Əlaqə vasitələri

“Göy” və “Milli”nin fərqi.

  ” 2 iş üzrə,  ayrı-ayrı, 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi?”

 Hörmətli xanımlar və bəylər!

Mənə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmayan cəza veriblər: ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il azadlıqdan məhrum etmə.

İttiham edildiyim maddələrin heç birində belə cəza növü yoxdur. CM-nin 263.1.-1-ci maddəsində maksimum 3 il məntəqə tipli, 299.1-ci maddəsində isə maksimum, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 ay azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Bu gün qüvvədə olan AR-nın CM-də cinayətlərin məcmusu qaydasında cəzaların təyin edilməsi zamanı məntəqə tipli cəzanın ümumi rejimli cəzaya keçməsi kimi bir qayda nəzərdə tutulmayıb.

CM-nin 66.1-ci maddəsinə əsasən, “cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və qismən toplamaq yolu ilə qəti cəza təyin edir”.

Məsələn,  CM-nin 263.1-1-ci maddəsi ilə 3 il məntəqə tipli, CM-nin 299.1-ci maddəsi ilə 6 ay ümumi rejimli cəza, təyin edilirsə, toplama yolu ilə qəti cəza belə müəyyən edilir:

      3 il məntəqə tipli cəza + 6 ay ümumi rejimli cəza  =  məntəqə tipli 3 il qəti cəza.

Çünki, CM-nin 66.2-ci maddəsinə əsasən, “qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz”.

Yuxarıdakı misalda 3 il məntəqə tipli cəza 6 aylıq ümumi rejimli cəzadan “daha ciddi cəza” hesab edilib deyə, nəticədə maksimum məntəqə tipli 3 illik müddət alınıb.

CM-nin 56-cı maddəsində cəzaçəkmə müəssisələrinin növünün – rejimin yüngüldən ağıra doğru düzülüşünü nəzərə alsaq, onda deməli, müddətindən asılı olmayaraq ümumi rejimli istənilən cəza, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 (beş) ildən artıq olmayan məntəqə tipli istənilən cəzadan daha ciddi cəza hesab edilməlidir.

Bu məsələdə qanunvericinin mövqeyi başa düşüləndir. Çünki qəsdlə törədilmiş cinayətlə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə cəzaların müddəti də, cəzaların çəkilməli rejimi də, elə həmin cinayətləri törədənlərin şəxsiyyəti də fərqləndirilməlidir.

Bu mövqedən yanaşıb CM-nin 299.1-ci maddəsini daha ciddi cəzalı hesab etsək, onda CM-nin 66.1-ci maddəsi ilə qəti cəza belə olacaq:

       6 aylıq ümumi rejimli cəza +   3 illik məntəqə tipli cəza   =   6 aylıq ümumi rejimli cəza.

Yox, əgər qanunverici ağırlıq dərəcəsinə görə CM-nin 263.1-1 və 299.1-ci maddələrini eyni qrupa aid etsəydi, onda hesablama belə olardı:

             6 aylıq ümumi rejimli cəza + 3 illik məntəqə tipli cəza  =  6 ayı ümumi rejimli, 2 il 6 ayı məntəqə tipli olan 3 il qəti cəza.

Ancaq CM-nin 299.1-ci maddəsi həmin məcəllənin 15.2-ci maddəsinə əsasən, “böyük ictimai təhlükə törətməyən cinayət” hesab edilir.

CM-nin 263.1-1-ci maddəsi isə, həmin Məcəllənin 15.3-cü maddəsi ilə “az ağır cinayətlər” qrupuna daxildir. Yəni qanunverici CM-nin 263.1-1-ci maddəsini 299.1-ci maddədən ağır hesab edir. Təbiidir ki, CM-nin 66-cı maddəsi tətbiq edilib cinayətlərin məcmusuna görə cəza təyin ediləndə də, daha ciddi cəza kimi CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan 3 illik məntəqə tipli cəza əsas götürülməlidir.

Bu kiminsə xoşuna gəlməyə, siyasi maraqlarına cavab verməyə bilər.

Ancaq…

AR Konstitusiyasının 28-ci maddəsinin 2-ci hissəsinə əsasən, “azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada… məhdudlaşdırıla bilər”.

Bu gün bizim qanunvericilikdə “məntəqə tipli cəzanın ümumi rejimli cəza ilə toplanması və ya əhatə edilməsi zamanı qəti cəzanın hamısının ümumi rejimliyə çevrilməsi” kimi bir qayda nəzərdə tutulubmu?

Yox!

Əksinə!

CM-nin 1.3-cü maddəsinə əsasən, “cinayət məsuliyyətini müyyən edən və cinayət törətmiş şəxsin cəzalandırımasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər”.

Mən bu Məcəlləyə daxil edilmiş və 3 il ümumi rejimli cəza nəzərdə tutan hansı cinayəti törətmişəm və ya ittiham edildiyim CM-nin 263.1-1 və 299.1-ci madəsinin hansında 3 il ümumi rejimli cəza nəzərdə tutulub və ya hımin maddələrin sansiyalarında nəzərdə tutulan cəzaların CM-nin 66-cı maddəsinə uyğun, toplanması zamanı qəti cəzanın hamısının ümumi rejimli olması barədə 1 qayda, 1 qanun bu Məcəlləyə daxil edilbmi?

