Uşaqlıq illəri

O, 2 aprel 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində dünyaya gəlib. Bu barədə sual veriləndə özü bunu belə ifadə edir:
“Doğuldum, kommunist-əliyevlər rejiminə düşdüm və milyonlarla həmvətənim kimi yaşamadım. Nə qədər ki, ölməmişəm, yaşamaq ümidim var.”
Atası Məmmədov Cəlal Əbdül oğlu 55 il ibtidai sinif müəllimi işləyib. Müəllim çörəyi ilə böyüdüyünü tez-tez vurğulayır və bununla həmişə fəxr etdiyini gizlətmir. Anasını el arasında “Seyid qızı” deyə çağırmış olsalar da, rəsmi adı Seyidova Gülsüm Mirbaba qızıdır.
Ailədə ümumilikdə 10 uşaq olublar: 5 bacı və 5 qardaş. Hələ uşaq yaşlarında anaları bacılarını qardaşlar arasında bölərək, onların problemləri ilə məşğul olmağı tapşırıb. O hesab edir ki, bu günə qədər öz “bacıpayı” qarşısında anasının tapşırığını yerinə yetirə bilib.
Özündən 5 yaş böyük olan qardaşı Sərdar Cəlaloğlu (Məmmədov) siyasətlə məşğul olduğu üçün, o, könüllü şəkildə siyasi fəaliyyətin partiya formasından imtina edib və fərdi siyasi mövqe tutub. Bildirir ki, Sərdar Cəlaloğlu siyasətdə olduğu müddətdə heç vaxt deputatlıq və ya hər hansı vəzifə həvəsinə düşməyəcək.
Körpəlik illəri hazırda ermənilərin işğalı altında olan İtqıran və Almalı kəndlərində keçib. Uşaqlıq dövrü Cəhridə, yeniyet
məlik və gənclik illəri Naxçıvanda olub. Hərbi xidmətini Ukraynanın Lvov vilayətinin Çervonoqrad rayonunda, eləcə də Rusiyanın Amur vilayətində, Baykal–Amur Magistralının tikintisində yerinə yetirib. Tələbəlik illəri Bakıda, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində keçib.
Siyasi fəaliyyəti AXC və ADP çərçivəsində olub. Siyasi məhbusluq dövrü Sabirabad, Saatlı, Bayıl və MTN-in istintaq təcridxanalarında, Qaradağ qapalı həbsxanasında, həmçinin 10, 5, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində davam edib. Əmək fəaliyyəti Sabirabad, Bakı və ümumilikdə Azərbaycan ərazisində keçib. Bundan əlavə, İran, Türkiyə və Rusiyada vəkil kimi hüquqi fəaliyyət göstərib.
Türkiyə Cümhuriyyətində nəşr olunan “Türkiyə” qəzetinin 10 mart 1996-cı il tarixli sayında onun haqqında “Dedektiv avukat” başlıqlı geniş həcmli yazı dərc edilib.
Atası onu musiqiçi kimi görmək istəyib. Bu arzu ilə 1966-cı ildə Bakıda yerləşən 8 saylı musiqi təmayüllü orta məktəbə aparıb.
Yeniyetmə çağları

Uşaq vaxtı sol əlinin şəhadət barmağı kəsildiyi üçün atasının onu musiqiçi görmək arzusu reallaşmır. Bu səbəbdən orta məktəb təhsilini 1966–1976-cı illərdə Ordubad rayonunda yerləşən M.Füzuli adına orta internat məktəbində alır. Məktəbi əla qiymətlərlə bitirir.
Müəllimlərindən Ənvər İsmayılov, Qırqovul Qəmbərli, Şəhrud İsmayılov, Səyyad Şəfiyev, Mehdi Ağalarov, Məzahir Hüseynov, Tamara Sadıqova, Müzəffər Hüseynov, Mircəfər Seyidov, Adil Tağıyev, Şükufə Hüseynova, Xədicə Sadıqova və digərlərini bu gün də böyük minnətdarlıqla xatırlayır. Belə məktəblərin və belə müəllimlərin artıq olmamasını Azərbaycan təhsilinin ən böyük faciələrindən biri hesab edir.
