Nəsimi Rayon Məhkəməsinə
(sədrlik edən hakim: Emin Mehdiyev)
Məmmədov Qurban Cəlal oğlunun müdafiəçisi
Xalid Bağırov və Anar Qasımlının
Müdafiə Nitqi
Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 299.1-ci maddələri ilə ittiham elan edilmişdir.
İttihama əsasən, Məmmədov Qurban Cəlal oğlu 27 sentyabr 2012-ci il tarixdə saat 13:00 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “Toyota RAV-4” markalı, 90 MU 263 dövlət qeydiyyat nişanlı avtomaşınla Nəsimi rayonu Vaqif prospekti ilə Azadlıq prospekti istiqamətində hərəkətdə olub Vaqif prospekti 9 A saylı ünvanda yerləşən “Medikal Plaza” klinikasına çatmamış sağ tərəfdə yerləşən ara yolun baş hissəsində avtomobilini mayili olaraq saxlamış, orada parklanma işini həyata keçirən Abbasov Pərviz İmran oğlu avtomobilin sol qabaq qapısına yaxınlaşaraq avtomobilin ara yolda giriş-çıxışa maneçilik törətməsini bildirib avtomobilini oradan götürməsini və Vaqif prospektinin sağ kənarında ara yola çatmamış dayanmış halda olan avtomobilin arxasında saxlamasını təklif etmiş, bundan sonra Q.Məmmədov avtomobilin qabaq sol hissəsində olmasına əhəmiyyət verməyib avtomobilini tələsik şəkildə arxaya hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin, yəni nəqliyyat vasitələrinin geriyə hərəkətinə o halda yol verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın” kimi tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və yol hərəkəti qaydalarının həmin tələblərini pozaraq Bakı şəhəri, Nəsimi rayonu Vaqif prospekti 9 A saylı ünvanın qarşısında ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq sol təkəri ilə dayanmış piyadaçı P.İ.Abbasovun sol ayağının üzərindən keçməklə sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olan – sol baldır sümüklərinin aşağı 1/3-nin açıq-qəlpəli, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin iç səthinin əzilmiş yarası kimi bədən xəsarətləri yetirmiş və göstərilən cinayət hadisəsini törtədikdən sonra yol hərəkəti qaydalarını pozması nəticəsində Abbasov Pərviz İmran oğlunun sağlamlığına ağır zərər vurulması ilə müşayiət olunan yol nəqliyyat hadisəsi törətməsi faktına görə Nəsimi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə başlanılıb istintaq edilən 120070615 saylı cinayət işi üzrə qanuni və əsaslı qərar qəbul edilməsinə və zərərçəkmişə prosessual vəzifələrini vicdanla yerinə yetirməsinə mane olub, özünün cinayət məsuliyyətindən kənarda qalması məqsədi ilə törətdiyi yol nəqliyyat hadisəsindən dərhal sonra Pərviz Abbasovu öz avtomaşınına qoyub, Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutuna gətirərkən maşında, eləcə də xəstəxanada onun qohumları, anası Məmmədova Ədilə Məmməd qızına, arvadı Abbasova Sahilə Həsən qızına Pərviz Abbasovun aldığı xəsarətlə bağlı müalicə xərclərini ödəyəməyi, əmək qabiliyyəti olmadığı müddətdə hər gününə 20 manat hesabı ilə nəğd pul ödəyəcəyini vəd verməklə, 2012-ci ilin sentyabr ayının 27-dən, həmin ilin dekabr ayının 15-nə kimi olan müddətdə Pərviz Abbasova yuxarıda adları çəkilən qohumlarına hər ay 600 manat olmaqla, 3 ay müddətinə cəmi 1800 manat nəğd pul verib sürücüsünü tanımadığı və dövlət nömrə nişanını xatırlamadığı “Mersedes” markalı avtomaşın tərəfindən vurulub xəsarət alması barədə zərərçəkmiş şəxs Pərviz Abbasovun 25.11.2012-ci il tarixdə istintaqa yalan ifadə verməsinə nail olmaqla, zərərçəkmiş şəxsi pulla ələ almışdır.
İttiham zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, ekspert rəylərinə və sairə sübutlara istinad etmişdir.
Hesab edirik ki, bu sübutlar bir-birini təkzib etməklə hadisənin vaxtı, yeri və mexanizmi barədə fərqli fikirlər yaratmaqla o qədər ziddiyyətlidir ki, onlara istinad edilməsi qanuna ziddir.
Belə ki, zərərçəkmiz Pərviz Abbasovun hadisə barədə ilkin ifadəsi ondan ibarət olmuşdur ki, o, bələdçi kimi Qurban Məmmədovun avtomaşınını geriyə hərəkət etdirərkən Vaqif küçəsində,yolun sağ səkisindən üç metr məsafədə, birinci hərəkət zolağında dayanmış, bu zaman Vaqif küçəsi ilə, Azadlıq Prospekti istiqamətdə hərəkət edən naməlum qara avtomaşın onu vuraraq ona xəsarət yetirmişdir.
Daha sonra, isə bu ifadəsindən imtina edərək bildirmişdir ki, o Qurban Məmmədovun avtomaşını geriyə hərəkət etdirərkən həmin avtomaşının qabaq təkərinin altında qalaraq xəsarət almışdır. Bu zaman hadisədə, digər avtomaşının iştirakını ümumiyyətlə inkar etmiş, hadisə vaxtı orda qara avtomaşının hadisə baş verən yerdən üç-dörd metr, ən yaxşı halda isə iki metr yarım aralıda olduğunu göstərmişdir.
Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Pərviz Abbasovun bu ifadəsi həqiqəti ifadə etmir. Belə ki, hadisə vaxtı orada olan Xanlar Bayramovun idarə etdiyi avtomaşın zədə alması faktı, sonuncunun ifadəsi ilə tam təsdiqini tapmışdır.
Bundan əlavə əgər hadisə Pərviz Abbasovun verdiyi ifadəyə uyğun olmuşdusa, yəni “Q.Məmmədov… rolu sağ tərəfə burdu. Həmin vaxt rolu burulduğu üçün təkər qanaddan bayıra çıxdı və o, tələsik avtomaşını sürətlə arxaya verməyə başladı. Lakin Q.Məmmədov sol tərəfinə baxmadı və mənim onun avtomaşının sol qabaq qapısının yanında qaldığımı unutdu…həmin vaxt avtomaşının sükanını sağ tərəfə burduğu üçün avtomaşın düzünə deyil, geriyə gedərkən sol tərəfə doğru hərəkət etməyə başladı…avtomaşın sürətlə sol tərəfə getdiyi üçün sol ayağım avtomaşının qabaq sol təkərinin altında qaldığı üçün avtomaşın məni yerə yıxaraq sol ayağımın üzərindən keçdi”, bu ifadədən görünür ki, Pərviz Abbasov hadisəni bir başa görüb, yəni hadisə vaxtı üzü avtomaşına doğru olmuşdur. Belə olduğu təqdirdə onun avtomaşınla toqquşması bədənin qabaq tərəfi ilə olmalı idi, amma onda aşkar olunmuş sınıq xəsarətləri arxadan geriyə yetirilmiş xəsarətlərdir.