Yox!

CM-nin 5.1-ci (qanunçuluq prinsipi) maddəsinə əsasən, “əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət – hüquqi xarakterli tədbilər yalnız bu Məcəllə ilə müəyyən edilir”.

İstənilən cinayət xarakterli əmələ görə “cəza və digər cinayət – hüquqi xarakterli tədbir” AR Ali Məhkəməsi Plenumunun, AR Konstitusiya Məhkəməsinin qərarları ilə yox, yalnız bu Məcəllə ilə müəyyən edilir!

Sual: Məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması zamanı, müddətin – məntəqə tiplidən, rejimin isə – ümumi rejimli cəza növündən götürülməsi kimi bir cəza təyin etmə qaydası bu Məcəllə ilə müəyyən edilibmi?

Budurmu, beləmi olur qanunçuluq?!?

CM-nin 41.1-ci maddəsində “cəza” anlayışını qanunverici belə izah edir: “cəza – cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdi”. Göründüyü kimi, yalnız bu Məcəllə, yəni AR-nın CM ilə müyyən edilən məhrumiyyətlər cəza kimi verilə bilər cinayət törədən şəxsə, başqa heç bir məhrumiyyət cəza hesab edilə bilməz və şəxsə qarşı tətbiq edilə bilməz. Yenə də soruşuram: bu Məcəllə ilə, mənə verilən ittihamların hansında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası kimi məhrumiyyət müəyyən edilib?

CM-nin 55.1-ci maddəsində də qanunverici “müəyyən müddətə azadlıqdan məhrum etmə” cəzasını “məhkumun məntəqə tipli, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsinə və ya həbsxanaya yerləşdirilməsi yolu ilə onun cəmiyyətdən təcrid olunması” kimi izah edir. Yəni, azadlqdan məhrum etmə cəzası 2 ayrılmaz tərkib hissəsindən ibarətdir: müəyyən müddət + rejim, cəzaçəkmə müəssisəsinin növü. Müdəti və rejimi bu Məcəlləyə daxil edilməmiş heç bir cəza ilə şəxs cəzalandırıla bilməz. Hər bir əmələ görə yalnız bu Məcəllədə – AR CM-də nəzərdə tutulan cəza verilə bilər. Cəza isə yuxarıda qeyd etdiyim kimi, müddətdən və rejimdən ibarətdir ki, bunlardan heç birini hakim bu Məcəllədə yazıldığından fərqli qaydada tətbiq edə bilməz, dəyişdirə bilməz.

CM-nin 56.3-cü maddəsinə əsasən, “cəzaçəkmə müəssisəsinin növü bu Məcəllənin 56.1.1  – 56.1.5 və 56.2-ci maddələrinə uyğun olaraq məhkəmənin hökmü ilə müəyyən edilir”. Maddənin məzmunundan göründüyü kimi, rejim – cəzaçəkmə müəssisəsinin növü məhkəmə tərəfindən, yalnız Məcəllədə göstərilən qaydalara uyğun (56.1.1 – 56.1.5) müəyyən edilə bilər, hakimin öz istəyinə görə və ya Ali Məhkəmə Plenumunun, eləcə də Konstitusiya Məhkəməsinin qərarına, yaxud da siyasi iradənin istəyinə uyğun olaraq yox. Həmin CM-nin 56.1.1 – 56.1.2-ci maddəsində isə, mən ittiham edildiyim 263.1-1-ci maddəsinin cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində, 299.1-ci maddəsinin 6 aylıq azadlıqdan məhrum etmə cəzasının isə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulub. Çünki, yuxarıda artiq qeyd etdiyim kimi, CM-nin 5.1-ci maddəsinə (qanunçuluq prinsipi) əsasən, “... əmələ görə cəza … yalnız bu Məcəllə ilə müəyyən edilir”.

Cəzaçəkmə müəssisənin növünün dəyişdirilə bilməsinin hüquqi əsasları CM-nin 56.4-cü maddəsində nəzərdə tutulub. Orada da “cinayətlərin məcmusu zamanı cəza təyin edilərkən rejimin dəyişməsi” və ya “bir cəzanın müddətinin, o biri cəzanın isə rejiminin alınması ilə yekun cəza təyin edilməsi” kimi əsaslar yoxdur. Maddə konkretdir və şəxslərin vəziyyətinin ağırlaşmasına səbəb olan heç bir təfsirə yer yoxdur: yalnız “cinayətə görə təyin edilmiş cəza daha yüngül və ya daha ağır cəza ilə əvəz edildikdə” (CM-nin 56.4.1-ci maddəsi) və “qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə hökmünün icrası zamanı” (CM-nin 56.4.2- maddəsi) cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Qanunverici burada “yalnız” sözünü işlətməklə başa salır ki, bu göstərilən 2 qaydadan başqa heç bir halda rejim dəyişdirilə bilməz. Onda bəs mənə CM-nin 263.1-1-ci maddəsi ilə verilmiş cəzanın rejimini hansı qanuna görə dəyişib məhkəmə?

