Dünya böyük müharibələrə hamilədir… 03 aprel 2014-cü, Bakı İstintaq Təcridxanası


04/06/2014 [13:35] 

Birqütblü idarəetmə dünyanı məhvə aparır…

Demokratıya və insan haqları Qərbin əlindəki “müxalifət xoxanı” dır

Moderator.az Qurban Məmmədovun 03 aprel 2014-cü ildə yazdığı, ancaq texniki səbəblərdən gec çatdırılmış yazısını təqdim edir:

 M.Ə.Rəsulzadə 1945-ci ildə eşidəndə ki, Cənubi Azərbaycanın SSRİ-nin tərkibində Şimali Azərbaycana birləşdirilməsi ideyası var, dərhal dəstəkləyib: “Əsas Azərbaycanın birləşməyidir. Rusiya – SSRİ gec, ya da tez, onsuz da dağılacaq”

 “Cəbhə” yox, “siyasi blok” və ya “siyasi birlik” yazmaq istədim. Ancaq dünyada bu gün baş verənlər qlobal güclərin, DƏYƏRLƏRİN cəbhələşməsini göstərir. Həm də həqiqi cəbhələşmə. Hər an tərəflərin bir-birinə hücum etməsi, silahların dillənməsi mümkündür. Dünya yeni islahatlara və ya böyük müharibələrə hamilədir. Belə bir vəziyyətdə Azərbaycan öz mövqeyini, tərəfini müəyyənləşdirməyə məhkumdursa, biz bu “müəyyənetmə” prosesinin əsas meyarlarını hazırlamalayıq.

Hansı cəbhəni və niyə seçirik?

 Təbii ki, Azərbaycan 2001-ci ildən öz siyasi gələcəyini, siyasi və mədəni dəyərlərinin istiqamətini seçib – Avropa.

1994-cü ildən isə, Azərbaycan o dövrün siyasi şərtlərinin diktəsi ilə MDB-yə üzv olmaqla həm də Rusiya ilə bir cəbhədə ola bilmək imkanına da yaşamaq hüququ verib.

 Əslində, istər Azərbaycan, istərsə də digər postsovet ölkələri (Gürcüstan, Moldova, Latviya, Litva, Estoniya), hətta şərqi avropa ölkələri də vaxtında öz məqsədlərinə Rusiya ilə birlikdə çata bilərdilərsə, ən məqsədəuyğunu o olardı ki, uzun illər formalaşmış iqtisadi, mədəni münasibətləri dağıtmadan, elə MDB çərçivəsində əməkdaşlıqlarını davam etdirsinlər. Avropaya üzv olmağa ehtiyac da olmazdı bu halda.

 Əslidə, dünyanın bir qütblü idarə edilməsi dünyanı mütləq məhvə aparır.  Çünki dünya miqyaslı “bir qütblü idarəçilik” QAPALI SİSTEMin bir növüdür və gec, ya da tez, məhvi labüddür.

 Dedik ki, Rusiyanın aparıcı olduğu istənilən birlikdə olmaq olardı, yalnız bir şərtlə ki, ona qoşulan dövlətlər öz milli və dövləti maraqlarını bu birlikdə təmin edə bilsinlər.

Məsələn, Rusiyanın “Gömrük İttifaqı” təklifi Azərbaycanın maraqlarına cavab verirsə, niyə də ona qoşulmayaq? Ancaq cavab verirmi? Gömrük İttifaqına qoşulmaqla biz nəyi qazanıb, nəyi itirəcəyik? Bunları bilməyimiz, həm də xalqın bilməyi çox önəmlidir.

 Şəxsən mən hesab edirəm ki, Avropa Şurasına qoşulmaqla Azərbaycan hələ ki heç bir ciddi irəliləyiş əldə etməyib. 23 ildir  milli sərvətlərimizin tam nəzarətsiz və ölçüsüz talan edilməsi, rüşvət, korrupsiya, monopoliya davam edir. Xüsusilə də, Qarabağ məsələsində Avropa və bütövlükdə Qərb ermənipərəst mövqe tutmaqla bu məsələdə də ümidləri doğrultmayıb. 3-5 ildən bir qəbul edilən və çox vaxt da Azərbaycan hakimiyyəti tərəfindən icra edilməyən məhkəmə qərarları da ciddi nəticələr yaratmayıb.

 Avropa Birliyinə və NATO-ya üzv olsaq da vəziyyət elə belə davam edəcək. Bu 23 ilin təcrübəsi göstərir ki, demokratiya, insan haqları Qərbin əlində öz iqtisadi maraqlarını təmin etmək üçün iqtidarlara göstərdiyi “müxalifət xoxanı”dır.

 Əslində isə, biz dinimizin dəyərlərinə uyğun olaraq ilk növbədə qohum xalq və dövlətlər: Türkiyə, İran, Gürcüstan, Dağıstan, Çeçenistan, İnquşetiya və s., sonra isə yaxın və uzaq qonşu dövlətlərlə: Ermənistan, Rusiya, Ukrayna, orta Asiya dövlətləri, Əfqanıstan, Pakistan və s. bu kimi dövlətlərlə eyni siyasi və hərbi bloklarda, beynəlxalq birliklərdə olmağa çalışmalıyıq.

 Təəssüf ki, qonşumuz Ermənistanın başbilənləri, bəzi ziyalıları millətçilik, şovinizm xəstəliyinə tutulublar və hələ də dərk etmək istəmirlər ki, qonşularla düşmənçilik etmək, qonşuya qarşı əsassız iddialar irəli sürməklə yaşamaq mümkün deyil. Xüsusilə də, öz taleyini özü həll etməməsi, Azərbaycana qarşı bir vasitə kimi istifadə olunmasında Rusiyaya imkan verməsi həm özünə, həm də bizə problem yaradır.

Arada isə qazanan yoxdur.

Hamı itirir. Rusiya da. Qarabağ problemi hər bir rusun boğazından kəsilən tikəsidir. Ermənistanın qullanması üçün Rusiya onu yemləməyə məcburdur. O yem isə rus kəndlisinin süfrəsinin kasadlığı hesabına verilir. Həm də çox təəssüf ki, Rusiyanın da başbilənləri – idarəçiləri hələ də dərk etmək istəmirlər ki, fərdi də, xalq və millətləri də döyə-döyə, incidə-incidə, təhqir edə-edə, istismar edə-edə birtərəfli qaydada şərt diktə edə-edə səmimi və daimi dost edə bilməzsən. Olsa-olsa, gücsüzlüyündən sənə tabe olan, qəzəbini, kin və nifrətini içinə vuran, məqamı gələndə isə dişləri ilə də olsa, sənin boğazından yapışacaq düşmən qazanarsan – SSRİ-də olduğu kimi.

 Yenə də təəssüf ki, Rusiyanı indi idarə edənlər “velikorus şovinizmi”ndən xilas ola bilməyiblər. Dostluq və əməkdaşlığı hərbi gəmilərin və atom silahının qorxusu altında vassallıq kimi başa düşürlər. Ancaq gecdir. XXI əsrdir. Nəhayət, başa düşmək lazımdır ki, bu yolla dostluq, əməkdaşlıq mümkün deyil.

 Avropa Şurasının və Avropa Birliyinin prinsipləri əsasında, yeni metod və qaydalarla AvroAsiya birliyi (MDB əsasında da ola bilərdi) yaratmaq, bu birliyə Çini, Hindistanı, Pakistanı, Əfqanıstanı və İranı dəvət etmək olmazdımı? Olardı, əlbəttə, olardı. Ancaq rus şovinizmi, imperiya hikkələri buna imkan vermir.

 Mən uzun illərin müşahidlərindən belə nəticəyə gəlmişəm ki, provaslav slavyanlar ruhən və əxlaq baxımından katolik Avropa ilə müqayisədə bizə daha yaxın və doğmadırlar. Müəyyən dəyərlər çərçivəsində biz slavyanlarla, xüsusilə də ruslarla daha rahat yaşaya bilərik, nəinki katoliklərlə.

