Əlaqə vasitələri

“Vasif Talıbov hərbi hissələrə və əsgərlərə valideynlərdən daha çox baş çəkir”

“Mən cənab Zakir Həsənovun öz atalıq borcunu yerinə yetirəcəyinə inanıram…”

 

Moderator.az -ın əməkdaşının tanınmış hüquqşünas Qurban Məmmədovun Azərbaycan Respublikasının Müdafiə naziri cənab general-polkovnik Zakir Həsənova ünvanladığı açıq məktubla bağlı maraqlı söhbəti olub.

Həmin söhbəti odluğu kimi, nöqtə – vergülünə toxunmadan hörmətli oxucularımızın diqqətinə təqdim edirik.

 

 

 

– Qurban bəy, müdafiə naziri Zakir Həsənova yazdığınız açıq məktub gözlənildiyindən artıq reaksiyalar doğurub. Telefonlarımıız susmaq bilmir. Görünür yaralı problemə toxunmusunuz.

– Ola bilər. Deyəsən məmləkətdə yaralı olmayan yerimiz yoxdur (gülümsəyir).

– Oxucularımız şəhidlik statusunun verilməsi ilə bağlı daha çox öyrənmək istəyirlər. Bu barədə bir hüquqşünas kimi nə deyə bilərsiniz?

– Bununla bağlı ilk dəfə 3 sentyabr 1993-cü il tarixli 697 saylı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanun qəbul edilib. O qanunun 1-ci maddəsində şəhid anlayışı belə verilir: “şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir”.

– Təcrübədə çox vaxt şəhid ailəsinin üzvlərinin kim olması ilə də bağlı mübahisələr yaranır. Xüsusilə də şəhid xanımı ilə şəhid anası arasında.

– Bu barədə elə həmin qanunun 1-ci maddəsində çox aydın yazılıb: “ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil məktəblərində təhsil alanlar isə bu məktəbləri bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilirlər”.

Burada ailə üzvlərinin mübahisə etməsi üçün heç bir əsas yoxdur. Onların hamısı, istər şəhidin arvadı olsun, istərsə də anası, bütün ailə üzvləri şəhid ailəsinin üzvü olduqları üçün fəxr etməlidirlər və şəhid ailəsinin üzvlərinə verilən bütün güzəştlərdən də bərabər olaraq faydalanmaq haqqları var.

– Şəhid ailələrinin hüquqları barədə nə deyə bilərsiniz?

– Əvvəla, şəhid xatirəsini əbədiləşdirmək məqsədi ilə onların qəbirüstü abidələrinin, xatirə komplekslərinin yaradılması, adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktələrə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulub.

Şəhid ailəsinin üzvlərinə isə qanunla bir sıra təminatlar verilir:

— ailə başçısını itirməyə görə əmək pensiyası təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir;

— valideynlərdən biri həlak olduqda onların hər uşağına 16 yaşı (şagirdlər üçün 18 yaş) tamam olanadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan məbləğdə aylıq müavinət təyin edilir;

— işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir;

— mənzil, kommunal xidmətlərindən, telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) və şəhər sərnişin nəqliyyatının bütün növlərindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;

— həkim reseptləri üzrə dərman almaq üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir;

— dövlət ali və orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar;

— tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.

– Dediyiniz bu təminatları onlar hansı orqanlar vasitəsi ilə əldə edirlər?

– Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll etməlidirlər. Bu da həmin qanunun 5-ci maddəsində öz əksini tapır.

– Müdafiə naziri cənab Zakir Həsənova yazdığınız açıq məktubdan narahatçılıq keçirtdiyiniz hiss olunur. Naxçıvandan çoxmu narazı qayıtdınız? Orda vəziyyət necədir? Mən hərbi hissələrin və hərbi xidmətin vəziyyətini nəzərdə tuturam.

– Yoox, bir o qədər də narazı qayıtmamışam. Əksinə, Naxçıvandakı hərbi hissələrin və hərbi xidmətin vəziyyəti Azərbaycanın digər hərbi hissələri ilə müqayisədə çox yaxşıdır. Açıq etiraf etmək lazımdır ki, bu da Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra Naxçıvandakı hərbi hissələrə göstərilən xüsusi diqqət, onların hüquqi statusunun qaldırılması və yerli hərbi rəhbərliyin gərgin əməyinin nəticəsidir. Şəxsən mən bir çox ailələr tanıyıram ki, övladlarının Naxçıvanda hərbi xidmət keçməsini arzulayırlar, hətta kimlərəsə “ağız açırlar”. Elə həmin N saylı hərbi hissədəki nizam – intizam, təmizlik, hərbi təlimlərin səviyyəsi Türkiyə ordusunda olduğu kimidir. Orada əsgərlərin qidalanması və onlara göstərilən qayğı da çox fərqlidir.

– Qeyri – ciddi olsa da soruşmaq istəyirəm. Bu “ayrı – seçkilik” nə ilə bağlıdır?

– Yoox, ayrı – seçkilikdən söhbət getmir. Azərbaycanın hər qarışı müqəddəsdir və toxunulmazdır. Hamısına da eyni qayğı və diqqət göstərilməlidir. Sadəcə olaraq, Naxçıvan öz geosiyasi və hərbi mövqeyinə görə olduqca həssas bir bölgədə yerləşir. Oradakıların səhlənkarlıq etməyə haqqları yoxdur. Naxçıvan hərbi hissələrindəki indiki nəticə nazir Zakir Həsənovun xüsusi diqqəti ilə yanaşı, həm də nazir müavini cənab Kərəm Mustafayevin şəxsi səylərinin və işgüzarlığının nəticəsidir. Yerli zabitlərin mənə demələrinə görə, Kərəm Mustafayev və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri cənab Vasif Talıbov o hərbi hissələrə və əsgərlərə valideynlərdən daha çox baş çəkirlər.

– Onda Naxçıvandan niyə bu qədər çox şikayətlər gəlir? Sanki bəzi qəzetlər və müxtəlif elektron KİV – ləri Naxçıvan rəhbərliyinin yalnız nöqsanlarını görürlər…

– Təbii ki, hər yerdə olduğu kimi Naxçıvanda da qanun pozuntuları, ayrı-ayrı şəxslərin maraqlarının pozulması halları olmamış deyil. Mən Naxçıvanın cənnət olduğunu iddia etmirəm. Baxmayaraq ki, Allah oranı təbiətən bir cənnət yaradıb. Bayaq qeyd etdim, Naxçıvan olduqca həssas bir hərbi, geosiyasi mövqedə yerləşir və buranın siyasi mübarizə meydanına çevrilməsi ağır nəticələr verə bilər. Açıq deyim, xüsusilə də bir çox ciddi düşmən güclərinin əhatəsində və anklavda olması bir qədər “dəmir intizamın” olmasını tələb edir. Düzdür, bu bəzən ayrı – ayrı şəxslərin hüquqlarının pozulmasına və narazılığına da səbəb olur. Ancaq, hər halda, önəmli olan Naxçıvanın müdafiəsi və hər an düşmənə cavab vermək üçün hərbi hazırlığının yüksək səviyyədə olmasıdır.

– Əgər Naxçıvanda hərbi quruculuq belə təriflidirsə, onda cənab Zakir Həsənova giley dolu məktub nə ilə bağlıdır?

– Hənifəyev Seyran Eynalı oğluna şəhidlik statusunun verilməməsi əslində Müdafiə Nazirliyi ilə bağlı deyil. Əsgərlərə şəhid statusunu Müdafiə Nazirliyi vermir.

– Bəs hansı təşkilat verir?

– Əvvəla, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiqlənmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, atəşkəs dövründə də döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

İkinci isə, həmin qaydaların 4-cü maddəsinə əsasən, “şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Hənifəyev Seyran Eynalı oğlu ilə bağlı Müdafiə Nazirliyinin 216 saylı hərbi hissəsinin rəhbərliyi əslində öz vəzifələrini, müəyyən qüsurla da olsa, yerinə yetiriblər. Bu əsgərə şəhid statusunun verilməsi Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir. Xidmətin isə şəhidə və şəhid ailəsinə indiki laqeyd, qanunsuz münasibəti Naxçıvanın bu ağır və çətin durumunda bütün həyatını orduya həsr edən cənab Kərəm Mustafayevin, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinin ordu quruculuğu ilə bağlı apardığı gərgin işlərə gölgə salır.

– Sizcə, qanuna uyğun ola – ola həyatını vətən uğrunda itirmiş bu əsgər balamıza şəhid statusu verməməkdə Xidmətin məqsədi nədir?

– Mən də başa düşə bilmirəm. Seyran Hənifəyev doğulduğu kənddə və sərin havalı yerdə yaşamış olsaydı, eyni səbəbdən öləcəkdimi? Avqustun 8-də Naxçıvanın hamıya bəlli olan o isti, nəfəs kəsən havasında, dağ cığırları ilə 14 kilometr piyada yol gedən əsgər xidmət başında, yəni döyüş təminatı tapşırığını yerinə yetirib hərbi hissəyə gedərkən yolda hər hansı səbəbdən həyatını itirirsə, həmin əsgər şəhid deyil bəs nədir? Bu barədə qanun normaları o qədər açıq və aydındır ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Seyran Hənifəyevə şəhid statusu verməməsinin səbəbləri qətiyyən başa düşülən deyil. Bu hərəkət gənclərin vətənpərvərlik tərbiyəsinə mənfi təsir etdiyi kimi, valideynlərin də hərbi xidmətə və orduya mənfi münasibətinin formalaşmasına səbəb olacaqdır.

– Məhkəməni uda biləcəksinizmi? Problemin məhkəmə yolu ilə həlli mümkündürmü?

– Məhkəmə qərarının olması tərəflərin həmin qərardan kənarda razılığa gəlmələrinə heç bir maneçilik törətmir. Məhkəmə, sadəcə olaraq, mərhum əsgərin atasının iddiasını rədd edib. Ona şəhid statusu verilməsini Xidmətə qadağan etməyib. Mövcud qanunvericiliyə görə isə, tərəflər istənilən vaxt barışıq sazişi ilə aralarındakı mübahisəni həll edə bilərlər.

– Onda siz niyə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimova yox, cənab Zakir Həsənova müraciət etmisiniz?

– Ona görə ki, hər bir əsgər və zabit Ali Baş Komandanın və Müdafiə nazirinin övladı kimidir. Valideyn isə öz övladının qayğısına sonadək qalmağa borcludur. Mən cənab Zakir Həsənovun öz atalıq borcunu yerinə yetirəcəyinə və bu problemi tək Seyran Hənifəyevlə bağlı yox, bütün Azərbaycan miqyasında kökündən həll edəcəyinə inanıram.

– Təşəkkürlər, söhbətə görə çox sağolun.

– Siz sağolun ki, bu vacib problemə belə diqqət göstərirsiniz.

 

07.11.2015 / Moderator.az

Loading