Əlaqə vasitələri

Qarabağa Qayıdışla bağlı AzXP-nin “Yol Xəritəsi”

AzXP-nin Qarabağa Qayıdışla bağlı

Yol Xəritəsi

Bu gün Azərbaycan dövlətinin ən önəmli məsələlələrin biri işğaldan azad edilmiş torpaqlara qayıdış məsələsidir. Bu mövzu son zamanlarda daha sıx gündəmə gətirilməsinə baxmayaraq, hələdə ictimai rəylərdə mövzuya yetərincə əhəmiyyət verilmir. Halbuki Qarabağa Qayıdış sadəcə bu gün deyil, yaxın bir neçə ilin ən önəmli məsələsi olaraq gündəmimizdə qalacaq. Dövlətimizi, Xalqımızı məşğul edəcəkdir. Məsələnin ictimai-siyasi, iqtisadi, hərbi, mədəni və ən başlıcası strateji önəmi nəzərə aldıqda Qayıdış prosesinin birinci dərəcəli Dövlət məsələsi, milli məsələ kimi öndə duran gündəm maddəsi olaraq daim ictimaiyyətin diqqət mərkəzində saxlanması mütləqdir. Mövzu o qədər önəmlidir ki, onu sadəcə mürəkkəb bir proses, həll edilməsi gərəkən bir məsələ olaraq deyil, ümummilli hərakat olaraq dəyərləndirmək daha doğru olar. Bu baxımdan AxXP olaraq prosesi Qayıdış hərakatı adlandırmağı üstün tutur, həm Dövlətimizin, həm də Xalqımızın məsələyə bu baxımdan yanaşmasını tövsiyyə edirik. Bu adlandırma həm prosesin mahiyyətini doğru ifadə edir, həm də onun bütün iştirakçıları üçün əlavə bir mənəvi psixoloji stimul yaradır.

Dövlət milli strateji əhəmiyyətli Qarabağa Qayıdış hərəkatını millətin gücü və bütün xalqın könül razılığı ilə gerçəkləşdirməlidir. AzXP QQK hesab edir ki, yalnız bu halda bu çətin iş daha asanlıqla ağrısız-acısız şəkildə və heç kimin könlü qırılmadan, heç kim narazı qalmadan başa çatdırıla bilər.

Məcburi köçkünlərin yurdlarına qayıdışı və orada gündəlik yaşayışlarının, sosial iqtisadi fəaliyyətlərinin təşkili barədə son aylarda müxtəlif fikirlər səsləndirilir. Deputatlar, ictimai xadimlər, ziyalılar və müxtəlif sahələrin mütəxəssisləri məsələyə münasibətlərini bildirirlər.

Lakin bu kifayət etmir, məsələnin bir çox yönü Azərbaycan cəmiyyəti üçün qaranlıq qalır. Əhalidə narahatçılıq yaradan başlıca suallar cavablandırılmır.

Siyasi və strateji baxımdan quruculuq işləri aparılsada informasiya paylaşımı Xalqın məlumatlandırılması yarıtmaz haldadır. Məcburi köçkünlər yurdlarına nə zaman və necə qayıdacaqları barədə məlumatsız və çoxsaylı suallar qarşısında çaşqın vəziyyətdədir. Bu şəraitdə müxtəlif şayələr, dedi-qodular baş alıb gedir. Vətəndaşlarımız narahat olur. Həm bir-birinə, həm Dövlətə münasibətlərində arzu olunmaz mənzərələr ortaya çıxır, iftiralar, əsassız suçlamalar və tənqidlər ictimai ab-havanı pozur. Bu cür neqativ halları ortadan qaldırmaq, işlərin tam bir vətəndaş sülhü və aktivliyi şəraitində yerinə yetirilməsini təmin etmək üçün Qarabağa qayıdışla ilgili bütün məsələlərin, sualların və çözüm yollarının kompleks şəklində ortaya qoyulması, həll yollarının açıq şəkildə müzakirə edilməsi zəruridir.

AzXP-nin Qarabağa Qayıdış Komitəsi bu ehtiyacı nəzərə alaraq məsələnin başlıca istiqamətlərini eyni zamanda ilkin təkliflərini bir proqrampaket halında ictimaiətlə bölüşməyi məqsədəuyğun hesab edir. Qarabağa Qayıdış Planı əsaslı şəkildə işlənmiş bir dövlət proqramı olmalı, milli strateji önəm daşımalıdır.

Bu proqram Xalq ilə Dövlətin düşüncə, iradə və hərəkət birliyi içində tətbiq edilməlidir ki, 30 il bir-birindən ayrı, didərgin düşüb, dünyaya səpələnmiş Qarabağ əhalisi yenidən birgə yaşayışlarının təmin olunma prosesinin, yəni Qarabağa Qayıdış hərəkatının tərkib hissəsinə çevrilə bilsin.

Düşdüyümüz bu mürəkkəb şəraitdə hər cür nizamsızlığın, vətəndaşlarımız arasında anlaşılmazlıqların olacağını da nəzərdən qaçırmamalıyıq. Bu baxımdan həm millətə, həm də dövlətin bütün idarəetmə sturukturlarına böyük məsuliyyət yükü düşür.

AzXP vacib hesab edir ki, Qarabağa Qayıdış Hərəkatını uğurla başa çatdırmaq üçün xalqın bütün təbəqələri, mühəndisi, həkimi, iş adam, alimi, yazıçısı, jurnalisti və s. səfərbər olub bu işdə tövhələrini verməlidir.

Bütün işlər professionallıqla və şəffaflıq şəraitində aparılmalı, narazılıqlara, ixtilaflara yol verilməməlidir. Bunun üçün dövlət əhəmiyyətli bir sistem qurmalı, bu sistem həm yerli sakinlərin, həm də bütün ölkə əhalisinin mütləq qatqısıyla işləməlidir ki, dövlət öz üzərindəki yükü millətlə paylaşa bilsin. Həm millət qazansın, həm dövlət.

Yaradılacaq və ya bərpa ediləcək olan yaşayış məntəqələri formalaşdırılarkən orada yaşayacaq olan əhalinin həqiqi ehtiyacları və istəkləri mütləq nəzərə alınmalıdır. Mövcud kəndlər, qəsəbələr, şəhərlər də bərpa olunmaqla, son texnologiya ilə tam təchiz edilə bilər. İşlərin başlanğıcından sonuna qədər dövlət əhali ilə əlbir çalışmalı və bu yanaşma dövlət proqramında mütləq əks olunmalıdır.

Bununla yanaşı yerli sakinlərdən olan iş adamlarının bölgəyə sərmayə qoymalarına geniş imkanlar yaradılmalıdır. Bu məqsədlə sürətlə işləyə bilən bir mexanizm (qurum) yaradılmalıdır ki, xeyriyyəçilik məqsədi ilə əhali üçün evlər və ya ictimai binalar tikmək istəyən şəxslər süründürməçiliklə qarşılaşmadan məqsədlərini gerçəkləşdirə bilsinlər.

Bu bölümdə Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrdən olan adamlarla, öncəliklə də bölgəyə qayıtmağı düşünən yerli sakinlərlə edilən fərdi söhbətlərdə AzXP-nin iclaslarında və AzXP-nin Qarabağa Qayıdış komitəsinin iclasdlarında irəli sürülən və müxtəlif baxımlardan müzakirə edilən təkliflər qısadılmış şəkildə verilir. Düşünürük ki, Dövlət orqanları və ictimaiət tərəfindən aparılmasını lazımlı hesab etdiyimiz müzakirələr üçün Q.Q.K-si tərəfindən verilən təkliflər bir əsas təşkil edə bilər.

Əslində proqram layihəsi əsrin müqaviləsi bağlandıqdan 1 il sonra, yəni 1995-ci ildən etibarən tərtib olunmalı, Dövlət idarəetmə orqanlar da bu istiqamətə hazırlanmalı idi. Siyasətin uzaqgörənliyi bu halda öz təsdiqini tapardı.

İlk öncə bildirmək istəyirik ki, Azərbaycan dövlətinin mövcud hakimiyyəti 5 il müddətində (yəni 2020-2025-ci illər əhatəsində) dövlət büdcəsindən 23 mild. Vəsait xərcləmək qarşılığında Qarabağa 10 min (az ya çox) əhali köçürülməsini təmin etmişdir. Lakin gedişat onu göstərir ki, istər vəsait baxımından istər əhalinin köçürülməsi baxımından bu şəffaflığı və reallığı əks etdirmir. Bu gedişatla əhalinin köçürülməsi Azərbaycan dövləti üçün uzun vaxt, büdcə üçün isə düşünə bilmədiyimiz ağır vəsait tələb olunacaq.

