Əlaqə vasitələri

Mətləb Mütəllimli, İstiqlalçı millət vəkili:  “Bunlar vandalizm deyilmi?”

Bu günlərdə Azərbaycan üçün xarakterik olan adi bir hadisə baş verdi. Bakı şəhərində şair Mikayıl Müşviqin heykəli hökumətin qoluzorluları tərəfindən ( Azəryolservis) uçuruldu. Bəzi ziyalılar bu özbaşınalıqları pislədi, tezliklə günahkarların cəzalandırılmasını tələb etdi. İlk baxışda, bu özbaşınalığa görə ziyalıların sərt reaksiya verməsi təqdirə layiq haldır.

Amma…

Təqdirə layiq olmayan odur ki, bu ziyalılar ölkə üzrə hər addımda özü və haqqı tapdalanan canlı insanları görüb susur, di gəl ki, daş heykəl üçün haray-həşir qoparırlar.

Belə haray salan, hadisəni “ vandalizm “ adlandıran ziyalılardan biri də M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevadır.

İndi mən də , xanım professordan soruşmaq istəyirəm :

–Əsir qızlarımızın, qadınlarımızın uzun illər düşmən əsirliyində işgəncələrə məruz qalması, qarınları cırılaraq bətnlərindən körpələrinin çıxarılaraq süngülərə taxılması, qadınların lüt bədəninə “Privet Azerbaycan”,” Velikiy Armeniya “ və sair alçaldıcı ifadələrin yazılması, bu şərəfsizliyə dözülməsi özü də vandalizm deyilmi?

 — “ İstəsək, gedib bir saata Yerevanı alarıq” deyən, amma, namus üçün, torpaq üçün sinəsini sipər edib döyüşə atılan, düşmən tərəfdə şəhid olan qəhrəman balalarımızı götürə bilməyən ölüvay komandirlərin beynəlxalq təşkilatlara, qırmızı xaçlara yalvarması da vandalizm deyilmi?

–Müdafiə etdiyiniz daş heykəlin on addımlığında , “Sovetski “ deyilən ərazidə, heç bir məhkəmə qərarı olmadan minlərlə ailənin dədə-baba yurdlarınndan zorla çölə atılması, mülklərinin başlarına uçurulması, illərlə dişlə-dırnaqla qazandıqları mülklərinə qəpik-quruş verilməsi, sizcə, vandalizm deyilmi?

–Bu rejimin qanunsuz əməllərinə etiraz edən işıqlı insanların, cavan, qorxmaz yeniyetmələrin dövlət mundiri ilə maskalanmış qolu zorlu banditllər tərəfindən həbs edilərək qanlarına qəltan edilməsi, müsəlman adlanan bir ölkədə, saxta protokollara imza atmaqdan imtina etdikdə onların arvadlarını, qızlarını zorlanmaqla hədələnməsi, özlərinə isə ”ya qol çək,ya da butulkaya…” kimi insanlığa sığmayan sözlər, günahsız insanların saxta hökmlərlə uzun müddət zindanlara göndərilməsi, sonra da saxta əflə azadlığa buraxılması, az qala, bütün millətin “türmələr” dən keçirilməsi vandalizm deyilmi? –Tibbimizin alkaşlara etibar edilməsi nəticəsində insanların həyatının al-ver mənbəyinə çevrilməsi, qəpik-quruş pensiyaları ilə ən zəruri dərmanları belə ala bilməməsi , bununla da saysız-hesabsız insanların vaxtından əvvəl o dünyaya göndərilməsi vandalizm deyilmi?

–Məqsədli şəkildə təhsilin bərbad günə salınması, rüşvətə bulaşdırılması, millətin kütləvi savadsızlaşdırılması və manqurtlaşdırılması, qanunsuz hakimiyyətlərini qoruyub saxlamaq naminə kölə millət formalaşdırılması vandalizm deyilmi?

— Millətin sərvətlərinin gecə-gündüz çapılıb talanması, aşkar dilənçi vəziyyətində yaşadığı bir vaxtda var-yoxunun dövlət rəhbərliyi, nazirlər, komitə sədrləri, saxta deputatlar tərəfindən talanması, xaricə-ofşor zonalara daşınması, pul tələsi olan oyunlara xərclənməsi vandalizm deyilmi?

–Minlərlə elm fədaisinin zəhmətinə layiqincə qiymət verilmədiyi bir vaxtda, sizə, yazıçı Elçinin tədqiqatçısına ,yalnız “Paşayevlər” nəslinə mənsub olduğunuza görə bütün istiqamətlərdə yaşıl işıq yandırılması, cavanikən akademikliyə namizədliyinizin verilməsi vandalizm deyilmi?

02.02.2017

 

Loading