Əlaqə vasitələri

“Qurban Məmmədov – ANTIMILLI, ANTIDEMOKRATIK rejim dustağı”

Azərbaycan Xalq Hərəkatının seçkin öncüllərindən olan hüquqçu Qurban Məmmədov yenidən 3 illiyə dustaq edildi. Ata Əliyev ona günə gün yatmaqla 5 il iş verdirmişdi. Bala Əliyev ona 3 il iş verdirdi. Rejim dəyişikliyi baş verməsə, 3 illik qanunsuz cəza yenə günə günlə sonuclana bilər. Belə yerdə hamı:
“Allah qapısını açsın”,- deyir. Mən demirəm. Allah qapıçı deyil. Allah: “Səndən hərəkət, məndən bərəkət”,- deyir. Xalqın “duran öküz… yatan öküz” deyimi var. Bir də… ortada 20 ildən bəri bu ölkəni, bu ulusu çox böyük enerjiylə, çox böyük çalışqanlıqla yağıcasına dağıdıb kor qoyan rejim var. Ortada bir də… rejimin etdiklərinə inadla, aşırı soyuqqanlılıqla göz yuman, dözən… 10 milyonluq kütlə (bu yerdə başqa söz keçmir) var. Bizim bu Allahın özünü belə şaşırdacaq durumumuz Sabiri görün nə yerə gətirib çıxarmışdı: “Bizdə bu soyuq qanları neylərdin, ilahi?!”
Qurban Məmmədovu bağımsızlıq-suverenlik uğrunda başladığımız Hərəkatın ilkin çağlarından tanıyıram. O çağlar mən Dövlət Teleradio Verilişləri Komitəsində işləyirdim. Naxçıvanlı Qurban Məmmədov onda mənim rayonumda, Sabirabadda, vəkil işləyirdi. Çox ola bilsin, Hərəkat olmasaydı biz sonadək bir-birimizi tanımayacaqdıq. Bir çox başqaları kimi bizi də Hərəkat tanış elədi, Hərəkat yaxınlaşdırdı. Sabirabadda vəkil işləyən Q,Məmmədovu “naxçıvanlı” olaraq tanıtmağım elə-belə deyil. Bunun Q.Məmmədovun xarakteri, Hərəkatımızla, Hərəkatımızın daşıdığı ideya-mənəvi yüklə ayrıca bağlılığı var.
O çağlar Sabirabad rayon partiya komitəsinin birinci katibi naxçıvanlı Vilayət Seyidov idi. O çağlar Sabirabadda V.Seyidova ən böyük problem yaradan da tezliklə Hərəkatın ünlülərindən birinə çevrilmiş Qurban Məmmədov idi. Iki naxçıvanlı, iki komunist onlara uzaq bir bölgədə – Sabirabadda üz-üzə gəlmişdi. Onları üz-üzə gətirən, barışmaz düşmənə çevirən nə idi? Əski ideallarla yeni idealların toqquşması. Başqası o yad ortamda gizli uzlaşmaya gedər, hansısa güdüklə körpüləri sonadak yandırmaq istəməzdi. Ancaq Qurban bəy onda körpüləri kompartiya bileti ilə birgə yandırdı. Bu, keçmişlə biryolluq, bütünlüklə üzülüşmək, seçilən yeni yola biryolluq, bütünlüklə bağlanmaq demək idi. Yeni ideala – Azərbaycan ulusal-milli idealına kəsinliklə yönəlmə, bağlanma görsənişi göydəndüşmə deyildi; Qurban Məmmədov özünün bunu bilib bilmədiyindən asılı olmayaraq anadangəlmə PASSIONAR idi.
Hə, bütün yanlışları ilə yanaşı, Qurban Məmmədov passionar idi. Bu yerdə istər-istəməz yada Fransadakı böyük devrim dönəminin ən ünlü, eləcə də neqativ personajlarından birinin dediyi düşür: “Bu, cinayət deyil, bu cinayətdən daha pis – yanlışdır”. Q.Məmmədov, çox ola bilsin, özünün “cinayətdən daha pis yanlışını” H.Əliyevin yerlərdəki kadr-dayaqlarından birinə qarşı kəsinliklə çıxanda etmişdi. Axı, o kadrlar H.Əliyevə hələ çox gərək olacaqdı: ən azı 1993-cü il çevrilişinədək. Passionarlar özlərinin istəyib istəmədiklərindən asılı olmayaraq anadangəlmə QURBANLAR olurlar. Atdıqları irili-xırdalı addımlarında onlar özlərini düşünmək kimi kiçikliyə, gərəksizliyə getməzlər. Içlərindəki qarşısıalınmaz passionarlıq enerjisi onları necə alovlandırarsa, onlar yalnız o alovun diktəsinə boyun əyərlər. Onları böyük ideallar, böyük ideallara bağlı yollar, yolçuluqlar düşündürər. Tutub getdikləri böyük ideal yolunda da onları yoldakı əngəllərdən qat-qat artıq tezliklə amaca çatdıracaq, ideala qovuşduracaq kilometrlər düşündürər. Elə PASSIONARLIĞIN üstünlüyü-uğuru da, yanlışı-uğursuzluğu da bundadır!
Yuxarıda deyildiyi kimi, passionarlıq anadangəlmə olur. Ancaq o da əlində işlətdiyin dilək kimidir: tez-tez bülövə çəkib itiləməsən korşalıb gedər. Passionarlığın öz bülövü var: seçilən ideala bağlı gündəlik çarpışma gərəyi, bir də çağımızın başlıca gərəklərindən olan intellektual çalışmalar. Sonuncu olmasa, passionarlıq ən böyük, ən üstün ideal yolunda belə, yararsız-gərəksiz nəsnəyə, ellik uğur-qazanc obyektindən ellik uğursuzluq-itki obyektinə çevrilə bilər…
Aradan illər keçəcək, Politbürodan vurulub salındıqdan sonra belə, “Bəlkə də qaytardılar” umacağı ilə Moskvada qalıb yaşayan H.Əliyev yalnız SSRI dağılandan sonra Azərbaycana, daha doğrusu, “doğma” Naxçıvana qayıdacaqdı. Özü də qocalıb əldən düşmüş bir pensiyaçı olaraq qayıdacaqdı. Ancaq burada ona – 70-ci illərdə respublikanı az qala konslagerə, regionçuluğu, geniş regionçuluq axarında korrupsiyanı respublika-dövlət siyasətinə çevirmiş adama – yalnız kütlə deyil, bir sıra hərəkatçılar, bir sıra Hərəkat liderləri də böyük ZƏRƏRÇƏKMIŞ kimi yanaşacaqdılar. Onlardan biri də dostumuz Qurban Məmmədov olacaqdı (Çağında bizim bu yöndə ayrıca söhbətimiz olub).
Qurban Məmmədovda H.Əliyevlə bağlı Azərbaycanın gələcəyinə yönəlik, ən başlıcası, “müstəqil”, demokratik gələcəyinə yönəlik illüziya vardı. Bir sıra başqaları kimi o da H.Əliyevin  BAĞIMSIZLIQ – DEMOKRATIYA hərəkatçılarına yardımçı ola biləcəyini düşünürdü. Özünün, eləcə də ona bağlı kadr-agentura sisteminin bütün ölkə boyunca çalışmaları H.Əliyevi Hərəkata yad kimsədən yersiz yerə Hərəkatın başlıca arxa-dayağına çevirirdi. Bu geniş ÇEVRILMƏ doğallıqla H.Əliyevin Bakıda ÇEVRILIŞ yoluyla hakimiyəti ələ keçirməsilə sonuclandı. Qurban Məmmədov (eləcə də bir çox başqaları) çox istəsəydi, çox çalışsaydı belə, H.Əliyev ona ürək qızdırmazdı. Niyə? Yuxarıda deyildiyi kimi, Qurban Məmmədov bütünlüklə Hərəkata, Hərəkat ideallarına bağlı idi. Bu bağlılıq üzündən də o, Sabirabadda H.Əliyevin regionçuluq idealına, regionçuluq ideologiyasına qarşı çıxmış, bu idealı, bu ideologiyanı alt-üst edəcək davranışlarda bulunmuşdu. Xalq Hərəkatına, Xalq Hərəkatı ideallarına bağlı olmaqla Qurban Məmmədov birincidə düzgün yol tutmuş, ikincidə yanlışa yol vermişdi. Bu, Fuşenin dililə desək, onun üçün də, onun kimi düşünənlər üçün də CINAYƏTDƏN DAHA PIS YANLIŞ idi. Göründüyü kimi, belə yanlışlar bağışlanmaz olur.
