Əlaqə vasitələri

Cənab Əliyev, nə ehtiyac var?

Şənbə, 31 Mart 2012 08:44

Seymur Həzi

Güllələnən Elmar Hüseynova, şantaj olunan Xədicə Ismayıla qalib gələ bildinizmi?

Bugünlərdə hər kəs Ilham Əliyevə yazılan müraciətlərdən danışır. Birini də mən yazmaq fikrindəyəm. Və yazıram… Hamı kimi, mən də sərvətlərdən və xəzinələrdən başlamaq istəyirəm.

O əjdaha xalqdır…

Cənab Əliyev, biz uşaqlığımızdan xəzinələr və sərvətlər haqqında oxuyarkən həmişə eyni nəticənin şahidi olurduq. Birisi bir xəzinəni ya tapar, ya da ona sahiblənər, amma ondan istifadə edə bilməz. Bütün ömrünü xəzinəni böyütməyə sərf edər, nəticədə bir əjdaha bu xəzinin altından çıxar və onu udar.
Bütün tarix boyu belə olub. Nağıllara görə, xəzinənin əsl sahibi o əjdahadır. Həyata və təcrübəyə görə isə, o əjdaha uzun illərini əməyə sərf etmiş, qazanmış, amma torpaqla uğraşmaqdan bir nəsibi olmayan xalqdır. Atanız Heydər Əliyev sizin bu qədər varlanmağınız üçün əlindən gələni etdi, amma bu sərvətləri görə bilmədi. Amma siz gördünüz ki, nə Hüsnü Mübarək, nə Qəzzafi, nə də bir başqası bu sərvətləri yeyə bildi və o əjdaha onları uddu.

Bu qədər nifrətlə nə edəcəksiniz?

Cənab Əliyev, bəlkə də sizi düşündürmür, amma məni düşündürür. Bu qədər insanın nifrətini qazanmağa nə ehtiyac var? Bu, hansı istəkdən doğur? Sizin azyaşlı oğlunuzun bütün dünya mediasında adının çəkilməsi, sizi bilmirəm, amma mənim ürəyimi sızlatdı. O uşağın sahib olduqlarını dərk etmək gücü və imkanı yox ikən onu bu qədər diqqət mərkəzinə gətirmək nə üçün lazım idi? Ona yaxşı təhsil vermək ən gözəl sərvət olmazdımı? Sizin öz övladınız haqqında bu cür düşünməyiniz məni qorxudur. Çünki ən yaxşı halda, bizim də yaxınlarımız və öz həyatımız haqqında belə düşünürsüz. Və bu, çox qorxunc bir vəziyyətdir.

Aclar sizi düşünür…

Təsəvvür edin ki, nə qədər ac və səfil insan son mədə suyunu udarkən sizi xatırlayır. Bu hissi necə yaşayırsız? Onlar düşünürlər ki, bir tikə çörək üçün rayonlardan Bakıya gəlib səfillik içində yaşamağa məcbur olduqlarına görə günahkar sizsiniz. Çünki bu ölkənin bütün sərvətlərinin sahibi sizsiz. Siz isə bütövlükdə bu xalqdan və dövlətdən dəfələrlə varlısınız. O insanların sizi bu cür xatırladığını bilərək, necə rahat yata bilirsiz, bu hissi necə yaşayırsız?
Mən bu sətirləri yazarkən həyəcanlandığımı gizlədə bilmirəm. Nəinki özümün, hətta sizin də sizin yerinizə olmağınızı istəmirəm.

Alçaltdıqlarınız ali insanlardır…

Zorla, şantajla sındırmaq istədiyiniz, əfv ərizəsi yazdırdığınız insanların, əslində, haqlı olduqlarını bilirsiniz. Ona görə də bu ərizələri mətbuata çıxarıb “haqlı” olduğunuzu, “günahlarını etiraf etdiklərini” çatdırmaqla ürəyinizi soyudursunuz. Demək istəyirsiniz ki, əslində, güclü olan haqlıdır, amma bunun da doğru olmadığı sizi qəzəbləndirir və yeni addımlara sövq edir. Məsələn, Əli Kərimlinin yaxın qohumunu həbs etdirməklə ona təzyiq göstərmək nə deməkdir? Ona bu yolla qalib gəlmək mümkün deyil…
Siz Əli Kərimlinin yaxın adamlarını tanıya bilməzsiniz. Xatırladım; 2005-ci ildə sonuncu inəyini satıb Əli Kərimli üçün televiziyada efir vaxtı almaq istəyən qoca kəndli vardı. Onu tapın, onu həbs edin. Çünki Əli Kərimli də hamı kimi, yaxın adamlarının sözünü deyir, o qoca kişi də bilirdi ki, Əli Kərimli onun yaxın adamıdır. Haqqı tapdanan milyonları həbs edəcəksinizsə, edin, çünki onların hamısı Əli Kərimlinin yaxın adamlarıdır.
Bəs sizin üçün sonuncu qəpiyini xərcləyən neçə adam var? Siz əvvəlcə şirkətlər qurdurduğunuz, sonra da yaratdıqlarını tutub əlindən aldığınız nazirləri özünüzə yaxınmı bilirsiniz? Onlar sizə qarşı hamıdan qəzəbli və hamıdan rəhmsizdirlər. Çünki onlar da çoxlu sərvət üstündə yatdıqları üçün ilan kimi olublar. Milyonların boğazından kəsib onların qəzəbini qazanmaqla tarixdə qalmaq asandır, amma həyatda qalmağı bacaranlar xeyli azdır. Mən şəxsən sizi bu yolun yarısından dönən azlığa qoşulmağa çağırıram.

