Əlaqə vasitələri

Bu məhkəmə səhvi hər bir Azərbaycan qadınına təsir edəcəkdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna

Cavabdeh: Abdullayeva Leyla Hüseyn qızının

Etibarnamə üzrə nümayəndəsi

Məmmədov Qurban Cəlal oğlunun

(Ünvanı: Baki şəh., Nərimanov r-n, M.Nağıyev küç.,

1927-ci məh., ev-4/6, mən.-77, Əlaqə tel.: (050) 200-66-10)

13(102)-1/2017 saylı iş üzrə

iddiaçı Abdullayev Elşad Əlyusif oğlunun

əlavə kassasiya şikayətinə dair

İZAHATI

 

Hörmətli sədr, möhtərəm Plenum iştirakçıları!

Araşdırmaqda olduğunuz əlavə kassasiya şikayətinin əsassızlığının açıq-aşkar olduğunu, həmin şikayətlə mübahisələndirilən AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4828/2016 saylı 11 noyabr 2016-cı il tarixli qərarının tam qanuni olduğunun da açıq-aşkar olduğunu nəzərə alaraq, vaxtınızı çox almayacaq, diqqətinizi, sadəcə olaraq, əlavə kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 424-cü maddəsinin tələblərinə uyğun olmadığına yönəltməyə çalışacağam.

Doğrusu, mən bu əlavə kassasiya şikayətini oxuduqdan sonra şikayətin peşəkar vəkil tərəfindən yazıldığına inana bilmədim.

Əlavə kassasiya şikayəti guya Mülki Prosessual Məcəllənin 424.2.4-cü maddəsi ilə əsaslandırılıb. Həmin maddəyə əsasən, kassasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi üçün əsaslardan biri də “kassasiya instansiyası məhkəməsinin qərarının nəticə hissəsinin onun təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmaması”dır.

Sizin müzakirənizə çıxarılmış əlavə kassasiya şikayətində iki yerdə:

  • şikayətin birinci səhifəsində yuxarıdan ikinci abzasda;
  • şikayətin üçüncü səhifəsində yuxarıdan birinci abzasda MPM-nin 424.2.4-cü maddəsindəki sözlər yazılmış, lakin 3 səhifəlik bu şikayətdə Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən qərarında nəticə və təsviri, eləcə də, nəticə və əsaslandırıcı hissə arasında bir-birinə müvafiq olmayan hər hansı bir uyğunsuzluq barədə, yəni nəticənin qərarın təsviri və ya əsaslandırıcı hissəsinə müvafiq olmaması barədə bir cümlə belə yazılmamışdır. Bunun səbəbini mən çox yaxşı başa düşürəm. Şikayətçi istəsəydi də belə, bunu edə bilməzdi. Çünki qədim çinlilər demişkən, “qaranlıq otaqda qara pişiyi tapmaq mümkün deyil…”.

Möhtərəm Plenum üzvləri!

Əlavə kassasiya şikayəti ilə sizə təsvir edilən o qaranlıq otaqda qara pişik yerli-dibli yoxdur.

Xahiş edirəm, əlavə kassasiya şikayətinin ikinci səhifəsində aşağıdan 5-ci abzasdan “belə ki” sözləri ilə başlayan, guya “əsaslandırma hissəsi” sayıla biləcək cümlələrə diqqət edin. Həmin abzasdan başlayaraq, şikayətin 3-cü səhifəsinin 1-ci abzasına qədər yazılanların hamısı bu iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi qətnamənin əsaslılığını sübut etmək üçündür. Yəni, həmin sətirlər bu iş üzrə cavabdehin yazdığı kassasiya şikayətinə qarşı iddiaçının “etiraz və mülahizələr”indən “copy-past” üsulu ilə buraya əlavə edilmişdir. Nə demək istədiyimi izah etmək üçün şikayətin ikinci səhifəsində aşağıdan birinci abzası olduğu kimi, diqqətinizə çatdırıram:

“Yuxarıda qeyd edilən faktlar Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 20 aprel 2016-cı il tarixli 2(103)-2243/2016 saylı qətnaməsinin qanuni və əsaslı olduğunu və apellyasiya şikayətinin dəlillərinin həmin qətnamənin ləğvi üçün əsas vermədiyini təsdiq edir”.

