Əlaqə vasitələri

Millət vəkillərindən müraciət!

Bakı Apelyasiya Məhkəməsinə

Azərbaycan Respublikası Milli Məclisi üzvlərinin

M Ü R A C İ Ə T İ

4 iyun 2013-cü il tarixdə Nəsimi rayon polis idarəsi tərəfindən respublikada tanınmış hüquqşünas Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə günahlandıralaraq cinayət məsuliyyətinə cəlb olunmuş və Nəsimi rayon məhkəməsinin 4 iyun 2013-cü il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.

İstintaq orqanı tərəfindən Qurban Məmmədov onda ittiham olunur ki, o 27 sentyabr 2012-ci il tarixdə idarə etdiyi “Toyota RAV-4” markalı avtomaşınla Nəsimi rayonu, Vaqif prospekti 9a saylı ünvanda yerləşən avtodayanacaqda gözətçi işləyən Pərviz Abbasovu vuraraq xəsarət yetirmişdir. Q.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham elan edilmişdir.

Nəzərinizə çatdıraq ki, Qurban Məmmədov Azərbaycanda yalnız prinsipial və peşəkar hüquqşünas deyil, həm də cəmiyyətdə siyasi xadim kimi tanınır. O həmçinin Azərbaycanın müstəqilliyi uğrunda demokratik hərəkatın öncüllərindəndir. Məlum olduğu kimi onun ittiham olunduğu cinayət, ehtiyatsızlıq üzündən törədilmiş cinayət hesab olunmaqla, az ağır cinayətlər kateqoriyasına daxildir və maddənin sanksiyasında maksimum 3 ilə qədər azadlıqdan məhrum etmə cazası nəzərdə tutulmuşdur. O da məlumdur ki, hadisə baş verdikdən sonra Qurban Məmmədov zərərçəkəni öz şəxsi avtomobilində təcili olaraq xəstəxanaya çatdırmış və həkimlərin ona müvafiq tibbi yardım göstərməsinə imkan yaratmışdır. Habelə o, zərərçəkmişin bütün müalicə xərclərini ödəmiş, ailəsinə maddi yardım göstərmişdir. Bütün bunlar qanunvericilikdə məsuliyyəti yüngülləşdirən hallar hesab olunur və həbs qəti imkan tədbiri seçilərkən məhkəmə tərəfindən nəzərə alınmalıdır. Onun istintaqdan yayınacağını və ya istintaqın gedişinə mane olacağını iddia etmək üçün əsaslar yoxdur. Hesab edirik ki, istintaqın gedişində onun barəsində həbs qəti imkan tədbiri seçilməsi üçün əsaslar olmadığı kimi buna zərurət də mövcut deyildi.

Yuxarıda göstərilənləri nəzərə alaraq Nəsimi rayon məhkəməsi tərəfindən Qurban Məmmədov barəsində seçilmiş həbs qəti imkan tədbirinin ləğv olunmaqla onun azadlığa buraxılmasını və istintaqın ədalətlə və qanunlara müvafiq aparılmasını təmin etməyinizi xahiş edirik.

8 iyun 2013-cü il

Millətvəkilləri:

İqbal Ağazadə

İlyas İsmayılov

Fazil Mustafa

Qudrət Həsənquliyev

Sabir Rüstəmxanlı

Vahid Əhmədov

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir