Əlaqə vasitələri

Aydın Canıyev: “Murovda hava necədir bu gün?..”

Bayraqla bir gündə doğulan Döyüşçü!
və yaxud
Bu ölkədə məni nəinki ittihama, hətta söyməyə haqqı olan tək və yeganə həmkar!

günAYDIN, əzizlərim!
Biləniniz yoxdur Tverdə bu gün hava necə olacaq?
Çox gic və mənasız sualdı – azərbaycanlılar üçün, eləmi?
Bəs Murovda hava necədi?
Bu da axmaq suallardan biridir lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, eləmi?
Yox? Hamısı üçün yox, yəni də! Kimin balası Murovda səngərdədi, onlara maraqlıdır, eləmi – lənkəranlı, şəkili, bakılı, qazaxlı, ağcabədili, salyanlı, imişlili azərbaycanlı üçün, hə?
Bax, mənə də maraqlıdır hər gün Tverdə hava necədir – qızım orada yaşayır, hər gün şıltaq, nadinc, kür, təmiz havaya çıxmasa yatmayan 1 yaş 7 aylıq nəvəm Timanı gəzməyə çıxarır: isti olsun, soyuq olsun, qar olsun, yağış olsun, nə olur olsun, fərq eləməz, iki saat onu gəzdirməlidi! Mən də burada narahat oluram: gün vurmadı ki, soyuq tutmadı ki?
Həə, bax, Murovdakı hava Tverdəki hava kimi maraqsız olduqca… bizim işğal günümüzün bir tarixi çevrilir 14 tarix: hər rayonun öz işğal günü olur!
Murovda… Murova düşməkdən balalarını saxlaya bilməyən kişilərin övladlarıdı, amma mənim qızım “Rusiyanın Murovu”na könüllü getdi! Mən uşağımın KÖNLÜNƏ görə narahatam, amma Murovdakıların ataları öz könüllərinə görə!
Murov hələ də “Azərbaycanın Sibiri” olmaqda davam edir, Tver “Rusiyanın Murovu” olmaqda.
Ancaq bir orası var ki, Murov “Azərbaycanın Sibiri” olana qədər bizim üçün əzəmət idi! – 12 may 1994-cü iləcən!
Həmin gün həm işğal tariximizin rəsmiləşməsidir, həm də Murovun “Azərbaycanın Sibiri” olmasının.
Fikir vermisinizmi, biz o günə qədər yazmırdıq, məsələn, Şuşanın işğalından 2, Ağdamın işğalından 1,5, Zəngilanın işğalından 1 il keçir!
Çünki biz döyüşürdük! Biz ola bilərdi ki, heç vaxt da rayonlarımızın işğal gününü qeyd etməzdik, elə təkcə Qələbə günüylə qürrələnərdik!
İşğalımız onda rəsmiləşdi! Daha döyüşmədik!
Dünyada hər ölkənin tarixində bir işğal günü olub, amma analoqsuz gözəlim Azərbaycanda iki işğal günü var: siyasi (hakimiyyətin) və coğrafi (torpaqların)!
Hakimiyyət Elçibəyin Kələkiyə uçduğu gecə işğal olunub – adam bilmir hansını tarixə yazsın: uçduğu gecənimi, ya uçduğu məlum olduğu günümü!? Amma torpaqların işğal günü dəqiqdir: 12 may 1994-cü il. Yarınız “Elçibəy yolundayıq”, – deyin, yarınız “İlhamla irəli”, hər iki kəsiminiz də düşünməyin hamılıqla Murovda hava necədir!? Və eşələnin onun-bunun məşuqəsiylə, oynaşıyla intim YAPdığı YATaq AĞlarında, axtarın, detektivlik edin kim boşananda harda nə qışqırıb, nəbadə gedib ermənistanda diversiya törədəsiniz, Mehdi Hüseynzadənin, Əhmədiyyə Cəbrayılovun kəşfiyyatçı-diversant bacarıqlarını əldə edəsiniz, əldə etdiyiniz çayxanalarda, içki məclislərində kiminsə ağzından qaçırdığı sözlər olsun və cuğulluq edin çatdırın ştandartenfürerə, hə, vallah, dədə canı, əmi canı, elə eləməsəniz, torpaqlar qayıdası deyil! Özü də bunun birbaşa efirdən edilməsinin dəhşətini, faciəsini də anlamayın! Öyrənməyin də Mossaddan, F-6-dan, Ettelaatdan, CİA-dan, QRU-dan heç nə…
Anlamayın da ki, himnin dəyişilməsi niyə ortaya atılıb? Anlamayın da ki, o himni eşitməyə, oxumağa layiq deyilsiniz, sizi xəcalətdən ittiham etdiyiniz iqtidar istəyir ki, xilas etsin, dəyişsin, qısaltsın, məsələn, bu hissəsini:
“Üçrəngli bayrağınla məsud yaşa!”
