Əlaqə vasitələri

Azərbaycan Respublikasının Ali Məhkəməsi Naxçıvan AM-nin qərarını ləğv etdi. Bu, şəxsi deyil, ictimai problemdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasına
 
İddiaçı: Hənifəyev Eynalı Yaqub oğlu
Ünvanı: Naxçıvan MR, Babək rayonu, Cəhri kəndi.
Nümayəndəsi: Məmmədov Qurban Cəlal oğlu
Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu,
Həsənoğlu küçəsi, bina-12, korpus-7, mən.7/8
əlaqə telefonu: (+994) 50-200-66-10; (+994) 51 807-26-54
 
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2013-ci il tarixli,
2-1(108)-13/2015 saylı qərarından
 
KASSASİYA ŞİKAYƏTİ
 
Möhtərəm hakimlər!
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2013-ci il tarixli, 2-1(108)-13/2015 saylı qərarı ilə, cavabdeh Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Hənifəyev Seyran Eynalı oğluna şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiamın rədd edilməsi barədə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin (sədrlik edən hakim: F.İ.Heydərov) 7 avqust 2015-ci il tarixli 2-1(087)-36/2015 saylı qərarından verdiyim apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Aşağıda göstərdiyim əsaslara görə həmin qərarı qanunsuz hesab edirəm.
Möhtərəm hakimlər!
Mən 1-ci instansiya məhkəməsinə ona görə müraciət etmişdim ki, mərhum oğlum Hənifəyev Seyran Eynalı oğlu “döyüş təminatı tapşırığının mühafizə növü üzrə” hərbi xidmət keçdiyi Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ermənistanla sərhəddində yerləşən, ön cəbhə sayılan “Böyük Soyuq” müdafiə mövqeyinin 4-cü postundan “Kiçik Soyuq” müdafiə mövqeyinə, oradan da Culfa şəhərində yerləşən qeydiyyatda olduğu hərbi hissəyə piyada, dağ cığırları ilə aparılarkən yolun 14-cü kilometrliyində, yəni Ordubad rayonunun Gənzə kəndinə çatmamış, yolda “kəskin ürək-damar və ağ ciyər çatışmazlığından” ölmüşdür.
Mən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli qanununa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı bəndinə əsaslanaraq, mərhum oğluma şəhid statusunun verilməsini xahiş etmişdim. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi isə mənim iddiamı rədd etdi.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası da öz qərarında həmin maddi hüquq normalarına istinad etsə də, onları səhv təfsir etmiş, bu da qanunsuz və əsassız olan indiki qərarın qəbul edilməsi ilə nəticələnmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası qərarın 6-cı səhifəsində aşağıdan 1-ci abzasda yazır: “kollegiya qeyd edir ki, sadalanan qanunvericilik aktları şəxsin şəhid hesab edilməsi üçün göstərilən hallarda onun ölməsini (vəfat etməsini) deyil, məhz həlak olmasını, itkin düşməsini və ya məhkəmənin qərarına əsasən, ölmüş (!!!) hesab edilməsini əsas şərt kimi nəzərdə tutur. “Həlak olma” anlayışı məna çalarlarına görə vətən uğrunda düşmənə qarşı mübarizədə, döyüşlərdə ölmək mənasını, “ölmə” (vəfat etmə) isə şəxsin hər hansı xəstəlikdən və ya orqanizmin bioloji qocalması nəticəsində həyatını itirməsini ifadə edir”.
Məhz bu yanlış təfsirlə məhkəmə kollegiyası, bir tərəfdən, dilçi-mütəxəssislərin görməli olduğu işi görmüş, digər tərəfdən isə, elə öz qərarlarındaca istinad etdikləri Azərbaycan Respublikasının “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununun 1-ci maddəsində və Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarında müəyyən edilən hüquqi mövqe ilə daban-dabana zidd olan hüquqi nəticə çıxarmışdır.
Elə həmin qərarın 5-ci səhifəsində aşağıdan 2-ci abzasda yazılır: “kollegiya qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr 1993-cü il tarixli AR Qanununun 1-ci maddəsinə görə “şəhid” Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşmiş qaydada ölmüş hesab edilən şəxsdir”
Göründüyü kimi, qanunverici bu maddədə həm “həlak olan”, həm də “ölmüş hesab edilən” ifadələrini işlətmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına görə, eyni şəraitdə həyatını dəyişmiş şəxsin məhkəmə qərarı ilə “ölmüş” hesab edilməsilə, həmin ölüm faktının başqa idarələr tərəfindən “ölmə” kimi ifadə edilməsi fərqli nəticələr doğurmalıdır.
Başqa sözlə, sanki, şəxsin şəhid hesab edilməsi onun hansı şəraitdə, harada və hansı tapşırığın icrası zamanı ölməsindən yox, “ölmə”, “ölmüş” sözlərinin məhkəmə, yoxsa başqa orqanlar tərəfindən ifadə edilməsindən asılıdır. Maddənin məzmunundan göründüyü kimi, şəxs məhkəmə qərarı ilə “həlak olmuş” yox, “ölmüş” hesab ediləndə də şəhid hesab edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər də şəhid hesab edilirlər”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə dair”, 30 dekabr 2008-ci il tarixli qərarına uyğun olaraq, Nazirlər Kabineti 15 iyul 2009-cu il tarixli, 107 saylı qərarı ilə “Qaydalar”ın 1.2.6-cı yarımbəndini yeni redaksiyada vermişdir: “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən, ölmüş hesab edilmiş şəxlər də şəhid hesab edilirlər”.
Göründüyü kimi, bu normativ aktların hamısında “həlak olma” və “ölmə” ifadələri fərqli mənalarda, fərqli mahiyyətdə, əks mənalarda yox, sadəcə olaraq, qanunun mətnini ağırlaşdırmamaq üçün sinonim kimi işlədilmişdir.
“Azərbaycan dilinin izahlı lüğəti”n də isə, bu ifadələr belə izah edilir:
“Həlak olma” – 1) ölmək, məhv olmaq, tələf olmaq. Qərib bir müddət yol gəldikdən sonra altındakı at tab gətirməyib həlak oldu. “Aşıq Qərib”. Yavər Vətən yolunda həlak olmuşdu. M.İbrahimov; 2) məc. yorulub əldən düşmək, həddindən artıq yorulmaq, üzülmək. Işləməkdən həlak olmaq. – Xalidə bir saat əvvəl yuxudan oyanmışdı. Ağlamaqdan həlak olurdu. S.Hüseyn. (bax: “Azərbaycan dilinin izahlı lüğəti”, 4 cilddə. 3-cü cild, Bakı, “Şərq-Qərb” Nəşriyyat evi — 2011. səh. 356)
“Ölmək” – (fel) 1. Həyatı tərk etmək, vəfat etmək; keçinmək. … Evin kişisi bir neçə il bundan qabaq ölmüşdür. C.Məmmədquluzadə. Bir gün qoca bağban xəstələnib öldü. M.Hüseyn. // Qırılmaq, tələf olmaq, məhv olmaq (heyvanlar haqqında ). Qışda xeyli mal-qara öldü. // Tələf olmaq, məhv olmaq (ağac, ot, və s. haqqında). Şaxtadan güllər öldü. – Çicəyi soluxub otu öləndə; Qaçardı üstündən quşu ,heyvanı. H.K.Sanılı. (bax: “Azərbaycan dilinin izahlı lüğət”i, 4 cilddə. 2-ci cild, Bakı, “Şərq-Qərb” Nəşriyyat evi–2011. səh. 548.)
“Ölmüş”– f.sif. 1.Həyatı tərk etmiş, vəfat etmiş, keçinmiş. Bu səslər kimin isə, ölmüş bir adamın minacatını çəkirdi. M.Calal. // İş.mənasında(adətən cəm şəklində). Ölü. Ölmüşlər və dirilər. – Belə ölmüşlərə fəda dirimiz. S.Ə.Şirvani. Könül var ki, vulkan kimi alov saçar hər yana; Həq söyləyən ilhamları ölmüşlərə can verər… H.Cavid.
2. Nəvazişlə məzəmmət məqamında işlənir.(Bəy:) Ay ölmüş, nökər olanda nə olar, dedik bir söz danış, söz olsun. M.Calal.// Eyni mənada körpə uşaq və ya heyvan haqqında. (Nərgiz) toppuşu göstərib tövşüyə-tövşüyə dedi: – Ölmüş gör necə qəşəngdir, ana! Ə.Məmmədxanlı. (bax: “Azərbaycan dilinin izahlı lüğəti”, 4 cilddə. 3-cü cild, Bakı, “Şərq-Qərb” Nəşriyyat evi– 2011. səh. 549)
 
Ən əsası isə, qanunverici “şəhid olma”nı insanın ölməyinin hansı sözlə ifadə edilməsi ilə yox, ölümün səbəbi ilə də yox, məhz “döyüş şəraitində olan hərbi hissələrdə … döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı” həlak olması, itkin düşməsi və ya ölməsi ilə bağlamışdır.
 
Başqa sözlə, ölən şəxsin şəhid hesab edilməsi üçün onun məhz “döyüş şəraitində olan hərbi hissələrdə … döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yeritilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı” ölməsi şərtdir.
Qanunverici hətta bu şəraitdə ölüb-ölməməsi bəlli olmayan, ölüm səbəbi bəlli olmayan istənilən “itkin düşmüş” adamı belə, şəhid hesab edir.
Deməli, bu məsələdə vacib olan, ölənin məhz “döyüş şəraitində və döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı” ölməsidir, bu ölmənin hansı sözlərlə ifadə edilməsi, yaxud da ölümün səbəb və forması yox.
Başqa sözlə, “döyüş şəraitində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı”;
— ayağı sürüşüb qayadan düşərək ölən,
— qar uçqununun altında qalan,
— həyəcandan və qorxudan ürəyi partlayıb ölən,
— qan təzyiqindən, yaxud da ürək çatışmazlığından ölən,
— düşmən gülləsindən və mərmisindən ölən,
— bəlli olmayan səbəblərdən ölən istənilən şəxs şəhiddir.
Önəmli olan, adamın məhz döyüş şəraitində, həmin tapşırıqların icrası zamanı ölməsidir.
Bu mövqe eyni ilə, AR Konstitusiya Məhkəməsinin yuxarında qeyd etdiyim 30 dekabr 2008-ci il tarixli qərarında da ifadə edilmişdir. Həmin qərarda deyilir: “Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respulikasının azadlığının, suverenliyinin və arazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir”. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası isə öz qərarında, “ “ həlak olma” anlayışını məna calarlarına ğörə vətən uğrunda düşmənə qarşı mübarizədə, döyüşlərdə ölmək mənasını, “ölmə”, (vəfat etmə) isə şəxsin hər hansı xəstəlikdən və ya orqanizmin bioloji qocalması nəticəsində həyatını itirməsini ifadə edir” – yazmaqla, Konstitusiya Məhkəməsinin yuxarıda ifadə edilən hüquqi mövqeyi ilə daban-dabana zidd mövqe sərğiləmişdir.
Oğlum Seyran Hənifəyevin isə, dağ cığırları ilə hərbi hissəyə doğru yola düşmədən öncə, döyüş tapşırığının müdafiə növündə xidmətdə olması (“Böyük Soyuq” müdafiə mövqeyindəki 4-cü postda) iş materiallarına əlavə edilmiş rəsmi sənədlərlə, eləcə də məhkəmə iclasında cavabdehin nümayəndəsinin etirafları ilə (bax: məhkəmə iclas protokolu) sübut edilir.
2.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyası “xidmətdə olma” anlayışını da mövcud maddi hüquq normalarına zidd təfsir etmişdir.
Kollegiya öz qərarının 8-ci səhifəsində yuxarıdan 1-ci, 3 və 4-cü abzaslarında göstərir: “kollegiya qeyd edir ki, mərhum əsgər S.Hənifəyev döyüş tapşırığının, eləcə də, döyüş təminatının hər hansı növünə aid tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmamış, xəstəliyin nəticəsində ölmüşdür … “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Kollegiya qeyd edir ki, həmin qanuna əsasən, hərbi qulluqçular xidmət yerinə gedib-gələrkən hərbi xidmət başında sayılsalar da, qanunvericiliyin tələblərinə müvafiq şəhidlik statusunun verilməsi üçün onların məhz hər hansı döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmaları, itkin düşmələri və ya məhkəmənin qərarına əsasən, ölmüş (!!!) hesab edilmələri əsas şərt kimi götürülür”.
Göründüyü kimi, kollegiya bu məsələdə də, yəni qanunun təfsirində səhvə yol vermişdir.
Belə ki, “hərbi xidmət başında” sayılan “xidmət yerinə gedib-gəlmə” məhz gedilən və geri dönülən xidmətin davamı kimi başa düşülür və belə də başa düşülməlidir.
Yəni, bəzilərinin övladları kimi Bakı şəhərinin mərkəzində xüsusi binaların, cəzaçəkmə yerlərinin və sair obyektlərin qorunmasında karaulluq edən əsgərlərin xidməti və xidmət yerlərinə gedib-gəlmələri “karaulda olma” xidməti, mənim oğlum kimi düşmənlə üzbəüz, ön cəbhədə, döyüş şəraitində, döyüş təminatı tapşırığının müdafiə növündə olan əsgərlərin xidmət yerinə gedib-gəlmələri isə məhz döyüş təminatı tapşırığının icrasının davamıdır.
Mənim oğlum sutkalarla düşmənlə üzbəüz, 45-50 dərəcə istidə, ön cəbhədə, səngərdə olmasaydı və dağ cığırları ilə piyada, 14 kilometr, başına isti döyə-döyə qaçırılmasaydı, Bakının mərkəzində, yaxud da doğulduğu Cəhri kəndində sərin bulaq başında kəskin ürək çatışmazlığından ölərdimi?
Möhtərəm hakimlər!
Tək bu suala cavab axtarmaları kifayət idi ki, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Kollegiyasının hakimləri mənim iddiamın əsaslı olduğu haqqında qanuni nəticəyə gələ bilsinlər.
Çox təəsüf ki, bəzi hakimlər “Roma papasından da çox katolik olmaq” düşüncəsi ilə, guya bu gün dövlət büdcəmizdə yaranmış problemləri şəhidlərin qanı hesabına “yüngülləşdirməyi” dövlətə xidmət kimi başa düşürlər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə (mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri) əsasən, “Ali Məhkəmə … yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-ci maddəsinə (Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları) əsasən, “418. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır”. 418.2. “Bu məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə (maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) əsasən isə, “maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin”
 
 
Yuxarıda qeyd edilənlərə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91, 96.5, 96.9, 96.10 və Mülki Prosessual Məcəlləsinin 385 və 386-cı maddələrinə əsasən,
XAHİŞ EDİRƏM:
1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 noyabr 2013-ci il tarixli, 2-1(108)-13/2015 saylı qərarının ləğv edilməsi,
2. Mənim iddiamın tam təmin edilməsi barədə yeni qərar qəbul edəsiniz.
 
Qoşma:
— Kassasiya şikayətinin surətləri (2 nüsxə).
— Vəkil orderi
 
 

Loading