Moderator.az ötən ilin sonunda prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa qovuşmuş Sərdar Əlibəylinin “Millətim” qəzetinə müsahibəsinin ikinci hissəsini oxuculara təqdim edir:
Birinci hissə burada—moderator.az/?xeber=66768
-Belə görünür ki, istəsəniz də o şəbəkə sizi qəbul etməyəcəkdi…
-Eləyə bilməzlər… Mən çox azad adamam. Hələ də cəmiyyətin, mənim ən yaxın adamlarımın belə qavraya bilmədiyi qədər azad adamam. Bu gün nə “Azadlıq”da azadlıq var, nə “Müsavat”da müsavatçılıq var, hətta “Millətim”in özündə belə müəyyən məqamlarda siyasi maraq məsələsi var. Amma istər ölkənin daxilindən və ya xaricindən konkret qüvvələrin şər əməllərinə dəstək olmaq, yardımçı olmaq, onların əlində alətə çevrilmək qəbul edilməzdir. Mən həbsxanadan “Azadlıq”, “Müsavat”a heç vaxt yazı göndərmədim. Amma “Azadlıq” qəzetinə bir neçə yazım Qurban Məmmədovun təkidlə göndərildi. Dedi ki, mən göndərəcəyəm, verəcəklər. Təbii ki, mən deyən oldu və yazımı vermədilər.Niyə vermədilər, çünki S.Əlibəyli həbsxanada belə bunların düşünmədiyi qədər azad düşünürdü və yazırdı. Mən “xalq diplomatiyası” ilə bağlı bir bəyanat vermişdim və həmin zaman L.Yunusun həbs olunduğundan məlumatım yox idi. Orda yazmışdım ki, L.Yunusla,R.Mirqədoruvun başına gələnlər digərləri üçün dərs olsun. Bu ölkədə belə şeylər olmasın, ən xoş niyyətli əməllər belə sizin əleyhinizə işləyə bilər. Bu səpkidə bir bəyanat vermişdim. O zaman mənim həbsim haqqında məlumat verməyən qəzet “Tanınmış jurnalist L.Yunusa qarşı” başlıqla manset xəbər vermişdi. Çox dostlarım məni qınadı ki, niyə o xətlə gəldi bəyanatın? Mən sual edirəm, “Azadlıq”, “Musavat”, “Bizim yol” və bir çox qəzetlərdən hansı biri mənim bu bəyanatımı verəcəkdi ki? Ona görə də səsim eşidilsin, xəbərim gəlsin deyə o xətlə verdim. Cəmiyyət elə düşünməsin ki, S.Əlibəyli ölüb.
-“Xalq diplomatiyası” bizim də zaman-zaman toxunduğumuz mövzudur. Siz əslən Qərbi Azərbaycandansınız və bilirsiniz ki, uzun illər dəfələrlə erməniləri himayə edən rus imperiyası tərəfindən Azərbaycan torpaqlarının müəyyən qədəri işğal olunub, yaxud orda yaşayan azərbaycnalılar deportasiyaya məruz qalıb. Sonradan ermənilər özü “xalq diplomatiyası” yolu ilə barışığa, sülhə can atıblar. Bu da ermənilərin xeyrinə olub. Yenidən bu “xalq diplomatiyası” mövzusunu ortaya atmaq Azərbaycan xalqına, Azərbaycan dövlətinə xeyirlidirmi?
-Mən bu məsələyə bir az başqa formada yanaşıram. Əslində bu “xalq diplomatiyası” bizim öz istəyimizlə ortaya gəlmiş bir şey deyil. Bunu şərt kimi qoyurlar. İndi həbsdə olan L.Yunus, İ.Əliyev, Xədicə İsmayıl daxil onların hamısının həbsi siyasidir. Amma bunların indi görünən səviyyədə beynəlxaql aləmdə fəaliyyət göstərə bilmələri üçün “Xalq diplomatiyası”nda iştirakı şərt kimi qoyulub. Bunu mən hələ 5-6 il bundan qabaq yazmışdım. Biz bunun fəsadlarını sonra görəcəyik, yaşayacayıq. Biz həbs olunanda doğrusuyla-yanlışıyla müdafiə edən, səsimizi bütün dünyaya duyuran adamları itirdik. “Xalq diplomatiyası”nın fəsadı budur. Hərənin öz mövqeyi ola bilər. Mən L.Yunusun hüquq müdafiəsi sahəsində işini həmişə bəyənmişəm. Onların hər biri ayrılıqda siyasi məhbusdur. Mənim L.Yunusun, X.İsmayılın “xalq diplomatiyası” çərçivəsində fəaliyyəti haqqında konkret yazılarım var. Bundan sonra da mən onlar haqqında hər hansı bir tənqidi yazı yaza bilmərəm. Hər halda bağlı qapı arxasındadırlar.
-Təbii. Amma hər halda həbs edənlərin əlində də kifayət qədər tutarlı arqumentlər var…
-Mən sizinlə razı. Ola bilsin var. Əgər bunların əlindəki dəlillər mənim məhkəməmdə subut etdikləri dəlillər kimidirsə, o zaman vay bizim halımıza.Yəni, mənim başıma gətirilənlər imkan verir ki, bunların əlində ciddi dəlil olduğuna inanmayım. Amma ola bilsin də var. Hələlik cəmiyyətə ciddi bir sey təqdim olunmayıb. R.Tağıyevi, N.Pənahlını, F.Novruzoğlunu, Ə.Zeynllını, S.Əlibəylini bu qədər ağır, biabırçı şəkildə şərləyib həbs edən hakimiyyətin başqalarını şərləmiyəcəyinə niyə inanım? Bu ölkədə S.Əlibəylidən amansız heç kimsə yazı yazmır. Amma bu ölkədə yazı yazmağa görə heç kimi həbs etmirlər. Məni bu cür ağır və primitiv formada şərləyiblərsə, o zaman L.Yunusun şərlənmədiyinə mən necə qərar verim.
“Bunların niyə bu hala düşdüklərini anlamaq istəyənlər “Sion müdriklərinin protokolları”nı oxusunlar. Orda hər şey yazılıb. Bu gün həmin qəzetlər sionizmin 100 il əvvəl çəkdiyi çərcivəni işləyirlər. Çox yaxşı ki, mən onların yanında olmamışam”
-Sərdar bəy, cəzaçəkmə müəssisələrində olan vəziyyət həmişə müzakirə mövzusu olub. Ümumiyyətlə, cəzaçəkmə müəssisələrində məhbusların yaşam şəraiti, onların ümumi vəziyyəti hansı səviyyədədir?
-1953-cü il səviyyəsindədir. Mən orda olmamışam, amma deyilənə görə 10 saylı cəzaçəkmə müəssisəsində vəziyyət bir az yaxşı olmalıdı. Mən 14 saylı müəssisədə 2 dəfə olmuşam. Bunu birmənalı şəkildə deyirəm ki, orda məhbus, insan saxlamaq cinayətdir. Oranın birinci iqlim şəraiti, ikinci relyefi, üçüncü də onun içərisində olan şəraiti nəzərə aldıqda orda insan saxlamağın özü qatı cinayətdir. Yay vaxtı orda bəzən əl yumağa belə su olmurdu. 800 adam suyu olmayan, kanalizasiyası işləməyən yerdə həftə ilə necə yaşayırlar artıq siz qərar verin. Azərbaycan xalqı da bunu bilsin ki, Hitlerin krimatoriyası 14 saylı müəssisənin yanında necə deyərlər, “toya getməli” yerdir. Orda insan saxlamaq cinayətdir. Rəis gəlib orda müəyyən işlər görüb amma,elə islər var ki, rəis istəsə belə onları görə bilməz. Birmənalı olaraq 14 saylı cəzaçəkmə müəssisəsi dərhal bağlanmalıdır. Müəssisədə həkim xidməti var, amma necə? Saat 11:00-dən 17:00-ə kimi təsadüfən bəlkə yerində olsa həkim taparsan. Başqa vaxtlarda, bazar günləri də daxil olmaqla orda həkim tapa bilməzsən. Epilepsiya xəstəliyi elədirki, birində tutma baş verəndə yanındakı xəstələrdə də bu baş verir. “Barak”da zəncirvari reaksiya baş verdi və 8 nəfər eyni anda epilepsiya tutması keçirdi. Həmin vaxt bir həkim də tapılmadı. Bu yaxınlarda bir nəfər orda dunyasını dəyişdi. Bəlkə də həmin məqamda orda həkim olsa idi, məhbusun həyatını qurtarmaq olardı. 800 adamı bir yerə yığasan və orda həkim xidməti olmaya. Mən belə hesab edirəm ki, bu həbsxana bilavasitə insanları öldürməyə hesablanıb. Yəni vəziyyət bu qədər pisdir. Mənə dedilər ki, həkimlər burda işləmək istəmir. Necə olur, həkimlər müharibə bölgəsində gedib işləyir, burda işləmir? Maaşını artıq verin, işləsinlər.
-Sərdar bəy, son zamanlar 14 saylı cəzaçəkmə müəssisənidə qalmaqallı bir ölüm halı baş verdi. Bir çoxları yazdı ki, məhbus işkəncə verilərək öldürülüb. Əslində nə baş verib?
-O uşaq öldü. Ölüm səbəbi onun döyülməyi idi. Amma onu öldürək deyə döyməmişdilər. Bayaq ona görə deyirdim ki, münasibətlər dəyişmiyib. Bir az dikbaş olan, özündən razı olan adamlar çox ağır şəkildə döyülür. Buna “pres” deyirlər. Adnan tanınan “pres” verənlər var. Onun ölüm səbəbi döyülməkdi. Qəsdən döyüb öldürmək başqa məsələdir. Bu sistemdən gələn bir “qayda”dır, hamı keçdi bu keçə bilmədi. “Bunt”un səbəbi də əslində onunla bağlı idi. Çox bayabırçı şəkildə qoşun girdi zona. Səhər saat altıda yaşlı demədən, xəstə demədən hamını döyərək yerindən qaldırdılar. Həmin vaxt bir dubinka da mənim başımdan dəydi. Müəssisənin rəhbərliyi də mənim vəziyyətimlə maraqlandı. İçəri birinci mən qayıtdım və dəhlizdə insan qanından ayaq basmağa yer tapmaq olmurdu. Tutaq ki, S.Əlibəyli kiməsə bir yumruq vurmuşdu ona 4 il iş verdiniz. Bəs bu qədər tökülən qanların məsuliyyətini kim daşımalıdır? Sizə kim bu ixtiyarı verib? Dövlət öz vətəndaşı ilə bu cür davrana bilərmi? Qarşılıqlı olaraq deyirlər ki, məhbuslar da düz etmədi. Məhbus düz eləməyə bilər, zatən o günahkardır. Bəs, siz kimsiniz?
-Bildiyimizə görə siz tanınmış vəkil, milli azadlıq hərəkatının öndərlərindən biri olmuş Q.Məmmədovla eyni cəzaçəkmə müəssisəsində cəza çəkmisiniz. Azadlıqda da Qurban bəylə yaxın olmusunuz. Orda Q.Məmmədovu necə tanıdınız?
-Biz Q.Məmmədovla 15 ildir ki dostuq. Belə bir söz var ki, “dostun necə adamdır, yoldaş olmamışam”. Q.Məmmədov özü boyda bir əfsanədir. Çıxmamışdan 3 gün qabaq mənə bir söz dedi ki, “Sərdar, sən ki 1 il müddətində mənə dözdün, sən böyük adamsan”. Qurban bəydə mənə dözdüsə, demək o da böyük insandır. O, çalışırdı ki, oxusun, öyrənsin. İngilis dilində öyrənirdi, ərəb dilini öyrənirdi. Məni də oxumağa, öyrənməyə yönləndirirdi.
-Aranızda siyasi polemikalar aparmağa da vaxt tapırdınız?
-Əlbəttə, çox vaxt olurdu. Razılaşmadığımız məqamlar da, razılaşdığımız məqamlar da olurdu. Biz orda əsasən Türkiyə televiziya kanallarına baxırdıq. Türkiyə siyasətində də böyük hadisələr baş verirdi. Q.Məmmədov R.T.Ərdoğanın böyük heyranlarından biridir, S.Əlibəyli ilə əksinə Ərdoğanın Türkiyə üçün uğurlu bir rəhbər olmadığı qənaətindədir. Niyə? Bizdə nə baş verirsə, orda da baş verir. R.T.Ərdoğan 14 il baş nazir kimi Türkiyəni təkbaşına idarə edib, 7 il də prezident olacaq. Nə yolla seçildi bunu Allahları, birdə özləri bilir. Yəqin ki, çalışacaq bundan sonrakı 7 ili də prezident olmağa. Bu da üst-üstə 28 il edir. Bu mənada Türkiyənin taleyindən məndə çox narahatam. Qurban bəylə də bu yöndə polemikalarımız çox olub. Bununla yanaşı üst-üstə düşən fikirlərimiz də çox olub.
-Bir həftəyə yaxındır ki, azadlıqdasınızı. Həyatınızda nələr dəyişib?
-Mənim üçün heç nə dəyişməyib. Ailəm, bacılarım, qardaşlarım,qonşularım elə qoyub getdiyim kimidi. Mənnən inciyənlər oldu ki, niyə elə açıqlamalar verdim. Mən yazdığımın doğruluğunu bilirəmsə, bunu yazmaqdan heç kim məni döndərə bilməz. Hər zaman yazılarımı “deyim öldürsünlər” anlayışı ilə yazmışam. O mənada mənim üçün dəyişən çox şey yoxdu.
-Söz yazıdan düşmüşkən, S.Əlibəylinin “Nota ps”-nin yeni notalarını görmək nəsib olacaqmı?
-Yəqin ki, olacaq. S.Əlibəyli heç kimdən asılı biri olmayıb. Hec kim mənə QHT, sayt açacağına söz verməyib və mən onu gözləməmişəm də. Yenə də dostların hesabına gücüm nəyə çatacaqsa onu edəcəyəm.Yazmaq üçün darıxmışam. Hamı gözləyir ki, S.Əlibəyli E.Fətullayev kimi, R.Bəşirli kimi bəlkə hansısa xəttə üz tutacaq.
-“Millətim”in baş məsləhətçisi R.Tağıyevin bir sözü var ki, “S.Əlibəyli kimi, mənim kimi insanları bir növ qəlibə salmaq mümkün olmur”…
-Mən bu fikirlə də razılaşmıram. Qəlibsizlik də bir şey deyil. Mən nə iqtidarda olanlarla, nə müxalifətdə olanlarla düşmən deyiləm Sadəcə mənim doğru bildiklərim var və mən bu haqda açıq, sərbəst danışa bilirəm. Mən düşmən deyiləm. Mənim bəyanatım da onunla bağlı idi ki, biz nə vaxta kimi ölkədə biri həbs olan kimi Avropaya doğru qaçacağıq? Niyə, bu ölkədə bir qapı yoxdur ki, ordan qarşına haqq-ədalət çıxa? Mən bu müstəvidə bütün danışıqlara hazıram. Açıqlama verdim ki, iqtidar-müxalifət bir araya gəlsin və bu düşmənçilik yığışdırılsın. Söhbət danışıqdan gedirsə, hərə öz mövqeyində bir addım dala çəkilməlidir. Əgər sənə salam verən varsa, bunu almamaq günahdır. Amma salam ona görə verilirsə, sən ailəni,Vətənini, hər şeyini sat keç biz tərəfə, bu danışıq deyil. Məmləkətin, millətin ortaq problemləri var. Bu müstəvidə mən hər cür danışığa, razılaşmaya hazıram. İstər müxalifətdə olsun,istər hakimiyyətdə olsun, millətin və dövlətin maraqları naminə hər cür əməkdaşlığa hazıram.
-Maliyyə sıxıntıları zaman-zaman “Millətim” qəzetində də, “Nota. ps” qəzetində də yaşanıb. Yəqin ki,S.Əlibəyli bunun da öhdəsindən gələrək qəzetin yenidən fəaliyyətini bərpa edəcək?
-Mən düşünmürəm ki, qəzet yenidən fəaliyyətə başlayacaq. Çox güman ki, çalışıb saytı yenidən işə salacağam. Qəzet niyə olsun ki? Mən 8 il boyunca əziyyət, zülüm çəkdim, qəzet çıxartdım. 16 səhifəlik qəzeti ona gör çıxardırdım ki, özümün bir səhifə yazım orda getsin. Bu ölkənin adını karvan çəkməyən qəzetləri vardı, niyə onlar mənim yazılarımı vermirdi ki, məndə bu qədər əziyyət çəkim. Qəzet olmayacaq. Sayt ona görə yaxşıdır ki, artıq bizim taleyimiz nə Rauf Arifoğlunun “Müsavat” qəzetinin, nədə ki,Q.Zahidlə, Ə.Kərimlinin “Azadlıq” qəzetinin əlində deyil. İndi saytdan əlavə internet vasitəsilə sosial şəbəkələrdə minlərlə insana fikirlərini çatdıra bilirsən.
-Həbs olunanların ən yaxınları ailəsi, qohumları əziyyət çəkməli olur. Sizə yaxınlarınız tərəfindən bir “nota” verilmədi ki, daha bəsdir, yolrulduq?
-Hamısı bunu deyir. Mən indiyə kimi yazdığım yazıların hansı birinisə qohumların, ailənin müzükirəsinə çıxarsaydım ki, bunları dərc edəkmi, onların heç biri dərc olunmazdı.O zaman S.Əlibəyli heç olmayacaqdı. Hərənin öz fikri var. Mən çox böyük bir nəslin övadıyam, yoldaşım da özünə görə bir nəslin övladıdır. Hamısına demişəm ki, mən yol adamıyam. Bu yolda ölüm də var, həbsxanada var.Arxada da bir uşaq, bir qadın qalır. Mən heç bir zaman millətimizdən bədgüman olmadım. Millət zaman-zaman hər hadisəyə qiymət verib və verəcək. Mən millətimdən çox razıyam.
-Sərdar bəy, bir ənənəvi sual olur həmişə. İçəridən Azərbaycana bir baxış oldumu və içəridən necə görünrük?
-Heç bir fərqi yoxdur. İçəridə pulun var, adamın var, mənim kimi cəmiyyətdə az-çox hörmətin varsa orda problemin olmayacaq. Yox əgər pulun, adamın yoxdursa, o zaman çox çətindir. İçəridən Azərbaycanın necə görünməsinə gəlincə isə, gördüyüm qədəri ilə bu ölkədə baş verənlər nəyisə dəyişməyə yönəlməyib. Azərbaycan böyda bir fasad qurulub. Fasadı çox rəngli bəzəyiblər. Fasadın arxasında irin,qan, gözyaşı, kasıbçılıq. Kimə lazımdır bu? ATV kanalında Zaur Baxşəliyevin gündəlik yayımlanan bir verilişi var, Elgiz o biri kanaldan, bazar günləri də Xoşqədəm milləti gecə-gündüz ağladır. Əgər bu dövlətdə bu qədər sosial inkişaf varsa, bəs bu axan göz yaşları kimindi? Mən onu başa düşmürəm. İçəridə olmağımın mənim üçün bir xeyri oldu ki, Azərbaycan televiziyalarının millətimizin, dövlətimizin, bu gün rəsmi aparılan dövlət siyasətinin tam əleyhinə olduğunu gördüm. Bu verilişlərdə əhalinin yaşam səviyyəsinin nə dərəcədə acınacaqlı olduğunu göstərmək, Azərbaycan dövlətinin yürütdüyü siyasətin tərsini göstərmək kimi bir şey deyilmi? Bu məni çox düşündürür və yəqin ki, yaxın zamanlarda bu mövzu ilə əlaqədar yazılarım da olacaq.
-Sərdar bəy, müəyyən açıqlamalar verdiniz. Bilmək istərdik ki, yaxın zamanda hansı işləri görməyi planlaşdırırsınız?
-Heç bir planım yoxdur hələ ki… Mənim kompyuterim bir yaxın dostumdadır. Hələ mən bir ay gözləməliyəm ki, kompyuterim əlimə keçsin. Ondan sonra nələrsə haqqında fikirləşəcəyəm. Xüsusi bir planım yoxdur. Hansısa bir iş haqqında plan qurmaq üçün gərək həm maddi, həm mənəvi gücün olsun. Hər bir hadisə gündəmə uyğun cərəyan edəcək. Mən bu ölkədə nəyim var ki, nəyə görə plan quracağam. Ən böyük planım plansızlıqdır.
-Ola bilər ki, sizin azadlığa çıxarkən jurnalistin sualına verdiyiniz cavabı çoxları düz başa düşməyib. Bəlkə buna tam aydınlıq gətirəsiniz?
-Siz mənim dediklərimi olduğu kimi verin ki,cəmiyyətə qaranlıq məqam qalmasın. Mən o bəyanatda demişəm ki, bu sərəncam hansı ki, bizi azadlığa buraxdırıb, Azərbaycanda milli barışığı, Azərbaycanın həm daxili, həm xarici imicində ciddi zərər gətirən “siyasi məhbus” məsələsində, Azərbaycanın gələcəyinə hesablanmış ciddi məsələlərin həllində dövlətin siyasi iradəsinin nəticəsi kimi ortaya çıxıbsa, bu sərəncamı ancaq alqışlamaq olar. Əgər bu belədirsə, dövlətimi də, millətimi də təbrik edirəm. Yox əgər əvvəlki kimi istəsəm tutaram, istəsəm buraxaram adlı oyundursa, Allah hər kəsə bildiyində xeyir versin. Mən bunu demişəm. Dövlət yoxdursa, bizdə yoxuq. Dövlətsiz qalmaq azyaşlı uşağın yetim qalması kimi bir şeydir.
-“Millətim” qəzeti olaraq həmişə ölkədə milli barışığın tərəfində olmuşuq. Bəzi siyasilərimizin ermənipərəst Fransua Ollanddan imdat diləməyini məqbul hesab etməmişik. Həmin mövqeyimizə görə bizi azad olmayan mətbuat kimi də qiymətləndiriblər. F.Ollanddan və yaxud hər hansı bir qərb ölkəsindən bizim siyasilərin imdat diləməsinə ehtiyac varmı?
-İ.Əliyev bir çıxışında bildirmişdi ki, 10 illik prezidentlik dövrümdə nə bir bir xarici ölkənin başçısı, nə bir diplomatik korpus rəhbəri mənimlə təkbətək görüşdə nə “siyasi məhbus” məsələsini, nə də bu ölkədə demokratik dəyərlərin pozulması haqqında danışıb. Onu da qeyd etmişdi ki, Azərbaycandakı siyasilər ya sadəlövhdürlər, ya da özlərini sadəlövhlüyə qoyublar. Mən belə düşünürəm ki, bunlar Olanddan filan imdad diləmirlər. Sadəcə onlar üçün prestij məsələsidir ki,Olland filankəsi qəbul etdi.Bunlar təkcə ona şaddır ki, 5-10 nəfərin içindən seçilib Ollandla görüşüblər. Əgər İlham Əliyev bunları açıq deyirsə və dünyanın heç bir ölkəsindən prezidentə təsir gəlmirsə, mən onu haqlı buldum. Mən onu da deyim ki, bizdə müxalifət filan yoxdu. Bunların kimliyini bilmək istəyənlər “Sion müdriklərinin protokolları”nı oxusun.