Əlaqə vasitələri

Uşaqlar silah rolunda, qisas aləti kimi.

Bu problemlər, çox təəssüf ki, ölkəmizdə boşanan ailələrin 98-99 faizində mövcuddur. Bunun təbii ki, müxtəlif səbəbləri var. Burada bu barədə yazmağa vaxtımız yetməz. Ən vacib səbəb gənclərin, xüsusilə də, qızlarımızın-gəlinlərimizin düzgün ailə və məktəb tərbiyəsi almamağıdır.

Bir qayda olaraq, Azərbaycan qadını  boşandığı ərə qarşı uşaqlardan silah kimi istifadə edir. Bu, günümüzün acı həqiqətidir. Anlamaq istəmirlər ki, bununla da uşaqlara sağalmaz və ömrü boyu onları təqib edəcək mənəvi zərər vururlar.

Belə uşaqlar natamamlıq kompleksi ilə normal həyat sürə bilmir və nəticədə psixi xəstəliklər tapır, cinayət yoluna düşür, bir sözlə, uşaqlar “ana məhəbbəti”nin qurbanı olurlar. Bunun nəticəsini isə, on-onbeş ildən sonra məhz həmin analar özləri çəkirlər. Bu, çox böyük mövzudur…

Keçək əsas məsələyə. Ailə Məcəlləsinin 49-cu (uşağın ailədə yaşamaq və tərbiyə olunmaq hüququ) maddəsinə əsasən, “…49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir…”

Deyə bilərlər ki, burada haqqında söhbət gedən məsələlər uşağın hüququdur. Hüquqdan istifadə etmək isə hüquq sahibinin hüququdur.

Ancaq böyüklərlə uşaqların öz  hüquqlarını başa düşmək, dərk etmək və onlardan istifadə etmək imkanları fərqli olduğu üçün, uşaqların öz hüquqlarından istifadə edib-etməmək istəklərinə fərqli yanaşılmalıdır.

Məsələn, uşaq “ailədə yaşamaq, valideynləri tərəfindən tərbiyə olunmaq” hüququndan imtina edib küçələrdə yaşaya bilərmi? Uşaq məhz bunu istəsə, valideynləri, cəmiyyət və məhkəmələr necə hərəkət etməlidirlər? Cavab təbii ki aydındır: buna yol vermək olmaz.

Bəs bu halda  biz uşağın hüquqlarını pozmuş olmuruqmu? Təbii ki, yox. Çünki beynəlxalq və milli hüquqlara əsasən, uşaqlarla bağlı qəbul edilən istənilən qərar ilk növbədə onların mənafeyinə uyğun olmalıdır. Bunu isə, yəni qəbul edilən qərarın onların mənafelərinə uyğun olub-olmamasını böyüklər, məhkəmələr müəyyənləşdirməlidir.

AM-nin 50-ci maddəsinə (uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ) əsasən, “50.1. Uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir.50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir.50.5. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.”

Bəs bu maddədəki hüquqlarından necə, uşaq imtina edə bilərmi?  Formal baxımdan, bəli, edə bilər. Ancaq artıq yuxarıda qeyd etdiyim səbəblərdən dolayı, bu imtinanı böyüklər qəbul etməməlidirlər.

Məsələn,  “uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ”ndan imtina edərsə, böyüklər, ata və ya ana necə hərəkət etməlidirlər?

İlk növbədə imtinanın səbəbləri araşdırılmalıdır.

Valideynlərindən şiddət görən, pis münasibət, qayğısızlıq görən uşaqla, normal ailə münasibətlərində ata və anasının hər iksi ilə özünü rahat hiss edən uşağın, ailə dağıldıqdan sonra valideynlərindən biri ilə, xüsusilə də, ondan ayrı qalan valideyni ilə ünsiyyət saxlamaqdan imtina edən uşağın imtina səbəbləri eyni ola bilərmi? Əlbəttə yox.

Birinci halda, Ailə Məcəlləsinin 64-69-cu maddələri (valideylik hüquqlarından məhrum etmə və ya valideynlik hüquqlarının məhdudlaşdırılması) tətbiq edilməlidirsə, ikinci halda, yuxarıda qeyd etdiyim 49-50-ci maddələr və 51-63-cü maddələrin tələbləri tətbiq edilməlidir.

Bu zaman isə yalnız uşaqların mənafeləri əsas götürülməlidir.

Dünənə qədər atasının (anasının) qucağından düşməyən uşaq, valideynləri boşandıqdan və anası (atası) ilə təklikdə qaldıqdan bir qədər sonra niyə atası (anası) ilə görüşmək istəməsin? Cavab hamıya bəllidir: ananın (atanın) uşaqdan silah və qisas aləti kimi istifadə etməsi.

Çox təəssüf ki, belə hallar son vaxtlar çoxalıb və… məhkəmələr və icra məmurları da bundan gəlir mənbəyi kimi istifadə etməyə çalışırlar. Halbuki, Ailə Məcəlləsinin yuxarıda qeyd etdiyim maddələrinə görə, ana(ata) onunla təkbətək qalan uşağı düzgün tərbiyə etməli, onu atasına(anasına) qarşı kökləməməli, onun gələcəyini təhlükə altına atmamalıdır.

Belə hərəkətlər, eyni zamanda, cəmiyyət üçün, ictimai maraqlar üçün də təhlükəlidir və ziyanlıdır. Vəziyyətdən isə qanuni çıxış yolları var.

Lakin, artıq qeyd etdiyim kimi, qanunun gücündən istifadə etmək, uşağın maraqlarını, gələcəyini təmin etmək əvəzinə, Azərbaycanın bir çox hakimləri və icra məmurları bu problemlərə gəlir mənbəyi kimi baxırlar. Əslində isə, məhkəmə qərarı ilə uşaq, yanında saxlanılan valideyn tərəfindən düzgün tərbiyə edilmirsə, ataya (anaya) nifrət ruhunda böyüdülürsə,  qarşı tərəfin və ya istənilən maraqlı şəxsin (nənə, baba, qardaş, bacı, əmi, dayı və s.) iddiası ilə uşaq  həmin anadan (atadan) alınmalı, həmin ananın (atanın) valideynlik hüquqları məhdudlaşdırılmalı, uşaq alınıb qarşı tərəfə verilməlidir.

Məhkəmələr tərəfindən qanunun gücündən istifadə edilərsə, bir neçə belə hal barədə qeyd etdiyim kimi qərarlar qəbul edilərsə,….qarşı tərəfə olan qanunsuzluqlar və uşağa qarşı olan pisliklər də olmaz, azalar.Cəmiyyət tərbiyələnər, hamı bilər ki, məhkəmə qətnaməsinin icrasına bu formada mane olmaq onlar üçün xoşagəlməz nəticələr doğura bilər.

Belə hallarda, qeyd etdiyim qaydada məhkəməyə müraciət edilməli, uşağın anadan (atadan) alınaraq ataya (anaya) verilməsi barədə iddia qaldırılmalıdır.. Ancaq, artıq uşağın psixolojisi pozulubsa, səbəbsiz olaraq atayla (anayla) görüşməkdən imtina edirsə, o uşaqla mütləq mütəxəssislər (uşaq psixoloqları, dayələr, müəllimələr, pedaqoqlar) işləməli, uşaq ayrı qaldığı valideynlə görüşə hazırlanmalıdır.

Təbii ki, uşaq anası ilə qaldığı müddətdə bu işlərin heç bir səmərəsi ola bilməz. Deməli, uşaq mütləq xüsusi müəssisələrə yerləşdirilməli, mənfi təsirlərdən qorunmalıdır. Bütün bunlar isə, əlbəttə, məhkəmə qərarları ilə olmalıdır.

Onu da qeyd etməyi zəruri bilirəm ki, əgər ana (ata) sübut etsə ki, uşağın atası (anası) ilə görüşdən imtina etməsi vaxtilə atanın (ananın) uşaqla amansız, pis münasibətinin nəticəsidir, təbii ki, məhkəmə qərarı fərqli olacaq.

Qanunun gücündən istifadə edin. Arxayın olun, bu ölkədə heç də bütün hakimlər və ya icra məmurları vicdanlarını itirməyiblər. Yaxşıları daha çoxdur.

Siz ALLAH(c.c)a güvənərək, səbrlə mübarizə aparın, mütləq qalib gələcəksiniz.

Ancaq bu mübarizəni keçmiş həyat yoldaşınıza hörmət qoyaraq, ondan qisas almaq niyyəti güdmədən aparın. Bu çox önəmlidir.

Çünki sevgili Peyğəmbər(s.a.s)imizin bir hədisində deyildiyi  kimi: “Əməllər niyyət ilədir.”

Sizin  niyyətiniz xoş olsa, ALLAH (c.c) da sizə yardım edər.

Loading