Əlaqə vasitələri

Ulu öndərin siyasi əxlaqı!

Çox təəssüf ki, Azərbaycan siyasətçilərinin son 50 illik, xüsusilə də, yeni nəsil o böyük öndərin siyasi əxlaqını tam öyrənməyib və mənimsəməyib. Bəlkə də elə 20-30 illik məğlubiyyətlərimizin səbəbi də budur.

liderUlu Öndər özünün zəngin siyasi fəaliyyəti, dövlət idarəçiliyindəki qərarlılıq və qətiyyəti, cəsarət və ardıcıllığı ilə, eləcə də, müxtəlif mövzulardakı əsərləri və çoxsahəli fəaliyyəti ilə elə bir məktəb yaradıb, elə bir irs qoyub ki, biz ondan çox şey öyrənməliyik.

Millət olaraq da, fərd olaraq da, inkişaf etmək, düşdüyümüz cəhalət və laqeydlik bataqlığından qurtulmaq istəyiriksə, Ulu Öndərin həyat və fəaliyyətini, hər addımını, qələmindən çıxan hər yazını, dilindən eşidilən hər sözünü öyrənməli, gündəlik həyatımızda, fərdi fəaliyyətimizdə rəhbər tutmalı, özümüzə örnək etməliyik.

Təbii ki, indiki yaltaqlıq, yarınmaq və nəfsin şahə qalxdığı bir dönəmdə Ulu Öndərin irsini öyrənmək, xüsusilə də, bu irsi Azərbaycan gəncliyinin qazancına çevirmək çox çətindir. Ancaq Azərbaycan dövlətçiliyi naminə, millətimizin və dövlətimizin gələcəyi naminə biz bunu etməliyik. Nəyin bahasına olursa olsun! Yoxsa, Ulu Öndərin ruhu bizi bağışlamaz!

Təbii ki, Ulu Öndərin fəaliyyəti, atdığı siyasi addımlar və qəbul etdiyi qərarlar zamanın şərtləri ilə birlikdə araşdırılmalı, qiymətləndirilməlidir. Yalnız bu halda biz ondan düzgün bəhrələnə bilərik.

Ulu Öndərin həm sovet hakimiyyəti dövründəki fəaliyyəti, həm də bu dövrdən kənardakı gördüyü işlər o qədər zəngindir ki, bu istiqamətdə bizim dəyərli tarixçi alimlərimiz, tarix inistitutu ciddi çalışmalı, sanballı əsərlər yazmalıdırlar.

Mən burada o böyük şəxsiyyətin, Ulu Öndərin yalnız bir siyasi mövqeyindən danışmaq istəyirəm. Ona görə məhz bu keyfiyyətindən danışmaq istəyirəm ki, müxalifətin son 20 illik məğlubiyyətinin kökündə, məncə, məhz bu əxlaqdan sapmalar durur.  Həm də çox təəssüflə qeyd etmək iytəyirəm ki, müxalifət liderlərinin hamısının hərəkətlərində bu hal zaman-zaman müşahidə olunub.

Nədir bu son dərəcə vacib olan və Ulu Öndəri indiki zirvəsinə yüksəldən, yüz illər bundan sonra da xatırlanacaq siyasi keyfiyyət? Siyasətçinin rəhbər tutmalı olduğu siyasi əxlaq, siyasi davranış.

Bu, Ulu Öndərin prinsipiallığı və ardıcıllığı idi.

Onun bu fəaliyyət prinsipini qısaca belə ifadə etmək olar: “Əsas, strateji məqsəddən güzəşt etməmə, geri çəkilməmə və ara qərarlarala əsas amala, məqsədə ziyan vurmama, kölgə salmama”.

Ulu Öndər heç vaxt şəxsi və qrup maraqları naminə milli maraqlardan geri çəkilməyib və həyatın ən təhlükəli anlarında belə güzəşt etməyib. Onun bu hərəkətləri, fəaliyyətinin bu mərhələləri dərsliklərə salınmalı, gənclərə öyrədilməlidir.