Digər tərəfdən isə Pərviz Abbasovun “Q.Məmmədovun rolu sağ tərəfə burub avtomaşını tələsik sürətlə arxaya verməsi” barədə ifadəsi həqiqəti ifadə etmir və aşağıdakı səbəbdən mümkün deyil. Düzdür belə hərəkət zamanı Q.Məmmədovavtomaşının geriyə gedərkən sükanını sağ tərəfə burduğu təqdirdə avtomaşın düzünə deyil, sol tərəfə doğru hərəkət etməsi mümkündür, yanlız bu avtomaşının ön hissəsinin hərəkət trayektoriyasını əks etdirir. Bu zaman avtomaşının arxa hissəsi sola deyil, əksinə sağa tərəfə hərəkət etməli idi və bu səbəbdən hadisə vaxtı, Vaqif küçəsində, yolun sağ tərəfində Park vəziyyətində duran, Pərviz Abbasovun Q.Məmmədovun avtomaşınını arxasında park etdirmək istədiyi “Pick UP” markalı avtomaşınla doqquşmalı idi.
Pərviz Abbasovun ifadəsinin bu şəkildə təkzibi üçün onun ifadəsi yerində yoxlanılmalı və istintaq eksperimenti keçirilməli idi. Lakin məhkəmə baxışı zamanı bu edilmədi.
Hesab edirik ki, Pərviz Abbasov ibtidai istintaqda verdiyi ilkin ifadəsini dəyişməsi və hadisənin Qurban Məmmədovun tərəfindən törədilməsi barədə ifadə verməsi, aşağıda qeyd edəcəyimiz digər faktlar kimi istintaqın siyasi sifariş əsasında həyata keçirilməsi, istintaqın qarşısına hakimiyyəti kəskin tənqid edən Qurban Məmmədovu cəzalandırmaq istəməsi və bunun nəticəsində işdə olan bütün sübutları saxtalaşdırması nəticəsində olmuşdur.
Bu faktı təsdiq edən digər əsas amil, Pərviz Abbasovun anası Ədilə Məmmədovanın ittihamın əsasını təşkil edən sübutları saxtalaşdırmaqda və qondarmaqda xüsusi fəallıq göstərmiş ərazi üzrə 20-ci Polis Bölməsində xidmətçi (xadimə) işlməsidir. Bu faktı Ədilə Məmmədova ibtidai istintaqda verdiyi ifadəsində təsdiq etmişdir. (baxın 2-ci cild 64-cü vərəq)
Bundan əlavə, ittiham şahidlər Hüseynov Rəhbər Qubad oğlu və Mənsurov İsa Mürsəl oğlunun ifadələrinə istinad etmişdir.
Hadisənin şahidi kimi Rəhbər Hüseynovu istintaqa 20-ci Polis Bölməsi təqdim etmişdir. Rəhbər Hüseynovun şahidi olmamasını aşağıdakı tək bir fakt təsdiq edir ki, o, ibtidai istintaq zamanı Bakı şəhəri, Naximov küçəsində (Xətai rayonu, Zığ qəsəbəsinə yaxın ərazi) evdən saat 13.00-də çıxıb iki marşurut 51 və 69 saylı marşurut dəyişib iş yerinə “Nəsimi bazarının” yanına gedərkən hadisənin şahidi olub. Onun hadisənin şahidi olmamasını təsdiq edən dəlillərimiz aşağıdakılardı. 69 saylı marşurutla iş yerinə gedərkən R.Hüseynov hadisəni görə bilməzdi. Çünki, həmin marşurut hadisənin baş verdiyi Vaqif küçəsi ilə, R.Hüseynovun işlədi yerin arasında olan Hənifə Ələsgərov küçəsindən keçir. O, həmin avtobusdan Hənifə Ələsgərov küçəsində düşdükdən sonra,işə getmək üçün sağ tərəfə getməli idi və onun sol tərəfdə qalan hadisə yeri istiqamdə getməsi məntiqi deyil.
Bundan əlavə bu şəxsin 13.00 evdən çıxıb, bu saata kimi artıq baş vermiş hadisəni görməsi mümkün deyildi. Çünki əlimizdə olan faktlar göstərir ki, Qurban Məmmədovun hadisə yerinə gətirdiyi və avtomaşının öncə avtomaşından düşən və əməliyyat üçün xəstəxanaya girən oğlu Elnur Məmmədovla artıq 12.40-dəqiqədə telefon rabitəsi saxlayır. Elnur Məmmədov 13.00-da xəstəxanada artıq əməliyyat olunur. Pərviz Abbasov isə 13.40-da xəsarətlə Travmotologiya institutuna qəbul olunur. Bu fakt göstərir ki, hadisə 13.00 kimi artıq baş vermişdir.
Bundan əlavə onun ifadəsindəki, ziddiyyətlər aşağıdakılardan ibarət olmuşdur: Pərviz Abbasov da hadisə zamanı ikinci avtomaşının iştirakını inkar edən ifadə vermiş, həmin avtomaşının ümumiyyətlə hadisədən kənarda olmasını göstərmiş; ilk dəfə 13.02.2013-cü ildə ifadə verməsinə baxmayaraq, məhkəmədə dindirilməsi zamanı hadisə günü ifadə verdiyini bildirmişdir.
Rəhbər Hüseynovun hadisənin vaxtı barədə verdiyi səhv məlumat mənbəyi, istintaqda hadisənin vaxtı barədə olan qeyri-dəqiq məlumatla əlaqəlidir. Bu da bir daha təsdiq edir ki, Rəhbər Hüseynov gördüyü hadisə barədə deyil, istintaq tərəfindən ona təqdim edilmiş hadisə barədə ifadə vermişdir.
Pərviz Abbasovun qondarma şahid olmasını təsdiq edən daha bir sübut odur ki, o 20-ci Polis bölməsinin ərazisində stoyanşik işləməsi (bu barədə də o, məhkəmədə fərqli ifadə vermiş və hadisə vaxtı usta işləməsini göstərmişdir) və həmin bölmənin ştatlı hal-şahidi olmasıdır. Nəsimi rayon Məhkəməsində baxılmış və 20-ci Polis bölməsinin əməliyyatçıları tərəfindən aşkara çıxarılmış CM-nin 234-cü maddəsi ilə olan işlərdə o dəfələrlə, hal-şahidi kimi ifadə vermişdir. Hətta bu statusda onun siz Emin Mehdiyev də dindirmisiniz.
CPM-nin 137-ci maddəsinə əsasən, “Əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”.
Müstəntiq Miraqil Qiyasovun 11 fevral 2013-cü il tarixli, 120070615 saylı cinayət işi üzrə verdiyi “Əməliyyat tapşırığı” əsasasında Hüseynov Rəhbər Qubad oğlu və başqalarını şahid kimi müəyyənləşməsi ilə nəticələnən 20-ci PB-nin arpardığı, əməlyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş bütün materiallar sübut kimi 20-ci PB-dən tələb edilib araşdırılmalı idi. Bu CPM-nin tələbi idi.
Nəsimi rayon Məhkəməsində olan 20-ci Polis bölməsindən olan narkotik işləri araşdırılmalı və Rəhbər Hüseynovun o işlərdə hal şahidi kimi keçib keçməməsi müəyyən edilməli idi.
Hüseynov Rəhbər Qubad oğlunun 27 sentyabr 2012-ci il tarixli hadisə ərazisində olmasını yoxlamaq üçün ona məxsus (051) 566-34-08 mobil telefon nömrəsinin həmin tarixə olan antengöstəricilərini əks etdirən məlumatlar “Azercell Telecom”-dan tələb edilməli idi.
Digər şahid İsa Mənsurovun ifadəsi də ziddiyyətli olmuşdur. O ibtidai istintaqda hadisənin axşama yaxın baş verməsini göstərmiş, hadisə zamanı ikinci avtomaşının rolu barədə həqiqətə uyğun olmayan şəkildə ifadə vermişdir. Onun ifadəsinə əsasən hadisə ümumiyyətlə ikinci avtomaşın hadisə yerindən getdikdən sonra baş vermişdir.
Əgər İsa Mansurov hadisə yerində olmuş olsaydı, zərərçəkmiş Pərviz Abbasov onu tanıdığı üçün ibtidai istintaqda onu şahid kimi göstərməli idi. Məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, İsa Mənsurov da, 20-ci Polis bölməsinin əməkdaşı olmuşdur.
Bütün bu halların, Pərviz Abbasovun anasının bölmə ilə əlaqəsinin, Rəhbər Hüsyenovun bölmənin işlərində hal-şahidi kimi keçməsinin, onun bu hadisənin şahidi olmasının necə müəyyən edilməsinin, İsa Mansurovun bölmə ilə əlaqəsinin və bu iş üçün əhəmiyyətli olan digər xüsusatların yoxlanması üçün ibtidai istintaq zamanı 20-ci Polis Bölməsinin rəisi işləmiş Sahib Babayev məhkəmədə dindirilməli idi. Bu barədə də müdafiə tərəfinin vəsatətləri təmin edilmədi.
Üçüncü şahid hadisə zamanı adı keçən ikinci avtomaşının sürücüsü Bayramov Xanlar Zaman oğlu isə ifadəsində avtomaşının hadisə zamanı toqquşması və zədələnməsi barədə ifadə verərək, özündən əvvəl ifadə vermiş şəxslərin ifadələrini təkzib etmiş və bununla da onların yalan ifadə verdiklərini ortaya çıxırmışdır. Bu fakt, avtomaşında təmir işlərinin aparılması faktı onun Qurban Məmmədovla apardığı telefon danışığının audio yazısında da əksini tapmışdır. Həmçinin Xanlar Bayramovun hadisə vaxtı idarə etdiyi “NissanTeana” markalı avtomaşının ekspert tərəfindən müayinə edilməsi nəticəsində də, həmin avtomaşında xəsarətin olması və təmir edilməsi faktı aşkar edilmişdir.
Lakin Xanlar Bayramov hadisənin mexanizmi və bu hadisədəki rolu və iştirakı barədə verdiyi ifadəsi isə ziddiyyətli olmuşdur. Çünki, əgər onunavtomaşını hadisə vaxtı ifadəsində göstərdiyi və mövqedə durmuşdusa, o zaman hadisənin yerinin ölçüləri, quruluşu və avtomaşının düzülüşü nəzərə alınaraq onun avtomaşını Qurban Məmmədovun avtomaşını ilə toqquşa bilməzdi.
Bundan əlavə Xanlar Bayramovun hadisə baş vermə mexanizmi barədə verdiyi ifadə ilə onun telefon danışıqlarında hadisənin təsviri barədə dedikləri arasında ziddiyyət vardır.
Belə ki, telefon danışığında X.Bayramov iki yerdə açıq aşkar ifadə edir ki, Pərviz Abbasov maşınların arasında qalıb. (baxın 2-ci cild vərəq 195)
Maraqlıdır ki, həmin audio yazıya müstəntiq tərəfindən 06.06.2013-cü il tarixdə baxış keçirilmiş, 20.06.2013-cü ildə həmin audio yazının olduğu flaşkart maddi sübut kimi tanınmışdır. Lakin tərtib edilmiş ittiham aktından görünür ki, işdə maddi sübut yoxdur. (cild 3, səh 7)
Əslində bu səbəbdən CPM-nin 289.8.2 və 303.3.6-cı maddəsinə əsasən bu cinayət işi ümumiyyətlə məhkəmə baxışına təyin edilə bilməzdi.
Amma məhkəmə Pərviz Abbasovun onun maşını ilə təmasını inkar edir, əksinə Pərviz Abbasovdan fərqli olaraq Pərviz Abbasovun hadisə vaxtı üzünün Vaqif küçəsinə olduğunu göstərir. (Pərviz Abbasovun ifadəsindən bəlli olur ki, onun üzü Qurban Məmmədovun avtomaşınına tərəf olmuşdur) Bununla, özünü müdafiə xarakterli ifadə verir.
Bundan əlavə Xanlar Bayramovun idarə etdiyi “NissanTeana” markalı avtomaşınla bağlı ekspertiza təyin edilərkən ekspert qarşısında avtomaşının yanlız sağ hissəsi ilə bağlı suallar qoymuş, amma avtomaşının ön hissəsi ilə bağlı suallar qoyulmamışdır. Həmçinin ekspert qarşısında “avtomaşında həmin hissədə (yəni sağ hissədə) təmir işləri aparılmışdırmı?” sualı qoyulsa da (üçüncü sual), ekspert yanlız avtomaşını sağ arxa qanad hissəsini müayyinə etmiş və təmir işlərinin aparılmasını müəyyən etmişdir, avtomaşının sağ tərəfin digər hissələrinin xəsarət olması və təmir işlərinin aparılıb-aparılmaması müəyyən edilmir. (baxın 2-ci cild 264-cü vərəq, 3-cü cild 28-30-cu vərəqlər)
Müdafiə tərəfinin bu avtomaşınla bağlı əlavə ekspertizanın təyin edilməsi barədə vəsatəti də təmin edilməmişdir.
İttiham tərəfinin digər sübutu zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertizanın rəyləridir. Ekspert, P.Abbasovun aldığı xəsarətlərin xarakteri, vaxtı, lokalizasiyası,yaranma şəraiti və mexanizmi barədə rəy vermişdir.
Həmin rəylərdən 22.12.2012-ci il tarixdə verilmiş rəyə əsasən Abbasov Pərviz İmran oğlunun almış olduğu xəsarətlər – sol baldır sümüklərinin aşağı üçdə-birinin açıq qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsində əmələ gələ bilərdi, törənmə müddəti zərərçəkmişin Elmi Tədqiqat Travmatologiya İnstitutuna müraciət etdiyi tarixə uyğun gəlir və dərəcəsinə görə, ümumilikdə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddirlər.P.İ.Abbasovun almış olduğu xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər arxaya doğru idarə edilən avtomaşının təkəri altında qalması nəticəsində əmələ gəlməsi daha inandırıcıdır.
İşdə olan 25.04.2013-cü il tarixli rəyə əsasən Abbasov Pərviz İmran oğlunun almış olduğu xəsarətlər – sol baldır sümüklərinin aşağı 1/3-nin açıq qəlpəli, yerdəyişmiş sınığı, sol baldırın aşağı 1/3-nin iç səthinin əzilmiş yarası bərk küt əşyanın təsirindən əməl gəlmişdir və 27.09.2012-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi və dərəcəsinə görə, həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddir. Abbasov Pərviz İmran oğlunun almış olduğu xəsarətlərin xarakterinə, lokalizasiyasına və yaranma mexanizminə əsasən demək olar ki, həmin xəsarətlər Q.Məmmədova məxsus idarə etdiyi “Tayota RAV-4” markalı, 90 MU 263 dövlət nömrə nişanlı avtomaşının arxaya hərəkəti zamanı, sol qabaq təkəri ilə yol örtüyü arasında sol aşağı ətrafının baldır nahiyyəsinin sıxılması nəticəsində əmələ gəlməsi daha inandırıcıdır. P.İ Abbasovun bədən səthində sol baldır nahiyyəsində aşkar edilmiş xəsarətlərdən başqa aşağı 1/3-də lokalizasiya edildiyindən həmin xəsarətlərin hərəkətdə olan avtomaşının ön qabarıq və ya sağ yan səthi ilə vurulması nəticəsində yaranmaları mümkün deyildir.
Ekspertiza fəaliyyəti haqqında qanunun 26-cı maddəsinə əsasən aparılmış təhqiqatlar əsasında əldə edilmiş nəticələr nəzərə alınmaqla məhkəmə eksperti (ekspertləri) öz adından yazılı rəy verir və onu imzalayır. Məhkəmə ekspertinin (ekspertlərinin) imzaları məhkəmə ekspertizası idarəsinin möhürü ilə təsdiq olunur. Məhkəmə ekspertinin (ekspertlərinin) rəyində işağıdakılar göstərilir:
– məhkəmə ekspertizasının aparıldığı tarix və yer;
– məhkəmə ekspertizasının aparılmasının əsasları;
– məhkəmə ekspertizasını təyin etmiş orqan və ya şəxs haqqında məlumat;
-məhkəmə ekspertizasının aparılması həvalə edildiyi məhkəmə ekspertizası idarəsi və məhkəmə eksperti haqqında (soyadı, adı və atasının adı, təhsili, ixtisası, ekspert kimi iş stajı, elmi vəzifəsi və elmi dərəcəsi, tutduğu vəzifə) məlumat;
-Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq ekspertin bilə-bilə yalan rəy verməsinə görə məsuliyyəti barədə ona xəbərdarlıq edilməsi;
-məhkəmə eksperti (ekspertləri) qarşısında qoyulmuş suallar;
-məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş təhqiqat obyektləri və iş üzrə materiallar;
-məhkəmə ekspertizasının aparılması zamanı iştirak etmiş proses iştirakçıları haqqında məlumat;
-istifadə edilən metodlar göstərilməklə təhqiqatın məzmunu və nəticələri;
-təhqiqatın nəticələrinin qiymətləndirilməsi, qoyulmuş suallar üzrə yekun nəticələrin əsaslandırılması və dürüst ifadə olunması.
Cinayət Prosessual Məcəllənin 271.2-ci maddəsinə əsasən ekspertin rəyində aşağıdakılar göstərilir:
271.2.1. ekspertizanın aparıldığı tarix, vaxt və yer;
271.2.2. ekspertizanı aparan şəxsin soyadı, adı, atasının adı, təhsili, ixtisası, ixtisas üzrə iş stajı, elmi adı və elmi dərəcəsi, tutduğu vəzifə;
271.2.3. bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin ekspertə məlum olmasını təsdiq edən qeyd;
271.2.4. ekspertizanın aparılması üçün əsaslar;
271.2.5. ekspertizanın aparılmasında iştirak etmiş şəxslər haqqında qeyd (soyadları, adları, atalarının adları və ev ünvanları);
271.2.6. ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd.
271.3. Ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə foto şəkillər, sxemlər, cədvəllər əlavə edilir.
Məhkəmə tibb ekspertizasının rəyində ekspert Pərviz Abbasov barəsində xəstəlik tarixçəsi və digər iş materialları sadaladıqdan, yəni rəyin şərti olaraq təsviri hissəsindən dərhal sonra gəldiyi nəticəni qeyd etmişdir. Hətta məhkəmə iclasında ekspertdən həmin rəylərin əsaslandırılma hissəsini göstərməyi xahiş etsək də, o bizə rəyin əsaslandırıcı hissəsini göstərə bilməmişdir.
Bu baxımdan hesab edirik ki, bu rəylər əsaslandırılmamış rəylərdir.
CPM-nin –nin 267.1-ci maddəsinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.