Hanı, məsud yaşayırsınız? Yaşamırsınız, onda niyə oxuyursunuz? İxtisar olunsun da!
Və yaxud:
“Səndən ötrü can verməyə cümlə hazırız,
səndən ötrü qan tökməyə cümlə hazırız” – çıxarılsın!
Hazırıq? Hazır deyilik, axı! Kimin uşağı könüllü Murova gedib? Kim razılıq edib? Hamı deyir ki, Murovda ancaq kasıb balasıdı.
Hanı, qan tökməyə cümlə hazırız? Eynulla Fətullayev Azərbaycan adına iş görənləri söyür, ermənini gətirib işə götürür, könlümüzdən “ey xoş ol(d) əyyamlar”dakı kimi şərab içmək keçir, erməniyə nifrət bəsləyən nəslin böyüməsindən qorxuruq!
Hə, ixtisar edək burasını da!
Harası qaldı himnimizin?
Bu hissəsi də təsdiqini tapıb, day təkrar-təkrar oxumağa nə hacət? Hələ baxın:
Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!
Düppədüz: hə də, bir dənə Azərbaycana məhəbbət sinəmizdə məkan tutub. Qəhrəman olan olub, qurban olan olub, ölkə gülüstanlıq, qalır qalanı! Onsuz da hər şeyimiz yalandı, saxtadı, elə birinci bu yalanla da davam edək:
Sənə hər an can qurban
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
… Bu hissə tamam artıqdı:
“Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə,
Cümlə gənclər müştaqdır!” – bu da təsdiqini tapmır, bu hissəni də ixtisar edək: torpaqların 20 faizi işğalda, 80 faizi YAP-da, Dubayda, Türkiyədə qızlarımız, gəlinlərimiz könüllü, ermənistanda isə zorən əsir, gənclər xaricə oxumağa qaçır, oxuya bilməyən Türkiyəyə, Rusiyaya işləməyə qaçır, qalanlarının yarısı “Elçibəy yolunda” tutulur, əllərinə avtomat verməkdənsə, qollarına qandal vurulur, o biri yarısı da tut(uz)durmaqla məşğuldu!
Arada kasıbın balası Murovda ölür!
Deməli, oxumağa nə qaldı, nə saxladıq:
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Bəs əvvəldən nə qalmışdı?
Yığaq bir yerə görək nə alınır və nə qədər qalır “ölü” minor üstündə oxunan bu himndən, oxuyaq “diri” major üstündə çaparaq!
Azərbaycan, Azərbaycan!
Sənə hər an can qurban
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Şanlı Vətən, şanlı Vətən!
Azərbaycan, Azərbaycan!
Əla! Əliyyül-əla! Azərbaycanla başlayır himnin sözləri, Azərbaycanla da bitir – uyğunsuzluq, parçalanma yox, sözlərin müəllifi əvvəlki kimi Əhməd Cavad, bəstəkarı Üzeyir Hacıbəyov.
Hə, əzizlərim, di qalxın, məşq eləyək, tezbazar oxuyaq ki, Tahir Kərimli də yanını tez qoysun yerə. İmkan olsa, bu hissəni də verək əlinə… təzədən təklifini səsləndirsin – zalım balası əvvəldən mənə desəydi, bu məntiqlə başa salardım, heç olmasa, tarixə himni redaktə etmiş biri kimi düşərdi (nömrəsini bilən varsa, atsın inbox-a, özüm də deyərəm)!
Həə, harda qaldıq? Himni demirəm e, yazını deyirəm.
Həə, Murovda… Yox, balalarımız da mənim qızım kimi elə çöldə-səngərdə iki saat qalır. Narahat olmayın. Müqtədir müdafiə nazirimizin korrupsioner olmaması səbəbindən şükür allaha, əsgərlərin çəkmələri, şinelləri, buşlatları yaxşıdı, qazmalar, kazarmalar normaldı. Yeməklər o qədər dadlıdır ki, nazirimiz hərbi hissələrdə olanda özü də yeyir! Qayıdaq 12 may 1994-cü ilə. Onda əsgərlərin geyimi olmasa da, ac olsalar da, silah-sursat primitiv olsa da, döyüşürdülər, indi yeyib içib yatırlar! Lazım gələnəcən…
Həə, o gün həm də Xaqani Rzaquliyevin silahını əlindən yerə qoymadığından əlini yerə qoyduqları gündü.
Vuruşmağa da qoymadılar, yazmağa da – düşmənin biri əlini silahdan, o birisi… əlini qələmdən ayırdı.
Gedən nazirin biri zəhmətinin haqqının azını verdi, çoxunu saxladı, gələn nazir də nəinki Xaqaninin zəhmətinin qalanını, heç şəhid olanın qan pulunu vermir. İndi Xaqani özünü unudub, şəhid olmuş döyüş yoldaşlarının qan pulunu verməyən nazirlə döyüşür. Erməniylə döyüşdə əlini itirib, bizimkilərlə döyüşdə dilini itirəcək, deyəsən. Cəbhədə döyüş yoldaşlarını ermənilər öldürdülər, burada qələm yoldaşlarını hakimiyyət!
Orada da kəndində ailə üzvləri, qardaşı ilə döyüşürdü, burada da yanında elə qardaşıdı!
Orada da döyüşə kəndinin döyüşə getmək istəməyənini zorla evindən çıxarırdı, “dananın biri”ni başa salırdı ki, HAMInın döyüşməyi lazımdı, burada da.
Orada da döyüşü dayandırdılar, burada da döyüşənləri öldürürlər!
Və Xaqani 25 ildən də artıqdı ki, döyüşür!
Lazım gələnəcən…
Onda da lazım gəlmişdi, Xaqani qəbul olunduğu jurnalistika fakültəsini qoyub getmişdi döyüşə. Getməyə də bilərdi – ailədən biri həm hərbçi idi, həm də döyüşdə. Amma Xaqani döyüşməyə getdi, mən qəzetdə işə düzəlməyə (amma həm də təkcə mənmi?)!
Xaqani döyüşdən qayıdanda mən artıq ata idim – amma həm də təkcə mənmi?!
İndi mənim qızım anadı və vətəndən 3200 km uzaqdadı – lap Azərbaycanın işğalda olan torpaqları kimi!
Və bu yaşınacan cəmi bircə dəfə mənim ona lazım olduğumu bildirdi. O günəcən özü qəbul olunmuşdu, özü oxumuşdu, oxuya-oxuya işləmişdi, kitab satmışdı, repetitorluq etmişdi, LDU-da müəllim olmağa hazırlaşırdı və… “aradan çıxdı!”
Bu gedişlə anlamaq çətin deyildi ki, evin tək oğlunu əsgər göndərmək istəməyən xalqın qızları döyüşə getməli olacaq!
Onda – 1990-cı illərdə də mən “aradan çıxmışdım”.
Mənim “aradan çıxmağımın” bir xeyri oldu: qızıma ata gərək olanda yanında oldum!
Qızlarınıza ata gərəkən olan o ana qədər yaşayın – o, hər qızın ömründə bircə dəfə… bircə an olur! Ondan sonra ölə də bilərsiniz! Necə ki, vətənə oğullar gərəkdiyi kimi… elə bircə dəfə! Necə ki, gərəkdi, Xaqani getdi, əlini qoydu, gəldi!
SÖZARDI: Biz hamımız aradan çıxırıq – müstəqim və məcazi mənada! Amma qalan qazilərdir! Torpağın üstündə və altında – özlərindən əvvəl, ölməmişdən öncə dəfn etdikləri ayaqları, əlləri, gözləri, qolları, böyrəkləri ilə!
Xaqaninin dünən 55 yaşı oldu! Hesabınızı götürün ki, o neçə yaşında əlinə silah alıb döyüşmüşdü Azərbaycan uğrunda…
Təkcə 55 yaşı deyildi Xaqaninin! Həm də Bayraq Günü idi!
Dünən mən bunları düşündüm… məni bu həyatda nəinki tənqid, hətta istəsə söyə də bilən tələbə yoldaşım, həmkarım Xaqani haqqında.
Mənim günahım odur ki, mən onunla tələbə yoldaşı oldum, həmkar oldum, amma onunla döyüşçü yoldaşı olmadım torpaq uğrunda vuruşduğu səngərdə.
Mən sözlə vuruşdum, elə buna görə də mən ancaq öləndə ondan soruşacam: sözlə yaxşı döyüşdümmü, Xaqani? Razı qaldınmı mən səndən razı qalan kimi?

Loading