Qurban Məmmədov Cabbarovun vəkilliyi barədə

Yeni təhsili naziri Mikayıl Cabbarovun tanıtım təqdimatında yer alan “O, Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür” epitetinə münasibətini bildirən tanınmış hüquqşünas Qurban Məmmədov bildirib ki, bu, yanlışdır. Q.Məmmədov bu barədə fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb.

Hüquqşünas qeyd edir ki, Azərbaycanın Vəkillər Kollegiyasının üzvü olmayan, vəkillik fəaliyyəti göstərməyən adam Nyu-York Vəkillər kollegiyasının üzvü ola bilməz: “Amerika vətəndaşı olmayan, Amerikada rəsmi vəkil statusu əldə etməyən bir adam Nyu-York şəhərinin Vəkillər Kollegiyasının üzvü necə ola bilər? Hər hansı amerikalı vəkil Azərbaycanda vəkillik edə bilərmi və ya Amerika vətəndaşı Azərbaycan Vəkillər Kollegiyasının üzvü ola bilərmi?”
Q.Məmmədov yazır ki, bu, qanunla qadağandır və azərbaycanlı hüquqşünasın öz ölkəsində rəsmi vəkil statusu olmaya-olmaya Nyu-Yorkda vəkil olması mümkün deyil.

Hüquqşünas bu kimi epitetləri uydurma adlandırır və ictimai rəyi azdırmaq cəhdi hesab edir.

Sözünün sonunda Q.Məmmədov onu da qeyd edir ki, 1995-ci ildə ona və Azərbaycandan gedən bir sıra adamlara Kentukki ştatının fəxri vətəndaşlığı statusunu veriblər və bu, sırf simvolik səciyyə daşıyır.

N.Asifli

 4,531 dəfə ümumi oxunub,  4 dəfəsi bu günə aiddir.