Əlaqə vasitələri

“Qarşımızda Rusiya da olsa, torpaqlarımızı azad etməliyik”

qurban-memmedov1“Əli Kərimlinin tutduğu mövqe milli maraqlar baxımından yerindədi”

Qurban Məmmədov: “Torpaqlarımız son santimetrinə qədər ermənilərdən azad olunmalıdır. Xalq olaraq bunu dövlət başçısından tələb etməliyik”

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində atəşkəsin pozulması ağır döyüşlərlə yadda qaldı. Erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmasına cavab olaraq əks-hücuma keçən ordumuz aprelin 5-nə qədər bir neçə uğurlu hərbi əməliyyata imza atdı. Nəticədə qoşunlarımız strateji əhəmiyyətə malik olan iki yüksəkliyi ələ keçirdi. Bu uğurlar itkisiz olmadı. Bir neçə gün ərzində Azərbaycan onlarla şəhid verdi. Gedən döyüşlərdə tanınmış hüquqşunas Qurban Məmmədovun qardaşı, birinci Qarabağ müharibəsinin qazisi Əbdül Məmmədovun oğlu şəhid oldu. Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirdi. Qəzet olaraq R.Məmmədovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Bugünki müsahibimiz Q.Məmmədova ünvanladığımız suallar da elə cəbhədə baş verənlərlə bağlı oldu:

– Qurban bəy, atəşkəsin birdən-birə pozulması nəylə bağlı idi?

– Atəşkəsin pozulmasının konkret səbəbi məlum deyil. Çünki rəsmi dairələr hələlik dəqiq məlumat yaymayıblar. Keçən ilin dekabrından belə şaiələr var idi ki, yeni müharibə gözlənilir. Amma bunun əsl səbəbi nədir, Ermənistan niyə atəşkəsi pozdu, Azərbaycanın bu cür amansız cavab verməsi nəylə bağlı idi və döyüşlər niyə dayandırıldı ? Bu suallar hələ də qalır. Azərbaycan döyüşlərin ikinci günü birtərəfli qaydada atəşkəs elan etdi, bütün dünyaya bu məlumatı yaydı. Sonra isə hərbi əməliyyatların daha da qızışdığı barədə məlumatlar gəldi. Rəsmi dairələrin mövqeyini gözləyək ki, onlar baş verənlər barədə ağlabatan məlumat versinlər. Yalnız o məlumatlar əsasında nəsə demək olar. Bir şeyi bilirəm ki, müharibə olmalıdır. Biz silahlanmalıyıq, hər birimiz şəhid olmağa hazır olmalıyıq. “Şəhidliyimiz mübarək” şüarları ilə torpaqlarımız son santimetrinə qədər ermənilərdən azad olunmalıdır. Hesab edirəm ki, xalq olaraq bunu dövlət başçısından tələb etməliyik.

“Xalqımızın indiki əhval-ruhiyyəsini saxlamalıyıq”

– Bu hadisələr baş verən gün həm cəmiyyətdə, həm ordunun özündə kifayət qədər böyük ruh yüksəkliyi müşahidə olundu. İllərin bədbinliyindən sonra bu hal sizi təəcübləndirdimi, yoxsa bu normal bir hal idi?

– Məni şəxsən təəccübləndirmədi. Çünki xalqımı yaxşı tanıyıram. Amma baş verənlər Azərbaycan xalqı haqqında son zamanlar formalaşmış mülahizələri alt-üst etdi. Yəni xalqı qorxaqlıqda, laqeyidlikdə, ətalətdə ittiham edənlər gördülər ki, xalqımız daxili mübarizədə, vətəndaş müharibəsindən qaçmaq üçün uzun müddət səbir etməyi bacaran, dözən xalqdır. Amma vətən müharibəsi, torpaq problemi ortaya çıxanda şir kimi meydana atılmağa hazırdır. Bu mənada məni heç nə təəccübləndirmədi. Biz xalqımızın indiki əhval-ruhiyyəsinin saxlanması istiqamətində əlimizdən gələni etməliyik. Bu çox böyük qazancımızdır. İnşallah bunun nəticəsini tezliklə görəcəyik.

– Ermənistanın təklifi ilə hərbi əməliyyatlar dayandırıldı, atəşkəs imzalandı. Sizcə, hərbi əməliyyatlar dayandırılmalı idimi?

– Döyüşlərin ikinci günü Azərbaycan birtərəfli qaydada atəşkəs elan etdi. Amma biz bütün dünyaya münaqişənin danışıqlar yolu ilə həll etməyimizi çatdırsaq da, döyüşlər davam etdi. Bu baxımdan hesab edirəm ki, müharibə mütləq davam etdirilməlidir, torpaqlar azad edilməlidir. Bu bizim millət olaraq haqqımızdır. Amma müharibənin elan olunması haqqında qərar siyasi qərardır. Müharibə haqqında qərar vermək üçün bir çox geosiyasi amillər nəzərə alınmalıdır. Şəxsən mənim müharibənin ilk günündə bir narahatçılığım var idi. Çünki hərbi əməliyyatlar İlham Əliyevin ABŞ-dan dönməsinin ilk günündə başlamışdı. Belə güman etdim ki, Rusiyanı Ukraynaya, Suriyaya saldılar və bu, Rusiyanın iqtisadiyyatına olduqca ciddi zərbələr vurdu. İndi də növbədə Azərbaycandır və ölkəmizi Rusiyaya yem etmək üçün addımlar atılır. Amma sonradan məlum oldu ki, ya Rusiya hakimiyyəti ayıq tərpənərək bu tələyə düşməyin təhlükəli olacağını anladı, ya da belə bir fikir olmayıb. Sadəcə Rusiyanın özü də maraqlıdır ki, danışıqlarda Ermənistan normal mövqeyə gətirilməlidir. Amma döyüşün davam etməsi və Ermənistanın məğlub olması, Rusiyanın regionda tamamilə nüfuzdan düşməsi deməkdir. Bu, Ermənistanın da Rusiyanın əlindən çıxması və Kremlin Cənubi Qafqazda ən böyük dayağını itirməsi demək olardı. Bu baxımdan Rusiya imkan verməyəcək ki, biz istədiyimiz kimi hərəkət edək. Hətta ruslar işğal altında olan yeddi rayonu qaytarmağa razı olarlar. Amma müharibə ilə bir rayonun da qaytarılmasını istəməzlər. Çünki torpaqların alınması xalqımızda son iyirmi ildə yaşanan məğlubiyyət sindromunu aradan qaldıracaq və Qafqazın ən qürurlu, mərd milləti kimi dünyaya tanıdacaq. Belə bir xalq isə Putinə lazım deyil. Amma mən Azərbaycan vətəndaşı olaraq müharibənin dayandırılmasının, atəşkəsin elan olunmasının tam əleyhinəyəm. Amma biz siyasi vəziyyətin, gedən danışıqların nə səviyyədə olduğunu bilmirik. Müharibə qərarı bu danışıqlar nəzərə alınaraq qəbul olunmalıdır.

– Bir neçə yüksəklik uğrunda döyüşlərdə dirəniş göstərən Ermənistanın danışıqlarda güzəştə gedəcəyi nə dərəcədə mümkündür?

– Ermənistan danışıqları qəbul etmir. Artıq fakt ortadadır ki, Ermənistanla yalnız güc dilində danışılmalıdır. Belə bir rəvayət var. Günlərin bir günü düşmən padşaha xəbər göndərir ki, atını mənə verməlisən. Vəzirlərin etirazına baxmayaraq padşah müharibə etmir və atını düşmənə yollayır. Daha sonra düşmən padşahdan kənizini istəyir. Padşah bu dəfə də düşmənə yox demir. Növbəti dəfə düşmən padşahdan onun ərazsində olan bataqlığı istəyir. Bu zaman padşan vəzirlərinə deyir ki, bəs yığışın müharibə edirik. Padşahdan soruşurlar ki, bəs atını və kənizini istəyəndə döyüşmədin. Amma bir bataqlıq üçün vuruşmağa hazırsan. Padşah deyir ki, at da, kəniz də mənim mülkiyyətim idi. Amma torpaq mənim deyil. Biz onu gələcək nəsillərə ötürməliyik, onu kiməsə verməyə haqqım yoxdur. Gedək döyüşək və şəhid olaq, ən azından gələcək nəsillər desin ki, biz binamus olmadıq. Torpaqlar son qarışınadək azad olana qədər döyüşməliyik. Hətta qarşımızda rus olsa da döyüşməliyik.

