüquqlarını pozacaq hakimləri, prokurorları vəzifəyə təyin edərmi? Cavab sadədir: əlbəttə ki yox!

Bəs onda bizim ölkəmiz niyə indiki vəziyyətdədir?

Hamınızdan üzr istəyirəm, hörmətli millət vəkilləri, başa düşürəm ki, sıravi vətəndaş, izləyici üçün heç bir məna kəsb etməyən maddələrdən danışmaqla sizləri yoruram, bəlkə də bezdirirəm.

Ancaq.

Konstitusiyanın “Xalqın suverenliyi” adlanan 2-ci maddəsinin II hissəsinə əsasən, “Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.”

Biz xalq olaraq suverenikmi? Bizi bizmi idarə edirik?

“Seçki hüququ” adlanan 56-cı maddənin I hissəsinə əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır.”

Doğrudanmı bizim seçki hüququmuz var? Biz seçə bilirikmi? Təbii ki, deyəcəksiniz: bəli. Niyə seçə bilmirik? Hansı xalqdan geri qalmışıq ki? Cavabınızda haqlısız, ancaq, onda niyə bu gündəyik? Niyə bizim Milli Məclis adlanan nümayəndəlik orqanımız yoxdur. Niyə Konstitusiyada yazılan heç bir hüququmuzu reallaşdıra bilmirik?

Cavab çox sadədir.

Hörmətli millət vəkilləri, əvvəl qeyd etdiyim kimi, bu rejim tək bir qanun, tək bir maddə ilə Konstitusiyada yazılan və kağız üzərində qalan bütün hüquqları sıfırlayıb.

Bilirəm ki, sizi yoruram, ancaq lütfən diqqət edin!

Milli Məclis necə formalaşır? Səsvermə ilə. Vətəndaşın səsi ilə. Seçkini kim təşkil edir və səsləri kim sayır, seçkinin taleyini kim həll edir? Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi. İndi gəlin baxaq görək bu iki orqan kimə tabedir, kimdən asılıdır?

Yuxarıda qeyd etdim ki, KM-nin hakimlərini Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir.

Milli Məclisi bəs kim təyin edir? Əsas məsələ budur. MSK.

Seçki Məcəlləsinin “Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası” adlanan 24-cü maddəsinə əsasən, 24.1. Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir.

24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir. (???)

24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.”

Bütün faciələrimizin və problemlərimizin kökündə bu və eyni məqsədə xidmət edən “Dairə seçki komissiyalarının təşkili” adlanan 30-cu və “Məntəqə seçki komissiyalarının təşkili” adlanan 36-cı maddə durur.

30 və 36-cı maddələri özünüz oxuyarsınız, analiz edərsiniz, hörmətli millət vəkilləri. Mən sadəcə, MSK ilə bağlı olan 24-cü maddəni burada izah etməyə çalışacağam.

Həmin maddəyə əsasən, MSK-nın 18 üzvündən 6-sını Milli Məclisdə “çoxluq təşkil edən” YAP (yəni İlham Əliyev və arvadı), 6-sını İlham Əliyevin və arvadının təyin etdiyi, heç bir siyasi partiyaya mənsub olmayan guya “müstəqil” deputatlar (yəni İlham Əliyev və arvadı), qalan 6-sını da yenə İlham Əliyev və arvadı tərəfindən deputat təyin edilən, Milli Məclisdə “azlıq təşkil edən” partiya nümayəndələri (yəni İlham Əliyev və arvadı) təyin edir.

Gördüyünüz kimi, MSK-nın 18 üzvünün hamısını AİLƏ təyin edir.

İndi mən soruşuram:

  1. Bu prinsip dünyanın hansı dövlətində var və bu prinsip haradan götürülüb?
  2. Bu prinsiplə hakimiyyətin bu ailənin əlindən çıxmaq ehtimalı varmı?
  3. Yeni yaradılmalı olan bir parlamentdə hansı “çoxluq təşkil edən”, “müstəqil olan”, “azlıqda qalan” partiyaların MSK-ya verdikləri nümayəndələrdən danışmaq olar?

Bütün bunlar ona görə mümkün olur ki, Konstitusiyada insan hüquq və azadlıqlarının təminatları gəlişigözəl sözlərdən ibarətdir, bu hüquqların real təminatları yoxdur.

Bir sözlə, Azərbaycan Respublikasının və xalqımızın Konstitusiyası və rəsmi nümayəndəli orqanı reallıqda mövcud deyil.

Bu gün xalqımızı təmsil edən yeganə legitim orqan Azərbaycan Xalq Parlamentidir, yəni sizlərsiniz, möhtərəm millət vəkilləri.

Yadınıza salın, AzXP-yə seçkiləri təşkil edən Seçki Komissiyası necə təşkil olunur? Reqlamentin 24.11.1.-ci maddəsinə baxarsınız. Bu Seçki Komissiyasının üzvlərini AzXP-də çoxluqda, azlıqda olan və ya müstəqil millət vəkillərimi təyin edir?

Çıxışımı yekunlaşdıraraq, ümumi formada, aşağıdakı nəticələri siz hörmətli millət vəkillərinin və sayğıdəyər xalqımızın diqqətinə çatdırmaq istərdim:

  • Bizim bu gün qüvvədə olan, 4 iyun 1993-cü il tarixli silahlı dövlət çevrilişi ilə hakimiyyəti zəbt edən Heydər Əliyev tərəfindən Ailə Hakimiyyətinin Əsasnaməsi kimi yazılan Konstitusiyamız 18.10.1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”na, dövrün tələblərinə, milli maraqlarımıza və beynəlxalq müqavilələrə (Konvensiyalara) cavab vermir.
  • Bu “Konstitusiya”da real hakimiyyət bölgüsü yoxdur. Qanunverici və məhkəmə hakimiyyəti icra hakimiyyətinin (Ailə-klan təşkilatının) tam nəzarətindədir və ondan asılıdır.
  • İnsan hüquqları ilə bağlı yazılanlar ilk baxışda qulağa xoş gəlsə də, o hüquqların heç birinin real təminatı yoxdur.
  • Xalqın dövlət idarəçiliyində iştirakı barədə yazılanlar tam formal xarakterlidir, real təminatı yoxdur və dövlət orqanlarının və vəzifəli şəxslərin fəaliyyəti üzərində ictimai nəzarət mexanizmləri barədə real təminatlar nəzərdə tutulmayıb.
  • Bu “Konstitusiya” göz oxşayan, qulağa xoş gələn “insan hüquqları” adı altında, əslində, hakimiyyətin əbədi olaraq bir ailənin- HEYDƏRİZMİN inhisarında qalmasını təmin edən qaydalar toplusudur.
  • Ona görə də müasir dünyanın inkişaf etmiş ölkələrinin konstitusiya yaradıcılığı təcrübəsindən yararlanmaqla:
  1. xalq suverenliyini real təmin edən,
  2. hakimiyyətin istənilən formada və istənilən şəxslər tərəfindən mənimsənilməsinə, qanunsuz olaraq ələ keçirilməsinə imkan verməyən və belə hallarda xalqa açıq şəkildə üsyan hüququ tanıyan,
  3. hökumətin, icra hakimiyyəti orqanlarının və sair dövlət orqanlarının qanundan kənar fəaliyyət göstərməsinə imkan verməyən,
  4. insan hüquq və azadlıqlarının uydurma “dövlət və ictimai maraqlar” naminə məhdudlaşdırılmasına əsas verməyən,
  5. dövlət orqanlarının, xüsusilə də icra hakimiyyəti orqanlarının fəaliyyəti üzərində ictimai-xalq nəzarətinin təşkilini zəruri elan edən,
  6. söz, əqidə və inanc azadlığına tam təminat verən,
  7. real müstəqil məhkəmə hakimiyyətinin formalaşmasını təmin edən,
  8. bütün regionların bərabər iqtisadi inkişafının təmin edilməsini nəzərdə tutan,
  9. azlıqda qalan etnosların dilinin qorunmasını, inkişafını və mədəni hüquqlarını real təminat altına alan,
  10. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı, iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulan prinsip və öhdəliklərə əməl edilməsinə təminat verən,
  11. Azərbaycan Respublikasının və xalqımızın mədəni, sivil dünya ilə həmahəng inkişafını təmin edə biləcək yeni Konstitusiya qəbul edilməlidir.

Diqqətinizə görə təşəkkür edirəm.

19 aprel 2025-ci il.

London.

Millət vəkili Məmmədov Qurban Cəlal oğlu.

Loading