Təkliflər.

1. Qarabağa Qayıdış Hərəkatını gerçəkləşdirmək üçün öncəliklə bu barədə Dövlət mükəmməl plan hazırlanmalı və bu plan bir müddət ictimaiətlə müzakirə edilməlidir.

2. Qayıdış Hərəkatı təxirə salınmadan sürətlə gerçəkləşdirilməli, hər kənddə ən azından 35-50 ev sürətlə tikilib, sakinlərin oraya yerləşməsi lazımdır. Yetər ki, o evlərin damından tüstü çıxsın.

3. Az sayda da olsa sakinlərin qayıdıb yerləşdiyi kəndlərin məzarlıq sahələri sürətlə abadlaşdırılmalı və yeni məzarlıq sahələri ayrılmalıdır. Yəni, ilk sakinlərin köçürülməsiylə bərabər məzarlıq problemi də həll edilməlidir. Məzarlıq yurd üçün bağlayıcı bir anlayışdır. Bu baxımdan insanların, xüsusən də yaşlı nəslin yurd həsrəti, ağrılı-acılı duyğuları nəzərə alınmalıdır. Elə edilməlidir ki, yurdundan kənarda vəfat edənlərin nəşini belə öz kəndində dəfn etmək mümkün olsun. Bundan əlavə daha öncə başqa yerlərdə dəfn edilmiş ailə üzvü və ya qohumunun nəşini (ailənin razılığı ilə) ata yurdlarına köçürmək istəyən məcburi köçkün ailələrinə dövlət tərəfindən lazımı köməkliyin göstərilməsi də nəzərdə tutulsun.

4. Torpaq sahələrinin bərpasında dövlət ciddi nəzarəti təmin edilməlidir. Məlumdur ki, kənd yerlərində həyətyanı sahələrin sərhədləri üstündə tez-tez, böyük mübahisələr olur. Uzun müddət heç kimin yaşamadığı həyətlər arasında çəpərlərin, sərhədlərin yox olduğu yerlərdə bu cür mübahisələrin yaranmaması üçün ciddi nəzarətin təmin edilməsi vacibdir.

5. Tikinti və abadlıq materialları üçün bazalar yaradılmalıdır. Kütləvi inşaat nəhəng miqdarda inşaat materiallarından istifadə edilməsi deməkdir. İşlər başladıqdan sonra bu sahədə qiymətlər fantastik hədlərə çıxa bilər. Bunun qarşısını almaq, xüsusilə də öz evini şəxsi imkanlarıyla tikən sakinlərin və ya xeyriyyə məqsədilə evlər tikmək istəyən özəl sektor təmsilçilərinin işini asanlaşdırmaq, qiymət artımından qorumaq və uzaqlardan material daşıyaraq əlavə xərclər çəkilməsinin qarşısını almaq məqsədilə hər rayonda bir neçə yerdə böyük bazalar yaradılmalı, hər cür inşaat materialı və avadanalıqlar bazalarda satılmalıdır. Dövlət qiymətlərin sabit saxlanmasını öz nəzarəti altına almalıdır.

6. Azərbaycan dövlət TV kanallarında Qarabağa Qayıdışla əlaqədar müntəzəm olaraq proqramlar yayımlanmalıdır. Bu proqramlara müxtəlif yanaşmalar və xalqın müxtəlif təbəqələrini təmsil edən siyasətçilər, ziyalılar, mütəxəssislər və dövlət məmurları dəvət edilərək bütün məsələlər hərtərəfli müzakirə edilməlidir.

7. Bir neçə kəndi bir yerə yığmaq (birləşdirmək) doğru deyil. Yerli sakinlərin mütləq əksəriyyəti bunu doğru hesab etmir. Çox kiçik və əlverişsiz mövqelərdə yerləşən bir neçə yaxın kənd bir araya gətirilə bilər. Amma bu yalnız nadir bir istisna olaraq gerçəkləşdirilə bilər. Çünki hər kəndin dərin keçmişi, zəngin bir mikrotarixi var, onların başqalarından ayrılması və uzun zaman ərzində başqa kəndlərlə birləşmələrinin altında bir çox tarixi-etnoqrafik səbəb ola bilər. Bu kəndləri birləşdirmək o tarixi məhv etmək anlamına gəlir. Bizim keçmiş və gələcək nəsillər qarşısında vəzifəmiz tariximizi kasıblaşdırmaq deyil, zənginləşdirməkdir. Kəndləri mümkün olduğu qədər, olduğu kimi bərpa etmək lazımdır.

8. İlk olaraq ən azından fermerlərin getməsinə öncəlik tanınması doğrudur. Köçən əhaliyə pay torpaq sahələri verilməli, heyvandarlıq, arıçılıq və digər sahələrdə çalışanlara güzəştli, uzun müddətli kredit verilməsi nəzərdə tutulsun. Heyvandarlıq, arıçılıq kimi sahələrdə qazanılan təcrübə başqa sahələrdə daha da təkmilləşdirilmiş formada tətbiq edilərək qayıdış sürətləndirilməlidir.

9. Nəzərdə tutulacaq müəyyən müddət ərzində Qarabağa Qayıdış prosesi tamamilə başa çatana qədər bölgədə torpaq satışları qadağan edilməlidir. (oliqarxların monopoliya yaratmasını və dedi-qodulara səbəb ola biləcək başqa şübhəli sövdələşmələr əngəllənməlidir) Torpaq satılması qadağan edilməklə bərabər 99 il kimi uzun müddətlərə icarəyə verilməsi də yasaqlanmalı, icarə müddəti 2-3 ilə məhdudlaşdırılmalıdır. Məskunlaşma prosesi tamamilə başa çatdıqdan sonra şəxsi həyətyanı sahələrin alqı-satqısı məqsədə uyğundur.

10. Məskunlaşma prosesi başladığı andan etibarən məcburi köçkün statusu və bununla əlaqədar olan bütün imtiyazlar ləğv edilməlidir. Bunun əvəzinə doğma yurduna geri qayıdan sakinlərə xüsusi bir status verilməli və onlar üçün yeni imtiyazlar müəyyən olunmalıdır. Bunlar elə imtiyazlar olmalıdır ki, yalnız yurdlarına qayıdanlar istifadə edə bilsinlər. Yəni öz torpağına geri qayıdan məcburi köçkünlər əvvəlki imtiyazlardan məhrum edilməli və onlara müəyyən müddətlər üçün yeni imtiyazlar verilməlidir. Beləliklə geri qayıtmayan köçkünlər bütün imtiyazlarını itirmiş olacaqlar. Yurdlarına geri qayıdanlar isə onlara verilən imtiyazlardan yalnız daimi yaşayış yerlərində istifadə etmələri nəzərdə tutulmalıdır.

11. Məcburi köçkünlərin öz rayonlarının bütün dövlət qurumları, məktəb, xəstəxana və s. ilə olan əlaqələri bundan sonra yalnız o rayonların öz ərazisində gerçəkləşdirilməli, bütün işlər orada görülməli, bütün arayışlar və digər sənədlər orada verilməlidir. Beləliklə, yerli sakinlərin rayon və kəndlə əlaqələri yenidən canlanacaq, yurd və könül bağları yenidən möhkəmlənəcəkdir.

12. Yerli məktəblərin məzunlarına müəyyən imtiyazlar tanınmalıdır. Qaçqın və köçkünlər üçün indiyədək mövcud olan imtiyazlar yalnız qayıdış nəticəsində öz doğma şəhər və kəndlərinə qayıdıb məskunlaşan əhaliyə şamil edilməlidir. Təhsil haqqının ödənişində qayıdan ailələrin uşaqlarına imtiyazlar tanınmalıdır. Məcburi köçkünlərə tibb sahəsində verilən imtiyazlar ləğv edilməli və onlara bəzi əlavələr də edilərək yurdlarına qayıdan ailələrin üzvlərinə verilməlidir.

13. Bölgənin ailə institutunu inkişaf etdirmək çoxuşaqlı ailələrin artması məqsədilə, bir müddət sosial sifariş kimi irəli sürülən uşaq pulu məsələsinin həllinə bu rayonlardan başlamaq lazımdır. Həmçinin, çoxuşaqlı ailələrə xüsusi yardımlar və s. barədə düşünmək vacibdir. Çoxuşaqlı ailələrdə özəl analıq statusu, özəl mükafatlar və b. müəyyənləşdirilib tətbiq edilə bilər.

14. Bölgənin mədəni, elmi, iqtisadi, demoqrafik inkişafını sürətləndirmək üçün ali məktəblərin uyğun fakultələrinin filialları açılmalıdır. Daha uyğun olan bir mərkəzdə isə yeni bir universitet yaradılmalıdır.

15. bölgədə inzibati, sənaye və yaşayış obyektlərinin tikilməsi, bu obyektlərdə iş və yaşayış şəraitinin təmin edilməsi məqsədilə lazımı avadanlıq və məişət əşyalarının birbaşa bölgədə istehsalı üçün uyğun istehsal sahələri güzəştli şərtlərlə yaradılmalı və fəaliyyətə başlamalıdır. Yaranacaq olan ixrac-idxalda böyük bazar da nəzərə alınaraq, burada ölkə sənayeləşməsinin təməli qoyulmalıdır.

16. Bütün iş sahələrində özəl sektor təmsilçiləri üçün istisnalar tanınmalı, açılacaq iş yerlərinə ərazi ayrılması, bölgəyə gətiriləcək idxal malların gömrükləndirilməsi və b. Kimi sahələrdə müəyyən müddətlər (10-20 il) ərzində vergi güzəştləri edilməlidir.

17. Bu coğrafiyaya təşviq barədə düşünülməlidir. Müxtəlif peşə sahiblərinin (müəllim, həkim, kənd təsərrüfatı ixtisasları və b), xüsusilə də gənc mütəxəssislərin bölgəyə cəlb edilməsi üçün maaşlara “bölgə bəxşişi” adı altında müəyyən məbləğdə əlavələrin edilməsi barədə hüquqi bazanın yaradılması məqsədə uyğundur.

18. Öz yurdlarında məskunlaşan insanların məcburi köçkün olaraq keçmiş olduqları məşəqqətli həyatı nəzərə alaraq, onların təqaüd yaşı mövcud təqaüd yaşından aşağı çəkilməlidir.

19. Öz evini şəxsi imkanlarıyla tikmək istəyən adamlar dövlət tərəfindən siyahıya alınmalı, onlara uyğun qiymətlərə inşaat materialları satılmalıdır. Uzun müddətli, güzəştli kreditlər ayrılmalı və bölgədə evlərini tikmələrinə öncəliklə icazə verilməlidir. Bunun sayəsində minlərlə ev tikilə biləcək və xərcləri dövlət deyil vətəndaşlar tərəfindən ödənəcəkdir. Beləliklə, dövlət ağır yükün bir hissəsindən qurtulacaq, buraya yönəldəcəyi büdcə vəsaiti başqa istiqamətlərdə istifadə etmək imkanı yaranacaq.

20. Mükəmməl bir sestem tədbiq edilməlidir ki, ölkədəki bütün tikinti şirkətləri, orada əhali üçün evlər tikməyə maraq göstərsin. Bunun üçün bu şirkətlərə müəyyən imtiyazlar tanınmalı, məsələn, xeyriyyə məqsədilə ev və ya ictimai bina tikmək istəyən şirkətlərə ciddi vergi güzəştləri edilməlidir. Buna bəzi başqa imtiyazlar da əlavə etməklə şirkətlər xeyriyyə fəaliyyətlərinə yönəldilər. Beləliklə dövlət büdcəsinə düşən yükün ciddi bir hissəsi özəl sektorun payına düşür.

21. Qarabağa Qayıdış Hərəkatında aktiv fəaliyyəti nəzərdə tutulan məmurların, mütəxəssislərin, fəhlələrin və xüsusən də könüllülərin hər birinin öz işinə görə uyğun təlim-tədris kurslarında təlimatlandırılması, bu iş üçün hazırlanması lazımdır. Bölgədə fəaliyyət göstərmək istəyən könüllülər diqqətlə seçilməli, maarifləndirilməli, ixtisaslarına görə qruplaşdırılmalıdır.

22. Bölgə ilə əlaqədar xüsusi nümayəndəlik institutu müşavirlik xidməti uğurlu bir seçim ola bilər. Qayıdış kimi mürəkkəb bir proses ancaq güclü yerli idarəetmə orqanları sayəsində gerçəkləşdirilə bilər. Belə hallarda xüsusi nümayəndəlik kimi bir sturukturun dünyada bənzəri yoxdur.

23. Qarabağa Qayıdış hərəkatına mənfi təsir göstərəcək bürokratik hallar nəzərə alınaraq nümayəndəlik institutunun yaradılması barədə qərar yenidən gözdən keçirilməlidir.

