Əlaqə vasitələri

 ŞAHVƏLƏD ÇOBANOĞLUNUN YUXULARI…

Şahvələd Çobanoğlunun yuxuları…

Və ya ABŞ səfirinin rus qoşunlarının Azərbaycandan çıxarılmasına kədərlənməsi həqiqətə oxşamır
Üstündən 22 il keçsə də, radikal müxalifət düşərgəsinin təmsilçiləri hələ də 1993-cü ilin 4 iyununda baş verən qiyamı sağa-sola hərləməklə iynə ucu boyda da olsa, bəraət əldə etmək, ölkəni, xalqı və yenicə əldə edilmiş müstəqilliyi necə böyük bir təhlükənin qarşısında qoyub meydandan qaçmaqlarına haqq qazandırmaq üçün çabalayırlar. Amma ortada əlahəzrət fakt var və hələ o dövrdə Əbülfəz Elçibəy komandasında təmsil olunan şəxslər də təsdiqləyirlər ki, Surət Hüseynovun qaldırdığı qiyamın qarşısında pərən-pərən olan AXC-”Müsavat” iqtidarının təmsilçiləri, sadəcə, qaçmaqla, gizlənməklə yaxa qurtarmağa çalışırdılar.
Əslində, bu şəxslərin bir damla belə dövlət idarəçiliyi anlayışlarının olmaması nöqteyi-nəzərindən “qaçıb aradan çıxmaq” taktikasına müraciət etmələri o qədər də təəccüb doğurmur. Lakin ötən 22 ildə hər il müzakirə obyektinə çevrilən, bacarıqsızlığın, iradəsizliyin və zəifliyin etirafı ilə müşayiət olunan fikirlərin bir nəticəsi ortaya çıxır: AXC-”Müsavat” iqtidarı ölkədə hakimiyyət böhranı yaratmış, adi korpus komandirini belə özünə tabe etdirə bilməmiş, vətəndaş müharibəsinə yol açmış və nəticədə də hakimiyyəti qoyub qaçmışdır…
İllər sonra kimlərinsə bu məsələyə, guya, “orijinal” baxış nümayiş etdirməyə çalışması isə yuxarıda qeyd etdiyimiz uğursuz bəraət çabalamasından başqa bir şey sayıla bilməz. Elə “Azadlıq” qəzetində Şahvələd Çobanoğlunun yazdığı “Bunu Elçibəyin öz dilindən eşitmişəm” adlı məqaləsi kimi…
Rus qoşunlarının Azərbaycandan çıxarılması nə üçün ABŞ səfirini “yasa boğub”?
Müəllif iddia edir ki, guya, vaxtilə rus qoşunları Azərbaycandan çıxarılan zaman ABŞ səfiri hövənak özünü yetirib Əbülfəz Elçibəyə ki, siz nə edirsiniz, Rusiya qoşunları buradan çıxarılsa, sizi devirəcəklər.
Ortaya maraqlı nüanslar çıxmır, desək, yalan olar. O baxımdan ki, bunu Elçibəyə ən yaxın və ya ona sadiq (əgər vardısa) şəxslərdən biri söyləmiş olsaydı, bəlkə də, inandırıcı ola bilərdi. Amma rus qoşunlarının Azərbaycandan çıxarılmasının Azərbaycanda dövlət qiyamına “dəng gələcəyini” Elçibəyə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Maylsın “ürəkağrısı” ilə deməsi o qədər də inandırıcı sayıla bilməz. Hətta Elçibəyin ən yaxınında olan şəxslər belə müsahibələrində Maylsın öz dövlətinin siyasətini həyata keçirdiyini bildiriblər. Əgər rus qoşunlarının ölkədən çıxarılması Azərbaycanda keçmiş SSRİ patronajlığının sonu sayılırdısa, bu, ABŞ üçün göydəndüşmə bir fürsət idi. Bu baxımdan ABŞ səfirinin göynəyə-göynəyə “rus qoşunlarını çıxarmayın” deyə ricada bulunması o qədər də inandırıcı sayıla bilməz.
Şahvələd Çobanoğlu 1992-ci ildə “907-ci düzəliş” adlı sənədi qəbul edən ABŞ-ı Elçibəyin müttəfiqi kimi qələmə verir
Və ya… ABŞ və bu dövlətin səfiri Elçibəyi bu qədər sevirdisə, AXC-”Müsavat” iqtidarını özünün partnyoru sayırdısa, nə üçün 907-ci düzəliş kimi bir qeyri-demokratik sənədin qəbulunu rəva görürdülər? Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Həmin gecə Elçibəyə “Rusiya çevrilişindən” “xəbərdarlıq” etməyə gəlmiş səfir Mayls isə məhz bu ölkənin təmsilçisi idi. Yəni, Elçibəy iqtidarı heç də ABŞ ilə hansısa müttəfiqliyə-filana malik deyildi. Bir daha vurğulamaq yerinə düşər ki, o dövrdə iki qütb (ABŞ-Rusiya) arasında başlayan mübarizənin ilk konturları cızılırdı və ABŞ Rusiya qoşunlarının çıxarılmasının qarşısını almaq üçün can yandırmazdı. Bu faktın özü Ş.Çobanoğlunun cəhdinin də uğursuz bəraətə hədəfləndiyini deməyə əsas verir və yalan ortaya çıxır…
Elçibəyi devirən qiyamçılar kimlərdir? – AXC-”Müsavat” iqtidarının müdafiə naziri və Qarabağ üzrə səlahiyyətli nümayəndəsi
İkinci bir tərəfdən, axı müəllifin Rusiyanın “planı” kimi ortaya atdığı qiyamı qaldıranlar elə AXC-”Müsavat” iqtidarının özünün generaliteti idi. Bu qiyamın əsas siması Surət Hüseynov 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası Baş nazirinin müavini, Elçibəyin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda, milli ordunun korpus komandiri vəzifələrini tuturdu. Əbülfəz Elçibəy hakimiyyəti dövründə Surət Hüseynov, demək olar ki, qeyri-rəsmi müdafiə naziri vəzifəsini həyata keçirirdi. Başına topladığı dəstə ilə ölkənin qərb zonasında özünün “ağalığını” yaradan bu şəxsə səlahiyyətlər məhz AXC-”Müsavat” iqtidarı tərəfindən verilmişdi. Necə deyərlər, cinayətkar, xəyanətkar və ya adını nə qoyursansa qoy, bu şəxs AXC-”Müsavat” hakimiyyətinin bir nümayəndəsi idi…
Bu qiyamın dəstəkçisi qismində elə radikal müxalifət düşərgəsi tərəfindən hər zaman ittiham olunan Rəhim Qazıyev isə AXC-”Müsavat” hakimiyyəti dönəmində müdafiə naziri vəzifəsini icra edib. Onun Gəncədə Qraçovla yeyib-içməsi və başqa məsələlər AXC-”Müsavat” hakimiyyətinin nümayəndələrinin sevdiyi mövzulardır. Demək ki, Elçibəyə qarşı qalxan qiyama elə onun səlahiyyət verdiyi şəxslər rəhbərlik edirdilər. Əgər həmin şəxslər hansısa xarici dövlətlərlə əlaqədə idilərsə, bu da AXC-”Müsavat” iqtidarının üzqarasıdır.
Kiçik bir nüansı bir daha təkrar etməyə ehtiyac duyulur. AXC-”Müsavat” hakimiyyəti dövründə hər bir iqtidar mənsubu, böyük ranqlı məmur ətrafında silahlı dəstələr saxlayırdı. Kimin silahlı dəstəsi böyük idisə, avtomatik şəkildə onun səsi də bərk gəlirdi. Axırda, səsi lap “bərk gələn” iqtidar mənsubu Surət Hüseynov qiyam elədi. Və o dövrün dövlət rəhbərliyi də xalqı, dövlətçiliyi bu silahlı üsyanın qarşısında başsız qoyaraq aradan çıxdı…
Yeganə həqiqət: AXC-”Müsavat” iqtidarı Azərbaycanın müstəqilliyini təhlükə altına salmışdı, separatizmə yol açmışdı
Bir sözlə, 4 iyun qiyamı AXC-”Müsavat” hakimiyyətinin bu ölkəni hansı duruma saldığının bariz sübutu idi. Həmin dövrdə biri cənubda, biri şimalda, biri qərbdə AXC mənsubları separatizmlə məşğul idilər. Ulu öndər Heydər Əliyevin gəlişi bu separatizmi yox etdi. Azərbaycanı bölünməkdən, süqut etməkdən qurtardı. Bu gün inkişaf edən, tanınan, qlobal tədbirlərə ev sahibliyi edən və ən əsası, dünya ölkələri üçün mühüm tərəfdaş sayılan dövlətin əsası qoyuldu.
Bəli, Şahvələd Çobanoğlunun bu uğursuz bəraət cəhdi də boşa çıxdı. İnkişafa qara yaxmağı özünə peşə seçən radikal düşərgə təmsilçiləri heç olmasa ildə bir dəfə güzgü qarşısında dayanıb həqiqəti etiraf etsinlər. Necə ki, 1992-ci ildə bir həqiqəti etiraf etdilər ki, onlar dövlət idarə edə bilmirlər…
Şahvələd Çobanoğlunun xəyalpərəstliyi haradan qaynaqlanır və ya bu yalanları söyləməkdə məqsəd nədir?
Maraqlıdır ki, illər keçdikdən sonra birdən-birə nostalji hisslərə söykənərək AXC-”Müsavat” iqtidarının ABŞ-la ən yaxın müttəfiq olduğunu bu cür təqdim etməyə ehtiyac haradan yaranıb? Təbii ki, hər bir təsadüf zərurətdən irəli gəlir. Yəqin ki, Ş.Çobanoğlunu da bu qədər xəyalpərəstliyə yuvarlayan zərurət Cəmil Həsənlinin “Milli şura” adlı qondarma qurumun adından və AXCP sədri Əli Kərimlinin elçisi qismində ABŞ səfiri Robert Sekuta ilə bir neçə dəqiqə ayaqüstü söhbətindən yaranıb. Bəlkə də, sonradan səfirliyin məsul işçiləri ilə aparılan 2 saatlıq müzakirə Əli Kərimlinin də təmsil olunduğu AXC-”Müsavat” hakimiyyətinin ABŞ ilə canbir qəlbdə əməkdaşlıq, dostluq, qardaşlıq münasibətində olduğunu iddia etməyə zərurət yaradıb.
Hər nədən yaranıb, bunu deyə bilmərik, amma reallıq tamam fərqlidir. O da heç Şahvələd Çobanoğlunun iddialarına və ya bir başqa xəyala əsaslanmır. Reallıq faktlara əsaslanır. Siyasət kimlərdənsə, hansı dövlətlərdənsə nəyisə qazanmaq üçün onun qanadını üstünə örtmək deyil. Bu cür yalanlara söykənərək heç nə əldə etmək, ciddi siyasətçi kimi qələmə verilmək olmaz. Şahvələd Çobanoğlunun nostalji ABŞ duyğuları da elə əsl reallığın içində sabun köpüyü kimi əriyib yoxa çıxır…
Pərviz SADAYOĞLU

Loading