Əvvəlcə şərqşünas olmaq arzusu ilə yaşayır. 1976–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmaq üçün imtahanlarda iştirak etsə də, müsabiqədən keçə bilmir. Səbəbi dövrün “yazılmayan qanunları” ilə izah edir:
“Fəhlə oğlu fəhlə, prokuror oğlu prokuror olmalı idi. Dövlət məmurunun oğlu isə şərqşünas olmalı idi.”
O isə sadə orta məktəb müəlliminin oğlu idi və rejim belələrini yaxın buraxmırdı.
1978-ci ildə hərbi xidmətə çağırılır. Xidmətinin birinci ilini Ukraynanın Lvov vilayətinin Çervonoqrad rayonunda, ikinci ilini isə Rusiyanın Amur vilayətinin Dipkun rayonunda keçirir.
Öz etirafına görə, Ukraynadan Amur vilayətinə göndərilməsinin səbəbi 1979-cu il fevralın 23-də Çervonoqrad şəhərində azərbaycanlılarla ruslar, çeçenlər, qazaxlar və özbəklər arasında baş vermiş qanlı davanın təşkilatçılarından biri olmasıdır. Torpaq səthinin üç metri daimi donmuş olan, qışı son dərəcə sərt, yayı isə çox isti keçən Amur vilayətinə göndərilməsi cəza xarakteri daşıyırdı.
Hərbi xidmətdə etdiyi davranışları xatırlayanda bəzən özünü tanıya bilmədiyini də etiraf edir. Əsgərliyə sözün əsl mənasında “kişilik məktəbi” kimi baxır. Əsgərlikdə olmayan oğlana qız verilməsini qızın qəsdən bədbəxt edilməsi kimi dəyərləndirir.
Əmək fəaliyyəti onun həyatında xüsusi yer tutur və olduqca ibrətamizdir. İlk dəfə 1973-cü ilin yayında, yəni 14 yaşı tamam olduqdan sonra yay tətilində fəhlə işləməyə başlayır. Həmin dövrdə Naxçıvan şəhərində fəaliyyət göstərən 101 saylı Səyyar Mexanikləşdirilmiş Dəstədə (rusca PMK) usta yanında çalışır. İlk əmək haqqısı 80 manat olur.
O dövrü belə xatırlayır:
“O zamankı qanunlara görə, 16 yaşı tamam olmamış uşaqlar ağır işlərə cəlb edilə bilməzdi, yüngül işlərdə isə gündə 4 saatdan artıq işləmək qadağan idi. Mən isə ya 8 saat işləməli idim, ya da məni işə götürməyəcəkdilər. Evimizə kömək lazım idi. Usta yanında palçıq qarışdırır, kubik daşıyırdım. Kubiklə mənim çəkim demək olar ki, eyni idi. İş nə qədər ağır olsa da, valideynlərimə kömək etdiyimi bilmək mənə elə bir fərəh verirdi ki, bu ağırlığı hiss etmirdim.”
İlk maaşını atasının qarşısına qoyanda özünü Bəzz qalasındakı Babək kimi hiss etdiyini deyir. Həmin yay baş verən bir hadisəni isə heç vaxt unuda bilmir. Yorğunluqdan bir gün tikintinin zirzəmisində dincəlmək üçün uzananda iş icraçısı onu təhqir edir. O, ağlaya-ağlaya işi tərk edib evə qayıdır və axşam atası ilə bu barədə danışır. Atasının ona dediyi sözlər həyatına baxışını kökündən dəyişir:
“Oğlum, sən fəhləsən, o isə ali savadlı mühəndisdir. Bu dünyanın qaydası belədir. Əgər döyülmək, alçaldılmaq istəmirsənsə, savadlı, vəzifəli, güclü və varlı olmalısan.”