“Milli Şuranın mövqeyi milli maraqlarla səsləşirdi”

– Milli Şura və AXCP-nin son olaylarla bağlı sərgilədiyi mövqeyi necə dəyərləndirisiniz?

– Təbii ki, hörmətli Əli Kərimlinin müharibənin birinci günü verdiyi bəyanat, ordunun yanında olmasıyla bağlı verdiyi açıqlama olduqca faydalıdır, bu tarixi addımdır. Bu, Əli Kərimlinin şəxsən özünün və təmsil etdiyi düşərgənin siyasi əxlaqını bütün dünyaya göstərir. İstərdim ki, bu hakimiyyət tərəfindən də müsbət qiymətləndirilsin. Biz xalq olmağı bacarmalıyıq. Hələ proses başa çatmayıb. Müharibənin yenidən hər an alovlanma təhlükəsi var. Amma müəyyən qüvvələr xalqda yaranmış bu ruh yüksəkliyini öldürmək üçün ya bilərəkdən, ya da bilməyərəkdən təbliğata başlayıblar. Bu ziyanlı bir şeydir. Milli Şuranın, Əli Kərimlinin tutduğu mövqe milli maraqlar baxımından yerindəydi. Hesab edirəm ki, xalq da, dünya da bunu dəyərləndirəcək.

– Qarabağ probleminin həlli istiqamətində danışıqlar prosesinə töhvə vermək üçün Almaniya 7 addımlı proqram təklif edir. Eyni zamanda Lavrov da bəyan edib ki, Rusiyanın öz təklifləri var. Eyni zamanda Türkiyə və Avropa Birliyi də təkliflərlə çıxış edir. Hansı yol Azərbaycanın maraqlarına uyğun ola bilər?

– Minsk Qrupunun hazırkı tərkibi ilə Qarabağ probleminin həllini görmürəm. Ən azı bu həll beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycan xalqının xeyrinə olmayacaq. Niyə? Çünki həmsədrlərin üçü də Ermənistanın bu və başqa formada yanındadır. Əgər belə olmasaydı, onlar işğalçını barmaqla göstərərdi. Fransa və Rusiya birmənalı olaraq problemin ermənilərin xeyrinə həllində maraqlıdırlar. Dolayısı ilə ABŞ da maraqlııdr. Ona görə  Minsk Qrupunun tərkibi dəyişməli və Almaniya kimi neytral dövlətlər tərkibə daxil olmalıdır. Yox əgər Fransa və Rusiya tərkibdə qalacaqsa, onlardan biri mütləq Türkiyə ilə əvəzlənməlidir. Münaqişə tərəfləri Azərbaycan və Ermənistan olsa da, onu problemə aidiyyatı olmayanlar həll etməyə çalışır. Bu bir daha sübut edir ki, problemin qalmasında maraqlı olanlar məhz bu dövlətlərdir. Qarabağ probleminin köklü həllinə nail olmaq lazımdır. Yüz ildən sonra belə bir problemin yaşanmaması üçün Erməistandan necə ki, azərbaycanlılar son nəfərinə qədər çıxarılıb, eləcə də ermənilər Qarabağdan köçürülməlidir. Yox əgər dünya israr edəcəksə,Qarabağa özəl status verilsin. O zaman 48-50, 89-90-cı illərdə Ermənistandan qovulan azərbaycanlılar Zəngəzura qayıdıb, orada muxtariyyətlərini təşkil etməlidirlər. Əks təqdirdə ermənilərin Cənubi Qafqazda səksəkəsiz yaşaması mümkün olmayacaq. Bu birmənalıdır və dünya bunu bilməlidir.

“İtkiləri etiraf etmək lazımdır”

– Məlumatlara görə 400 PKK yaraqlısı Qarabağa köçürülüb. Eyni zamanda Suriyada yaşayan ermənilərin də Qarabağa köçürüldüyü barədə məlumat yayılır…

– Azərbaycan təcili şəkildə bu məlumatların hüquqi bazasını yaratmalıdır. Azərbaycan dövlətinin razılığı olmadan əlisilahlı şəkildə  Qarabağa daxil olan hər bir kəs xəbərdarlıq edilmədən məhv edilməlidir. Bu istiqamətdə qanuni baza var. Sadəcə onu bir qədər təkmilləşdirməyə ehtiyac var.