Öz şəxsi həyatını, ailəsinin həyatını təhlükəyə atıb, ancaq əsas prinsipindən və amalından geri çəkilməyib. Onun məşəqqətli və çətin, təhlükəli və əzablı həyatı bizə örnək olmalıdır.

O, vaxtilə Stalinə yardım etmiş, onu təhlükələrdən qorumuşdu. 28 aprel 1920-ci ildə, Azərbaycan Cümhuriyyəti devrildikdən sonra isə keçmiş yaxşılıqların əvəzini qaytarmaq məqsədi ilə Stalin ona – Ulu Öndərə əməkdaşlıq təklif edir. Bolşeviklərlə birlikdə Azərbaycanı idarə etmək təklifini rədd edən Ulu Öndər özü üçün daha çətin, təhlükəli, qeyri-müəyyən yol seçir. Halbuki, razılaşa da bilərdi. Bilirdi ki, başa düşürdü ki, bu xalq Nəriman Nərimanov kimi ona da heykəl ucaldacaq, şəninə tərif deyəcək.

Ancaq bunu qəbul etmədi. Niyə? Çünki, həmin təklifi qəbul etməklə, öz davranışı ilə Azərbaycan xalqının müstəqillik, suverenlik arzu-istəklərinin, dövlətçilik xəyallarının üstündən əbədi qara bir xətt çəkmiş olardı. Millətin ümidini, inamını sındırardı. Dönüb sıradan birinə, adi nəfərə çevrilərdi. Ancaq millətin müstəqillik iddialarının onun qan yaddaşında yaşaması üçün siyasi lider məhz belə adam olmalı idi.

Əbədi ÖndərÖzü qürbət-sürgün həyatı yaşamalı, qərib məzara gömülməli, ailəsi aclıq, yoxsulluq, təqiblərdən əziyyətlər çəkməli, elə bununla da, milli ideyaları yaşatmalı idi. Əks halda, millət xeyir və şər, haqq və nahaqq, əyri və düz anlayışlarını fərqləndirə bilməz, qiymətləndirməkdə çətinlik çəkər. Budur siyasi lider, Ulu Öndər belə olur! O hətta Stalinin təklifi ilə Moskvada da qalıb işləyə bilərdi. Mikoyan, Xruşşov kimi 37-nin represiyalarından da qurtula bilərdi. Bununçün onun kifayət qədər ağlı və qabiliyyəti də var idi. O isə tamam fərqli, indiki, XX-XXI əsr Azərbaycan siyasətçilərinin heç birində olmayan bir yolu seçdi – kompromissiz mübarizə yolu.

Ulu Öndər yaxşı bilirdi ki, siyasət elə kopromislərin aparıcı olduğu fəaliyyət sahəsidir. O, bu sahədəki qabiliyyətini elə Azərbaycan parlamentinin və hökumətinin formalaşdırılmasında artıq göstərmişdi. Ancaq Ulu Öndər onu da bilirdi ki, Milli məqsədlərdə, milli hədəflərdə kompromis olmaz. Müstəqillik, suverenlik tərəfdarı ilə müstəmləkəçinin, işğalçının əməkdaşlığı kompromisə getməsi mümkünsüzdür. Bunu edənlər isə yalnız öz şəxsi maraqlarını güdürlər. Elələri heç vaxt qəhrəman ola bilməz və millətin tarixində, onun dövlətçilik, müstəqillik, suverenlik səlnaməsində şərəfli adla qala bilməzlər.

Ulu Öndər vaxtında gördü ki, düşmən güclüdür. Hərbi müqavimət onsuz da nəticə verməyəcək. Dünya şərtləri bolşeviklərin xeyrinədir. Nəticəni dəqiq gördüyü üçün rəsmi qərarla hakimiyyəti bolşeviklərə təhvil verdi və özünün sonrakı fərdi qərar və addımları ilə gələcək nəsillərə mesaj qoydu ki, “Sənin bir kərə yüksəlmiş bayrağın zorla endirilsə də, imkan olan kimi onu təkrar göylərə qaldırmaq sənin qanuni haqqındır, çünki cümhuriyyəti zorla, milli iradənin ziddinə deviriblər, buna görə də mən onlarla əməkdaşlıq etmədim”. Bax budur, əsl siyasi əxlaq! Ulu Öndər 1400 il öncə Kərbəla çölündə yaşananların siyasi formasını ortaya qoymuşdu.