Qalib gəldinizmi?

Güllələnmiş Elmar Hüseynova, ya da şantaj olunan Xədicə Ismayıla, bu iki olayın arasında hər cür repressiyalara məruz qoyduğunuz insanlara qalib gələ bildinizmi? Tutaq ki, bizim hamımızı öldürdünüz, şantaj etdiniz, məhv edə bildiniz, bəs bizim arxamızca gələn nəslin intiqamı daha ağır olmayacaqmı? Bütün bunları bilə-bilə davam etməkdə nə anlam görürsünüz?

Yaxşılıqlar imkanı bitməyib…

Əlinizdə yaxşılıqlar etmək üçün tükənməz imkanlar var ikən, niyə özünüzü məhz zora sahib biri kimi təsdiq etdirmək istəyirsiniz? Insanlara yaxşılıq etmək bu qədərmi arzuolunmazdır? Onlar sizə çoxmu pislik ediblər? Ya da siz belə davam etməklə özünüzə pislik etmirsinizmi? Bu barədə düşünün, lütfən.. yaxşılıqlar imkanı hələ bitməyib…

#8Qurban Məmmədov2012-04-02 00:11

Çoxdandır müxalifət qəzetlərində belə səmimi yazı görmürdüm. Əhsən !! Əsl VƏTƏNDAŞ yanğısıdır.
Ancaq…
Diktatura və avtoritar rejimlər eyni obyektiv qanuna uyğunluqlarla idarə edilir. Bu qanunun adı belədir: “Boşluqlara sorulmaq qanunu”. Diktaturalar qarşılarına çıxan, onları tənqid edən, eyiblərini göstərən, haram və qanunsuz əmlak mənimsəmələrinə mane olan hər kəsi və hər şeyi qarşılarından qaldırar, öldürər, şantaj edər, təmizlərlər–bununla da qarşılarında getdikcə dərinləşən boşluqlar yaradarlar. Boşluqda isə sorma qabiliyyəti var. Boşluq nə qədər dərinləşirsə, böyüyürsə, sorulma da o qədər sürətli və dönməz olur. Misir diktatoru Tunisinkini gördü–özünü xilas edə bilmədi. Liviya Misiri, Suriya liviyanı gördü–dura bilmədilər. Hamısı Səddamı görmüşdü. İlham Əliyev də onları görüb, ancaq dura bilməz və xilas ola bilməz. Mən buna sadəcə təəssüflənə bilirəm indilik. Bir azdan faciələrinə ürəyim də ağrıya bilər. Çünki qarşılarında boşluqlar yaratmaqda davam edirlər və.. geriyə dönüş yox bu yoldan. İnsan cinayət etmədən öncə vicdanını və qorxu hissini itirir–qarşısında boşluq yaradır. “Boşluqlara sorulma qanunu” — bu qanunun obyektiv olduğunu, yəni insan iradəsindən asılı olmadan fəaliyyət göstərdiyini hamının
bilməsində fayda var. Ağır nəticələrə hamımız hazır olmalıyıq–çünki boşluqlar sormağa başlayanda sorulanın yaxınlığında olanların da ziyan çəkməsi qaçılmazdır.

Loading

Cənab Əliyev, nə ehtiyac var?” mövzusunda şərhlər:

  1. Solmaz

    Məntiqiniz çox güclüdür,Qurban bey,bu məntiqin qarşısında bütün sözlər gücsüzdür. Zaman-zaman mətbuatda sizi izləmişəm.Xarakterinizə və deyərdim fitri savadınıza hələ universitetdə oxuduğunuz illərdən bələdəm. Belə bir deyim də var. Deyirlər ki, qadına gözəlliyi,kişiyə istedadı bağışlamırlar. Amma siz çox güclüsünüz. Allah sizi qorusun. Sizi alqışlayıram və uğurlar!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir