Əlaqə vasitələri

Cəmil Həsənli nazirləri və PA-nın şöbə müdirini rüsvay etdi

cemil-hesenli-qerargahMilli Şura sədri Cəmil Həsənli hakimiyyətin böhrandan çıxmaqla bağlı imitasiya etməsi və hökumət nümayəndələrinin absurd açıqlamalar verməsi barədə feysbuk səhifəsində yazı paylaşıb. Yazını təqdim edirik.

Hökumət rəsmilərinin açıqlamalarından belə məlum olur ki, böhran arxada qalıb. Amma hər nə qədər optimist olsalar da, böhran bildiyini edir. Ötən həftə ərzində nazir və digər vəzifəli şəxslərin bölgələrə ezam olunması ölkənin həyatında nəyisə dəyişmədi. Əslində, dəyişə də bilməzdi. Çünki aparılan söhbətlərdən məlum oldu ki, bütün bunlar Məlikməmməd nağılı kimi bir şeydir. Bir xəstəliyi müalicə etmək üçün ilk növbədə xəstəni müayinədən keçirib bütün mənzərəni aydınlaşdırmaq və düzgün müalicə kursu müəyyən etmək gərəkdir. Bizdə isə bunu etmək əvəzinə, ölkənin sosial-iqtisadi, pul-kredit, əhalinin məşğulluğu ilə bağlı acınacaqlı mənzərəni heç kəs etiraf etmək istəmir. Nə qədər ki, ölkənin real vəziyyəti ilə bağlı mənzərə hökumət tərəfindən etiraf edilmir, atılan addımların elə bir faydası olmayacaq.

Kənd təsərrüfatını indiki acınacaqlı duruma salan, ondan başı çıxmayan vəzifəli şəxslər bölgələrdə yekə-yekə məsləhətlər verməklə işlərin düzələcəyinə ümid bəsləyirlər. Bir müddət əvvəl kənd təsərrüfatı naziri kartof təsərrüfatının başlıca probleminin bu məhsulun acıq səma altında əkilməsində görmüşdü. Belə məlum olur ki, ən azından təcili olaraq Gədəbəy və Tovuz rayonlarının üstünü bağlamaq lazımdır ki, qapalı şəraitdə istənilən qədər kartof tədarük edə bilək.

Ötən həftə ərzində bundan da gülməli şeylər baş verdi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bəyan etdi ki, sən demə Mərkəzi Bank dövlət orqanı deyilmiş. Vaxtilə, 2004-cü ildə payızında Mərkəzi Bank (o zaman Milli Bank adlanırdı) bütün nazirliklər və komitələrdə olduğu kimi özünün hüquqi, iqtisadi və maliyyə statusu haqqında 66 maddədən ibarət “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun hazırlamışdı və bu layihə ölkə prezidentinin adından Milli Məclisə göndərilmişdi . Belə qanun layihələri ayrı-ayrı icra qurumlarında hazırlansa da mövcud qanunvericilik təşəbbüsü baxımından prezidentin adından Məclisə daxil olur. Həmin qanunlar bilavasitə Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində ekspertizadan keçdikdən sonra qanunverici orqana göndərilir. “Mərkəzi Bank haqqında” qanun layihəsi də eyni prosedurla Məclisə gəlib çıxmışdı və onun 1.2-ci maddəsində deyilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə müvafiq olaraq Mərkəzi Bank dövlətin müstəsna mülkiyyətindədir”. Daha sonra 2.1- ci maddəsində göstərilir ki, “Mərkəzi Bankı dövlət orqanıdır, onun Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və adı yazılmış möhürü vardır”. İndi nə baş verir? Son bir il ərzində böhran Mərkəzi Bankın maliyyə ehtiyatlarını əridib onu bir xoruza yük edəndə ölkənin baş qanun eksperti birdən-birə Mərkəzi Bankın dövlət orqanı olmadığı iddiası ilə çıxış edir. Adamdan soruşarlar ki, bəs indiyə qədər hara baxırdınız? İndi nə oldu ki, birdən-birə ayılıb Mərkəzi Bankın dövlət orqanı olmağını şübhə altına aldınız. İndi Bank bir neçə aylıq ehtiyatı qalıb, defolt təhlükəsi ilə üz-üzə dayananda məlum olur ki, “dövlətin pul və valyuta siyasətini müəyyən edən və həyata keçirən (5.0.1-cimaddə)” bir orqanın dövlətə aidiyyəti yox imiş. Bəlkə Mərkəzi Bank elə bir vəziyyətə düşüb ki, dövlət öz bankından, onun cəmiyyət qarşısında olan öhdəliklərindən imtina edir? Əks təqdirdə, Mərkəzi Bankın dövlət orqanı olmaması haqqında belə gülünc bəyanatın səslənməsinin ayrı bir anlamı yoxdur.

Hələ bir görün ötən həftənin ilk günündə Əmək və Sosial Müdafiə naziri Səlim Müslümov ölkəni bürüyən kütləvi işsiziliyin səbəbinin necə maraqlı izahını verib. Onun təbirincə, gənclər müasir tələblərə cavab vermədiyinə, lazımi bilik və peşə hazırlığına malik olmadığına görə işsizdirlər. Əcaba, bu iş yerləri varsa və Azərbaycan gənclərinin bilik və bacarığı tələblərə cavab vermirsə, lütfən kənardan bilikli və bacarıqlı gənclər gətirib bu vakansiyaları doldurun və ölkəni inkişaf etdirin. Son illərdə möcüzələr yaratmış Dubayda işçilərin yalnız 15-20 faizi yerli əhalidir, qalan 80-85 faizi xarici ölkələrdən gələn əmək ehtiyatları hesabına təmin edilir. Ona görə də, böhran vaxtı ölkənin inkişafına mane olmaq yaxşı bir iş deyildir, xüsusilə Əmək və Sosial Müdafiə Nazirliyi kimi əhalinin məşğulluğuna cavabdeh olan bir dövlət orqanı üçün.

Ötən həftənin ortalarında Gənclər və İdman naziri Azad Rəhimov daha qabağa gedib və Formula 1 yarışlarının xərcləri ilə bağlı ona ünvanlanan suala cavab olaraq deyib ki, bu xərclər kommersiya sirridir və onu açıqlaya bilməz. Hökumət üzvü olan bir adam dövlət büdcəsindən ayrılan vəsaitləri kommersiya sirri hesab edir. Adam haqlıdır. Çünki bu oyunlar Azad Rəhimov kimi bir çoxları üçün kommersiya məqsədi daşıyır.

Amma ədalət naminə ötən həftənin ən dahiyanə fikri Rövnəq Abdullayevə məxsusdur. Bütün dünyada günbəgün aşağı düşən yanacağın qiyməti ilə bağlı ölkənin birinci neftxudası deyib ki, biz benzinin qiymətini ucuzlaşdırmayacağıq, çünki ABŞ-da benzin bizdən bahadır. Adam ətrafındakı, İranı, Qazaxıstanı, Rusiyanı, hətta bir çəllək nöyütü olmayan qonşu Gürcüstanı qoyub gedib yapışıb Amerikadan, elə bir ölkədən ki, onun bir universitetinin büdcəsi Azərbaycanın toplam büdcəsindən 3-4 dəfə artıqdır.

Nə isə, böhran belə sürətlə dərinləşsə, biz hələ çox aforizmlərin və məzəli fikirlərin şahidi olacağıq. İndi siz deyin, belə hökumətlə böhrandan çıxmaq mümkündürmü?

Loading