O böyük şəxsiyyət bilirdi ki, həm xeyirə, həm şərə eyni vaxtda xidmət etmək olmaz. Heç xeyirə xidmət edənin, sonradan şərə və ya tərsinə, şərdən sonra xeyirə tövbə etmədən xidmət etməsi də normal insan üçün mümkünsüzdür. Mən həm imperiyaya-müstəmləkəçiyə, işğalçıya, həm də müstəqilliyə bir əlaçı kimi xidmət edə bilmərəm. Bu anormallıqdır və obyektiv olaraq mümkün deyil. Bu bir başda 2 zidd fikrin hər ikisinin doğruluğunu qəbul etmək kimidir. Bu da şizofreniya əlamətidir.

Azərbaycan parlamentinin qanunsuz olduğunu, parlament seçkilərinin qanunsuz keçirildiyini, milli iradənin zorlandığını iddia etməklə yanaşı, orada 3-5 “verilmiş, əta edilmiş” mandatla təmsil olunmaq, Ulu Öndərin qeyd etdiyim siyasi əxlaqına ziddir və özlərini onun davamçısı hesab edənlər, onu özlərinə Ulu Öndər qəbul edənlər bu hərəkətləri ilə əslində cinayətkara şəriklik edənlərdir.

Ulu Öndər Türkiyəyə gedir. O vaxtkı Türkiyə yönəticiləri ilə münasibətləri pis olmayıb. İstədiyi kimi orada fəaliyyət göstərir, yaşayırdı. Ancaq SSRİ ilə Türkiyə arasında o vaxt bağlanmış müqaviləyə əsasən, böyük Atatürk Türkiyənin dövlətçilik maraqlarını, haqlı olaraq, rəhbər tutub təklif edir: ya bolşeviklər, SSRİ əleyhinə təbliğatı durdur, ya da Türkiyəni tərk et. Ulu Öndər ikinci yolu – Türkiyəni tərk etmək yolunu seçir. Sonralar eyni hadisə və şəraitlə İranda üzləşir. Yenə də eyni qərarı verir. Fəaliyyətini Polşada davam etdirir.

Görəsən Azərbaycanın son 50 illik siyasətçiləri onun yerinə olsaydılar, hansı qərarı verərdilər? Bu sualın cavabı onların bizə məlum olan “siyasi fəaliyətləri” ilə çoxdan aydındır – kompromis, 3-5 yer, 2-3 vəzifə, az-maz pul, ev-eşik, bir təhər ötüşmək və s. Budur onların siyasi əxlaqı və siyasətçilikləri.

Hətta faşist Almaniyası ilə də Azərbaycanın müstəqilliyində güzəşt etməyən Ulu Öndər – Məhəmməd Əmin Rəsulzadə bizə belə bir siyasi əxlaq nümunəsi yadigar qoyub ki, ondan yapışmayınca, bu əxlaqa sahiblənmədikcə, biz uğur qazana bilməyəcəyik. Yaxın dövrlərdə qələbə qazana bilməyimizin yolu Ulu Öndərin irsini yaxşı öyrənməkdən keçir.
Allah ona rəhmət eləsin! Qəbri nurla dolsun! Amin!!!

[dropshadowbox align=”none” effect=”lifted-both” width=”600px” height=”” background_color=”#ffffff” border_width=”1″ border_color=”#dddddd” ]P.S. Azərbaycan müxalifətinin bəzi qüvvələri indiki seçki mühiti ilə yenə də bələdiyyə və parlament seçkilərində iştiraka hazırlaşır, yəni cinayətkarla şərikliyə. Bazar olsun![/dropshadowbox]

Qurban Məmmədov

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir