Son vaxtlar çox “dərin siyasət”lə məşğul olan bəzi qəzetlər hörmətli nazir Əli İnsanovun həbsxanada öldürülə biləcəyi barədə silsilə yazılar dərc edirlər. Hamıya aydındır ki, bu, rejimin tapşırığı ilə Əli müəllimə guya psixoloji təzyiq göstərmək üçün edilir. Bir arada onun dəlixanaya salına biləcəyi haqqında yazıb, hətta bəzi “mütəxəssislər”dən bunun mümkün variantları haqqında palaz-palaz müsahiblər də dərc etdilər.
Yazıqlar olasun! Adamlar özlərinin başını pambıq kolunda gizlətmiş dəvə kimi aparmalarının fərqində deyillər.
Əli İnsanov o səddi çoxdan aşıb. Başqa üsul axtarın “bəylər”.
Hətta dostlarımızdan biri öz müsahibəsində beləcə də deyib: “ola bilər ki, iqtidarı sevən məhbus müxalifətçi olan bir məhbusu vurub öldürsün”. Bərəkallah!
İfadəyə fikir verin: “iqtidarı sevən məhbus”.
Bu kimdi belə? Məhbus iqtidarı necə sevə bilər?
Azərbaycanda məhbus olmanın iki yolu var:
1.İqtidarın qoyduğu qayda-qanunla yaşaya bilmir, cinayət törədir. Yoxsulluqdan, işsizlikdən, imkansızlıqdan, süründürməçilikdən, rüşvətxorluqdan, korrupsiya və monopoliyadan bezir, yaşaya bilmir, qanunu pozur: oğurluq edir, soyğunçuluq, quldurluq edir, narkotik satır və s. Bu formada taleyi məhv edilən, ailəsindən ayrı salınan, gəncliyi əlindən alınan, ana-bacısı, ailəsi məhrumiyyətlərə məhkum edilən məhbus iqtidarı – onun faciəsinin baiskarını necə sevə bilər? Belə bir şey mümkündürmü?
2. Şərlənərək, böhtan atılaraq həbs edilməklə məhbus olanlar. İnsan ona böhtan atan, şər atıb qanunsuz həbs etdirən iqtidarı sevə bilərmi? Bu ki, anormallıqdır!
Psixiatriyada buna “Mazoxizm” deyilir! Şükür Allaha ki, mənim millətim hələ ki, şəxsi ləyaqət hissini itirməyib ki, əxlaqsız qadın kimi, onu döyüb incidən kişiyə tabe olmaqda davam etsin.
Bir sözlə, məhbus olub iqtidarı sevmək obyektiv olaraq mümkün deyil. Məhbus olub iqtidarla, onun cəza müəssisələrindəki nümayəndələri ilə əməkdaşlıq edən, yəni şantaj və s. üsullarla ələ alınıb idarə olunan məhkumların isə cinayət aləmində öz adları var. Bir də ki, adam öldürmək toyuq başı kəsmək deyil. Bu aləmdə əsassız yerə başqa dustağa “ilişmək” isə öz həyatını təhlükəyə atmaqdır.
Nə deməkdir “əsassız yerə”? Deməli başqasına sataşmağın əsası da ola bilər.
Mən həm vəkillik peşəmlə bağlı, həm də 3 dəfə məhkum həyatı yaşamağımla (1990-1991, 1998-2003 və indi) əlaqədar olaraq bu dünyanın – cinayət aləminin bir neçə “qanuni oğrusu” ilə əlaqələrim, münasibətim və dostluğum olub, rəhmətliklər: Bəxtiyar, Mamed, Hikmət və indi də fəaliyyət göstərən Qulu ilə və başqa nüfuz sahibləri ilə.
Rəhmətlik Hikmət Muxtarovla isə həm dostluğum, həm də Sabirabadda qonşuluğum olub. 2002-2003-cü illərdə isə 13-cü cəzaçəkmə müəsissəsində demək olar ki, “xlebnik” olmuşuq. Qəbri nurla dolsun!
Burada məqsədim onlar haqqında xatirələri danışmaq deyil.
Məhz “siyasilər”lə bağlı rəhmətlik Hikmətlə söhbətim olub. Soruşmuşam ki, “siyasilərə” olan münasibətin necədir?
Onun cavabını burada olduğu kimi təkrar edirəm. O dedi: “Bura bizim evimizdir. Buranın da şefi, prezidenti bizik – “Vor”lar. Burada olan bütün dustaqların taleyinə mən cavabdehəm, mən və qardaşlarım başqa “Vor”lar. Buradakılara qiyməti bura düşənə qədər nə etdiklərinə görə yox, buradakı davranışlarına görə, özlərini necə aparmalarına görə veririk. Bizim yolumuzu şüurlu olaraq gedənlər, aydındır ki, bizə daha yaxın olurlar burada. Biz də ideyalarımızın yaşaması üçün zaman-zaman belələrinin arasından bəzilərinə “ad veririk” ki, “oğru” ideyası yaşasın. İçəridə və bayırda qayda-qanunlarımız davam etsin.
Ancaq bura təsadüfən şərlənərək düşənlər də var. Qəsdlə cinayət etsə də, bizim yolu getmək istəməyənlər də var. Həmin o “siyasi” dedikləriniz də var. Onlar da burada bizim qaydalara tabe olmalı, buranın qaydalarına əməl etməli və elə bizim də himayəmizdən istifadə etməlidirlər. Necə ki, hər bir adam qonaq getdiyi evin qaydalarına əməl edir, ailə başçısına, ailə üzvlərinə hörmət edir, bura da elə. Siyasi, qeyri-siyasi, fərq etməz, hamısı bizim evin sakinləridir, qaydalarımıza hörmət etdikcə, bütün dustaqlar kimi hörmət görəcəklər, yox əgər … etsələr, “qad”lara isləsələr, nəyə görə bura düşmələrindən asılı olmayaraq, eyni pis münasibəti görəcəklər, doğma qardaşım və dostum olsa da (indi olmasın, məni qucaqlayıb, “Siz belə şeylərə fikir verməyin”-dedi)”.
Mən rəhmətliyin bu fikirlərini niyə xatırladım? Guya “iqtidarı sevdiyinə görə”, hansısa müxalifətçiyə siyasi möqeyindən dolayı “ilişən” məhbus, “Oğru qaydaları”nı pozmuş hesab edilir və başqa dustaqlar tərəfindən … kimi tanınır və cəzalandırılır. Bu baxımdan, hörmətli nazirimiz, öz sözünü, hərəkətini bilən ağsaqqal Əli İnsanov üçün “içəridə” heç bir təhlükə ola bilməz. Olacaqsa, deməli, yanına q…ə salınıb. Beləsi isə törədəcəyi əməldən sonra çətin ki, öz həyatını yaxşı oğlanların əlindən xilas edə bilə!
14 fevral 2014-cü il
Bakıl Apeliyasiya Məhkəməsinin zalından.
Qurban Məmmədov