Əlaqə vasitələri

“Vahid namizəd niyə Əli Kərimli olmasın?”

Professor Əbülhəsən Abbasov: “Xalqın rəyini nəzərə alın! Əli Kərimlinin Azərbaycan cəmiyyətinin yeniliyə doğru inkişafında çox böyük rolu var”

«Azərbaycan öz içindən düzəlməlidir. Tərəqqi çırağını heç kim kənardan gətirib Azərbaycan paytaxtında bərqərar edən deyil. Iqtidarlı-müxalifətli bir araya gəlib mövcud problemləri aradan qaldırmaq lazımdır. Bu məsələləri hay-küylə, hikkə və kinlə həll etmək olmaz. Lakin mən görürəm ki, nəinki müxalifət və iqtidar arasında xoşməramlı dialoq getmir, ayrılıqda bu düşərgələrin özlərində də xoşagəlməz olaylar baş verir. Birinin adını çəkən kimi dərhal həmin adama daş atmağa başlayırlar». Bu sözləri «Bizim Yol»a açıqlamasında müxalifət daxilində gedən müzakirələrə, vahid seçki koalisiyası, vahid namizədlə bağlı aparılan diskusiyalara münasibət bildirən AMEA Fəlsəfə İnstitunun şöbə müdiri, professor Əbülhəsən Abbasov deyib.

Tanınmış vəkil Qurban Məmmədovun AXCP sədri Əli Kərimlinin vahid lider kimi daha məqbul namizəd olması barədə açıqlamasını xatırladan professor onunla həmrəy olduğunu vurğulayıb: «Mən siyasətçi deyiləm, lakin Əli Kərimlini yaxından tanıyan bir insan kimi Qurban bəyin bu fikrini məqbul, milli maraqlarımıza, haqqa-ədalətə müvafiq hesab edirəm. Ən azı, bu haqda dərindən düşünmək, ictimaiyyətlə fikir mübadiləsi aparmaq olar. Mən Əli Kərimlini tələbəlikdən, birinci kursdan tanıyıram. O, qrupda ən güclü, öz üzərində ən çox çalışan istedadlı, təşəbbüskar və fəal tələbə idi. Prezident Aparatında çalışanda da, fikrimcə, yüksək məmurların içində ən salamat işləyən, öz məsuliyyətini anlayan, ciddi nöqsanlara yol verməyən bacarıqlı və iradəli şəxslərdən idi. Qabiliyyətinə və insani keyfiyyətlərinə görə rəhmətlik Elçibəy onu şöbə müdiri vəzifəsindən dövlət katibi postuna təyin etmişdi. Yaxşı da işləyirdi, baxmayaraq ki paxıllıq edənlər, mane olanlar az deyildi. Hakimiyyət çevrilişindən sonrakı fəaliyyəti də göz önündədir. O, kimisə aldatmayıb, kiməsə əsassız vədlər verməyib, gözəl natiqlik və təşkilatçılıq qabiliyyəti var, siyasi proseslərin məntiqini bilir. Çox enerjili və ardıcıl şəxsiyyətdir. Qurban müəllim sağ olsun, onun “vahid lider Əli Kərimlidir” fikrinə ciddi yanaşmaq lazımdır». Bu bəyanatın ardınca səslənmiş əks fikirləri xatırladan Ə.Abbasov onları tənqid edib: «Biri dedi ki, Etibar Məmmədov yaxşıdır. Digəri dedi ki, Rəsul Quliyev yaxşıdır. Üçüncüsü bir başqasını təklif etdi. Belə münasibətlə, bu məhəllə, həyat-baca təəssübkeşliyi ilə biz hara gedirik? Ümummilli məsələyə bir partiyanın pəncərəsindən baxmaq nə qədər məqbuldur?! Əgər siyasətdə bu insanın çəkisi varsa, ciddi səhvlərə yol verməyibsə, keçmişdə və indi Azərbaycanın maraqlarına xələl gətirməyibsə, niyə də vahid namizəd-lider olmasın? Səbəb nədir? Axı, demokratiya istəyirsəniz, bir xalqın da rəyini nəzərə alın! Əli Kərimlinin Azərbaycan cəmiyyətinin yeniliyə doğru inkişafında çox böyük rolu var. Hər şeyə dar prizmadan baxmaq, qısqanclıqla yanaşmaq və buna demokratiya uğrunda mübarizə adını vermək düzgün deyil. Bir də ki, açıqlamanın kim tərəfindən verilməsini nəzərə alın. Qurban Məmmədov olduqca qabiliyyətli, həmişə obyektiv mövqeyi olan, hadisələrin dinamikasını dərindən anlayan, milli maraqları öndə tutan hüquqşünas-siyasətçidir. Heyf ki, onun potensialından da lazımınca istifadə olunmur»-deyə professor vurğulayıb.

Loading