24. “Qayıdış Hərəkatının Mətbuat Xidməti” yaradılmalı, bu qurum mövzu ilə əlaqədar bütün məsələlər barədə yerli və xarici mətbuatı, eyni zamanda xalqın müntəzəm olaraq məlumatlandırılması vacibdir. Elə etmək lazımdır ki, bütün informasiyalar planlı-proqramlı və obyektiv bir şəkildə lazımı ünvanlara çatdırıla bilsin.

25. Bölgə torpaqlarında (istər pay torpaqları, istər başqaları) orqanik kənd təsərrüfatı fəaliyyətləri üçün şərait yaradılmalı, uzun illər kimyəvi maddələrin istifadə edilmədiyi bu ərazilərdə hormonsuz, orqanik məhsullar istehsal edilərək bunların ixracatı təşkil edilməlidir. Beləliklə bölgə əhalisi üçün ciddi bir gəlir qaynağı yaradılmış olar. Bu sahənin gəlirləri turizmdən də, əyləncə sektorundan da, hətta sənayedən də yüksəkdir.

26. Yeni kəndlər, yeni şəhərlər yaradıla bilər. Lakin mövcud kəndlər, qəsəbələr, şəhərlər də modern prinsiplərə görə bərpa olunub son texnologiya ilə tam təchiz edilə bilər. Beləliklə, həm qayıdan əhalinin yerləşməsi təmin edilər, həm də ənənəvi mədəni-tarixi miras canlandırılar ki, bu daha məqsədəuyğun bir həll yoludur. Ənənəvi yaşayış məntəqələri yaşıl enerji ilə təmin edilib, müasir kommunikasiya imkanları yaradılarsa əhalinin tələb və ehtiyaclarına daha uyğun olar. Yerli sakinlərin, “ağıllı kənd” ideyasına soyuq baxdığını dövlət orqanları nəzərə almalıdır. Bunun əvəzinə bölgədə yüksək texnologiyalara əsaslanan iş yerlərinin, KT-məhsulları istehsal edən kiçik müəssisələr açması məqsədə uyğundur.

27. Hər yerin, hər kəndin öz tarixi ənənəsi və etno qrafiyası var. Bunlar mümkün olduğu qədər bərpa edilməlidir. Bu məqsədlə yerli əhalinin yaşlı nümayəndələrindən, etnoqrafsosial antropoloq, folklorçu,tarixçi və başqa mütəxəssislərdən ibarət bir komissiya və onun rayon qrupları yaradıla bilər.

28. Qayıdış prosesində yalnız Azərbaycanda yaşayan məcburi köçkünlərin deyil, başqa ölkələrdə yaşayan soydaşlarımıza da müraciət etmək məqsədə uyğundur.

29. Dövlət kənar güclərin (bu məsələdə mənfi mövqe tutan qonşu dövlətlərin) prosesə müdaxilə etməsinə imkan verməməli, onların məsələyə münasibətini nəzərə almalı, ancaq öz planını israrla tətbiq etməlidir. Çünki xalq arasında xüsusilə Rusiyanın bu məsələdə mənfi mövqedə olduğu, geri qayıdışa mane olmağa çalışdığı və iqtidarın da buna etiraz edə bilmədiyi bir fikir formalaşdırılmışdır. Bu durum Qarabağa Qayıdış Hərəkatının uğurla və heç bir gərginlik yaşanmadan gerçəkləşməsinə mane ola bilər. Bu sahədəki yanlış anlaşılmaları ortadan qaldırmaq hökümətin vəzifəsidir və bunu yerinə yetirməlidir.

NƏTİCƏ

Yuxarıda təqdim edilən təkliflər, ola bilsin ki, Qarabağa Qayıdış hərəkatının bütün sahələrini əhatə etmir. AzXP-nin Qarabağa Qayıdış komitəsi olaraq gələcəkdə başqa təkliflərin hazılrnaması və ictimaiətlə müzakirəyə hazırdı.

Yuxarıda deyildiyi kimi, burda bütün təkliflər yalnız müzakirə məqsədilə təqdim edilir.

AzXP-nin Qarabağa Qayıdış Komitəsi

Kimin nə təklifi və əlavəsi varsa buyursun. Fikrimizcə əsrə bərabər söz demək üçün AzXP-fəaliyyətini cəmiyyətə çatdırmalıyıq.

Loading