Bəllidir: siyasi fəaliyyətimdən, siyasi mövqeyimdən narahat olan qüvvələrin “tapşırıq qanunu” ilə.

CM-nin 58.1-ci maddəsinə əsasən, “… şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir … ”.

CM-nin Xüsusi hissəsində – 263.1-1-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 (üç) ilədək (3 aydan başlayaraq), rejimin növü isə, Məcəllənin Ümumi hissəsində – 56.1.1-ci maddədə məntəqə tipli kimi nəzərdə tutulub.

Xüsusi hissədə – 299.1-ci maddədə 3 aydan 6 ayadək müddət, Ümumi hissədə – 56.1.2-ci maddədə ümumi rejim müəyyən edilib.

Təqsirim sübut edilmiş olsa belə, CM-nin 60-cı maddəsinə əsasən, CM-nin 59.1.10-cu maddəsi nəzərə alınmaqla mənə 2 il 3 aydan artıq müddətə cəza verilə bilməz. Ona görə ki, zərərçəkmişə tibbi yardım göstərməyim, onu öz maşınımla xəstəxanaya aparmağım danılması mümkün olmayan bir faktdır. CM-nin 60-cı maddəsində də deyilir ki, əgər “təqsirləndirilən şəxs zərərşəkmişə tibbi və ya digər yardım göstəribsə”, ona maddədə göstərilən daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq cəza verilə bilməz.

Yəni, belə: CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cəzanın son həddi 3 ildir (36 ay). 36 ayın da dörddə üçü 27 ay (2 il 3 ay) edir.

Bunların mənə olan nifrəti gözlərini elə kor edib ki, yazılı qanunları da belə açıq şəkildə pozurlar. Bir məhbus Naxçıvanda doğulduğumu biləndə bunu çox obrazlı şəkildə belə ifadə etdi: “onlar səni həm də vətənə xəyanətdə təqsirli biliblər deyə, 9 ay da artıq verdiriblər”.

Yox, əgər zərərçəkmişə tibbi yardım göstərmək də “onu ələ almaq” kimi qiymətləndiriləcəksə, onda bundan sonra qəza yerindən qaçıb zərərçəkmişə yardım etməyən sürücüləri qınamağa dəyməz!

Bəz Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyev CM-nin Ümumi hissəsində olan hansı maddəyə istinad edərək mənə cinayətlərin məcmusu qaydasında 3 il ümumi rejimli azadlıqdan məhrum etmə cəzası təyin edib? Belə bir maddə varmı? Yox.

Təkcə bu rejim və müddət məsələsi mənim siyasi məhbus olduğumu sübut etmirmi? Dünyanın hansı ən geri qalmış ölkəsində şəxsə qanunda göstərilməyən cəza növü verilir? Bunlar məni nəinki qanunsuz həbs ediblər, şərləyib tutublar, həm də mənə qanunda nəzərdə tutulmayan cəza veriblər.

Demək istəmirəm ki, mənə verilən cəzanın yalnız rejimi qanunsuzdur.

Mən təkcə bu rejim məsələsi ilə bağlı indiki siyasi rejimin qanunlara, insan haqlarına və vətəndaş hüquqlarına saymazyana münasibətini sizə göstərmək istədim. Həbsimin ,ümumiyyətlə, qanunsuz olması barədə apellyasiya şikayətimdə və kassasiya şikayətimdə əsaslı dəlil və sübutlarımı göstərmişəm.

Sonda, “cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edərkən rejimin dəyişməsinin” qanunsuz olduğunu Azərbaycan hakimlərinə və hakimiyyətinə başa salmaq üçün, onların anlaya biləcəyi bir dildə misal demək istəyirəm.

2 iş üzrə ayrı-ayrı 10 min “milli” və 10 min “göy” aldığınız rüşvəti məcmu qaydada qəti olaraq 20 min “göy” kimi (indiki kursla) qəbul edərsinizmi?

Bax fərq budur !

Gülürsən, ay qırışmal !

Dolların kursu manatı aşan kimi rüşvət də “göy”lə alınacaq. Hələ ki, “milli” sevgiləri aşıb-daşır. Bax: CM-nin 263.1-1-ci maddəsi “göy”, 299.1-ci maddəsi “milli”dir, hörmətli hakimlər! İndi anladınız yəqin!

P.S. AR Konstitusiya Məhkəməsi özünün 18 iyun 2013-cü il tarixli Qərarını dərhal qüvvədən salmalı, AR Milli Məclisi isə bu problemi təcili həll edərək CM-nin 66-cı maddəsinə “məntəqə tipli cəzalarla ümumi rejimli cəzaların toplanması və ya əhatə edilmə yolu ilə qəti cəza təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi qaydası”nı nizama salan yeni bənd əlavə etməlidir, əgər özlərini bu xalq tərəfindən seçilmiş hesab edirlərsə.

Saat 04:20. 17 dekabr 2013

Məmmədov Qurban Cəlal oğlu

Loading