Avropa xristian dininin çox mühüm qanunlarından imtina edib. Eləcə də evtanaziya, xüsusilə, uşaq eftanaziyası məsələsində, qərbin mövqeyi İslam və xristian dəyərlərinə ziddir. Uşaqbazlıqla bağlı son illər Vatikanı silkələyən olaylar və s. Ancaq rus provaslav kilsəsi İslamın da qəbul etiyi bir çox dəyərlərə sadiqdir və bu üzdən bizimlə bir ruhi doğmalığı da var.

 Ancaq yenə də min dəfə təəssüf ki, Rusiyanın idarəçiləri bu ortaq dəyər və maraqlardan istifadə edib qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq təklif etməkdənsə, erməni-türk davası salmaqla hər iki tərəfi öz iradəsinə tabe etdirmək yolu tutub.

 Krımda baş verənlər də, əslində, Qarabağın – Rusiyanın səhvinin təkrarıdır. Məncə, Rusiya  Azərbaycanı öz tərəfinə çəkmək, dünyanın çox mühüm bir bölgəsində hərbi və siyasi tarazlığı bərpa etmək və uzun müddətə də qorumaq üçün, həm də bir dövlət kimi öz gəlcəyini təmin etmək üçün olduqca əlverişli bir fürsət əldə edib. Bununçün Rusiya Azərbaycan–Ermənistan problemini birdəfəlik və daimi həll etməlidir.

Yəni, Dağlıq Qarabağda olan erməinlər bir nəfər kimi Ermənistana köçürülür, onlar 1988-1989-cu illərdə türklərin və kürdlərin tərk etdikləri torpaqlarda yerləşdirilirlər. Bu köçürmənin bütün xərclərini Azərbaycan tərəfi öz üzərinə ala bilər. İran sərhəddi boyu Naxçıvana qədər olan ərazidə eni 300-500 metr və 2 dövlətin: Azərbaycan və Ermənistanın birgə mülkiyyətində olan zona yaradılır. Erməinstanın iqtisadi inkişafı üçün Azərbaycan müəyyən öhdəliklər götürür, birgə lahiyələrin icrasına başlanır.

 Abxaziya və Osetya problemləri Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll edilir. Krım da həmçinin Ukraynaya qaytarılır. Əvəzində Rusiya və region nə qazanır? İkinci bir Avropa birliyi və gəlcəyinə təminat verilən Rusiya dövləti.

 Əks təqdirdə,  Rusiyanı idarə edənlər başa düşməlidirlər: hər əsgərinin əlində bir atom bombası olsa da, bu onu xilas etməyəcək və zorla heç kimi, heç bir xalqı və dövləti öz ətrafında saxlaya bilməyəcək. Nəticədə isə gec, ya da tez, özü də parçalanacaq və yox olacaq. Atom bombası isə, başqalarını olduğu kimi, Rusiyanı da məhv edəcək. Ancaq atom bombasından daha güclü silah var: demokratiya, insan hüquqları, qarşılıqlı sevgi, hörmət, məhəbbət və səmimiyyət.

 Təkrar edirəm: provaslav Rusiyası İslam dövlətləri ilə daha rahat və səmimi birlik qura bilər, nəinki katolik Avropası.

Bu fürsəti cənab Putinin və komandasının qaçırmaması lazım. Slavyan-türk-müsəlman-provaslav birliyi bu region və burada yaşayan xalqları inkişaf və tərəqqi yoluna çıxara bilər. Bir şərtlə ki, Avropa dəyərləri ilə islam-türk-provaslav-slavyan  dəyərlərinin birliyi əsas götürülsün və tam bərabərhüquqluluq prinsipinə əməl edilsin.

  Qurban Məmmədov

6,064 dəfə ümumi oxunub, 2 dəfəsi bu günə aiddir.

Dünya böyük müharibələrə hamilədir… 03 aprel 2014-cü, Bakı İstintaq Təcridxanası” mövzusunda şərhlər: