Eldar Mahmudovun qanunsuz əməlləri barəsində yeni şok məlumatlar…

MTN-nin keçmiş şefi  Eldar Mahmudovla Bakı şəhər İH-nin başçısı Hacıbala Abutalıbovun, ƏMDK-nin sədri Kərəm Həsənovun və DƏDRX-in rəis müavini Rafiq Cəlilovun, Nəsimi rayon İH-nin keçmiş başçısı Nəsib Məhəməliyevin və Nəsimi rayon Polis idarəsinin 2011-ci ildə vəzifədə olan rəisinin  ilə nə əlaqəsi?

Bu günlərdə Moderator.az -a Eldar Mahmudovun yeni əlaqələri və qanunsuz hərəkətləri barədə ilginc məlumatlar daxil olub.

Bakı şəhər sakini Sevinc Kərimova və MTN-nin əməkdaşı Şahin Həsənov arasında 1 saylı İİ Məhkəməsində (sədrlik edən hakim Müseyib Bayramov)  gedən bir inzibati iş üzrə bizə verilən məlumatlardan dəhşətlənməmək mümkün deyil.

Ölkə Prezidenti möhtərəm İlham Əliyev dəfələrlə çıxış edərək Bakı şəhərində gedən qanunsuz tikililər barədə öz göstərişlərini verib və mövqeyini bildirib.

Bu inzibati  işdən aydın olur ki,  Nəsimi rayon Polis idarəsinin 150 metrliyində, şəhərin mərkəzində, bir neçə ailənin ümumi istifadəsində və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində, S.Zeynalov küçəsi, ev 17, mənzil 8-də MTN əməkdaşı Şahin Həsənov 120 kv metr artıq tikili apararaq qanunları pozub və qonşuların haqlarını tapdalayıb.

Təbii ki, məhkəmə bu mübahisəyə aydınlıq gətirəcək.

Bizi isə düşündürən başqa məsələlərdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən,

“180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.”

Hamıya məlumdur ki, qanunsuz tikili problemi respublikamızın ən yaralı yerlərindən biridir. Xüsusilə də paytaxtımızda.

Mülki Məcəllənin 180.3-cü maddəsindən göründüyü kimi, “özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun”.

MTN əməkdaşının qanunsuz olaraq  120 kv.m. artıq tikinti apardığı torpaq sahəsi nəinki onun mülkiyyətində olmayıb, əksinə, Bələdiyyə mülkiyyətində olmaqla bütün qonşuların ümumi istifadəsindədir. Belə olduğu halda suallar yaranır:

  1. Başqa vətəndaşlara 1 kv.metrlik artıq tikili aparmağa imkan verməmək, “balkon çıxarmamaq” üçün oraya bir düjün polis yeridən, istənilən rüşvəti almadan belə qanunsuz tikililərə göz yummayan Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri hara baxıblar?
  2. Nəsimi rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nəsib Məhəməliyev rüşvətinmi, yoxsa hansısa nüfuzlu şəxsin tapşırığı hesabına, Bakının göbəyində,  Nəsimi rayon polis idarəsinin burnunun ucunda, S.Zeynalov küçəsi, ev 17, mənzil 8-də aparılmış 120 kv.metrlik qanunsuz tikilinin sökülməsi əvəzinə, MTN əməkdaşının mülkiyyəti kimi qeydə alınması barədə 31 yanvar 2011-ci il tarixli sərəncam imzalamışdır?

Təbii ki, MTN əməkdaşından rüşvət almağa icra hakimi cəsarət etməzdi. Nə Hacıbala Abutalıbov, nə də Nəsimi rayonunun keçmiş icra başçısı Nəsib Məhəməliyev!

Qalır MTN-nin və onun şefi Eldar Mahmudovun nüfuzu.

Əcaba, bu ölkənin rəhbəri kimdir: Prezident İlham Əliyev, yoxsa MTN-i cinayətkarlıq yuvasına döndərmiş Eldar Mahmudov və onun əməkdaşları? Qanunlara ilk növbədə hüquq mühafizə orqanlarının, o cümlədən də MTN əməkdaşlarının əməl etməsi vacib deyilmi? Nəsib Məhəməliyev, eşitdiyimizə görə, indi də deputat olmaq eşqinə düşüb. Qanunsuz tikililər barədə dəfələrlə göstəriş verən prezidentin iradəsi əleyhinə,  Eldar Mahmudovun nüfuzu qarşısında qanunların pozulmasına göz yumanlardan nə deputat olar?

 

  1. Hanısısa yetim, kasıb, sahibsiz bir adamın qanunsuz toyuq hini tikməsinə belə imkan verməyən, 100 manat da olsa rüşvət qoparmadan əl çəkməyən polis işçiləri, indiki halda Nəsimi rayon Polis İdarəsinin o vaxt vəzifədə olan rəisi, sahə müvəkkili hara baxırdı?

Yoxsa onlar da “Eldar Mahmudov bandası”nın üzvləri olub?

Bəs Kərəm Həsənov?

Bəs məhkəmə qətnamələrinin icrasına mane olan, vətəndaşların mülkiyyət hüquqlarının qeydə alınmasına mane olmaq üçün lazım gələndə özündən əsaslar uyduran DƏDRX-in reyestr xidmətinin rəis müavini Rafiq Cəlilov nəin hesabına bu boyda qanunsuzluğu görə bilməyiblər?

Maraqlarına cavab verəndə dövlət adından çıxarılan məhkəmə qərarlarını təftiş etməkdən belə çəkinməyən, məhkəmə qərarlarını icra etməmək üçün özündən qanunsuz əsaslar uyduran Rafiq Cəlilov paytaxtımızın mərkəzində baş verən bu boyda qanunsuzluq barədə əlaqədar orqanlara niyə məlumat verməyib?

Görəsən, bunu etmək əvəzinə, Nəsimi rayon İcra Hakimiyyətinin qanunsuzluğu açıq görünən sərəncamını nəyin müqabilində icra edib?

Axı yüzlərlə belə sərəncamların, məhkəmə qətnamələrinin icra edilməməsi haqqında əlimizdə faktlar var.

Rafiq Cəlilov bu sərəncamı icra etmək üçün rüşvət alıb, yoxsa o da Eldar Mahmudovun bandasının üzvüdür?

Bəlkə Eldar Mahmudovun nüfuzundan qorxub?

Bizim əlimizdə Rafiq Cəlilovun rüşvət alaraq bu qanunsuz sərəncamı icra etməsi barədə fakt yoxdur.  Ona görə də hələlik yalnız ikinci versiya haqqında düşünməli oluruq.

 

Ancaq daha vacib bir sual meydana çıxır: əgər Rafiq Cəlilov, Nəsib Məhəməliyev, Hacıbala Abutalıbov kimi məmurlar Eldar Mahmudovun nüfuzundan, təsirindən qorxaraq qanunları pozurlarsa, dövlət başçısının əmr və göstərişlərinə, imzaladığı fərmanlara dönmədən əməl etmirlərsə, onda hansı dövlətçilik şüurundan danışmaq olar?

Buradan həm də korrupsiya iyi gəlir. Həm də sadəcə iy yox, üfunət iyi gəlir.

Hüquqda belə bir prinsip var: hamıya bəlli olan faktların sübut edilməsinə ehtiyac yoxdur.

Hörmətli oxucularımıza və bütün Azərbaycan vətəndaşlarına bəllidir ki, hər hansı bir sənədində onuncu dərəcəli əhəmiyyətsiz bir nöqsan olanda reyestr xidmətində istədikləri rüşvəti almadan vətəndaşların mülkiyyət, istifadə və sair hüquqları qeydə alınmır.

O da hamıya məlumdur ki, rüşvət almadan nə Bakı şəhər İcra Hakimiyyəti, nə Nəsimi rayon İcra Hakimiyyəti, nə də Nəsimi rayon Polis İdarəsi bu qanunsuz tikilinin aparılmasına  göz yummazdılar.

Ancaq biz qanunlara hörmət edərək bu orqanların vəzifəli şəxslərinin, rəhbərlərinin MTN əməkdaşından rüşvət almalarını iddia etmirik. Çünki bu barədə əlimizdə qüvvədə olan məhkəmə qərarı hələ ki yoxdur.

Ancaq bir suala bütün bu təşkilatlardan cavab istəyirik:  Prezidentin yeritdiyi siyasətin ziddinə olaraq,  Milli Təhlükəsizlik Nazirliyini cinayətkar təşkilat kimi istifadə edən Eldar Mahmudovla sizlərin nə əlaqəsi?

Siz kimə xidmət etmisiniz? Eldar Mahmudova, yoxsa Azərbaycan dövlətinə və onun prezidenti İlham Əliyevə.

P.S. Bu inzibati işlə  bağlı Sevinc Kərimovanın nümayəndəsi Qurban Məmmədovdan əlavə məlumat istədik. O, bunu yalnız məhkəmə bitdikdən sonra edəcəyini bildirdi. Hələlik isə DƏDRX-in bir rəsmi mətubunu bizə təqdim etdi.

Məktubda yazılıb: “qüvvədə olan qanunvericiliyə əsasən, mənzil anlayışına mənzilin ətrafında yerləşən torpaq sahəsi daxil edilməmişdir və mənzillərin yerləşdiyi torpaq sahəsinin vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır”. Məktubu Elçin Əliyev adlı rəis müavini imzalayıb.

Torpaq islahatı haqqında qanunun 9-cu maddəsində isə deyilir: “vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin fərdi, kollektiv və koorperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir”.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinin 2-ci cümləsində deyilir: “torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir”.

Bax belə! Belə savadsız və korrupsioner məmurların dövlət strukturlarından təmizlənməsi üçün Azərbaycan xalqı prezidentin arxasında durmalıdır ya yox?

 3,510 dəfə ümumi oxunub,  2 dəfəsi bu günə aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.