Həmin gündən sonra həyatın məktəbdə öyrədildiyi kimi ədalətli və bərabər olmadığını anlayır. Atasının sözləri ona bir həqiqəti dərk etdirir: fiziki cəhətdən zəif olmamaq, cəmiyyətdə mövqe tutmaq və savadlı olmaq insanı alçaldılmaqdan qoruyur.
Növbəti dərs ilində 8-ci sinfə qayıdanda artıq sinif yoldaşlarına əvvəlki kimi baxmadığını deyir. Çünki evə pul gətirən, valideyninə maddi dəstək verən biri olmuşdu. Bu isə aralarında fərq və görünməz məsafələr yaratmışdı.
8-ci sinifdən sonrakı yay tətilində də işləməyə davam edir. Bu gün Naxçıvan şəhərində yerləşən 10 saylı orta məktəbin təməl atma işlərində və birinci mərtəbəsinin tikintisində çalışır. Elə həmin dövrdən bənnalıq və suvaqçılıq sənətinin sirlərinə yiyələnməyə başlayır və bir müddət usta kimi işləyir.
Orta məktəb illərində dil-ədəbiyyat müəllimləri Mehdi Ağalarov və Qırqovul Qəmbərlinin təsiri altında şərqşünas olmaq arzusu daha da güclənir. Bu məqsədlə 1976-cı ildə ADU-nun Şərqşünaslıq fakültəsinə, 1977–1978-ci tədris illərində isə yenidən imtahanlara qatılır, lakin yenə də müsabiqədən keçə bilmir. 1978-ci ilin oktyabr ayında isə hərbi xidmətə çağırılır.
Əsgərlik dövrü
Ali məktəbə daxil ola bilməməsi onu yaxından tanıyanları, xüsusilə müəllimlərini, sinif yoldaşlarını və ailə üzvlərini ciddi şəkildə təəccübləndirir. Həmin dövrdə baş verənlərin mahiyyətini anlamaq imkanı olmayan Qurban Məmmədov bunu yalnız çox sonralar dərk edəcəkdi. O illərdə kasıb və ortabab ailələrin övladlarının Şərqşünaslıq fakültəsinə qəbul olunması faktiki olaraq mümkün deyildi. Çünki bu fakültə ərəb, fars və türk dilləri üzrə ixtisaslar verdiyinə görə xüsusi orqanların nəzarətində idi və əsasən rejimə sədaqətini sübut etmiş ailələrin, vəzifəli şəxslərin övladları qəbul edilirdi. Beş-on ildən bir kasıb bir ailənin övladının qəbul edilməsi isə sadəcə təbliğat məqsədi daşıyırdı ki, guya Sovet dövlətində hər kəs üçün bərabər imkanlar var.

1978-ci ilin oktyabr ayından 1980-ci ilin dekabr ayınadək hərbi xidmətdə olub. Xidmətinin birinci ilini Ukrayna Respublikasının Lvov vilayətinin Çervonoqrad şəhərində keçirib. 1980-ci il fevralın 23-də, Sovet ordusunun yaranma günü münasibətilə keçirilən tədbirlər zamanı xidmət etdiyi hərbi hissədə azərbaycanlılarla digər millətlərdən olan əsgərlər arasında baş verən qanlı dava-dalaşın təşkilatçılarından biri kimi cərimə batalyonuna göndərilir.
Cəza xarakterli bu qərarla o, Baykal–Amur Magistralına, yəni BAM-a ezam olunur. Rusiyanın Amur vilayətinin Zeya rayonunun Dipkun qəsəbəsində dəmir yolu çəkilişində xidmət edir. Burada “geodezist” kimi çalışır. Bu ixtisası isə hələ Ukraynada xidmət edərkən, Ujqorod şəhərində keçdiyi üç aylıq tədris kursu vasitəsilə öyrənmişdi.
Hərbi xidmətini başa vurduqdan sonra Sverdlovsk Hüquq İnstitutuna daxil olmaq istəyir. Lakin maddi çətinliklər bu arzusunu reallaşdırmağa imkan vermir və doğma vətənə qayıtmalı olur. 1981-ci ildə müəllimi Mehdi Ağalarovun məsləhəti və təkidi ilə şərqşünas olmaq fikrindən tamamilə vaz keçirərək sənədlərini Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə təqdim edir. Bu dəfə də qəbul ola bilmir.
Həmin vaxt onun sinif yoldaşlarının çoxu artıq ali təhsilini başa vurmuş, işləməyə başlamışdı. O isə fəhləlik həyatını davam etdirirdi. Hərbi xidmətdən sonra Naxçıvan şəhərində yerləşən 1 saylı Şərab Zavodunda fəhlə kimi çalışır.
Məhz bu dövrdə, təhsildən geri qaldığı kimi ailə həyatından da geri qalmamaq qərarına gəlir. Hələ orta məktəb illərindən sevdiyi və bu günə qədər birgə yaşadığı həyat yoldaşını 1981-ci il oktyabrın 16-da qaçıraraq ailə qurur. Bununla da onun ali təhsil alacağına ümid edən bir çox yaxınlarının düşüncəsinə görə bu mövzu birdəfəlik bağlanmış olur.
Ətrafındakıların əksəriyyəti hərbi xidmətdən qayıtmış, ailə qurmuş bir insanın artıq ali təhsil ala bilməyəcəyini düşünürdü. Lakin Qurban Məmmədov onların təsəvvür etdiyi və tanıdığı insan deyildi.
Universitet illəri

1982-ci il iyulun 24-də ilk övladı Qoşqar dünyaya gəlir. Elə həmin gün doğum evində övladını gördükdən sonra Bakıya yollanır və növbəti qəbul imtahanlarında iştirak edir. Həmin il Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur.
Tələbəlik illəri başqalarından xeyli fərqli keçir. Ailəli olması və azyaşlı övlad böyütməsi səbəbindən gəncliyin və tələbə həyatının bir çox əyləncə və rahatlıqlarından könüllü şəkildə imtina edir. Oxuyur və eyni zamanda işləməyə məcbur olur. Yaşadığı 2 saylı tələbə yataqxanasında gecə gözətçisi, o vaxt Babək prospektində yerləşən “Betonzavod”da gözətçi, indiki Nəsimi Rayon İcra Hakimiyyətinin binasının arxasında yerləşən istilik qazanxanasında operator, Nərimanov heykəlinin sağ tərəfində yerləşən arkalı binanın altındakı çörək dükanında fəhlə və digər bu kimi işlərdə çalışır.

Yasamal rayonunda tez-tez kirayə ev dəyişir, 5–6 fərqli ünvanda yaşayır. Bəzən bənnalıq və suvaqçılıq işləri ilə də məşğul olduğu üçün yerli əhali onu “sezonşik” kimi tanıyır. İllər sonra, əvvəllər həyətində işlədiyi bir vətəndaş onu deputat seçkiləri ilə bağlı televiziya çıxışlarında görəndə təəccüblə: “Bu bizim həyətimizin fəhləsi olub” deyəcəkdi.
Ali məktəbdə oxuduğu illərdə anti-sovet çıxışları ilə diqqət çəkir. Sonuncu kursda oxuyarkən bu gün də böyük hörmət və ehtiramla xatırladığı Firudin Səməndərov onunla “profilaktik” söhbət aparır və ehtiyatlı olmağı tövsiyə edir. Qurban Məmmədovun kimlərinsə yanında söylədiyi “Azərbaycan müasir sosialist müstəmləkəsidir” fikri xüsusi orqanlara çatdırıldığı üçün Firudin Səməndərova bu barədə xüsusi göstəriş verilmişdi. O, bu gün hüquqşünas kimi fəaliyyət göstərə bilməsini və ali məktəbdən uzaqlaşdırılmamasını məhz Firudin Səməndərovun mövqeyi ilə əlaqələndirir.

Ali məktəb müəllimlərini hər zaman böyük ehtiramla yad edir. Məmməd Xələfov, Qasım Manayev, Murtuz Ələsgərov, Məmmədxan Rəsulov, Yusif Mehdiyev, Rafiq Hüseynov, İsmayıl Təriqpeymah, Vaqif Hacıyev, Məsimə Məlikova kimi müəllimlərdən dərs almasını özünə böyük şans hesab edir.
İctimai-siyasi dünya görüşünün formalaşmasında atasının Cəlal müəllimin, anası Seyid qızı Gülsümün, özündən 5 yaş böyük qardaşı Sərdar Cəlaloğlunun, orta təhsil aldığı Ordubad İnternat Məktəbinin, xüsusilə də ədəbiyyat müəllimi Mehdi Ağalarovun, eləcə də Hüquq fakültəsində dərs deyən İsmayıl Təriqpeymah və Vaqif Hacıyevin təsirini xüsusi vurğulayır.

Orta məktəb illərindən yaddaşında qalan bir hadisəni belə xatırlayır. Bir gün Mehdi Ağalarov dərsə olduqca həyəcanlı halda daxil olur. Özünəməxsus əzəmətli yerişi və qürurlu baxışları ilə sinfə girir, əsa ilə yeriyərək pəncərənin altındakı radiatora söykənir və müəllim masasının yaxınlığında dayanaraq deyir:
“Uşaqlar, bu gün Əbülfəz Əliyev həbs olundu. Tələsdi, biz çox dedik, o isə eşitmədi. Azadlıq uğrunda ehtiyatsız davranmaq olmaz.”
Şagirdlər baş verənləri anlamır, müəllimin bu qədər həyəcanlı olmasının səbəbini dərk edə bilmirdilər. Mehdi müəllim yazı taxtasında bir söz yazır, lakin heç kim oxuya bilmir. Daha sonra həmin sözü latın qrafikası ilə yazaraq əlifba dəyişikliyinin xalqın yaddaşına necə zərbə vurduğunu izah edir. O, sovet hakimiyyətinin xalqın keçmişini unutdurmaq siyasətindən, Cənubi Azərbaycanın bölünməsindən və Azərbaycanın müstəqilliyi uğrunda mübarizədən danışır.
Bu dərs Qurban Məmmədovun yaddaşında silinməz iz buraxır. O gündən etibarən milli məsələ, azadlıq və dövlətçilik anlayışları onun dünyagörüşünün əsas sütunlarından birinə çevrilir.
Siyasi baxışları
Əbülfəz Əliyevlə ilk əyani tanışlığı 1983-cü ilin payız aylarında, Bakı şəhərində kirayədə qaldığı 11-ci Xriptovıy küçəsi, 180 nömrəli evdə, adaşı olan ləzgi Qurbanın evində baş tutub. Bu tanışlıq barədə daha sonra ətraflı danışacağını qeyd edir.

Atası Cəlal müəllim düz 30 il Kommunist Partiyasının Naxçıvan Vilayət Partiya Komitəsinin rəhbərlərinə və yerli məmurlara qarşı mübarizə aparıb. Doğma Cəhri kəndindən 7–8 kilometr yuxarıda yerləşən Çalxan su anbarının tikintisi üçün ayrılmış vəsaitin mənimsənilməsi ilə bağlı atası 30–35 il ərzində hüquq-mühafizə orqanlarına ardıcıl şikayətlər edib. Bu səbəbdən onu dəfələrlə həbs etmək istəyiblər, hətta bir neçə dəfə arxasınca “voronok” göndərilib.
Əgər həmin su anbarı tikilmiş olsaydı, Naxçıvanda on minlərlə hektar susuzluqdan çatlamış torpaq canlana bilərdi. Kənddə özünü ağsaqqal sayan bəzi yaltaqlar hakimiyyət nümayəndələrinin göstərişi ilə ataya təzyiq göstərir, şikayətləri dayandırmağı tələb edirdilər. Atası isə belə cavab verirdi:
“Mən öz şəxsi su ehtiyaclarımdan yazmıram. Hökumət həyətimə də krant çəkib, qapımın ağzına da. Mən xalqın haqqını tələb edirəm və ölənədək də tələb edəcəyəm.”
Ailə büdcəsindən, boğazlarından və geyimlərindən kəsərək torpaqların xəritəsini çəkdirər, həmin sənədləri Bakıya və Moskvaya göndərərdi. Bu xəritələri çox vaxt sonralar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı şəhəri Baş Polis İdarəsi rəisinin müavini olan Həsən Şirinova çəkdirirdi.
Kənddə nə qədər dul qadın və yetim uşaq var idisə, onların çoxunun pensiya işlərini atası yoluna qoyurdu. Lazımi sənədləri özü toplayır, dövlət orqanlarına təqdim edir və nəticə əldə olunana qədər prosesi şəxsən izləyirdi. Kənddə polis, prokurorluq və ya məhkəmə tərəfindən kimə qarşı haqsızlıq edilirdisə, dərhal ataya müraciət edirdilər. O da hüquqi məsləhətlər verərək faktiki olaraq vəkillik edirdi. Qurban Məmmədov deyir ki, vəkil olmağı ilk dəfə məhz atasından öyrənib.
Anası savadsız idi, lakin eyni zamanda dərin həyat bilgisinə sahib idi. Diplomu yox idi, amma 10 övladını insan kimi böyütmək, tərbiyə etmək və həyata hazırlamaq üçün lazım olan bütün biliklərə malik idi. Atası, babası və əmiləri türkəçarə, yəni xalq təbabəti ilə məşğul olmuş, ara həkimi kimi tanınmışdılar. Anası da onlardan bəzi xəstəliklərin müalicəsini, otların şəfalı xüsusiyyətlərini, sınıq və çıxıqların sağaldılmasını öyrənmişdi.
Uşaqlıqdan yaddaşında qalan bir hadisəni xüsusi ilə xatırlayır. Internat məktəbinin 4-cü sinfində oxuyarkən qış tətilinə evə gəlmişdi. Küçədə oynayarkən qonşu uşağın geyindiyi güllü köynəyi görüb atasından eyni köynəkdən almasını xahiş edir. Atası bir müddət susur, sonra “gedim baxım, varsa alaram” deyib evdən çıxır. Atası darvazadan çıxan kimi anası onu qucaqlayır və ağlayaraq deyir:
“Can bala, sən nə etdin? Adam da ataya belə söz deyərmi? Bilmirsən ki, cibində pulu var ya yox, evdə un var ya yox. İndi fikirli-fikirli yolda gedir. Birdən yolda maşın vurub ölsə, biz nə edərik?”
Bu sözlərdən sonra köynəyi unudur, atasını itirə biləcəyi qorxusu ilə ağlamağa başlayır. Həmin gündən sonra heç vaxt heç kimdən bir şey istəmədiyini deyir. İlk kostyumunu da universitetin birinci kursunda öz qazandığı pulla alıb.

Tələbəlik illərində ictimai-siyasi mövzularda apardığı söhbətlər və anti-sovet çıxışları onun xüsusi orqanların diqqətinə düşməsinə səbəb olur. Bu səbəbdən fakültə dekanı Firudin Səməndərovdan onun haqqında soruşurlar. Hadisələr 1985–1986-cı illərə təsadüf edir. Qorbaçovun “yenidənqurma” siyasəti cəmiyyətdə və xüsusilə tələbələr arasında yeni düşüncə tərzinin formalaşmasına səbəb olur. Qurban Məmmədov da bu prosesdən kənarda qalmır.
Ali təhsilinin son illəri Ermənistan–Azərbaycan münasibətlərinin kəskinləşdiyi dövrə təsadüf edir. O, öz vəsaiti hesabına aldığı Rüstəm Behrudinin “Şaman duası” və “Peyğəmbərin həyatı və hədisləri” kitablarını tələbə dostları arasında yayır. Bu fəaliyyətinə görə xüsusi orqanlar yenidən onunla maraqlananda, Firudin Səməndərov onu qoruyaraq belə deyir:
“Zəhmətkeş oğlandır, ailəlidir, dərslərini də yaxşı oxuyur. Mən özüm onunla söhbət apararam.”
Universiteti 1987-ci ildə bitirir və vəkil kimi fəaliyyət göstərməsi üçün təyinatla Sabirabad hüquq məsləhətxanasına göndərilir.
1995-ci ilin may ayında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü seçilir.
Nizamlı və ardıcıl siyasi fəaliyyətə Sabirabadda başlayır. 1989-cu ilin iyun ayında Azərbaycan Xalq Cəbhəsi təsis edildikdən qısa müddət sonra onun rəhbərliyi ilə AXC-nin Sabirabad Rayon Şöbəsi yaradılır və o, sədr seçilir. Sabirabad camaatının xeyirxahlığını həmişə minnətdarlıqla xatırlayır. Onu “kasıbların vəkili” və “ağ köynəkli vəkil” kimi tanıyırdılar.

“Ağ köynək” məsələsini belə izah edir: Sabirabada dörd uşağı ilə köçəndə cəmi bir ağ köynəyi var idi. Axşam yuyur, səhər geyinirdi. Uzun müddət başqa köynək ala bilmədiyi üçün bu adla çağırılırdı. Hətta bəziləri onu “dəli vəkil” adlandırırdı. Səbəb isə Sabirabadda özbaşınalıqları ilə tanınan bir vəzifəli şəxsi məhkəmədə saatlarla sorğu-suala tutması idi. O dövrdə qarşısına çıxanların hamısı vəzifəli şəxslər idi. Camaat isə ilk dəfə əsl vəkil gördüyü üçün bu davranışlar onlarda güclü təəssürat yaradırdı.
Sabirabadda işlədiyi ilk illərdə tez-tez Naxçıvana gedir, Naxçıvan Tarix Muzeyinin zirzəmisində keçirilən gizli toplantılarda iştirak edirdi. Orada əldə etdiyi məlumat və ideyaları Sabirabad və Muğan zonasında, Saatlı, İmişli, Beyləqan, Səlyan, Hacıqabul və Şirvan rayonlarında yayırdı.

1980-ci illərin sonlarında Pribaltika və Orta Asiyada başlayan milli azadlıq hərəkatları Azərbaycana da güclü təsir göstərir. Litvada fəaliyyət göstərən Sayudis təşkilatı Azərbaycanda gizli və açıq fəaliyyət göstərən qruplar üçün nümunə idi. 1988-ci ildə Naxçıvan Xalq Cəbhəsi yaradılır və burada müzakirə edilən milli azadlıq və Azərbaycanın bütövlüyü ideyaları ölkə üzrə yayılmağa başlayır. Bakı siyasi proseslərin mərkəzinə çevrilir.
1989-cu il iyunun 19-da Əbülfəz Əliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi təsis edilir və Azərbaycan xalqı təşkilatlanmış milli azadlıq mübarizəsinə başlayır. Həmin gün Sabirabadda təxirəsalınmaz işləri olduğu üçün təsis iclasında iştirak edə bilmir. Bakıdan Sabirabadı təmsil edən nümayəndə AXC-nin rayon şöbəsinin yaradılmasına mane olmaq məqsədi ilə təsis sənədlərini gizlədir. Yalnız sənədlər onun tərəfindən əldə edildikdən sonra AXC-nin Sabirabad Rayon Şöbəsi rəsmi şəkildə təsis olunur və qısa müddətdə regionun ən fəal şöbələrindən birinə çevrilir.
O, yalnız siyasi təşkilatlanma ilə kifayətlənmir. 1989-cu ildən etibarən Qarabağ uğrunda döyüşlərin təşkilində də fəal iştirak edir. Sabirabaddan Qubadlıya, Ağdama, Füzuliyə, Şuşaya, Xocalıya, Xocavəndə və Kərgicahana göndərilən döyüşçülərin silah-sursat və ərzaqla təmin olunması üçün geniş fəaliyyət göstərir.
![]()