– Mətbuatda bir neçə günlük döyüş zamanı şəhid olanların sayı ilə bağlı qeyri-dəqiqlik var. Rəsmi strukturlar itkilərlə bağlı bir məlumat versə də, müstəqil təşkilatların hesablamaları fərqli rəqəmləri ortaya qoyur…

– Bu, hökumətin buraxdığı kobud bir səhvdir. Torpaq uğrunda minlərlə də şəhid versək, bunu etiraf etmək lazımdır. Gərəkirsə, torpaq uğrunda bütün millət qurban getməlidir. Müharibə varsa, şəhid də var. Əksinə şəhidlərin sayını demək lazımdır. Xalq bilməlidir ki, onun neçə kişi övladı göz qırpmadan ölümə atılır. Mən qardaşım oğlu Rasimin Lələtəpənin alınmasında etdiyi hərəkətləri eşitdikcə qürur duyuram. Şəhidliyimiz mübarək olsun. Balalarımıza da onu başa salırıq ki, körpə uşaqlar o ruhda böyüsünlər. Nə qədər çox şəhidimiz varsa, biz o qədər şərəfli, ləyaqətli millətik. Bunu xalqdan niyə gizlətməliyik? Amma bəzi mətbuat orqanlarının hakimiyyətin naşılığından istifadə edib, ara qarışdırmaq, xalqı ruhdan salmaq kimi addımlarını pisləyirəm. Müharibə təbliğatını informasiya almaq hüququ ilə qarışdırmaq olmaz. Müharibə zamanı bəzən olan faktlar haqqında susula da bilər. Müharibənin öz qanunu var.

“Ermənilərin ən böyük düşməni ruslardır”

– Rusiya mətbuatı tam şəkildə Ermənistanın tərəfində durduğunu bir də nümayiş etdirdi. Bu yanaşmanı necə qiymətləndirmək olar?

– Başqa nə gözləmək olardı. Regionda Ermənistanın uduzması rusların tamamilə nüfuzdan düşməsi, təsir dairəsini itirməsi deməkdir. Ukrayna, Suriya Rusiyanın əlindən getdi. İndi Cənubi Qafqazda da ermənilər məğlub olsa, ruslar bölgədən çəkilməlidir. Bir erməni politoloqunun yazısını oxudum. O, açıq etiraf edib ki, bizim düşmənimiz Rusiyadır. Məhz ruslar erməniləri qonşuları ilə düşmən edib və imkan vermir ki, türklərlə yola getsinlər. Vaxt gələcək erməni xalqı da bunu başa düşəcək. Ona görə rusların bu cür təbliğat aparması tam normaldır. Rus mətbuatını idarə edən onların xüsusi xidmət orqanlarıdır.  Onlar da ermənilərin qulluğundadır.

– Hazırda siyasi əqidəsinə görə həbs olunanlar sırasında iki Qarabağ qazisi də var. AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli və AXCP Mingəçevir təşkilatının keçmiş sədri, partiya fəalı Qadir Xudabaxşıyev həbsdədirlər. Baş verən son döyüşlərin fonunda Sizcə hakimiyyət bu istiqamətdə siyasətini dəyişməlidirmi?

– Çox yaxşı ki, bu sualı verdiniz. Qəzetiniz vasitəsilə ölkə başçısına müraciət etmək istərdim. Dördgünlük müharibənin qələbəsi eşqinə dərhal amnistiya elan edilməlidir. Siyasi məhbuslar Xədicə İsmayıl, İlqar Məmmədov da daxil olmaqla azad edilməlidir. Milli barışıq üçün ciddi addımlar atılmalıdır. Vəziyyət təhlükəlidir. Hər an müharibə alovlana bilər. Allah Elçibəyə rəhmət eləsin. O vaxtı Elçibəyin verdiyi qızıl amnistiyaya dövlətimiz hazır olmalıdır. Həbsdə olan minlərlə gənc hərbi mütəxəssis var. Onlar dərhal azad edilməlidir.

Xəyal Şahinoğlu

Loading