“AZADLIQ”
- CÜMƏ AXŞAMI, 21 MAY 2015 08:26
Eldəniz Quliyev: «Bu elə torpaq və ərazi bütövlüyümüzə olan yanaşmanın təzahürüdür»
Qurban Məmmədov: «Qazilər, haqq uğrunda mübarizə aparır!»
Cəlilabad rayonu Polis Idarəsinin qarşısında özünü yandıran Qarabağ müharibəsi və 20 yanvar hadisəsinin iştirakçısı Mirtahir Miradil oğlu Mürsəlov vəfat edib. Məlumatı Modern.az saytına onun qardaşı Mirkamil verib. Müharibə iştirakçısı Mirtahir Mürsəlovun özünə qəsd etməsinə səbəb rayon rəhbərliyinin onun problemlərinə biganəliyi olub. Xatırladaq ki, bir neçə gün əvvəl Cəlilabad rayonunda daha bir intihar hadisəsi baş vermişdi. Qarabağ müharibəsi əlili Həsən Abidinov özünü asaraq intihar etmişdi. Iki il əvvəl isə Mürsəlov Mirtahirin evində qaz partlayışı olub və o, iki gün huşsuz vəziyyətdə qalıb.
Mayın 19-da özünü yandıran Mirtahir Mürsəlovun özünü öldürmə faktı ilə bağlı cinayət işi açılıb.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Iş üzrə hələ ki saxlanılan yoxdur.
Xatırladaq ki, Cəlilabadda baş verən hadisə Qarabağ müharibəsi iştirakçılarıyla bağlı ilk hadisə deyil. Bundan öncə də özünə qəsd edən Zaur Həsənov, Sabirabadda özünü körpüdən asan Qarabağ veteranı və həyatını ağır formada davam etdirən, həbslərdə ömür çürüdən neçə-neçə müharibə iştirakçısı var. Sonuncu hadisəylə bağlı isə rəsmi mətbu orqanları və saytları, hökumət mənbələri heç bir reaksiya bildirməyib. Bunun əksinə, bütün saytlarda Ermənistanda əsgər analarının aksiyası barədə məlumatlar dərc edilərək ictimailəşdirilir.
Tanınmış ziyalı, kinossenarist Eldəniz Quliyevin qənaətincə, hakimiyyət öz qaziləri və şəhidlərinə qarşı çox laqeyd münasibət bəsləyir. Eldəniz bəy bu zümrədən olan şəxslərin ağrı və şikayətlərinə mövcud yanaşmanın torpaq və ərazi bütövlüyümüzə olan yanaşmanın təzahürü kimi qiymətləndirir:
“Bu heç də xoşagələn perspektiv vəd etmir. Onu qoruyan və canından keçməyə hazır olan şəxslərə qarşı belə münasibət sərgiləyən quruluşun axırı yoxdur”.
Hüquqşünas, vəkil Qurban Məmmədov bütün qazi və veteranlara xitab edərək onların torpaq uğrunda danılmaz xidmətlərinin dəyərinin yüksək olduğunu bildirir. Qurban bəyə görə özünəqəsd heç də problemlərdən çıxış yolu deyil, dini inancımıza görə də bu yolun bəyənilən olmadığını vurğulayan hüquqşünas haqq uğrunda mübarizəni daha vacib sayır:
“Hakimiyyət xalqın iradəsini ifadə etmir. Bizdə hakimiyyət zəbt edilib. Ermənistanda hakimiyyət seçki yoluyla olduğu üçün Avropa da bizlə müqayisədə onlara üstünlük verir. Azərbaycandakı mövcud hakimiyyət xuntadır, xüsusi rejim, sindikatdır. Onlar xalqın maraqlarıyla heç vaxt uyğun gələ bilməzlər. Hər şey göz qabağındadır. Binadakı yanğınla bağlı son hadisəni götürək. Onun üzlənməsi əlaqədar qurumların gözü qarşısında həyata keçirilmişdi. Son məqamda nə oldu? Bu mənada Cəlilabadda özünü yandıran qaziylə bağlı rəsmi orqanların susqunluq nümayiş etdirməsini, onun ölüm xəbəriylə bağlı məlumatın verilməməsini təbii sayıram”.
Nigar