Əlaqə vasitələri

“Prezident komandasını dəyişməlidir”

Qurban Məmmədov: “Əks halda,baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq”

Regionların sosial-iqtisadi inkişafının dördüncü ildönümünə həsr olunan konfransda prezident İlham Əliyevin məmurları sərt tənqid etməsi və bunun ardınca bir neçə rayonun icra başçısının işdən azad edilməsi cəmiyyətdə bir çoxları tərəfindən daha ciddi dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilməkdədir. Lakin sadə vətəndaşlardan fərqli olaraq, əksər ictimai-siyasi xadimlər baş verənləri müsbət nəticələrə səbəb olmayacaq kosmetik dəyişikliklər kimi şərh etməkdədir.

Məsələyə münasibət bildirən hüquqşünas Qurban Məmmədovun sözlərinə görə, ölkə başçısının məlum çıxışı bir neçə həqiqəti ortaya qoydu ki, bunlardan da biri prezidentin həqiqətən də ölkədə baş verən bütün proseslərdən xəbərdar olmasıdır: “Hörmətli prezidentin öz çıxışında qeyd etdiyi məsələlər – korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin vacibliyi, bəzi vəzifəli şəxslərin harınlaması, millətə yuxarıdan aşağı baxmalarının yolverilməz olduğu və s. həqiqətən də təqdirəlayiq fikirlər idi. Ölkə başçısı bu çıxışı ilə təsdiqlədi ki, həqiqətən də baş verənlərdən xəbəri var, ölkədə korrupsiya baş alıb gedir və bunlara qarşı mübarizə aparmaq lazımdır. Mən ölkə başçısının söylədiklərinə qatılıram. Amma gəlin görək ölkə başçısı bu sözlərində nə qədər səmimidir? Mübarizə əzmi ortaya qoymaqda israrlıdırmı? Ümumiyyətlə, mübarizə əzmi varmı? Mübarizə aparmaq üçün lazımi komandası varmı?”

Q.Məmmədov bildirdi ki, ölkə başçısının öz çıxışında səmimi olduğunu güman etmir: “Şəxsən mən bir vətəndaş kimi prezidentin danışığını qeyri-səmimi hesab edirəm. Bu, ondan irəli gəlir ki, bütün bu addımlar vaxtı-vaxtında atılmayıb. Hesab edirəm ki, o danışıqların əsası yoxdur. Iqtidar xalqın qəzəbini, nifrətini azaltmaq üçün bu cür addım atır. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan adamlar korrupsiya ilə məşğul olan şəxslərdir. Korrupsiyaya qarşı mübarizə aparmaq üçün korrupsiya ilə bağlılığı olmayan, yeni kadrlar işə cəlb edilməli, yeni komanda formalaşdırılmalıdır. Korrupsiyadan uzaq şəxslərin gücü ilə bu problemi aradan qaldırmaq olar. Amma gəlin görək Azərbaycanda korruposiyaya qarşı mübarizə məqsədilə yeni komanda formalaşıbmı? Bu yöndə hər hansı bir addım atılıbmı? Qətiyyən”.

Hüquqşünasın fikrincə, cinayətkarlarla mübarizəyə rüşvət və korrupsiyadan uzaq insanlar cəlb edilməlidir: “Cinayətkar cinayətkara qarşı mübarizə apara bilməz. Buna görə də mən İlham Əliyevin çıxışını qeyri-səmimi qiymətləndirirəm. Hesab edirəm ki, onun icra başçıları ilə bağlı atdığı addımların ciddi mənada heç bir təsiri olmayacaq. Ancaq bununla belə onu da deməliyəm ki, Şamaxının icra başçısının işdən çıxarılması düzgün addım idi. Çünki icra başçısı orada dövlətin torpaqlarını tar-mar etməklə, qanunları pozmaqla məşğul idi. İmişlinin icra başçısı da işdən çıxarılmalı idi. Çünki başçı orada vətəndaşları incidən qərarlar qəbul edib. Gedib vəzifədə oturan kimi fermerin torpağının yarısını onun əlindən alıb ona-buna satıb və s. Belə hallar var. Lakin 5-6 icra başçısını işdən çıxartmaqla problem həll olunmur”.

