Əlaqə vasitələri

Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə

Nəsimi Rayon Məhkəməsinə

(sədrlik edən hakim: Emin Mehdiyev)

Təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğlu tərəfindən

Prokuror və hakimin vicdanlılıq dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-psixiatrik ekspertizası təyin edilməsi barədə

VƏSATƏT

Hörmətli hakim!

CPM-nin 145.2-ci maddəsinə əsasən,

“Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər”.

 

18 sentyabr, 02 oktyabr  və 14 oktyabr 2013-cü il tarixli məhkəmə iclaslarında mənim  verdiyim tam əsaslı və işin tam, hərtərəfli və obyektiv araşdırılmasına yönələn vəsatətlərin heç biri ciddi arqument gətirmədən dövlət ittihamçısı tərəfinən müdafiə edilməməsi, sədrlik edən hakim tərəfindən isə rədd edilməsi, eləcə də,  hakim Emin Mehdiyevin 18 sentyabr 2013-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə, mənim haqqımda guya əvvəllər qəbul edilmiş həbs qətimkan tədbiri haqqındakı qərarın qüvvədə saxlanılması, 02 oktayabr və 14 oktayabr  tarixli məhkəmə iclaslarında –həbs qətimkan tədbirinin ləğv edilməsi barədə verdiyim vəsatətlərin heç bir ciddi və qanuni əsaslar göstərmədən rədd edilməsi və bu vaxt onun heç bir vicdan əzabı çəkməsinin hiss olunmaması sübut edir ki, bu adamlar-dövlət ittihamçısı Nağıyev Elçin Əli oğlu və prosesə sədrlik edən hakim Mehdiyev Emin Əlixan oğlu vicdan hissindən yoxsuldurlar. Əksinə onların bütün hərəkətləri ağa qara demək cəhdləri və həvəsləri göstərir ki, onlar aldıqları tapşırıqları tezliklə icra edib,  onları gözləyən mükafatı almağa tələsirlər. Əks təqdirdə haqqımda həbs qətimkan tədbiri seçildiyi vaxt ittiham edildiyim maddə üzrə, CM-nin 263.1-1-ci maddəsi üzrə nəzərdə tutulmuş cəzanın yalnız məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinin nəzərdə tutulmasına baxmayaraq, bu günədək qapalı – türmə rejimində saxlanmazdım. İttiham edildiyim ikinci maddənin, CM-nin 299.1-ci maddəsinin isə saxta və əsassız olduğu o qədər aydın görünür ki, bunu görmək üçün, sadəcə olaraq, vicdalı adam olmaq kifayətdir, prokuror və ya hakim-hüquqşünas olmağa ehtiyac yoxdur.

Yuxarıda qeyd edilənlərə, CPM-nin 331.4-cü maddəsinə əsasən, CPM-nin 145.2-ci maddəsində nəzərdə tutulanların bu məhkəmə prosesində mümkün olub-olmayacağını müəyyənləşdirmək məqsədi ilə

XAHİŞ EDİRƏM:

  1. Məhkəmə-Psixiatrik ekspertizası təyin edilsin!

  2. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulsun:

  • Prokuror Nağıyev Elçin Əli oğlu Məmmədov Qurban Cəlal oğlunun ittiham edildiyi cinayət işinin mahiyyətini tam dərk etmək və qavramaq qabiliyyətinə malikdirmi?

  • Prokuror Nağıyev Elçin Əli oğlu ətrafında baş verən qanunsuz hərəkət və hadisələrə tənqidi yanaşmaq qabiliyyətinə malikdirmi?

  • Prokuror Nağıyev Elçin Əli oğlunun ətrafında baş verən başqalarının hüquqlarının pozulmasına səbəb olan, qanunsuz hərəkət və hadisələrə yanaşmasında daxili narahatlıq keçirmək, etiraz etmək, mənən narahat olmaq hissi varmı?

  • Prokuror Nağıyev Elçin Əli oğlunun vicdalılıq dərəcəsi və ya vəziyyəti necədir?

 

  1. Eyni suallar  hakim Mehdiyev Emin Əli oğlunun da haqqında qoyulsun.

 

23 oktyabr 2013-cü il

 

                                    İmza:                           / Q.C.Məmmədov /

Loading