Bir neçə il öncə Avropa ölkələrinin birində, 25 il hakim işləyən bir qadının uşaqlıqdan şizofreniya xəstəliyindən əziyyət çəkdiyi aşkar olunmuşdu. Onun bu illər ərzində baxdığı bütün cinayət işləri yenidən yoxlanılmış, həbs etdiyi insanların çoxunu azadlığa buraxmışdılar.
“MTN işi” vətəndaşlarımızda çox böyük ümidlər yaratmışdır. Haqlı olaraq cəmiyyətimizdə də belə bir bəklənti var. Rəhbərləri ağır cinayətlər törətmiş, həm də bu cinayətlərin tamah məqsədi ilə törədildiyi bilinən bir idarənin həbs etdirdiyi adamların taleyi necə olmalıdır?
Kim təminat verə bilər ki, o adamlar da məhz tamah məqsədi ilə həb edilməmişlər?!
Nə qədər acı olsa da, etiraf etməliyik: son vaxtlar bütün hüquq–mühafizə orqanlarımızda (“MTN işi”ni bəhanə edərək özlərinin mələk obrazını, “işləyən tək idarə” imicini yaratmaq istəyənlərin fürsətcilliyi heç kimi aldatmasın) belə bir təcrübə oturuşmuşdur və indi də davam edir.
Az-maz gəliri olan, arxası, adamı olmayan istənilən şəxsdən pul qoparmaq niyyəti ilə onu yüngül bir maddə-bəhanə ilə həbs edirlər. Təhqiqat, istintaq aparılır. İstədiklərini qopara bilməyəndə, ştatlı hal şahidlərinin də yardımı ilə həmin şəxsi bir neçə maddə ilə (buna gözəl bir ad da qoyublar: “buket”) məhkəməyə verirlər. Adam, vəziyyətin ciddiliyini, şikayətlərin mənasız olduğunu, “zarafat-zarafat dama getdiyini”, bu ölkədə xilas olmağın tək yolunun rüşvətdə olduğunu dərk edərək həyatını, canını, ailəsini, şərəf və ləyaqətini qurtarmaq üçün bu dəfə hakimlərin istədiklərini verib canını qurtarır. Bəzən də belə “zarafatlar” o qədər ciddiləşir ki, heç rüşvət də köməyə gəlmir və adamlar müxtəlif müddətlərlə həbsxanalara göndərilir.
Bu təcrübə uzun illərdir ki tətbiq edilir. Soruşa bilərsiniz ki, məqsədləri nədir? Əslində hər şey çox aydındır. Hüquqda “cəzanın funksiyaları” adlı bir ifadə var. Qanunu pozan vətəndaşını dövlət niyə cəzalandırır?
İki məqsədlə: həm o vətəndaşın özünü gələcəkdə belə əməllərdən çəkindirmək, həm də başqalarına dərs vermək üçün.
Hüquqda buna “cəzanın fərdi və ümumi xəbərdarlıq funksiyası” deyilir.
Ölkəmizdə isə bu funksiyalar bir qədər fərqli tətbiq edilir. Adamlara məhkəmələrdə elə tale yaşadırlar ki, onlar tam əsassız olaraq saxlandıqlarını bilə-bilə, canlarını qurtarmaq üçün təhqiqat və istintaq orqanının tələb etdiklərini dərhal ödəyirlər.
Ancaq bu həmişə əvvəlcədən nəzərdə tutulan qaydada baş verməyə də bilir.
Elə vətəndaşlarımız da olur ki, zor-xoş içəri göndərilirlər. Axı “iş görüntüsü” yaratmaq, “quş qoymaq” da lazımdır.
Bütün bunlar ona görə baş verir ki, ölkəmizdə məhkəmələr obyekt kimi, hakimlərin çoxu isə icarəçi kimi fəaliyyət göstərirlər.
“MTN işi” bunun növbəti bir sübutudur.
İdarənin bütövlükdə “cinayətkar sindikat” kimi fəaliyyət göstərdiyi ortada. Qudurğanlıq o yerə çatıb ki, prezidenti və onun ailəsini də dinləməyə cəsarət ediblər. Təbii ki, məqsədləri özlərini gələcək məsuliyyətdən xilas etmək, yeri gələndə prezidenti də şantaj edib susdurmaq olub.
İndi baş verənlərin məhz belə olduğu şübhəsizdir.
Hələ ki, “iş adamlarının müdafiəsi” bəhanəsi ilə, məsələnin mahiyyətini gizlətməyə çalışırlar.
Ancaq daha çox rabitə sistemində həyata keçirilən həbslər başqa şeylərdən xəbər verir.
Yazının əvvəlində qeyd etdiyim kimi, Avropada baş verən nümunə bizdə də təkrarlana bilərmi?
Ola bilərmi?
Bu barədə növbəti yazıda.
Hüquqşünas, Milli Şura KM-nin üzvü
Qurban Məmmədov.
21 noyabr 2015-ci il, saat 09-20