Hərəkatda çoxları olmuş, sonra da bağışlanmışdılar. Kimlərsə hərəkata agent kimi, kimlərsə də elə-belə, “palaza bürün, elnən sürün” düşüncəsilə qatılmışdılar. Birincilər “doğmalar” idi, onları bağışayıb bağışlamamaqdan danışmağa dəyməz. Ikincilər sementə qum qatqısı gərəkdiyi kimi…  bağışlanmaya bilməzdilər. Qaldı üçüncülər (gerçəyə qalsa, birincilər, başlıcalar) az, ya çox Hərəkat idealına bağlı olduqlarından onları bağışlamaq olmazdı. Qurban Məmmədov bağışlanmazlardan idi. Bütün yanlışları ilə birgə Azərbaycanın dünəni, bugünü, gələcəyi baxımından Qurban Məmmədovun, eləcə də belələrinin danılmaz üstünlüyü, qaçılmaz gərəkliyi BAĞIŞLANMAZ olmağında, BAĞIŞLANMAZ olmalarındadır.
Rəsmi statistikaya görə, Azərbaycanda hər il 10 minə yaxın adam avtomobil “döyüşündən” dünyasını dəyişir. Daha çox sürücülərin suçlu sayılması nədənilə hər il bu ölkədə 10 minədək adam tutulub damlanmalıdır. Özü də ortada ölüm faktı olduğuna görə bu adamların hər birinə 7-10 il arası iş verilə bilər. Onda bu ölkədə tutulub damlanmayan neçə adam qalar? Bəlli olduğu kimi, Qurban bəyin maşınla “vurduğu” adamın qıçı sınıb. Qurban bəy özü onu xəstəxanaya aparıb, sonadək sağalıb ayaq üstə durmasına yardımçı olub. Ta işə çıxanadək. Buna görə Qurban bəy bağışlanmalı idi. Bağışlanmadı. Bu isə rejimin “vurdun, qaç” mənəviyatsızlığını stimullaşdırması deməkdir.
Hələ ortada başqa bir fakt da var: dayanacaq gözətçisi Pərviz Abbasov faktiki olaraq iki maşının arasında qalıb. Onu hansı maşının vurduğunu çəkiliş kamerasından bilmək olardı. Di gəl, Qurban bəyin özünün, vəkillərinin dönə-dönə istəməsinə baxmayaraq, çəkiliş ortaya gətirilmədi. Eləcə də ikinci maşın faktı ortaya gətirilmədi. Ikinci maşın Dövlət Maliyə Nəzarət Xidmətinin rəisi (görəvə baxın!), Bakıdakı soyğunçu ev söküntülərinin başında duranlardan olan Cavanşir Yusifovundur. Elə maşının içində də, Qurban bəyin gözü ilə gördüyünə görə, Cavanşir Yusifov olub. Ancaq qabaqca müstəntiq, ardınca prokurorla hakim Cavanşir Yusifovu maşından düşürüb, “yoxa” çıxarmaqla (nəyin bahasına?!) Qurban bəyin boynuna yeri olmayan “cinayət” suçu yüklədilər. Kimliyindən asılı olmayaraq bir məhkəmədə suçlu sayılanın, onun vəkillərinin 2 ay boyunca verdiyi 45 (qırx beş!) vəsatətin birinə də baxılmırsa, biz hansı məhkəmədən danışırıq? Axı, faktik olaraq bu, məhkəmə deyil, məzhəkədir. Ssenarisi, rejissurası birbaşa Prezident Administrasiyasına bağlı məzhəkə! Hakim Hacı Ağababanın başına gələnlərdən də göründüyü kimi, bir çox başqa dövlət qulluqçuları sayaq, heydərizm rejimində müstəntiq, prokuror, hakim MAVR rolunu oynayan kimsələrdir: “Mavr işini görüb, mavr gedə bilər”. Başlanğıcda müstəntiqin gördüyü işi sonda prokuror Elçin Nağıyevlə hakim Emin Mehdiyev gərəyincə – siyasi sifarişə uyğun olaraq, başa çatdırdılar. Qurban bəyin V.Hüqodan gətirdiyi bəlli alıntı da onların vecinə olmadı. Bu isə gerçəkdən gerçəyə MANQURT, MAVR görsənişidir. Onlar yalnız tapşırığa boyun əyir, yalnız sifarişə işləyirlər.
Qurban bəy məhkəmə prosesi boyunca, eləcə də olduqca gözəl, dedikcə dəyərli SON SÖZündə mənəviyatdan, mənəviyat qanunlarından çox danışdı. Ancaq rüşvətin-korrupsiyanın DÖVLƏT SIYASƏTINƏ – DÖVLƏT IDEOLOGIYASINA çevrildiyi bir rejimdə mənəviyatın, mənəviyat qanunlarının bazar qiymətini, neçəyə alınıb-satıldığını soruşmaq daha düzgün olmazdımı?! Qurban bəy Pərviz Abbasovla bağlı dönə-dönə mənəvi borcunu yerinə yetirdiyini desə də, qabaqca prokuror, ardınca professor oğlu hakim Emin Mehdiyev onu sonadək “zərərçəkmişi pulla ələ almaqda” suçladılar. Başqa cür ola da bilməzdi, olsaydı, onda onlar can-başla qulluq etdikləri rejimin prinsiplərinə qarşı çıxmış olardılar. Mənəviyyatın, mənəviyyat qanunlarının pulla alınıb-satıldığı rejimdə humanizm-insanlıq düşüncəsi deyil, yalnız “pulla ələ almaq” düşüncəsi üstünlük qazana bilər. Kimsə təhsil sisteminin rüşvətə büründüyü ölkədə professor oğlu olsa belə. Axı, belə rejimdə professorluq özü rüşvət-korrupsiya professiyasına çevrilir…
Korrupsioner rejimdə məhkəmə-hüquq sistemi, ayrıca olaraq prokurorluq PROKRUST yatağına çevrilir. Bunu son günlərin iki məhkəməsi bütün çılpaqlığıyla göstərdi: Qurban Məmmədovun məhkəməsi ilə Gülər Əhmədovanın məhkəməsi. Dönə-dönə “montaj” adlandırdığı bəlli çəkilişdə deputat Gülər Əhmədovanın yekəxana manerası, “mənə ”qaynana deyərlər” deməsi kimi deputat adına yaraşmayan davranışları birincisi, montaj deyil, ikincisi, özü də ən başlıcası, başdan ayağa rüşvət-korrupsiya içində olan rejim gerçəyidir. Elə buna görə də prokuror G.Əhmədovaya gərəkdiyindən qat-qat az, 4 il iş istədi. Hakim, gözlənildiyi kimi, 4 ili 3 ilə endirdi. Bundan sonrası da bəllidir: o yan-bu yan… bayırda!
Qurban Məmmədov bağışlanmalı idi, ancaq prokuror ona aldığı göstərişə uyğun olaraq 3 il iş istədi. Biz hakimin ən azı 3 ildən 1 il çıxmaqla ona 2 il iş verəcəyini düşünürdük. Uzağı 2 il! Hakim (professor oğlu!) ona yersiz yerə düz 3 il iş verdi!
G.Əhmədova, demək olar, bütün məhkəmə prosesi boyunca, eləcə də son sözündə “Heydər Əliyev dövlətçiliyinə sonadək sadiq qalacağını” bildirmişdi. Son sözündə o lap dərinə gedərək komanda yoldaşlarına açıq mesaj göndərir: “16 il dövlət işində işləmişəm, onun 12 ilini parlamentdə olmuşam. Məni tanıyanlar bilir ki, Heydər Əliyev siyasi kursuna sadiqəm. Bu komandanın hər bir üzvünün arxasındayam”. Göründüyü kimi, olduqca effektli mesajdır. Hələ bunun ardınca o, bəlli kursun indiki başçısına, “cənab prezidentə” də üz tutub bağışlanmağını istəyir: “Heydər Əliyevin siyasətə gətirdiyi adam olaraq, onun siyasi kursuna sonadək sadiq qalacağam”. “Komanda yoldaşlarımın hər birinin arxasındayam”, “siyasi kursa sonadək sadiq qalacam”. Bunlar türmə-dustaq mesajları olsa belə, olduqca önəmli mesajlardır.
Qurban Məmmədov SON SÖZünə belə başlamışdı: “Ilahiyatçı alim Tale Bağırzadəni və başqa din adamlarını narkotiklə şərləməklə, əslində Allaha və Islama qarşı çıxan, allahsızlar cəmiyəti qurmaq istəyən, dini özünə siyasi alət edən bir rejimdən mən ədalət gözləmirəm və ona qarşı mübarizədən geri çəkilməyəcəyimə and içirəm”. Gördünüzmü? Bağışlanmaz!

P.S.Məhkəmə hökmünü oxuyan Emin Mehdiyevin davranışları olduqca acınacaqlı idi. Elə bil o bizim iki aydan bəri tanıdığımız adam deyildi: ayaq üstə düz dura bilmir, dili topuq çalır, yazılanı oxumaqda çətinlik çəkir, səsi isə batmış kimiydi. Görəsən, nə baş vermişdi?..

Loading