Maraqlıdır ki, Pərviz Abbasovda olan xəsarətin Qurban Məmmədovun avtomaşını geriyə verərəkən qabaq sol təkərin təsirindən yaranması barədə heç bir əsaslandırmadan gəldiyi nəticə hadisənin mexanizmi barədə istintaq zamanı ortaya çıxmış ilk məlumat idi. 20-22 dekabr 2012-ci ildə rəyini hazırlamış ekspert bu kəşfində, bu barədə ilk dəfə 22 dekabrda ifadə verəcək zərərçəkmiş şəxs Pərviz Abbasovu da qabaqlamışdır. Təbii ki, 22 dekabr 2012-ci il tarixdə saat 16.00-da bu barədə ifadə vermiş Pərviz Abbasovun ifadəsindən ekspertin heç xəbəri ola bilməzdi. Hətta müstəntiq Miraqil Qiyasov18 oktyabr 2012-ci ildə ekspertiza təyin edərkən də, ekspert qarşısında belə sual qoymamışdır. Onun sualı Pərviz Abbasovun arxa təkərin təsirindən xəsarət alması barədə olmuşdur.
Bu fakt tək bir yeganə izahı vardır. Bu rəy, yanlız xüsusi sifariş əsasında verilmiş və hadisənin Qurban Məmmədov tərəfindən törədilməsinin sübutunun yaradılması məqsədi daşımışdır.
Nəzərə alsaq ki, Qurban Məmmədov avtomaşında toquşmanı xarakterizə edə biləcək heç bir zədə aşkar olunmamışdır. Yeganə yol, xəsarətin onun avtomaşının təkərinin təsirindən yaranmasını ortaya atmaq idi.
“Təkərin altında qalma ilə xəsarət alma, nəqliyyat travmalarının xüsusi növü olmaqla çox nadir halda rast gəlinir və yanlız yolda uzanmış insanın alması mümkündür.” (Н.Н.Тагаев. Судебная Медицина. Харьков, «Факт», 2003; səhifə 533.)
İnsanın ayaq üstə durma vəziyyəti yuxarı və aşağı ətraflarının oynaqlarda açılmış vəziyyətdə, yəni əlləri aşağı sallanmış, ayaqları isə düz şəkildə olmaqla oynaqlarda bükülməmiş vəziyyəti hesab olunur. Ayaq üstə, yəni, insanın baldır nahiyyəsinin uzununa oxunun avtomobilin təkərinin şininin protektorlar olan hərəkət hissəsinin müstəvisi ilə perpendikulyar olması halında qeyd edilən xəsarəti alması istisnadır. Lakin, insan aşağı ətraflarını bud-çanaq, diz oynaqlarında bükdüyü halda baldır nahiyyəsinin uzununa oxunun avtomobilin təkərinin şininin protektorlar olan hərəkət hissəsinin müstəvisi ilə əmələ gətirdiyi bucaq 90o bucaqdan artıq olur və bu artıq ayaq üstə normal duruş vəziyyəti hesab edilmir. Qeyd edilən xəsarət eləcə də həmin bucağın 90o və ondan az olduğu halda avtomobilin təkərinin şininin protektorlar olan hərəkət hissəsinin həmin vaxt yer ilə təmasda olmayan hissəsinin təsiri ilə törənə bilərdi, əks halda – ayaq üstə durma vəziyyəti istisna olunmaqla avtomobilin təkərinin şininin protektorlar olan hərəkət hissəsi birbaşa xəsarət aşkar edilmiş nahiyyəyə təsir etməlidir ki, bu halda da baldır nahiyyəsinin boylama oxu avtomobilin təkərinin şininin protektorlar olan hərəkət hissəsinin müstəvisi bir-birinə paralel olur, başqa sözlə desək, zərərçəkmiş şəxs belə xəsarət ala bilməsi üçün ya yerdə uzanmalı, ya da yerdə oturub ayağını uzatmalı idi.
Adətən də, təkərin üstündə keçməsi nəticəsində xəsarət alınıbsa, avtomobilin protektorunun izi paltarın və bədən üzərində qalmalı idi. Bunu da Travmatologiya İnstitutunun əməkdaşları dərhal görməli idilər. (Vüqar Məmmədov, Məhkəmə Təbabəti, Bakı-2013, səhifə 127; Судебная Медицина http://www.medical-enc.ru/sudmed/avtomobilnaja-travma-4.shtml Н.Н.Тагаев. Судебная Медицина. Харьков, «Факт», 2003; səhifə 535; Судебно-медицинская травматология, http://www.superinf.ru/view_helpstud.php?id=261)
Рис. 41. Образование отпечатка протектора колеса на коже. 1 — колесо; 2 — выступы протектора колеса; 3 — кожа.
Müdafiə tərəfinin həmin əməkdaşların dindirilməsi barədə vəsatəti də məhkəmə tərəfindən təmin edilmədi.
Məhkəmə təbabəti sınıqların əyilmə, dartma, sıxılma, fırlanma nəticəsində əmələ gəldiyini müəyyən edir. Təkər ilə yol örtüyü arasında baldır nahiyyəsinin (borulu sümüyün) sıxılması nəticəsində açıq qəlpəli, yerdəyişmiş sınığın əmələ gəlməsi demək olar çox nadir hallarda mümkün olur.
Bundan əlavə ekspert xəsarətin küt əşyanın təsirindən yarandığını qeyd etsə də, bu küt əşyanın bərk, yumşaq və ya elastik küt əşya olması barədə suala cavab verməyib.
Hətta ekspert məcbur qalıb məhkəmə dinidirilməsi zamanı bu rəyindən imtina etdi. Hazırda belə çıxır ki, ittihamda verilən xəsarətin xarakterini təsdiq edən rəy işdə yoxdur.
CPM-nin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri — tibb sahəsində ekspertin rəyi ilə.
İşdə olan rəydən isə ekspert imtina edib.
Bundan əlavə Pərviz Abbasovun almış olduğu xəsarətin ağırlıq dərəcəsi də ekspert tərəfindən düzgün müəyyən edilməyib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq edilmiş sağlamlığa xəsarət vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına əsasən mil, dirsək və incik sümüklərinin açıq sınıqlarının, bazu, bud və qamış sümüklərinin qapalı sınıqlarının, həmçinin, iri oynaqların (bazu, dirsək, mil-bilək, bud-çanaq, diz və ya açıq-baldır) açıq və qapalı zədələrinin ağırlıq dərəcəsi onların həyat üçün təhlükə törətməsi ya da əmək qabiliyyətinin dayanıqlı itirilməsi əlamətlərinə əsasən təyin edilir.
Nə ekspertiza rəyindən, nə Pərviz Abbasovu əməliyyat və müalicə etmiş həkimin ifadələrindən (həkim Şahin Əkbərov müdafiəçiyə CPM-nin 143.3-cü maddəsinə əsasən verdiyi izahata əsasən Pərviz Abbasov əməliyyatdan sonra 2-3 aya işə çıxa bilərdi), nə onun xəstəlik tarixçəsindən onun həyatı üçün təhlükə yarandığı görünməmişdir.
Hətta P.Abbasov, hadisədən dərhal sonra deyil, bir gün sonra əməliyyat olunmuş, yenə də həyatını itirməmişdir. Xəstəlik tarixçəsindən görünür ki, o 27.09.2012-ci ildə İnstituta qəbul olunarkən vəziyyəti kafi hall kimi qiymətləndirilib. Bu hadisə nəticəsində Pərviz Abbasov əlil olmamış və sağlamlığını dayanıqlı itirməmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 10.01.2001-ci il tarixli 07 saylı əmri ilə təsdiq edilmiş sağlamlığa xəsarət vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına əsasən ümumi əmək qabiliyyəti dedikdə insanın özünə qulluq edə bilməsi və ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur.
Əmək qabiliyyətinin dayanıqlı itirilməsi – itirilmiş funksiyanın ömrünün sonuna qədər bərpa oluna bilməməsi, yaxud uzun müddət keçdikdən sonra qismən bərpa olunması deməkdir.
Əmək qabiliyyətinin dayanıqlı itirilməsi faktı yalnız xəsarət, patoloji vəziyyət və xəstəliyin nəticəsi aydın olduqdan sonra təyin edilməlidir. Məhkəmə-tibbi nöqteyi-nəzərdən ümumi əmək qabiliyyəti dayanıqlı itirilməsi səhhətin 120 gündən artıq müddətədə pozulması deməkdir. Belə hallarda xarici mühit amilləri təsirindən törənmiş xəsarət və xəstəliklər nəticəsində zərəçəkmiş 120 gündən artıq müddətədə əmək qabiliyyətini itirmiş olur və bundan sonra da sağalmağa doğru hər hansı irəliləyiş olmur.
Ən azı dekabrda rəy vermiş ekspert Pərviz Abbasovun almış olduğu xəsarətin ağır dərəcəli olmasını müəyyən edə bilməzdi, çünki onun xəsarət almısından 90 günə yaxın müddət keçmişdi.
İttihamın digər sübutlarını isə yol-nəqliyyat hadisəsinin ekspertizasının rəyləri təşkil edir.
Həmin rəylərə əsasən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 aprel 2013-cü il tarixli 7241 saylı rəyi ilə müəyyən olunmuşdur ki, “Toyota RAV-4” markalı, 90-MU-263 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məmmədov Qurban Cəlal oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərin riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 12.07.2013-cü il tarixli 11474 saylı rəyindən görünür ki, “Nissan Teana” markalı, 42 AA 250 dövlət qeydiyyat nişanlı avtomobilin göstərilən vəiyyətdə dayanması “Toyota RAV-4” markalı, 90 Mu 263 dövlət qeydiyyat nişanlı avtomobilin dayandığı yerdən arxaya hərəkət etmək üçün sürücüsü Məmmədov Qurban Cəlal oğluna maneəçilik törətməmişdir. “Toyota RAV-4” markalı, 90 MU 263 dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsü Məmmədov Qurban Cəlal oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərin riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
Lakin hadisə yeri barədə müstəntiq tərəfindən ekspertizaya düzgün məlumatlar təqdim edilməmiş və müdafiə tərəfinin ekspertiza qarşısında qoymaq istədiyi, iş halların müəyyən edilməsi üçün önəmli olan sualların qoyulmasına imkan verilməmişdir.
Belə ki, müdafiə tərəfinin hadisə yerində ölçülər aparmış, müəyyən etmişdir ki, müstəntiq M.Qiyasov “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası haqqında” 02 iyul 2013-cü il və 15 iyul 2013-cü il tarixli Qərarları (bax:cild 3, səh.30-32, 33, 55-56) qəbul edərkən ekspertizaya qəsdlə və bilə-bilə hadisə yerinin bir çox ölçülərini səhv vermişdir.
Belə ki, 02 iyul 2013-cü il tarixli qərarda:
-“NissanTeana” markalı 42 AA 250 dövlət qeydiyyat nişanlı avtomaşının dayandığı halda onun sağ qabaq qanadı ilə sağ səki arasındakı məsafəni 3.2 metr, (bax:c.3,səh. 31,aşağıdan 8-ci abzas)
-“Toyota RAV4” markalı 90 MU 263 dövlət qeydiyyat nişanlı avtomaşın arxaya verərkən piyadaçı Pərviz Abbasovu həmin maşının sol qabaq qapısı önündə üzü həmin avtomaşına tərəf dayanmış halda, (bax:c.3,səh.31, aşağıdan 7-ci abzas)
-Piyadaçı Pərviz Abbasovun vurulma yeri ilə arayolun başlanğıcı arasındakı məsafə 3 metr,(bax:c.3, səh.31, aşağıdan 6-cı abzas)
-Ara yolun enini 5 metr (bax:C.3. səh.31, aşağıdan 4-cü abzas) göstərməklə əsassız və qanunsuz ekspertiza rəyi almışdır.
Belə ki, müdafiəçilər tərəfindən ölçmələr aparılmış, müəyyən edilmişdir ki, ara yolun eni 5.60 metrdir. Belə olduqda isə, “NissanTeana” markrlı avtomaşının dayandığı halda onun sağ qabaq qanadı ilə sağ səki arasındakı məsafə 3.2 metr yox, 3.80 metr olur. Ən vacibi isə, C.3, səh.53-də olan hadisə yerinin sxemində və Cild 3, səh.69-dakı 12 iyul 2013-cü il tarixli 11474 saylı ekspertiza rəyində göstərildiyi kimi, həmin 3.80 metr məsafədən “Toyota RAV-4” markalı avtomobilin qabarit enini -1.80 metri çıxanda iki maşın arasındakı ən yaxın məsafənin 2.0 metr olduğu müəyyən edilir.
Piyadaçı P.Abbasovun ara yolun başlanğıcından “Vaqif” prospektinə tərəf 3 metrlik məsafədə yox, 2.70 metrlik məsafədə vurulduğu isə müstəntiqin özü tərəfindən tərtib edilmiş hadisə yerində “zərərçəkmişin ifadəsinin yerində yoxlanılması haqqında” 19 aprel 2013-cü il tarixli (!!!) Protokolunda göstərilib (bax:cild 2, səh. 53)
“Toyota RAV4” markalı avtomaşın arxaya verərkən piyadaçı P. Abbasov həmin avtomaşının sol qabaq qapısı önündə üzü həmin avtomaşına tərəf dayanmmış halda yox, həmin avtomaşının “sol pəncərəsinin yanında təxminən yarım metr aralıda dayanıb (bax :c.2, səh.41, P Abbasovla Q.Məmmədovun üzləşmə protokolu, sol sütun, yuxarıdan 2-ci cavab). Bu üzləşmə 07 aprel 2013-cü ildə keçirilib və video çəkiliş aparılıb.
Göründüyü kimi, müstəntiq M. Qiyasovun ekspertizaya saxta məlumatlar təqdim etməsi hadisə yerinin real vəziyyəti və özünün tərtib etdiyi protokol və sxemlərlə tam sübuta yetirilir.
Bundan əlavə Şahid Hüseynov Rəhbər Qubad oğlu və zərərçəkmiş Pərviz Abbasov bu günədək keçirilən məhkəmə iclaslarında, hadisə zamanı iki paralel duran maşın arasında olan məsafənin 2, 2.5 metr, şahid Mansurov İsa Mürsəl oğlu 4 metr, şahid Bayramov Xanlar Zaman oğlu isə 0.5 metr olduğunu bildirməklə biri-birinə zidd ifadələr vermişlər.
Şahid Bayramov Xanlar Zaman oğlu isə Q.Məmmədovun maşınının onun maşınına toxunub-toxunmamasını bilmədiyini bildirmiş, ancaq bununla belə, onun avtomobilinin onun maşınının yarıdan çox hissəsini keçdikdən sonra zərərçəkmişin ayağının üstündən keçərək onun maşınının arxa sağ qanadına toxunduğunu və nəticədə həmin hissədə batıq yarandığını demişdir. Hadisə zamanı Xanlar Bayramovun idarə etdiyi avtomobilin arxa sağ qanadında yaranmış batığın iki maşının bir-birinə dəyməsi nəticəsində və ya başqa predmetin təsiri nəticəsində yarandığını müəyyənləşdirmək üçün əlavə məhkəmə avto-texniki ekspertizasının keçirilməsi zəruridir.
Bütün bu məlumatlar hadisə barədə tam yeni məlumatlar olmuşdur, ekspert rəyini, daha doğursu Xanlar Bayramovun idarə etdiyi avtomaşının hadisə zamanı mövqeyini və onun Q.Məmmədovun avtomaşınına maneə yaradıb yaratmamasını şübhə altına almışdır.
Hesab edirik hadisənin və hadisə yerinin yeni və doğru olan məlumatları əsasında təkrar yol nəqliyyat hadisəsinin ekspertizası təyin edilməli və ekspert qarşısında aşağıdakı suallar qoyulmalı idi:
1. Şahid Bayramov Xanlar Zaman oğlunun hadisəni təsvir etdiyi mexanizmlə, yəni onun idarə etdiyi avtomobillə 0,5 m məsafə aralıda paralel olaraq dayanmış təqsirlandirilən şəxsin idarə etdiyi maşın onun maşınının yarıdan çox hissəsini arxa tərəfə keçdikdən sonra zərərçəkmişin ayağının üstündən keçərək X.Bayramovun idarə etdiyi maşının arxa sağ qanadına toxunması texniki baxımdan mümkündürmü?
2. Bayramov Xanlar Zeynal oğlunun avtomaşınının sağ arxa qanadında olan batıq iki maşının biri-birinə dəyməsi nəticəsindəmi yaranıb? Yaranıbsa, batığın lokalizasiyasına və izlərin trayektoriyasına əsasən maşınların biri-birinə olan yerləşmə məsafəsi nə qədər olub?
3. Bayramov Xanlar Zeynal oğlunun hadisədə iştirak edən maşınının arxa sağ qanadında olan batıq başqa predmetin təsiri nəticəsində törənə bilərdimi?
4. Hadisə zamanı “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin XIII hissəsinə uyğun geriyə hərəkət manevri həyata keçirilibsə, təqsirləndirilən şəxsin geriyə hərəkətini idarə edən şəxsin (bələdçinin) hadisənin qarşısını almaq imkanı olmuşdurmu? Olmamışdırsa, hansı səbəbdən olmamışdır? Geriyə hərəkət manevrini idarə edən bələdçi texniki baxımdan düzgün mövqe tutmuşdurmu?
Lakin bizim bu vəsatətlərimiz də təmin edilmədi.
Bu işin ən önəmli sübutu hadisənin həm yolun kənarında quraşdırılmış və hadisə yerinə baxan icimai təhlükəsizlik kamerası tərəfindən çəkilmiş, həm də “Medical Plaza” Klinikasının divarına quraşdırılan və hadisə yerinə baxan klinkanın təhlükəsizlik kamerası tərəfindən çəkilmiş görüntüləri təşkil edir.
Müstəntiq birincinin saat 13.30-da sonrakı görüntüləri alsa da, hadisə zamanı yəni, 12-13 aralarında olan görüntüləri almamışdır.
Məhkəmə iclasında dindirilən Klinikanın o zamankı mühafiəzəçisi işləyən Seymur Abdullayev ifadəsində göstərmişdir ki, hadisə vaxtı sahə müvəkkili klinikanın təhlükəsizlik kamerasının görüntülərinə baxaraq onun hadisənin şahidi olduğunu bildirmişdi.
Lakin nə müstəntiq, nə də məhkəmə bu görüntüləri əldə edib işə əlavə etməyə çalışmamışdır.
Azərbaycan Respublikası CM-nin 145.3-ci maddəsinə əsasən İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bənindin, ədalətli məhkəmə araşdırılması hüququ tərəflərin bərabərliyi və çəkişmə prinsipini ehtiva edir.
De Haes və Giyels Belçikaya qarşı işində Avropa Məhkəməsi qeyd etdi ki, ədalətli məhkəmə araşdırması hüququ, həmçinin “məhkəmə prosesinin iştirakçısı olan hər kəsə, onu əks tərəfin qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək üçün ağlabatan imkana malik olmalıdır.”
Bönis Almaniyaya qarşı işində məhkəmə qərara aldı ki, müdafiə tərəfinin təyin etdiyi şahid-ekspertə ittiham tərəfinin və ya məhkəmənin təyin etdiyi ekspertlə eyni şərait yaradılmırsa, bununla 6-cı maddənin 1-ci bəndi pozulmuş olur.
Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin olunan, işin tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında araşdırılması hüququnun pozulması hallarına, bir qayda olaraq həm də, Konvensiyanın bu maddəsinin 3-cü bəndi ilə təsbit olunmuş xüsusi hüquqların pozuntusu kimi nəzərdən keçirir.
Avropa Konvensiyasının 6-cı maddəsinin 3b bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı öz müdafiəsini təşkil etmək üçün kifayət qədər imkana malik olma hüququ vardır.
Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı əleyhinə ifadə vermiş şahidlərlə eyni şərtlərlə onun lehinə olan şahidləri çağıraraq dindirməyə nail olmaq hüququna malikdir.
Müdafiə tərəfinin sübut və dəlilləri barədə vəsatətin məhkəmə tərəfindən qəbul edilməməsi və işə yalnız ittiham tərəfinin sübutları əsasında baxılması Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (bərabərlik prinsipinin) və 3d bəndinin pozuntusu olmuşdur.
İbtidai istintaq zamanı müəyyən edilən subyektiv həqiqət yanlız əldə olunan və qiymətləndirilən sübutların nəticəsi olaraq meydana çıxır.
Yanlız qondarılmış ittihamlar zamanı əldə etmək istənilən “nəticə” əvvəlcədən əldə olur, sonra isə bütün sübutlar bu nəticəni təsdiq etmək üçün toplanır, belə halda da, həqiqət zorlandığı üçün sübutlar eybəcər şəkildə saxtalaşdırılır.
Lakin istənilən təxəyyülün nəticəsi obyektiv həqiqəti əvəz edə bilməz, hətta böyük təxəyyül ustaları dahi əsərlərini yaradanda hadisələrin təsvirində səhvlərə yol veriblər. Məsələn, Dostayevski özünün “Cinayət və Cəza” əsərində bir gündə iki dəfə günəşin doğmasını təsvir edir, məşhur Qabriel Qarsiya Markes tənqidçiləri onun romanlarında olan səhvlərin axtarışında yarışa girirdilər.
Məhkəmə araşdırması zamanı əlimizdə aşağıdakı təkzib olunmaz faktlar var:
- 27 sentyabr 2012-ci ildə baş vermiş hadisə zamanı Pərviz Abbasov xəsarət alıb;
- Qurban Məmmədovun avtomobilində, yol nəqliyyat hadisəsinə xarakterik heç bir zədə aşkar olunmayıb.
- Ayaq üstə olan şəxs avtomaşınla toqquşan zamanı, onun qabarıq hissələri ilə toqquşmadan onun təkəri altına düşə bilməz.
- Ortada, üzərində yol nəqliyyat hadisəsinə xarakterik zədə olan bir avtomaşın var, o da “NissanTeana” markalı avtomobil.
Qurban Məmmədova Azərbaycan Respublikası CM-nin 299.1-ci maddəsi ilə verilmiş ittihama gəldikdə isə, onun əməlində Azərbaycan Respublikası CM-nin 299.1-ci maddəsinin tərkibi yoxdur.
İşdə olan sübutlarla tam əksini tapıb ki, 2012-ci ilin sentyabr ayının 27-dən, həmin ilin dekabr ayının 15-nə kimi olan müddətdə Pərviz Abbasova yuxarıda adları çəkilən qohumlarına hər ay 600 manat olmaqla, 3 ay müddətinə cəmi 1800 manat nəğd pul verib (bu məbləğ Azərbaycan Respublikasında 6 aylıq orta əmək haqqına bərabərdir). Zərərçəkmiş və şahidlərin verdiyi ifadələrdən də görünür ki, bu məbləğ Pərviz Abbasovun işləmədiyi hər gün üçün 20 manat olmaqla üç ay müddətində ödənilib, sonra Qurban Məmmədov Pərviz Abbasovun artıq işləməyə başlamalı olduğunu bildirib və pulu ödəməkdən imtina edib.
Buradan açıq aşkar görünür ki, bu ödənilən məbləğin təyinatı Pərviz Abbasovun işləmədiyi müddətdə işlmədiyi üçün ona kompensasiya ödəmək olub. CM-nin 299.1-ci maddəsinin tərkibinin obyektiv cəhətini təşkil edən pulla ələ alma zamanı ödənilən məbləğin əvəzini yanlız yalan ifadə vermə təşkil edir.
Qurban Məmmədovun əməlini bu cür təfsir etmə hüquq tətbiq etmənin çox təhlükəli tendensiyasını ortaya qoyur. Belə ki, Q.Məmmədov təqsirli bilinmə ehtimalının olmasını nəzərə alsaq bu məbləğin ödənməsi, cinayət qanunvericiliyinin tələbinə əsasən onun cəzasını yüngülləşdirən hal olmalı olduğu təqdirdə onun üçün əlavə məsuliyyət ortaya qoyur.
Bundan başqa şahid və zərərçəkiş şəxsin hər bir ifadəsi iş üçün sübut əhəmiyyəti daşıyır. Onların qiymətləndirilməsi (həqiqəti əks etdirib-etməməsi) qaydası Cinayət Prosessual qanunvericiliyi ilə müəyyən edilib və qiymətləndirmənin nəticəsi məhkəmənin yekun aktında müəyyən edilir.
Belə olan təqdirdə iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı yoxdursa, hansı sübutun yalan və ya doğru olmasını necə müəyyən etmək olar. Əgər cinayət prosesini həyata keçirən hər hansı sübuta öncədən prioritet verirsə, bu şəxsin təqsirsizlik prezumpsiyasının pozuntusu olar və CPM-nin 33.3-cü maddəsinin pozuntusu olar.
CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin I hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.
Eyni ilə Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində də təqsirsizlik prezumsiyası hüququ təsbit edilib.
Eyni müddəaları CPM-nin 21-ci maddəsi də müəyyən edir.
Bundan əlavə ittihamın Qurban Məmmədovun Elmi Tədqiqat Ortopediya və Travmatologiya İnstitutuna gətirərkən maşında Pərviz Abbasova yalan ifadə verməyi təklif etməsi barədə gəldiyi nəticə işdə olan sübutlarla təsdiqini tapmır. Zərərçəkmiş şəxs və şahidlərin ifadələrinə əsasən Qurban Məmmədov Pərvizə yalan ifadə verməyi palataya keçirildikdən sonra, təklif edib.
İşdə olan ziddiyyət də ondan ibarətdir ki, Pərviz Abbasov xəsarətlə İnstituta qəbul olunarkən artıq özünün başqa qara avtomaşın tərəfindən vurulmasını bildirib.
Bu iş mənə ABŞ-da 20 ildən artıq davam etmiş məşhur Harri Flint işini xatırladır. ABŞ Ali Məhkəməsi nəhayət ittihamı rədd edərək qeyd edir ki, bu işdə sübutlar bu müddət ərzində o qədər saxtalaşdırılıb ki, məhkəmə artıq həqiqətin harda olmasını müəyyən etməkdə acizdir.
Göstərilənlərə əsasən
xahiş edirəm
Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1 və 299.1-ci maddələri ilə verilmiş ittihamlarla bağlı bəraət verəsiniz.
04 dekabr 2013-cü il
İmza: Xalid Bağırov
İmza: Anar Qasımlı