“Şans əldən buraxılıb…”
“Seytnot vəziyyətinə düşmüşük…”
Keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, professor Saleh Məmmədov ölkədəki mövcud durumla bağlı növbəti məqaləsiniModerator.az -a göndərib.
Həmin məqaləni oxuculara təqdim edirik:
Adətən, seytnot vaxtı qəbul olunan qərarlar səmərəsiz olur. Belə olan təqdirdə daha çox düşünən beyin cəlb etməklə vaxt itkisini beyin məhsulları ilə əvəzləyərək vəziyyəti düzəltmək olur. Ölkəmizin iqtisadiyyatı əsas gəlir mənbəyi olan bizdən asılı olmayan səbəblərlə qiymətdən düşən neftlə əlaqədar olaraq günü-gündən ağırlaşır. Amma bu proses uzun müddətdir ki, başlayıb, zəruri islahatlar keçirib, hətta bu fəlakətdən də ölkənin xeyrinə istifadə etmək olardı. Şans əldən buraxılıb, seytnot vəziyyətinə düşmüşük, tələsik qərarlar isə bir-birinin arxasınca iqtisadiyyata daha böyük zərbələr endirməkdədir. Əlimizdə nəinki, vəziyyətdən qurtarmanın, qalxınmanın yol xəritəsi yoxdur, heç düşməyin də üsulunu bilmirik.
İqtisadiyyatın iki təbii qanunauyğunluğu kobud surətdə pozulur:
– insan azadlığı ilə iqtisadi inkişaf surətinin düz mütənasib asılılığı. İnsanlara, iş adamlarına nə qədər sərbəstlik versən inkişaf tempi bir o qədər yüksək olacaq. İqtisadi idarəetmədə məhdudiyyətlər nə qədər çox olsa bir o qədər inkişafı ləngidəcək. Təsadüfi deyil ki, iqtisadi azadlıq olan ölkələrin hamısı sürətlə inkişaf etmiş və dünya miqyasında iqtisadi inkişaf üzrə zirvəyə qalxmışdılar.
– Biznes, işin əhatə dairəsi iqtisadi səmərəlilik düz mütənasib asılılıqdadır. Bu iqtisadi fəlsəfənin təməlində dayanan qanunauyğunluqdur. Biznesə, ticarətə, işə, idarəçiliyə nə qədər çox hüquqi və fiziki şəxs cəlb edə bilsən, bir o qədər iqtisadi səmərəlilik yüksək olacaq. Tam əksinə, əhatə dairəsini daraltmaqla iqtisadiyyatı çökdürmək olar. Dünya ölkələrinin təcrübəsi də göstərir ki, harada ki, proseslərdə bütün insanlar iştirak edir, orada böyük inkişaf var, tam əksinə – olanda çökmə .və gerilik var. Mərkəzləşdirilmiş plan iqtisadiyyatının çökməsi və tamamilə iflası təsadüfi deyil. Bir qrupun qəbul etdiyi qərar bütün toplumun iştirakı ilə sərbəst qəbul edilən qərar eyni səmərədə ola bilməz.
Beləliklə, hansı qərarlar bu qanunauyğunluqlara ziddir və nə effekti olmuşdur:
– birinci və ikinci devalvasiya: hər iki devalvasiyanın qəbulu haqqında qərar maksimum 3-4 nəfərin iştirakı ilə qəbul olunmuş, Azərbaycan əhalisinin çox böyük hissəsi buna qarşı idi. Sərbəst müzakirə və diskussiyalardan çox uzaq qərar idi, məqsədi və səmərəsi göz qabağındadı: əhalidə və xarici investorlarda psixoloji depresiya, kütləvi şəkildə manatdan imtina və dollarlaşma, təbii ki, uyğun olaraq dollar hərisliyinin və xəstəliyinin yaranması, həyat üçün ən zəruri malların qiymətinin sürətlə artması, əmlakın qiymətinin sürətlə azalması, həm dövlətin və həm də vətəndaşların, həm də xarici investorların kütləvi şəkildə müflisləşməsi (investorların ölkədən qaçması). Dünya miqyasında müqayisələr adətən dollarla aparılır və bu müqayisəyə uyğun olaraq ölkə haqqında qərar qəbul olunur. 2014-cü ildə Azərbaycanda makrogöstəricilər çox yüksək idi, bir ilin içində xeyli düşdü: ÜDM – 71 milyard dollar (2016 cı ildə təqribən 33-34mlrd), adambaşına düşən ÜDM 7500 долл. (2016 -3500 долл.), büdcənin həcmi 26 mlrd dollar x. (2016-cı ildə 7-8 mlrd). Bu sadəcə iqtisadi rəqəmlər üzərində müflisləşmə deyil, bazar dəyərində real müflisləşmədi. Bəzi alimlər belə müflisləşməni şərti qəbul etmək istəyir, digərləri real kursun çox daha aşağı olmasını qeyd edirlər. Hər iki ideyanın təzahür haqqı var, amma real vəziyyət tamam başqadır. Dünya bazarında valyutaların bazar dəyərini bazarda ictimai-iqtisadi və siyasi faktorların məcmuu təsirini nəzərə alan tələb və təklifə uyğun müəyyən edirlər. Real kursları müəyyən etmək üçün alıcılıq qabiliyyətindən istifadə edirlər. Beynəlxalq statistikada ÜDM alıcılıq qabiliyyətinə görə də hesablanılır (PPP) və bu göstərici siyasi gücü böyük olan dövlətlərdə nominaldan xeyli aşağı ola bilir, siyasi və idarəçilik gücü zəif olan ölkələrdə isə xeyli çox olur. Məsələn, 2014-cü ildə Azərbaycanda ÜDM-un nominal dəyəri 71 milyard dollar (manatla 58 mlrd manat) olmuşdursa, real həcmi (PPP) 166 milyard dollar olmuşdur. Deməli ABŞ-da 166 mlrd dollara alınan malların məcmuunu Azərbaycanda 58 mlrd manata almaq olardı, buradan da manatın gücü, real dəyəri görünür ( 1 manat= 2,86 dollar və ya 1 dollar=34,9 sent). Real alıcılıq qabiliyyətinə görə bu kurs yenə də qalır. Əgər siz tutaq ki, 1000 çeşid mal və xidmətləri Azərbaycanda 1 mln manata ala bilirsinizsə, ABŞ-da eyni mal və xidmətləri 2,86 mln dollara ala biləcəksiniz. Göründüyü kimi kurslar arsında 8 dəfəyə yaxın fərq var. Bu fərq siyasi, ictimai və texnoloji güc hesabına formalaşmışdı. Son devalvasiyalar da yalnız hesablanmamış, müzakirə olunmamış subyektiv siyasi qərarların nəticəsi olaraq meydana çıxmışdır: zənn edirəm, ABŞ-ın sanksiya layihəsi, Avropa Şurasının qətnaməsinin, ATƏT-lə olan hadisələrin rolu bu prosesdə çox böyük olmuşdu.
– Monopoliyanın ləğvi, əlbəttə, çox düzğün və olduqca gecikdirilmiş qərardı, bu Azərbaycan iqtisadiyyatına Erməni işğalından daha çox zərbə vurmuşdu. Amma yenə də, seytnot vəziyyətində qəbul olunmuş və işlənməmişdi. İqtisadiyyat bir bütöv mexanizmdi, bir hissəsində dəyişiklik olanda gərək əlaqəli bütün tərəfləri dəyişdirəsən. Əğər bir qərar verilirsə, gərək o qərar qüvvəyə minməmiş, onun icra mexanizmi, təlimatları, göstərişləri hazırlansın, mətbuatla insanlara çatdırılsın. Amma bu günə kimi bu mexanizm yoxdu və qərar qəbul olunanda da heç kimlə müzakirə olunmamışdı. İş adamları, tacirlər, uyğun olaraq ölkə böyük zərər görür.
– Digər tərəfdən, gömrükdə monopoliya ləğv olunur, bank sistemində tam monopoliyaya keçilir. Valyuta məntəqələrinin bağlanması, valyuta məhdudiyyətlərinin genişləndirilməsi, yalnız korrupsiya və rüşvət doğuracaq və iqtisadiyyatı çökdürəcək, insanları narazı salacaq. Mən sadəcə bu qərarları dərk edə bilmirəm. Prezident Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə qaldırmağı qarşıya mühüm məqsəd kimi qoymuşdu və hökümət də bunu qəbul etmişdi. Əgər bu yola gediriksə, onda gərək bu inkişaf etmiş ölkələrinin yolu ilə gedək, o zaman, prezident bu qərar layihələrini hazırlayıb gətirən məmurlardan soruşmurmu, hansı ölkədə belə üsullar tətbiq olunub və nə effekt verib. Cavabı budur ki, heç bir inkişaf etmiş ölkə təcrübəsində olmayıb, yalnız Özbəkistan, Türkmənistan, Veneula və. sair kimi ölkələr tətbiq etmişdilər və heç bir səmərə verməmişdi, əksəriyyətində dərhal ləğv olunmuşdu. Belə olan halda bizdə möcüzəmi olacaq? Yox təbii ki, bizi də tətbiq edənlərin gününə salacaq. SSRİ kimi nəhəng bir ölkə hətta güllələnmə cəzası ilə valyuta alverçilərinin kökünü kəsə bilmədi, bizmi bunu edəcəyik?
Belə qərarları sadalamaqda davam etmək olardı, amma məqsəd kimisə günahlandırmaq, nöqsanları göstərmək deyil. Müdriklər tarixi gələcəyi qurmaq məqsədilə dərs almaq üçün öyrənirlər.
Bu gün ölkə obyektiv əsas olmadan agır iqtisadi və siyasi vəziyyətə salınmışdı və yalnız süni və subyektiv qərarların nəticində baş vermişdi. 24 ildə qazanılmış bu böyük nəticələri, geniş potensialı dağıtmaq olmaz, bütün gücləri səfərbərliyə alaraq yaratdığımız mükəmməl ilkin iqtisadi şəraitdən istifadə edərək ölkəni vəziyyətdən çıxarmaq lazımdı. Digər müslüman ölkələrinin təcrübəsindən (Liviya, İraq, Suriya, Misir və s.) yayınmalıyıq, Azərbaycan xalqının intelektual səviyyəsi və haqqı çatır buna.