Möhtərəm Plenum iştirakçıları və hörmətli sədr!

Şikayətdən gətirdiyim bu sitat kimə və hansı orqana ünvanlanıb: apellyasiya instansiyasına, kassasiya instansiyasına, yoxsa Plenuma? Bu sualın cavabı tam aydındır: hara ünvanlandığı bəlli olmasa da, bugünkü Plenumda müzakirə olunan məsələlərə aid olmadığı tam yəqindir.

Şikayətçi burada siz hörmətli hakimlərin hüzurunda Ali Məhkəmənin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli 2(102)-4828/2016 saylı qərarının nəticə hissəsi ilə onun təsviri və ya əsaslandırıcı hissəsinin bir-birinə müvafiq olmamasına dair faktlar və sübutlar göstərmək əvəzinə, vaxtilə apellyasiya və kassasiya instansiyalarına yazdığı “etiraz və mülahizələr”dən bir neçə cümlə öz şikayətinə əlavə etməklə, işini bitmiş hesab etmişdir. Bu dediklərim əlavə kassasiya şikayətinin MPM-nin 424-cü maddəsinin tələblərinə uyğun olmadığını və Siz dəyərli hakimlərin qiymətli vaxtını almağa belə layiq olmadığını sübut etmək üçündür. Ancaq mən, bir məsələyə görə, çox vacib olan bir hüquqi problemin Plenumun müzakirəsinə çıxarılmasına səbəb olan şikayətçiyə və bu şikayəti Sizin müzakirənizə çıxaran Ali Məhkəmənin sədri hörmətli Ramiz Rzayevə minnətdarlıq bildirməyi özümə borc hesab edirəm. Ümid edirəm ki, indi diqqətinizə çatdıracağım hüquqi problemlə bağlı obyektiv qərar qəbul edəcək və bundan sonra, nümayəndəsi olduğum Abdullayeva Leyla Hüseyn qızı kimi yüz minlərlə Azərbaycan qadınının hüquqlarının gələcəkdə pozulmasına səbəb ola biləcək yalnış hüquqi mövqenin formalaşmasına imkan  verməyəcəksiniz.

Möhtərəm hakimlər!

İndiki halda, söhbət rəsmi nikah münasibətlərində, faktiki nikah münasibətlərində və hətta, çox-çox üzr istəyirəm, “aşiq-məşuq” münasibətlərində olan şəxslər arasında mümkün ola biləcək əmlak mübahisələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Əsassız varlanma” adlı LVIII fəslinin (1091-195-ci maddələr) tələblərinin tətbiq edilib-edilməməsi mümkünlüyündən gedir. Çünki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi iddianı təmin edərkən, Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etmiş və belə qənaətə gəlmişlər ki, cavabdeh (arvad) iddiaçının (ərin) hesabına əsassız olaraq varlanmış və bunun üçün də… barışıq sazişi ilə arvadın mülkiyyətinə verilmiş mənzilə çəkilən 72457 manatlıq təmir xərcləri geri qaytarılmalıdır.

Möhtərəm hakimlər!

Əlavə kassasiya şikayətini tərtib edən vəkil öz vəzifəsini layiqincə yerinə yetirməsə də, yəni şikayəti MPM-nin 424.2.4-cü maddəsinə uyğun əsaslandırmağa cəhd belə etməsə də, mən bunun əksini, yəni Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən qərarının nəticə hissəsi ilə təsviri və əsaslandırma hissəsinin bir-birinə tam müvafiq olduğunu mövcud qanun normaları və iş üzrə konkret faktlarla sübut etmək istəyirəm.

Rəsmi nikahları olan ər-arvad arasında, hətta yuxarıda qeyd etdiyim kimi, faktiki nikah münasibətlərində olan kişi ilə qadın arasında əsassız varlanmadan söhbət gedə bilərmi? Nədir əsassız varlanma? Bu anlayış Mülki Məcəllənin 1091-ci maddəsində belə izah edilir: “1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir”.

Göründüyü kimi, qanunverici əsassız varlanmanı iki amillə bağlayır:

  • əsassız varlanmanın qanuni əsası olmur.

      . əsassız varlanmanın müqavilə əsası olmur.

Bu iş üzrə iddiaçı ilə cavabdeh arasında “ər-arvadın mülkiyyətinin hüquqi rejiminə dair” hər hansı müqavilə yoxdur. Deməli, indiki halda, varlanmanın müqavilə əsasından danışa bilmərik. Bəs, qanuni əsas necə, bu varlanmanın, bunu, ümumiyyətlə,  varlanma hesab etmək mümkünsə,  qanuni əsası varmı?

Möhtərəm hakimlər!

Ali Məhkəmənin Mülki Kollegiyasının Sizin müzakirənizə çıxarılan qərarında məhz bu suala cavab verilib. Həmin qərarın nəticə hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddiaçı Abdullayev Elşad Əlyusif oğlunun cavabdeh Abdullayeva Leyla Hüseyn qızına qarşı, təmir xərclərinin ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda, həmin qərarın təsviri və əsaslandırma hissəsində, qərarın nəticəsinə tam uyğun olaraq, maddi hüquq normaları şərh edilmiş, iddianın əsassızlığı maddi hüquq normaları ilə və tutarlı dəlillərlə mübahisəsiz qaydada əsaslandırılmışdır. Mən burada, həmin qərardan bol-bol sitatlar gətirməklə qiymətli vaxtınızı almayacağam. Ancaq, ər-arvadın bir-birinin hesabına varlana bilmələrinin qanuni əsaslarını diqqətinizə çatdırmağı zəruri hesab edirəm.

Ər-arvadın bir-birinin hesabına varlanmasının qanuni əsasları varmı? Bəli, var!

Mülki Məcəllənin  225-ci maddəsinə (ərlə arvadın ümumi mülkiyyəti) əsasən, “225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir….225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir”.

Ailə Məcəlləsinin  32-ci maddəsinə (ər-arvadın birgə mülkiyyəti) əsasən, “32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə:

32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir”.

Ailə Məcəlləsinin 35-ci maddəsinə (ər-arvadın hər birinin əmlakının onların birgə mülkiyyəti sayılması) əsasən, “Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər”.

Bunun əksini iddia etməyin, yəni qadınların ərlərinin hesabına əldə etdikləri əmlakı əsassız varlanma kimi qiymətləndirməyin ölkədə bundan sonra hansı proseslərə rəvac verəcəyini təsəvvür edirsinizmi? Təbbi ki, Sizin kimi zəngin həyat və hakimlik təcrübəsinə malik olanların bunu təsəvvür edə bilməməsi mümkün deyil.

Əlavə kassasiya şikayətinin təmin edilməsi və Xətai Rayon Məhkəməsində əsası qoyulan səhv hüquqi mövqenin təsdiq edilməsi halında, gələcəkdə Azərbaycan qadınlarını gözləyən problemləri görməmək də mümkün deyil. Həmin “hüquqi mövqe”yə əsaslanaraq, kişilərin qadınlara, eləcə də əksinə, qadınların kişilərə qarşı qaldıracaqları iddiaların məhkəmə təcrübəsində necə problemlər yarada biləcəyini indidən görməmək də mümkün deyil.

Möhtərəm hakimlər!

Ali Məhkəmənin Mülki Kollegiyasının müzakirə etdiyiniz qərarının təsviri və əsaslandırıcı hissəsində də məhz bunlar qeyd edilib və apellyasiya məhkəməsinin qanunsuz qətnaməsinin ləğvi kifayət qədər əsaslandırılıb. Bəs, həmin qərarın nəticə hissəsi ilə təsviri və əsaslandırıcı hissəsi arasında uyğunsuzluq vardırmı? Bu suala cavab verməkdə isə mən acizəm. Çünki, belə bir uyğunsuzluq yoxdur. Bu sualın cavabını iddiaçı və onu təmsil edənlər verməli idilər.

