Azərbaycan Xalq Parlamentinin
Azərbaycan Respublikası Konstitusiyasının mahiyyətinin və hüquqi prinsiplərinin məhv edilməsinə dair
QƏTNAMƏSİ
Azərbaycan Xalq Parlamenti
Nəzərə alaraq ki,
- Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilib və Konstitusiya hər bir dövlətin ali hüquqi qüvvəyə malik əsas qanunudur, xalqla hakimiyyət arasında ictimai müqavilədir və milli suverenliyin təminatçısıdır;
- Konstitusiyanın 1-ci maddəsinin I bəndinə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır, 2-ci maddəsinin II bəndinə əsasən, xalq suveren hüququnu azad seçkilər və referendum vasitəsilə həyata keçirir, 6-cı maddəsinin III bəndinə əsasən isə hakimiyyətin mənimsənilməsi ən ağır cinayətdir;
Qeyd edərək ki:
- Konstitusiyanın qəbul edildiyi vaxt “prezidentli respublika” modeli güclü icra hakimiyyətini nəzərdə tuturdu,
- Lakin 101-ci maddədəki “bir şəxsin iki dəfədən artıq prezident seçilmə məhdudiyyəti” və
- parlamentin nəzarət funksiyası müəyyən hüquqi balans yaradırdı;
Dərin narahatlıqla vurğulayaraq ki:
- 2002-ci ildə keçirilən referendumla Konstitusiyanın 105-ci maddəsi dəyişdirildi, prezident səlahiyyətlərinin ötürülməsi Milli Məclisin sədrindən baş nazirə keçirildi, bununla da hakimiyyətin ailədaxili ötürülməsinə şərait yaradan hüquqi mexanizm təsbit edildi;
- 2003-cü ildə İlham Əliyev baş nazir, daha sonra prezident vəzifəsinə gətirildi.
- 2009-cu il tarixli referendumda Konstitusiyanın 101-ci maddəsindəki “eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz” müddəasının ləğvi respublika idarəetmə ənənəsini məhv etdi, hakimiyyətin ömürlük saxlanılması üçün şərait yaratdı;
- bu dəyişiklik hakimiyyəti əvəzləmək hüququnu xalqın əlindən aldı və dövlət idarəçiliyində “ailə-klan” sistemini təsbit etdi;
- 2016-cı il tarixli referendum nəticəsində Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırıldı,
- yeni 103-1 maddəsi ilə vitse-prezidentlik institutu yaradıldı, vəzifələrin seçkisiz və birbaşa təyinat yolu ilə ailə-klan hakimiyyətinə verilməsi rəsmiləşdirildi;
- bütün bu dəyişikliklər “islahat” adı altında aparıldı, sosial təminatlar və gənclərin imkanlarının genişləndirilməsi kimi deklarativ maddələr əlavə etməklə məqsəd pərdələndi, hakimiyyətin bir ailə-klanın əlində ömürlük saxlanılması təmin edildi;
- Azərbaycan Respublikasının Konstitusiyası xalqın hüquqlarını qoruyan Əsas Qanun olmaqdan çıxarıldı, Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsinə çevirildi.
Azərbaycan Xalq Parlamenti yuxarıda qeyd edilənlərdən çıxış edərək, aşağıdakıları Azərbaycan xalqının və dünya ictimaiyyatının diqqətinə çatdırır:
- Azərbaycan Respublikası Konstitusiyasının mahiyyəti məhv edilib;
- İlk variantında, qismən də olsa, xalqın hüquqlarını qoruyan sənəd sonrakı dəyişikliklərlə ailə-klan hakimiyyətini normativləşdirib;
- Hakimiyyət mənimsənilib. Konstitusiyanın 6-cı maddəsi aydın şəkildə pozulub, hakimiyyət Əliyevlər ailəsinin mülkiyyətinə çevirilib;
- Xalqın iradəsi formal xarakter alıb. Referendumların nəticələri saxtalaşdırılıb;
- Demokratik dövlətçilik prinsipləri ləğv edilib. Hakimiyyət bölgüsü sıradan çıxarılıb, hakimiyyət bir əldə cəmləşib;
- Azərbaycan dövləti ailə-klan hakimiyyətinə tabe etdirilib;
- Konstitusiya, hüquqi-ictimai müqavilə olmaqdan çıxarılartaq, Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsinə çevirilib.
Azərbaycan Xalq Parlamenti yuxarıdakı faktları əsas götürərək
QƏRARA ALIR:
- 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlarla Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklər dövlətin Əsas Qanununu Əliyevlər ailəsinin şəxsi hakimiyyət nizamnaməsinə çevirdiyi üçün xalq və dövlət maraqlarına zidd hesab edilsin və ləğv edilsin.
- Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanmasına başlanılsın.
- Yeni Konstitusiya layihəsinin hazırlanması üçün, “Konstitusiya Komissiyası”nın tərkibinin müəyyən edilərək Parlamentin təsdiqinə verilməsi Rəyasət Heyətinə tapşırılsın.
Azərbaycan Xalq Parlamentinin Dönəm Sədri
Bakı-Brüssel
27 sentybr 2025-ci il
![]()





