“Zon”da elə səviyyəsiz adamlar görürsən ki, onların insan olduğuna şübhə edirsən”
“Sərdar Əlibəylinin başında dəyənəyin izi var”
Qurban Məmmədov: “İlham Əliyevdən xahiş edirəm ki…”
Bu gün azalığına qovuşan siyasi məhbus, görkəmli hüquqşünas Qurban Məmmədov azadlığa çıxdığı gün ilk müsahibəsiniModerator.az-a verib. Həmin müsahibənin davamını oxuculara təqdim edirik.
Əvvəli burda (http://moderator.az/?xeber=66085 )
-Bəzi şəxslər belə hesab edir ki, həbsdə olduğunuz müddətdə Milli Şura sizi lazımınca müdafiə etmədi. Bu barədə siz nə düşünürsünüz?
-Mən Q.Məmmədovun əlahiddə bir adam olduğunu düşünmürəm və hesab etmirəm ki, onunla bağlı hansısa xüsusi bir müdafiə üsulu həyata keçirilməlidir. Bu mənim mövqeyimdir. Milli Şura, jurnalistlər, başda “Azadlıq” qəzeti və Moderator.az saytı olmaqla sözügedən qüvvələrin aparılan ümumi işdən mən də faydalandım. Təbii ki, ola bilsin ki, Milli Şura bir üzvü kimi mənimlə bağlı xüsusi bir tədbir keçirə bilərdi. Mən bunu heç vaxt istəməzdim və buna razı olmazdım. Bu gün də belə bir addımın atılması çox səhv olardı. Q.Məmmədovun bu gün həbsdə olan gənclərdən heç bir fərqi yoxdur. Biz yaşından, cinsindən, sağlamlıq durumundan asılı olmayaraq bir mübarizənin içərisindəyik. Bu mübarizədə hər kəs öz funksiyasını yerinə yetirir.
–Doğrudanmı Q.Məmmədovla mübarizəyə yeni başlayan hər hansı bir gənc arasında heç bir fərq yoxdur? Hətta əgər belədirsə də, məhbusları sortlaşdırmaq, yeni tutulanların şəklini daha əvvəl tutulanlardan önə çıxartmaq nə dərəcədə doğrudur?
-Mən bunu sortlaşdırma hesab etmirəm. Bildiyiniz kimi, “Azadlıq” qəzetində siyasi məhbusların şəkli dərc olunurdu. Uzun müddət birinci yerdə mənim şəklim oldu. Yeni tutulanlara dünya ictimaiyyətinin diqqətini daha çox cəlb etmək üçün doğru olaraq Leyla Yunusun, həyat yoldaşının, İntiqam Əliyevin şəkli önə çıxarıldı. Əslində mənim şəklimin orda olub-olmaması aparılan mübarizə baxımından ciddi rol oynamır. Əsas olan budur ki, biz düz hərəkət edirik. Əsas olan budur ki, Allah və vicdanımız qarşısında hesabat verməyi bacaraq.
–2015-ci illə bağlı hansı gözləntiləriniz mövcuddur? Sizcə qarşıdakı ildə milli həmrəyliklə bağlı lazımi addımlar atılacaqmı? Bu addımları kim atmalıdır?
-Mən azadlığa çıxmadan öncə dustaqlara arasında bir söhbət oldu. Dustaqlardan biri məndən soruşdu ki, əgər prezidentdən sadəcə bir xahiş etmək imkanınız olsaydı, ondan nə xahiş edərdiniz? Mən bildirdim ki, ölkə başçısından Əvəz Zeynallı ilə İntiqam Əliyevin azad edilməsini xahiş edərdim. Soruşdular ki, bəs Leyla Yunusla Xədicə İsmayıl? Bildirdim ki, əgər Ə.Zeynallı və İ.Əliyev buraxılarsa, o zaman xanımlar daha öncə bruaxılmış olacaq. Mən dünən gecə Ə.Zeynallının azadlığa buraxıldığını eşidəndə sevincimin həddi-hüdudu olmadı. Bunu eşidəndən sonra beynimdən belə bir fikir keçdi ki, şükür Allaha, deyəsən başladı. Biz İ.Əliyevi hər cür tənqid edə bilərik. Rəhmətlik Heydər Əliyevi də söyüş səviyyəsinə qalxan və ya enən tənqidlər olub. İ.Əliyevin özü və ailəsi haqqında da söyüş səviyyəsinə enən tənqidlər olub. Bu boyda tənqidə, bu boyda hücuma dözmək də hər kişinin işi deyil. S.Əlbəylinin saytında nələr yazıldığını bilirsiniz. Bu yazıların müqabilində İ.Əliyev böyüklük nümayiş etdirib S.Əlibəylini buraxırsa, Ə.Zeynallının bu boyda yazılardan sonra azad edirsə, bunu təqdir etmək lazımdır. Mənim özümün müəyyən tənqidi müsahibə və çıxışlarım var. Bütün bunların qarşılığında hakimiyyət Ə.Zeynallı və S.Əlibəylini buraxıbsa, deməli müsbət irəliləyiş var. Çünki ölkə başçısı bu qərarı təkbaşına vermir. Onun ətrafı var. Onun məsləhətçiləri var. Deməli, hakimiyyət komandasında milli barışığa doğru meyl var, iradə var. Əsas olan iradədir və bu iradəni bu əfvlə göstərdilər. Mən istəyirəm ki, xoş bir niyyət kimi biz də bunu qəbul edək. Qəbul etməliyik ki, bunun davamı olsun. Bunun başqa yolu yoxdur. Başqa yol Suriya və İraqdır. Mən azadlıqdan öncə dini kitablara çox meyillənmişdim. Onların birində belə bir şey oxudum. Yazılırdı ki, əgər yaşadığınız dövlətdə siyasi ədalət varsa, iqtisadi bərabərlik uğrunda vuruşmağa qalxmayın. Çünki bu dövlətinizi və iqtisadiyyatınızı tamamilə tənəzzül etdirə bilər. Ölkədə siyasi ədalət lazımdır. Siyasi ədalət nə deməkdir? Qanun qarşısında insanların hüquq bərabərliyi deməkdir. Bu əfv mili barışıq istiqamətində atılan birinci addımdır. Iqtidar bu addımı atdı. Indi bunun qarşısında biz hansı addımı atmalı, biz nə etməliyik? Bunu müəyyənləşdirmək üçün hakimiyyətlə müxalifətin dialoqu lazımdır. Bu dialoqda hakimiyyət müxalifətə öz istəyini çatdırmalıdır. Əldəqayırma və qondarma müxalifətə deyil, əsl müxalifətə öz istəyini bildirməlidir. Çünki qondarma müxalifətlə danışığın heç bir faydası yoxdur. 100 partiya da qursalar, bunun mənası yoxdur. Real müxalifətə hakimiyyət öz tələbini deməlidir. Necə ki, siz başda olmaqla jurnalistlər, hüquq müdafiəçiləri siyasi məhbusların azad edilməsini tələb edirsiniz. Hakimiyyətdən bir nömrəli tələb budur. Bəs hakimiyyət bizdən nə tələb edir? Hakimiyyət müxalifətdən nə gözləyir? Bu məsələ müzakirə olunmalıdır. Bu tip qarşılıqlı addımlarla əminəm ki, dövlətimizi İraq və Suriyanın taleyindən yayındıra bilərik.
–Penitensiar xidmətdəki müsbət dəyişikliklə bağlı bir müddət bundan öncə saytımızda sizin bir yazınız işıqlandı, hansı ki, bu cəmiyyətdə birmənalı qarşılanmadı. Maraqlıdır, Penitensiar Xidmətin təcridxanasında gördüyünüz müsbət dəyişikliyi 14-cü kalonda da gördünüzmü?
-Mən istənilən şeyə bir insan olaraq öz prizmamdan yanaşır və subyektiv qiymət verirəm. Mən bunu həm özümə, həm də başqalarına münasibətdəki dəyişikliklər müstəvisindən dəyərləndirirəm. Təcridxanada gördüklərimi obyektiv yazmışam. Bunu 20 il bundan əvvəllə müqayisə eləmişəm. Çünki mən Bayılı da, MTN-nin təcridxanasını da, müxtəlif polis orqanlarının təcridxanasını da görmüşəm. 20-30 il müddətində bu sistemi daxildən görmüşəm. Bu baxımdan hesab elədim ki, mən bunu deməliyəm. Yaxşı iş mütləq qeyd olunmalıdır. Təcridxana inqilabi dəyişikliklər mövcuddur. Özü də söhbət Bakı İstintaq Təcridxanasından gedir. O yazının sonun da da qeyd etmişdim ki, zona gedib, ordakı durum haqqında da yazacam. Təəssüf ki, mən ordakı vəziyyətlə bağlı istədiyim yazını yaza bilmədim. Çünki arzuedilən dəyişiklik görmədim. Doğrudur, tikinti-abadlıq işlərində, məişət sahəsində, dustaqların vaxtının səmərəli keçirilməsində, saxlanma şəraitində böyük irəliləyişlər var. Betonlar taxta ilə əvəz olunub, əyləncə yerləri açılıb, normal kitabxana var, hətta bilyard salonu açılıb. Pullu yeməkxana açılıb və hər kəsə istədiyi yeməyi bişirib yemək imkanı yaradılıb. Televiziyalara istənilən zaman baxmaq imkanı yaradılıb. Hansı ki, bu, əvvəllər yalnız xəyal ola bilərdi. Bununla yanaşı bir neçə axsayan tərəf var. Orada dustaqların və nəzarətçilərin mənəviyyatı, dünyagörüşü , bir-birlərinə münasibət məsələsində durğunluq var. İrəliləyiş yoxdur. Dustaqlar da əvvəlki dustaqlardır. Mənəvi baxımdan inkişaf yoxdur deyə, dustaqlarla nəzarətçilər arasında problemlər olur. Ortada əxlaq-tərbiyə, dünyagörüşü problemi var. Mən 14-cü kalonda gördüyüm dustaq kontingentini 34 illik vəkillik və məhbus həyatımda görməmişdim. Elə səviyyəsiz, elə tərbiyəsiz adamlar görürsən ki, onların insan olduğuna şübhə edirsən. Düşünürsən ki, ilahi, görəsən bu da insandır? Ümumi səviyyə çox aşağı düşüb.
–Dekabrın 22-də 14-cü kalonda yaranan gərginliklə bağlı nə deyə bilərsiniz?
-22 dekabrda səhər təxminən 9-da, 9-un yarısında müəssisəyə belə bir xəbər yayıldı ki, Elşad Babayev adlı bir dustaq öldürülüb. O, dustaqların arasında böyük hörmətə malik idi. Özü də cinayətkar aləmin adamı kimi deyil, normal, tərbiyəli bir insan kimi hörməti var idi. O, böyük-kiçik yeri bilən, özünə hörmət qoyan bir şəxs idi. Təbii ki, bu xəbər dustaqlar arasında yayılandan sonra böyük bir canlanma başladı. E.Babyevin kim tərəfindən necə öldürülməsi məsələsi hər kəsi narahat eləməyə başladı. E.Babayevin kim tərəfindən necə, nə üçün öldürülüməsi isə istintaqın işidir. Çünki bu barədə mən dəqiq heç nə deyə bilmərəm. Yəqin ki, istintaq bütün bu məsələlərə aydınlıq gətirəcək.
Baş verən bu hadisə hər bir dustağın marağı baxımından önəmli hadisədir. Hər bir dustaq öz gələcək taleyindən qorxduğu üçün hərəkətə gəldi. Bəlkə də bunu çoxu dərk eləmir. Şüuralltı olaraq hər bir dustaq fikirləşir ki, onun yerinə mən də ola bilərdim, mən də ola bilərəm. Mən də öldürülməyim deyə hay-küy salmaq, etiraz etməyi lazım bildilər. Mən bu proseslərdən tamamilə kənarda olmuşam. Bir çox adamlar kənarda oldu. E.Babayevi tanıyan və onlara dəstək verən çoxsaylı dustaq kontingenti oldu. 150-200 dustaq hücum edərək növbəti hissəni dağıtdı. Kameraları dağıtdılar, hamamın qapısını qırdılar. Bir neçə nəzarətçiyə qarşı fiziki güc tətbiq etdilər. Ilk baxışda bu hərəkətlərinə görə onları qınamaq olar. Amma bunun səbəbini araşdıranda bəlli olur ki, digər hər şey kimi bu da səbəbsiz deyil. Bu baxımdan araşdırılmalıdır ki, dustaqla niyə bunu başqa vaxt yox, məhz ayın 22-də elədi? Dustaq bu hərəkəti ilə nə istəyirdi? Təbii ki, mən orda hay-küy salaraq dustaqları dağıntı və zorakılıqdan çəkindirməyə çalışdım. Bildirdim ki, içəri ordu sala, insnaları öldürə bilərlər. Lakin coşmuş kütləni saxlaya bilmədim və bunu saxlaya da bilməzdim. Hadisədən sonra Ədliyyə Nazirliyindən də, Penitensiar Xidmətdən də cəzaçəkmə müsəsisəsinə bir neçə general gəldi, dustaqlarla danışıq aparıldı. Yəqin ki, bu məsələlərin əlaqədar dövlət orqanları tərəfindən araşdırılması əsl həqiqətlərin ortaya çıxmasına yardımçı olacaq.
–Belə bir fikir səslənirdi ki, Qurban bəy ordadırsa ağsaqqallıq edərək insanları sakitləşdirəcək…
-Ora Q.Məmmədovun ağsaqqallıq edə biləcəyi məkan və kontingent deyil. Ora cinayət aləmidir. Mülki, normal adamlar yoxdur ki, mən də orda ağsaqqallıq edim. Oranın öz sahibləri, idarəçiləri var. Q.Məmmədov da o idarəçilərə tabe olaraq yaşamalıdır. Bunun başqa bir yolu yoxdur. Mən sadəcə onu bacardım ki, bir çox məhbusu bu prosesdən uzaqlaşdırdım. Çalışdım ki, heç olmasa dağıntı az olsun. Mən, habelə Araz Quliyev, bir çox dustaq dağıntıların, zorakılığın qarşısını almağa çalışdıq. Bunların hamısı kameraların altında olub. Mən xeyli adamı kənarlaşdıra bilmişdim. Amma kütlə psixologiyası işə düşdüyü üçün bunu əngəlləyə bilmədik. Cəzaçəkmə müəssisəsinin rəhbəri Əli İbrahimovun dustaqlarla normal, mədəni münasibəti mövcud idi. O, müəssisənin abadlaşdırılmasında çox böyük işlər görüb. Dustaqların məişət şəraitinin yaxşılaşmasına nail olub. O, gələndən sonra xeyli sayda dustaq 3-də birlə azad edildi. Onun çox böyük hörməti var. Hətta o da həmin gün kütləni sakitləşdirmək istəsə də, buna nail ola bilmədi. Bu, gözlənilməz idi. Çünki rəisə həqiqətən də böyük hörmət var idi. Hesab edirəm ki, əgər dustaq ölümü ilə bağlı dustaqlara məlumat verilsəydi, bunun səbəblərinin araşdırılacağı bildirilsəydi, bütün bunlar baş verməzdi.
–Bu və bunun ardınca ordunun cəzaçəkmə müəssisəyə müdaxiləsi ilə bağlı sizi narahat edən daha hansı məqamlar var?