İzahatımı yekunlaşdıraraq, işin faktiki halları ilə bağlı çox önəmli bir faktı da nəzərinizə çatdırmağı zəruri hesab edirəm.

Baxmayaraq ki, MPM-nin 425 və 407.1.4-cü maddələrinə əsasən, bu Plenum iclasında  “maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması” müzakirə edilməlidir, lakin əlavə kassasiya şikayətində başdan ayağa işin faktiki hallarına istinad edildiyini nəzərə alaraq, mən də, bu gün qüvvədə olan bir məhkəmə qərarı ilə müəyyənləşən bir faktı nəzərinizə çatdırmaqla, izahatımı tamamlamaq istəyirəm.

Möhtərəm hakimlər!

İddiaçı öz iddiasını belə əsaslandırmağa çalışır ki, guya, cavabdeh L.H.Abdullayeva ilə barışıq sazişi imzaladıqdan sonra, sonuncunun ailə münasibətlərini bərpa etmək niyyətinə inanmış, onunla yenidən ailə həyatı yaşamağa başlamış və məhz bu dövrdə mənzilin təmirinə 72 457 manat pul xərcləmişdir.

Siz bu rəqəmə diqqət edin!

Bu rəqəm barışıq sazişi ilə vaxtilə iddiaçının yeni aldıqları mənzilə görə borclu olduqları və ödənilməsini öhdəsinə götürdüyü məbləğlə eynidir. Əslində, iddiaçının məqsədi həmin öhdəlikdən xilas olmaq, borcu keçmiş həyat yoldaşının və azyaşlı uşaqlarının üzərinə qoymaqdır. Lakin buna cəhd edən tək iddiaçının özü deyil. İddiaçının atası Abdullayev Əlyusif Hafiz oğlu indiki mübahisə üzrə tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq edən Xətai Rayon Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli 2(001)-4549/2012 saylı qərardadından 02 sentyabr 2014-cü il tarixli şikayət vermiş və həmin şikayətin 2-ci səhifəsinin aşağıdan 5-ci abzasında belə yazmışdır: “Bildirmək istərdik ki, Abdullayev Elşad əlyusif oğlu tərəfindən sözü gedən Bakı şəh., Xətai r-n, N.Rəfiyev küç., 1145-ci məhəllə, 28A ünvanında inşa edilmiş 15 mərtəbəli binanın D blokunun 13-cü mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 149,6 kv.m olan52 saylı mənzilə dair 13 dekabr 2012-ci il tarixli barışıq sazişi bağlanıla bilməzdi. Belə ki, həmin mənzilə dair ödənişlər Abdullayev Elşadın atası Abdullayev Əlyusif Hafiz oğlu tərəfindən ödənilmiş və hal-hazırda da onun tərəfindən ödənilməkdədir. Bundan əlavə, sözü gedən mənzilin təmir işləri də şəxsən  Abdullayev Əlyusifin özünün iştirakı və vəsaiti hesabına olmuşdur”.

Möhtərəm hakimlər!

Buradakı son  cümləni bir daha diqqətinizə çatdırıram: Bundan əlavə, sözü gedən mənzilin təmir işləri də şəxsən  Abdullayev Əlyusifin özünün iştirakı və vəsaiti hesabına olmuşdur”.

Bu cümlədə iddiaçının atası Əlyusif Abdullayev bildirir ki, mənzilin təmir işləri şəxsən onun özünün iştirakı və vəsaiti hesabına aparılıb. Bu şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsinin müliki kollegiyasının (sədrlik edən: Etibar Nəbiyev) 13 oktyabr 2014-cü il tarixli qərardadı bu gün də qüvvədədir və həmin qərardadı bu izahatıma əlavə etmişəm.