Q.Məmmədovun fikrincə, qanunvericilikdəki boşluqlar da korrupsiya üçün zəmin formalaşdırır: “Korrupsiyanın mənbəyi qanunverciliyin özündədir. Azərbaycanda qanunlar elə qəbul olunur ki, o qanun əslində korrupsiya üçün şərait yaradır. Buna görə də öncə yüksək keyfiyyətli qanunların qəbuluna başlamaq lazımdır. Məsələn, qanunlarda göstərilir ki, tutaq ki, bu cinayətə görə şəxs 3 ildən 8 ilə qədər həbs edilə bilər. 3 və 8 il arasında 5 il fərq var. 7-12 il arasında da 5 il fərq var. 5 il üzərində isə hakimlər oyun apararaq bundan rüşvətxorluq məqsədilə istifadə edir. Bu baxımdan, birinci qanunları nizama salmaq lazımdır. Ikincisi, dövlət intizamını gücləndirmək lazımdır. Qanunun tələblərini, prezientin göstərişlərini yerinə yetirməyən məmurlar dərhal işdən çıxarılmalıdır”.

Azərbaycanın ayrı-ayrı klanlar arasında bölündüyünü vurğulayan Q.Məmmədov, xalqın məhz məlum qruplar tərəfindən idarə edildiyini vurğuladı: “Bu günə qədər baş verən olaylar sübut edir ki, xalqın maraqları İlham Əliyevin yadına yalnız o vaxt düşür ki, qorxur, öz hakimiyyəti üçün təhlükə hiss edir. İlham Əliyev də bu komandanın üzvlərindən biridir. Açığı, mən onu komanda rəhbəri kimi görmürəm. O, Azərbaycan dövlətini, bu xalqı idarə eləmir. Azərbaycan dövlətini hazırda idarə edənlər ayrı-ayrı klanlardan ibarətdir. Onlar Azərbaycanı həm ərazi, həm də istehsal baxımından sahələrə bölüblər. Hər kəs öz sahəsini istədiyi kimi talayır, tar-mar edir. Buna görə də İlham Əliyevin icra başçılarını çıxartması, Əlinin yerinə Vəlini qoyması xalqa xoş gəlmək üçün atılan təsirsiz tədbirlərdir”.

Q.Məmmədovun sözlərinə görə, əgər İ.Əliyev həqiqətən də uğur əldə etmək istəyirsə, hazırkı komanda ilə vidalaşmalıdır: “Prezident həqiqətən də tədbir görmək istəyirsə, komandasını dəyişməlidir. Mən demirəm ki, gedib Azərbaycan müxalifəti ilə işləsin. Türkiyədə, Avropada oxuyan yüzlərlə, minlərlə savadlı gənclərimiz var ki, onlar savadlı mütəxəssis kimi hələ də gözləmə mövqeyindədirlər. Niyə onların gücündən istifadə olunmasın? Niyə İlham Əliyevin ətrafında bunca istedadlı, rüşvət və korrupsiya ilə ləkələnməmiş, zəhərlənməmiş adamlar olmasın? Niyə? Bəs bu gənclər öz qabiliyyətlərini nə zaman reallaşdıracaqlar? Dövlət onların potensialından nə zaman istifadə edəcək? Prezident İlham Əliyev bu addımı atsa, həmin o cavanları öz ətrafına yığsa, korrupsiyaya qarşı mübarizə aparmaq olar, dövlətimiz böyük sürətlə inkişaf edər. Bunlar olmayacaqsa, o zaman baş verənlər xalqın gözünə kül üfürməkdən başqa bir şey olmayacaq”.

Şamil Əlibəyli

Fevral 20, 2013 at 00:10  “HÜRRİYYET”

Loading

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir