Əlaqə vasitələri

04/01/2015 Tanınmış hüquqşünasdan ilginc təklif… Qurban Məmmədov seçkidə iştirak etməyənlərin cərimə olunmasını istəyir…

Sonuncu bələdiyyə seçkilərində demək olar ki, seçici fəallığının misligörünməmiş səviyyədə aşağlı olması vətəndaşın ölkədəki seçkilərdən imtina etməsi kimi qiymətləndirilir.

Bir neçə gün öncə həbsdən azad olunmuş tanınmış hüquqşünas Qurban Məmmədov daModerator.az-a açıqlamasında deyir ki, vətəndaş öz dövlətinə sahib çıxmaq hissindən boyun qaçırdığına görə cavab verməlidir və o hüququ ilə vəzifəsini unutduğuna görə cərimə sanksiyası ilə tənbeh edilməlidir:
“Bəzən biz səsvermə hüququ ilə səsvermədə iştirak hüququnu qarışdırırıq. Yəni bu o deməkdir ki, vətəndaş istənilən halda səsvermədə iştirak etməlidir, Ancaq o səsvermə hüququndan istifadə edib- etməməkdə azaddır. Yəni istəyər kiminsə lehinə və ya əleyhinə səs verər, ya da ümumiyyətlə bülleteni etibarsız hesab etmək üçün tutaq ki, prezidentliyə namizədə səs verərkən birdən artıq namizədə səs verər. Amma istənilən halda seçkidə iştirak etmək onun vəzifəsidir. Çünki konstitusiya deyir ki, hakimiyyətin mənbəyi xalqdır. Bəs bu xalq öz iradəsini necə ifadə etməlidir? Təbii ki, seçkidə iştirak etməklə. Səsvermə hüququndan istifadə etməyən hər bir vətəndaş konstitusiya hüququnu pozmuş şəxs kimi ən azı 3 aylıq əmək haqqından məhrum edilə bilər və yaxud da orta aylıq əmək haqqının 3 misli qədər cərimə ödəsin.”

Görəsən, tanınmış hüquqşünas 23 dekabrdakı rüsvayçı bələdiyyə seçkilərindən sonra belə qanaətə gəlib, yoxsa…?
Q. Məmmədov deyir ki, hələ həbs olunmazdan xeyli əvvəl dəfələrlə mətbuatda belə bir təkliflə çıxış edib ki, vətəndaş könüllü olaraq oz vəzifəsinin icrasından imtina edirsə, onu buna məcbur etməyin yolları tapılmalıdır:

“Təbii ki, son 20 ildə Azərbaycanda keçirilən bütün seçkilərdə xalqın iştirakının aşağı olması göstərirdi ki, xalq bu və ya digər səbəblərdən seçkilərdə iştirak etməkdən yayınır, müxtəlif bəhanələrlə öz hüquq və vəzifəsini həyata keçirməkdən imtina edir. 23 dekabr bələdiyyə seçkiləri isə göstərdi ki, Azərbaycan xalqı ümumiyyətlə dövlətindən imtina edib. Bu isə çox qorxulu bir simptomdur.
Azərbaycanda son vaxtlar intiharların artması da xalqın ümidsizliyə düçar olmasının əlamətidir və bunun qarşısı qəti şəkildə alınmalıdır. Azərbaycanın indiki hakimiyyəti də bunu nəzərə almalıdır ki, bunu çox ağır nəticələri ola bilər.”
Bəs, seçkidə iştirakın məcburiliyi insan hüquqlarının pozulması kimi xarakterizə edilə bilərmi?
Q. Məmmədovun bu suala da tutarlı cavabı var:
“Ailə Məcəlləsinə görə uşaqlara qayğı, onların saxlanılması və maddi-mənəvi yardım göstərilməsi onun valideyninin həm hüququ, həm də vəzifəsidir. Diqqət yetirin, əgər biz boşanarkən uşağımıza aliment vermiriksə, bir yerdə yaşadığımız dövrdə isə ona qayğı göstərmiriksə, onun tərbiyyəsi ilə məşğul olmuruqsa, biz həm cinayət, həm də maddi məsuliyyətə cəlb olunuruq. Onda sual olunur, bəs bu boyda dövlətin taleyinə sahib çıxmamaq, onun başsız qalmasına səbəb olmaq necə ola bilər ki, məsuliyyət yaratmasın? Konstitusiyanın birinci maddəsində deyilir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Bəs xalqın bu iradəsi necə ifadə olunmalıdır? Xalq öz hakimiyyətini necə formalaşdırmalıdır? Bununsa mexanizmi seçkidə iştirak etməklə olur. Əgər bir xalq seçkidə iştirak etmirsə, bu o deməkdir ki, o öz konstitusion vəzifəsindən imtina edir, iradəsini ortaya qoymaqdan boyun qaçırır. Yəni o hakimiyyətin mənbəyini gizlədir, nümayiş etdirməkdən boyun qaçırır. Hamı bilməlidir ki, seçkidə iştirak etmək hüququ başqa anlayışdır, seçki hüququ başqa anlayış. Mən hamıdan bir suala cavab istəyirəm, 18 yaşı tamam olmuş vətəndaşlar seçki hüququndan istifadə edirlər, bəs 18 yaşına qədər bu millətin milyonlarla övladı hansı iradənin əsasında yaranan hakimiyyətə tabe olmalıdırlar? Seçki hüququ olanlar seçki hüququ olmayanların hakimiyyətini formalaşdırmaq vəzifəsi daşıyırlar. Yəni onlar iradə qoymalıdırlar və hakimiyyətin mənbəyi ortalığa çıxmalıdır, deməlidir ki, ay mənim körpə balalarım, mən bu hüququ yaratdım ki, siz rahat yaşayasınız. Belə çıxır ki, indi biz Azərbaycan xalqı olaraq 18 yaşından yuxarı olanlar hakimiyyətin mənbəyini gizlətməklə seçkidə iştirak etmək hüququ olmayan milyonlarla insanımızın hüququnu pozuruq. Ona görə də cərimə sanksiyası tətbiq edilməlidir ki, üzrsüz səbəbdən seçkiyə getməyən vətəndaş canı çıxsın həmin cəriməni ödəsin.

Loading