Əlaqə vasitələri

Heydər Əliyev Fondunun fəaliyyəti barədə AzXP-nin Qətnaməsi

AZƏRBAYCAN XALQ PARLAMENTİNİN

QƏTNAMƏSİ

Heydər Əliyev Fondunun fəaliyyəti barədə

Azərbaycan Xalq Parlamenti, ölkə vətəndaşlarının hüquq və azadlıqlarını, milli maraqları, beynəlxalq hüququn prinsiplərini və demokratik dəyərləri rəhbər tutaraq, Azərbaycan Xalq Parlamentinin keçən toplantılarindakı müzakirələri, Millət Vəkillərinin çıxışlarını, çoxoşlardakı haqlı etirazları nəzərə alaraq, Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı aparılmış araşdırmaların nəticələrinə əsasən aşağıdakı qənaətə gəlmişdir:

Araşdırmalarımız göstərmişdir ki, Heydər Əliyev Fondu (HƏF) adlı bu korrupsiya yuvası formal olaraq qeyri-hökumət təşkilatı kimi təqdim edilsə də, faktiki olaraq hakim ailənin tam nəzarətində fəaliyyət göstərir, Əliyevlər, Paşayevlər ailəsinin, yəni rejimin siyasi maraqlarına xidmət edən alətə çevrilmişdir.
Fondun xarici ölkələrdə muzey, kilsə və digər tarixi-mədəni obyektlərin bərpası, beynəlxalq tədbirlərin sponsorluğu və imic yönümlü layihələri Azərbaycan daxilində mövcud sosial-iqtisadi problemlərin həllinə xidmət etmir. Bu fəaliyyətlər əsasən hakimiyyətin xüsusən də hakimiyyəti ölkədə zorla mənimsəmiş İlham Əliyevin prezident kimi beynəlxalq səviyyədə legitimləşdirilməsi məqsədi daşıyır. Bu məsələyə xalqın milyardlarla vəsaiti xərclənir

Fondun maliyyə mənbələri, gəlirləri və xərcləri barədə ictimaiyyətə heç bir məlumat təqdim edilmir. Şəffaflığın olmaması korrupsiya üçün münbit şərait yaradır və həm də dövlət vəsaitlərinin birbaşa ailənin şəxsi maraqlara yönəldilməsi ehtimalını artırır.

Bundan başqa, Fondun maliyyə mənbələrinin mənşəyi rəsmi olaraq gizli saxlanda da, ictimaiyyət fonda daxil olan pulların əsasən rüşvət, büdcə təkilatlarında çalışan şəxslərin maaşlarında məcburi tutulmalar, iş adamlarının məcburi köçürmələrə çəlb edilməsi, vəzifə pillələrində yüksəlmələrdən əldə olunan rüşvətlər, və s. olduğu ictimaiyyətin gözləri qarşısında baş verir. Bu, cür vəziyyətdə fəaliyyət həm də çirkli pulların yuyulması və qanunsuz maliyyə axınlarının leqallaşdırılması ehtimalını gücləndirir.

Fond vasitəsilə həyata keçirilən qeyri-şəffaf maliyyə əməliyyatları korrupsiyanın dərinləşməsinə və dövlət idarəçiliyinin siyasi, sosial və iqtisadi qərarlarına mənfi təsir göstərməsinə səbəb olur.

İş adamlarının şəxsi vəsaiti hesabına tikilən məktəb binaları, tibb məntəqələri, məscidlər və xeyriyyə məqsədi ilə məcburi şəkildə Fondun adına rəsmiləşdirilir. Bu üsuldan istifadə edilməklə də Fond üçün dövlət büdcəsindən külli miqdarda vəsait silinir və xalqın pulları mənimsənilir.
Fondun fəaliyyəti insan hüquqlarının qorunmasını deyil, avtoritar idarəetmənin möhkəmləndirilməsini təmin edir və nəticə etibarilə hüquq pozuntularına dolayı və birbaşa dəstək verir.

Azərbaycanın Birinci vitse-prezidenti eyni zamanda Heydər Əliyev Fondunun rəhbəri olmaqla, dövlət idarəçiliyində maraqların toqquşmasına (conflict of interest) səbəb olur. Fond formal olaraq qeyri-hökumət təşkilatı (QHT) statusuna malik olmasına baxmayaraq, dövlət rəhbərinin rəhbərliyi altında fəaliyyət göstərir. Bu vəziyyət həm daxili qanunvericiliyə, həm də beynəlxalq hüquqa və demokratik idarəetmə prinsiplərinə ziddir. Beləliklə:

  • Dövlət resurslarının şəxsi və siyasi maraqlara yönəldilməsi riski artır;
  • Korrupsiya, rüşvətxorluq və qeyri-şəffaflıq ehtimalları yüksəlir;
  • Fondu formal QHT-dən siyasi alətə çevirir, dövlət büdcəsindən maliyələşən şəxslərin hakimiyyətdən asılılıq vəziyyətini yaradır;
  • Xeyriyyə məqsədi ilə xalqa yardım göstərmək istəyən iş adamlarını bu istəkdən çəkindirir;
  • Fondun xaricdəki layihələri və imic kampaniyaları hakimiyyətin legitimləşdirilməsinə xidmət edir;
  • Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət tərəfindən fəaliyyət xeyriyyəçilikdən çox siyasi təbliğat kimi qiymətləndirilir.

Nəticədə, Azərbaycanın Birinci vitse-prezidentinin Fond rəhbəri olması nə hüquqi, nə də etik baxımdan düzgün deyil və bu birbaşa korrupsiyaya, rüşvətxorluğa yol açır. Beləliklə, Heydər Əliyev Fondunun fəaliyyəti xalqın rifahına deyil, birbaşa hakim ailənin şəxsi və siyasi maraqlarına xidmət edir. Bu, milli maraqlara zidd olmaqla yanaşı, dövlət idarəçiliyinin təməl prinsiplərinə və Azərbaycan dövlətçiliyinə birbaşa təhlükə yaradır.

Bütün bu deyilənləri nəzərə alaraq, AZƏRBAYCAN XALQ PARLAMENTİ bu qətnamə ilə mövcud hakimiyyətdən və aidiyyatı beynəlxalq təşkilatlardan aşağıdakıları tələb edir.

  1. Heydər Əliyev Fondunun bütün maliyyə mənbələri, gəlirləri və xərcləri barədə ictimaiyyətə açıq və ətraflı hesabat təqdim edilsin.
  2. Fondun rəhbərliyi, idarəçilik və qərar qəbuletmə mexanizmləri hakim ailənin, konkret olaraq prezident, birinci vitse prezident və onların övladlarının nəzarətindən çıxarılsın və müstəqil ictimai institutlar və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə formalaşdırılsın.
  3. Fondun bütün layihələri üzrə beynəlxalq səviyyədə tanınmış audit qurumları tərəfindən müstəqil audit keçirilsin və nəticələr ictimaiyyətə açıqlansın.
  4. Fondun siyasi təbliğat vasitəsi kimi istifadəsinə son qoyulsun və fəaliyyəti yalnız təhsil, səhiyyə, sosial müdafiə və insan hüquqları sahələrinə yönəldilsin.
  5. İş adamlarının şəxsi vəsaiti ilə tikilmiş sosial obyektlərin Fondun adına rəsmiləşdirilməsi və bu üsulla büdcədən vəsaitlərin qanunsuz silinməsi praktikasına son qoyulsun, məsul şəxslər barədə hüquqi tədbirlər görülsün.
  6. Beynəlxalq təşkilatlar – Avropa dövlətləri, Avropa Parlamenti, BMT, ATƏT və digər qurumlar – Heydər Əliyev Fondu ilə əməkdaşlıqda şəffaflıq, hesabatlılıq və insan hüquqlarına hörmət prinsiplərini əsas şərt kimi irəli sürsünlər.
  7. Fondun maliyyə mənbələrinin qeyri-şəffaflığı, korrupsiyaya yol açması, dövlət büdcəsinin mənimsənilməsi, çirkli pulların yuyulmasına vasitə olması və dövlət idarəçiliyinə təhlükə yaratması nəzərə alınaraq, Heydər Əliyev Fondunun fəaliyyətinin tamamilə dayandırılması və bağlanması təmin edilsin.
  8. Qətnamə bütün aidiyatı beynəlxalq təşkilatlara, demokratik ölkələrin hökumətlərinə və parlamentlərinə göndərilsin.

Azərbaycan Xalq Parlamenti Azərbaycan xalqını bu məsələdə həmrəy olmağa çağırır və beynəlxalq ictimaiyyəti – xüsusilə Avropa Parlamenti, BMT və digər beynəlxalq qurumları – Heydər Əliyev Fondunun fəaliyyətini diqqətlə izləməyə, şəffaflıq və hesabatlılıq tələblərini irəli sürməyə və dövlətçiliyə təhdid yaradan korrupsiya mexanizmlərinin qarşısını almaq üçün təsirli tədbirlər görməyə dəvət edir.

Qəbul olundu: 13 sentyabr 2025 il

Azərbaycan Xalq Parlamenti

Loading