Qalır, sadəcə, bu təmirin aparılma vaxtını müəyyən etmək.

Ancaq bunu müəyyən etmədən öncə soruşmaq istəyirəm; hansı düz danışır: oğul Elşad Abdullayev, yoxsa ata Əlyusif Abdullayev? Axı bir-birinə zidd olan iki həqiqət ola bilməz. Bunlardan biri mütləq yalandır. Bir yalan deyənin başqa dediklərinin də doğruluğunun şübhə altına alınması təbii deyilmi?

Möhtərəm hakimlər!

Mən qəti əminəm, siz düşünmürsünüz ki, mənzilin gəlininin mülkiyyətinə verilməsindən narazı qalan qaynata, sonradan həmin mənzilin təmirinə  72 457 manat pul sərf edib. Bunun əksini düşünmək, sadəlövhlük olmazdımı? Maşını satıb, matorunu geri istəməklə, evi satıb, qapı-pəncərəsini, evin altındakı torpaq sahəsini geri istəməklə, yaxud da, inəyi bağışlayıb gündəlik südünü geri istəməklə, bu gün müzakirə etdiyiniz qərarın predmeti olan iddianın fərqi varmı?

Hətta, iddiaçının dediklərinin səmimi olduğunu qəbul etsək, bu halda belə cavabdehin  əsassız varlanmasından söhbət gedə bilərmi? Atanın öz uşaqlarının yaşayacağı mənzili təmir etdirməsi nə vaxtdan uşaqların anasının əsassız varlanması kimi qəbul edilməyə başlayıb bu ölkədə? Ailə Məcəlləsinin 49-cu  maddəsinə (uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ) əsasən, “49.2. hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir…”.

Biz iddiaçının öz uşaqlarının yaşadığı mənzili təmir etdirməsini niyə uşaqlarına qayğı göstərməsi, uşaqlarının hərtərfəli inkişafına şərait yaratması kimi yox, arvadının əsassız varlanması kimi qiymətləndirməliyik? Niyə? Bu, həqiqətən də, varlanmadırsa, bu varlanmadan kimin payına daha çox düşüb: cavbdeh-arvadın, yoxsa iki uşağın?  Bu suallara cavab veriləcəyi halda həqiqət ortaya çıxacaqdır, möhtərəm hakimlər!

Yuxarıdakı sualların cavablarını və qanuni qərar qəbul etməyi sizin öhdənizə buraxır, bizi səbrlə dinlədiyinizə görə, uca məqamınıza hörmət və ehtiramımı bir daha ifadə etməklə, izahatımı tamamlayıram.

Bu izahatımın yazılı formasını iş materiallarına əlavə etməyinizi xahiş edirəm.

Sonda isə xüsusilə qeyd etməyi zəruri hesab edirəm: bu Plenumda aparılan müzakirələrin məqsədi qanunu və qanunçuluğu, hüququn aliliyini müdafiə etməkdirsə, biz haqlıyıq, Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən qərarı tamamilə qanunidir.Yox, əgər məqsəd Xətai rayon məhkəməsinin sədri Nazim Tağıyevin maraqlarını təmin etməkdirsə, onda əlavə kassasiya şikayəti əsaslıdır.

Ancaq mən inanır və ümid edirəm ki, bu qara ləkənin Azərbaycan Ali Məhkəməsinin tarixinə ağ hərflərlə yazılmasına, ölkəmizdə ədalət məhkəməsinin ayrı-ayrı adamların maraqlarına qurban verilməsinə  imkan verməyəcəksiniz.

Diqqətinizə görə təşəkkür edirəm.

Qoşma:

                —  Xətai Rayon Məhkəməsinin 13 dekabr 2012-ci il tarixli qərardadından Ə.Abdullayevin verdiyi                  

                                         02.09.2014-cü il tarixli şikayətin surəti,

                    —- Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli

                                                     qərardadının surəti.

10 fevral 2017-ci il

                                           İmza:                                        Q.C.Məmmədov

Loading