-Mən Moderator.az vasitəsi ilə ölkə başçısına da, ədliyyə nazirinə də, Penitensiar Xidmətin rəhbərinə də, daxili qoşunların komandanına da müraciət etmək istəyirəm. Bir dövlət öz vətəndaşından intiqam ala bilməz. Dövlət qisas hissi ilə yaşaya bilməz. Dövlət məmuru bu hislə yaşaya bilməz. 22 dekabrda hadisə olmuşdu. Əgər ordunu həmin gün yeritsəydilər, bəlkə də bunu başa düşmək olardı. Amma 23-dən etibarən “zon”da sakitləşmənin başladığı, 25-də qaydasına düşdüyü bir halda,dekabrın 26-da zona ordu yeritmək anlaşılmazdır. Təsəvvür edin ki, səhər saat 6-ya 20 dəqiqə qalmış əli dubinkalı böyük ordu kontingentini ovçarkalarla dustaqların üstünə tökülür. Bu, yalnız qisas aktı kimi qiymətləndirilə bilər. Konkret olaraq hansısa dustağı həbs eləmək lazımdırsa, onu götürməyin bir çox yolları mövcuddur. Dustaqların üçdə ikisi zorakılığa qoşulmamışdı. Amma ordu heç bir ayrı-seçkilik qoymadan bütün dustaqları dubinkadan keçirdi. Xeyli insan yaralandı. Baxmayaraq ki, mən görürdüm ki, Ə.İbrahimov bir tərəfdən, Penitensiat Xidmətin İdarə rəisi İmran müəllim bir tərəfdən “vurma, vurma” deyə bağırırdı. Bu insanların bunca səyinə rəğmən bu qədər xəsarət oldu. Hətta mən şahid oldum ki, İmran müəllim dustağı vuran bir nəzarətçinin əlindən tutdu, ona etirazını bildirdi və onun bu əməlinin protokollaşdırılmasını tələb etdi. Mən ilk dəfə gördüm ki, belə bir münasibət var. Araz Quliyevə, Seyidov Miryusifə fiziki xəsarət yetirdilər. Halbuki, bu insanlar dustaqları dağıntıdan çəkindirmək istəmişdi. Bu bir vəhşilik aktı idi. Bir tərəfdən bunları da qınamaq olmur. Çünki dustaqların da arasında bəzi tərbiyəsizlər oldu ki, 22 dekabrdan sonra qaydaları daha çox pozmağa başladı. Elə bildilər ki, dövlətin gücü yoxdur. Amma dustaq nə edir-etsin, vətəndaş nə edir-etsin dövlətin vətəndaşdan intiqam almaq haqqı yoxdur. Bütün bu proseslərin çəkilişi gedirdi. İnanmıram ki, İ.Əliyev o kadrlara baxıb bunlara “sağ ol” deyə. Əli silahsız insanı döyməyə nə var ki. Sərdar Əlibəyılinin başına dəyənəklə elə vurublar ki, onun başında bu dəyənəyin qapqara izi var. Orda mən də, S.Əlibəyli də ölə bilərdi. Bəs onda İ.Əliyev kimi əfv edəcəkdi? Mənim yerimə tabutummu çıxacaqdı? Yadigar Sadıxlı ilə məni İmran müəllim tanıdı deyə ilkin mərlədə əsgərlərin bizi vurmasına imkan vermədi. Sonra da bizi Allah xilas etdi. Amma əvvəlki ordu girmələri ilə müqayisədə bu dəfəki yenə də şükürlü idi. Əvvəlki müdaxilələrlə müqayisədə bu, nazəndə qızlar içərisinə dəcəl oğlanın girməsinə bənzədilə bilər.
Mən İ.Əliyevdən bu məsələləri nəzarətə götürməyi xahiş edirəm. Mən istəmirəm ki, bu cür vəhşiliklər dövlətimizdə bir daha təkrarlansın. Və ümid edirəm ki, bu, son olacaq.
Zülfüqar Hüseynzadə
Seymur Əliyev